Məhkəmə qərarları › İş №1(004)-108/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-108/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-108/2022 24.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi ev 38, mənzil 55-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 15.10.2021-ci il tarixdə saat 15 radələrində nişanlısı Şahid3 ilə mobil telefon vasitəsi ilə danışan zaman onun kargüzar işlədiyi ünvan 1 ünvanında yerləşən 1 saylı “DOST” mərkəzində İnformasiya Texnologiyaları üzrə müləxəsiss işləyən Zərərçəkmiş şəxs2, guya nişanlısı ilə kobud formada danışmasını eşitdiyindən bunun səbəbini aydınlaşdırmaq məqsədi ilə həmin gün saat 16 radələrində 1 saylı “DOST" mərkəzinə gəlmiş, orada nişanlısı ilə qeyd olunan zəmində yüksək səslə danışıb mərkəzin iş rejmini pozduğu üçün mərkəzin direktor müavini Zərərçəkmiş şəxs1 ondan mövcud davaranış qaydalaraına riayət etməklə inzibati binanı tərk etməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 haqlı tələbini bəhanə edərək heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə ictimai yer hesab olunan mərkəzin qəbul otağında ucadan səs-küy salmaqla cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib əli ilə Zərərçəkmiş şəxs1 sifət və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona sol ənsə nahiyəsində olan şişkinlik və qansızma, sol gözün konyukliva qişası altına qansızma ilə müşayiət olunan sol gözün qançırı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin qərəzli hərəkətlərini davam etdirən zaman onun qanunazidd davranışlarına son qoyaraq ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 qarşı aktiv müqavimət göstərməklə zor tətbiq edib sonuncunun sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruqla bir neçə zərbə vuraraq ona sol təpə nahiyəsində olan şişkinlik və qansızma, sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sol gözün qançırı, sağ çiyin nahiyəsinin qançırı və sol əlin İV barmağının dırnaq flanqasının sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək ictimai qaydanın pozulmasının qarşısını alan zərərçəkmiş şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, nişanlısı Şahid3 ilə telefon vasitəsi ilə əlaqə saxlayan zaman bir nəfər tanımadığı şəxsin iş yerində Arzuyla kobud formada danışdığını eşitmişdir. Bu səbəbdən o, həmin gün saat 16 radələrində Arzunun işlədiyi iş yerinə getmişdir. Həmin şəxsin mərkəzdə İnformasiya Texnologiyaları üzrə mütəxəssis işləyən Elşən adlı bir şəxs olduğunu bilmiş, ondan niyə Arzu ilə kobud formada danışdığını soruşmuşdur. Elşən isə Arzuya heç bir pis söz demədiyini bildirmişdir. Bundan sonra getmək istəyəndə Elşən mərkəzin direktor müavini Eltun adlı şəxsi çağırmışdır. Eltun ondan kim olduğunu soruşmuş, sonra əli ilə qapını göstərib kobud formada buranı tərk etməsini tələb etmişdir. O, Arzu ilə birlikdə çıxıb getmək istəyən zaman Eltun əli ilə Arzuya qalmasını, lakin onun çıxıb getməsini işarə etmişdir. Oda Arzusuz getməyəcəyini bildirdikdə Eltun araya girərək bir əli ilə onun sol böyür nahiyəsindən fiziki təmas etdirməklə və sonradan sinəsindən itələməklə onu qəbul otağından çıxartmağa çalışmışdır. Bu zaman o, əsəbləşərək Eltunu yumruqla sifət və müxtəlif bədən nahiyələrinddən vurmuşdur. Həmin vaxt Eltunla onun arasına girən Elşən ona qarşı qıcıqlandırıcı ifadələr işlətdiyi üçün o, Elşənidə yumruqla sifət nahiyəsindən vurmuşdur. Bundan sonra o, özü onlardan aralaşaraq mərkəzin inzibati binasını tərk etmiş və dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlarla barışdığını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 15.10.2021-ci il tarixdə saat 16 radələrində o, xidməti otağında olan zaman mərkəzdə məsləhətçi işləyən Zərərçəkmiş şəxs2 onun otağına daxil olaraq bir nəfər şəxsin binanın ikinci mərtəbəsində yerləşən qəbul otağında səs küy saldığını bildirmişdir. Həmin vaxt o, otağından qəbul otağına çıxan zaman Elvin adlı şəxsin kargüzarlıqda işləyən Şahid3 direktorun qapısının qarşısında divara söykəyib yüksək səslə Arzuya nəsə dediyini görmüşdür. O, həmin şəxsə yaxınlaşaraq kim olduğunu soruşmuş, ona hazırki aqresiv hərkətləri ilə mərkəzin iş rejmini pozduğunu bildirib inzibati binanı tərk etməsini tələb etmişdir. Elvində həmin vaxt Arzudan onunla birlikdə getməsini istəmişdir. Arzu isə Elvinə iş vaxtı bitmədiyi üçün mərkəzi tərk edə bilmədiyini bildirmişdir. Bu zaman Elvin yüksək səslə aqresiv şəkildə Arzuya təkid etməyə başlamışdır. Həmin şəxsin artıq qəsdən münaqişə yaratamağa yönələn hərkətlər etdiyini görüb, Elvinin qərəzli hərkət və danışıqlarına görə ətraflarına toplaşmış şəxslərdən mühafizə xidmətinin çağrılmasını tələb etmişdir. Lakin mühafizə xidməti gecikdiyi üçün o, otağına keçib oradan telefon vasitəsi ilə mühafizə xidmətinə məlumat vermək istəyərkən Elvinin Arzunun üzərinə getməsini görmüş, hər hansı bir xəsarət yetirəcəyini düşünüb onların arasına girib əli ilə Elvinə toxunub onu çıxışa doğru istiqamətləndirmişdir ki mərkəzi tərk etsin. Bu zaman Elvin binanın tərk etməyərək anidən yumruqla onu sol göz nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt o, əli ilə sifətini tutmuş bu zaman Elvin öz aqresiv hərəkətlərini davam etdirib dayanmayaraq onu baş və ənsə nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxt orada olan mərkəzin işçisi Zərərçəkmiş şəxs2 araya girib Elvinin əllərindən tutub onu sakitləşdirməyə çalşan zaman Elvin əllərini boşaldıb bir anlıq sakit dayanmışdır. Elşən Elvindən nə səbəbə bu cür hərəkət etdiyini soruşduqda Elvin qəflətən heç bir əsaslı səbəb olmadan yumruqla Elşənidə sol göz nahiyəsindən bir dəfə vurmuşdur. Həmin zərbənin təsirindən Elşən yerə yıxılmış. Elvin isə öz hərəkətlərindən çəkinməyərək Elşənin üstünə cumub onu yerdə olan zaman yumruqla Elşənin baş və müxtəlif bədən nahiyələrindən bir neçə dəfə zərbələr endirmişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 15.10.2021-ci il tarixdə saat 15 radələrində o, 1 saylı “DOST” mərkəzinin inzibati binasının ikinci mərtəbəsində yerləşən xidməti otağında olan zaman mərkəzdən ona zəng edilərək direktorun qəbul otağında oturan Şahid3 xidməti telefonuna zəng çatmadığı bildirilmişdir. Bu zaman o, öz otağından çıxıb Arzu xanımın oturduğu qəbul otağına keçərək ondan telefonunun niyə işləmədiyini soruşmuşdur. Arzu xanım ona cavab vermədiyi üçün o, Arzunun daxili telefonunu yoxlayan zaman həmin telefonun istiqamətləndirmə düyməsinin basili vəziyytədə olmasını görmüşdür. Həmin düyməni basıb funksiyanı söndürdükdən sonra çıxıb öz otağına getmişdir. Bundan bir qədər sonra təxminən saat 16 radələrində o, otağında olan zaman Arzu xanım yanında sonradan adının Elvin olduğunu öyrəndiyi cavan bir oğlanla onun otağına gəlmişdir. O, həmin vaxt heç bir şey başa düşmədən Azunun yanında olan şəxsin vətəndaş olduğunu düşünüb onlara nə kömək lazımdırsa etməyə hazır olduğunu bildirmişdir. Bu məqsədlə onlar onun otağından çıxıb Arzunun işlədiyi qəbul otağına daxil olmuşlar. Həmin vaxt orada Elvin Arzu ilə yüksək səslə danışıb münaqişə etməyə başlamışdır. O, Elvindən kim olduğunu və nə səbəbə mərkəzin işçisi ilə bu cür yüksək səslə və aqresiv şəkildə danışdığını soruşmuş, Elvin isə elə aqresiv şəkildə ona Arzunun nişanlısı olmasını və onunla sonra təkbə-tək söhbəti olacağını bildirmişdir. O, həmin vaxt Elvinin qəsdən münaqişə yaradacağını gördüyü üçün direktor müavini Eltun müəllimin otağına daxil olaraq bu barədə ona məlumat vermişdir. Həmin vaxt Eltun müəllim otağından qəbul otağına çıxan zaman Elvin adlı şəxsin kargüzarlıqda işləyən Şahid3 yüksək səslə danladığını görüb Elvinə yaxınlaşaraq kimliyi soruşmuş, hazırki aqresiv hərkətləri ilə mərkəzin iş rejmini pozduğunu bildirib inzibati binanı tərk etməsini tələb etmişdir. Elvində həmin vaxt Arzudan onunla birlikdə getməsini tələb etsədə Arzu hazırda iş vaxtının bitmədiyi üçün mərkəzi tərk edə bilməyəcəyini demişdir. Bu zaman Elvin yüksək səslə aqresiv şəkildə Arzuya onunla getməsini təkid etməyə başlamışdır. Eltun müəllim mühafizə xidmətinin çağrılmasını tələb etmişdir. O, öz otağına keçib mühafizə xidmətinə zəng etmək istəyərkən qəbul otağından qışqırıq səsləri gəldiyini eşidib dərhal ora gəlmişdir. Həmin vaxt görmüşdür ki Eltun müəllim əli ilə üzünü tutub başını aşağı salmış Elvin adlı şəxsi isə onun baş və müxtəlif bədən nahiyələrinə yumruqla zərbələr endirir. Həmin vaxt o Arzunun köməkliyi ilə Elvinin əlindən tutub onu sakitləşdirməyə çalışmış, bu zaman Elvin qəflətən onu yumruqla sol göz nahiyəsindən vurub onunla ayrıca söhbət edəcəyini demişdir. Həmin zərbənin təsirindən o yerə yıxılmışdır. Elvin isə öz qərəzli hərəkətlərini davam etdirərək onun üstünə cumub o, yerdə olan zaman yumruqla başının təpə və müxtəlif bədən nahiyələrindən bir neçə dəfə zərbələr endirmişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 15.10.2021-ci il tarixdə saat 15 radələrində o, Bakı şəhəri, İ.Qutqaşınlı küşəsi 85 ünvanında yerləşən 1 saylı DOST Mərkəzində işdə olan zaman nişanlısı Elvin ilə mobil telefon vasitəsi ilə danışarkən Mərkəzdə İnformasiya Texnologiyaları üzrə məsləhətçi işləyən Zərərçəkmiş şəxs2 qəbul otağına daxil olub ondan xidməti telefona nə səbəbə cavab vermədiyini soruşmuşdur. Bu zaman o Elşənə cavab vermişdir ki ondan qarşı tərəfə zəng gedir. Elşən isə onun əyləşdiyi masaya yaxınlaşıb biraz yüksəsk səs tonu ilə “səndən zəng gedir, eee sənə zəng gəlmir” deyib telefonun funksiyasını bərpa edərək öz otağına çıxıb getmişdir. Həmin vaxt mobil telefonda danışdığı Elvin ondan həmin şəxsin kim olmasını soruşmuşdur. O, söz söhbət olmasın deyə həmin şəxsin adını vermək istəməsədə Elvin təkidlə ondan həmin şəxsin kim olmasını soruşmaqda davam etmişdir. Bu zaman o, Elvinə həmin şəxsin Elşən adlı yaşlı bir işçi olmasını demişdir. Bir az sonra Elvin onun oturduğu qəbul otağına daxil olub ondan Elşən kim olmasını soruşmuş, onunla söhbət edəcəyini bildirmişdir. Bundan sonra o, gedib Elşən müəllimi çağırmışdır. Elşən Elvinə onun barəsində pis bir söz demədiyini bildirmişdir. Elvin isə Elşənə gözləməsini onunla sonra söhbət edəcəyini demişdir. Daha sonra Elşən gedib mərkəzin direktor müavini Zərərçəkmiş şəxs1 bu barədə məlumat vermişdir. Eltun müəllim otağından çıxan kimi Elvinə qəbul otağını tərk etməsini bildirmişdir. Elvin isə onunda gedəcəyi təqdirdə mərkəzi tərk edəcəyini demişdir. Bundan sonra o Eltun müəllimdən getmək üçün icazə istəsədə o, ona iş vaxtının bitmədiyini bildirib işində qalmasını tapşıraraq Elvindən mərkəzi tərk etməsini tələb etmişdir. Bu zaman Elvin getməyəcəyini dediyi üçün Eltun müəllim Elvinin çıxarılması üçün mühafizə işçilərinin çağırılmasını tələb etmişdir. Həmin vaxt Elvin Eltunun ona qışqırıb əli ilə bayıra itələməsinə əsəbləşərək yumruq zərbələri ilə Etunu sifət və müxtəlif bədən nahiyələrindən vurmuşdur. Həmin vaxt Elvin Zərərçəkmiş şəxs2 ona qıcıqlandırıcı ifadələr işlətməsi səbəbindən Elşənidə sifət və müxtəlif bədən nahiyələrindən vurub xəsarət yetirmişdir. İş üzrə Şahid2 və Şahid1 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 15.10.2021-ci il tarixdə saat 15 radələrində o, 1 saylı “DOST” mərkəzinin inzibati binasınının ikinci mərtəbəsində yerləşən direktor müavini Zərərçəkmiş şəxs1 otağında sənədlərə baxış keçirən zaman qəbul otağından səs-küy gəldiyini eşitmişlər. Həmin vaxt mərkəzdə İnformasiya Texnologiyaları üzrə məsləhətçi işləyən Zərərçəkmiş şəxs2 Eltun müəllimin otağının qapısını açaraq bir nəfər şəxsin qəbul otağında səs-küy salıb mərkəzin iş rejmini pozduğunu bildirmişdir. Eltun müəllim öz xidməti otağından qəbul otağına çıxaraq orada səs küy salan və özünü kargüzarlıqda işləyən Şahid3 nişanlısı kimi təqdim etmiş sonradan adının Elvin olduğunu öyrəndiyi şəxsdən sakit olmasını və mərkəzi tərk etməsini tələb etmişdir. Lakin Elvin yüksək səslə və aqresiv davranışlarla Eltun müəllimin və mərkəzin işçilərinin qanuni tələblərinə qulaq asmadan Şahid3 onunla birlikdə getməsini təkid etmişdir. Bundan sonra Eltun müəllim həmin şəxsə yaxınlaşıb əli ilə onu bayıra çıxması üçün müşaiyət edərkən Elvin heç bir səbəb olmadan qəflətən yumruqla Eltun müəllimi sifət nahiyəsindən vurmuşdur. Həmin zərbənin təsirindən Eltun müəllim əli ilə sifətini tutub aşağı əyilən zaman Elvin öz qərəzli hərəkətlərini davam etdirərək yumruqla Eltunun baş və müxtəlif bədən nahiyələrinə zərbələr endirməyə başlamışdır. Həmin vaxt o və orada olan mərkəzin digər işçiləri araya girib Eltun müəllimi Elivinin əlindən alan zaman Elvin onu sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs2da yumruqla sol göz nahiyəsindən vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Elvin isə yenədə aqresiv davranışlarını davam etdirib yerdə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 üzərinə cumaraq yumruqla onun baş və müxtəlif bədən nahiyələrindən bir neçə dəfə zərbələr endirmişdir. Həmin vaxt o, Gülü, Arzu və orada olan digər işçilər araya girərək Elvini aralaşdırıb mərkəzin inzibati binasından çıxartmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15.10.2021-ci il tarixli “hadisə yerinə baxış” protokolundan aydın olur ki, baxış keçirilən yer ictimai yer hesab olunan ünvan 1 ünvanında yerləşən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı “DOST'' mərkəzinin yerləşdiyi beş mərtəbəli inzibati binadır. Baş vermiş hadisə qeyd olunan beş mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən qəbul otağında baş vermişdir. Həmin qəbul otağına daxil olarkən sol tərəfdə diroktorun otağı sağ tərəfdə isə müavinlərin otağı yerləşir. Təqsirləndirilən şəxs 15.10.2021-ciil tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ictimai yer hesab edilən həmin otaqda döyərək xəsarət yetirmişdir (1-ci cild, səh. 23-24). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 15.10.2021-ci il tarixdə saat 16:12-də Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı “DOST" mərkəzinin ikinci mərtəbəsində yerləşən qəbul otağına daxil olur. Təqsirləndirilən şəxs orada öncə tanışı Şahid3 ilə söhbət edir daha sonra isə mərkəzin işçisi Zərərçəkmiş şəxs2la mübahisə etməyə başlayır. Həmin vaxt Zərərçəkmiş şəxs2 qəbul otağında sağ tərəfdə yerləşən mərkəzin direktor müavini Zərərçəkmiş şəxs1 otağına daxil olaraq onu qəbul otağına dəvət edir. Videgörüntüdə həmin gün saat 16:13-də Zərərçəkmiş şəxs1 öz otağından qəbul otağına çıxaraq Təqsirləndirilən şəxs qəbul otağını tərk etməsini tələb edir. Bu zaman Təqsirləndirilən şəxs gözlənilmədən Zərərçəkmiş şəxs1, daha sonra isə onları aralaşdıraraq onu sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs2 yumruq zərbələri ilə müxtəlif bədən nahiyələrindən vuraraq onlara müxtəlif bədən xəsarətləri yetirir. Qəbul otağına daxil olan mərkəzin işçilərinin Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdırması müşahidə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16.10.2021-ci il tarixli, 1035 nömrəli rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol ənsə nahiyəsində olan şişkinlik və qansızma, sol gözün konyuktiva qişası altına qansızam ilə müşayiət olunan sol gözün qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 15.10.2021-ci il tarixdə əmələ gələ bildərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (1ci cild, səh. 31-32). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16.10.2021-ci il tarixli, 1034 nömrəli rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol təpə nahiyəsində olan şişkinlik və qansızma. sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sol gözün qançırı, sağ çiyin nahiyəsinin qançırı, sol əlin İV barmağın dırnaq falanqasının sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 15.10.2021-ci il tarixdə əmələ gələ bildərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (1ci cild, səh. 34-35). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış 10.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, səh. 63). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin təqdim etdiyi içərisində 15.10.2021-ci il tarixdə saat 16 radələrində 1 saylı DOST mərkəzində baş vermiş xuliqanlıq hadisəsinin video görüntüləri olan 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild, səh. 156-164). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən məlum olur ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdıqlarını, ondan heç bir şikayət və tələblərinin olmadıqlarını bildirmişdirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “tutma haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixdə saat 12:40-da şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, səh. 79). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal tutmadan azad edilməklə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir (1-ci cild, səh. 117-119). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı,zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirini etiraf etməsini, eləcə də törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmişlərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs oğlunun hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16.11.2021-ci il tarixdən 18.11.2021-ci il tarixədək tutulduğu 02 gün müddət bir günə dörd gün hesablanmaqla 8 (səkkiz) gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalıdir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.02.2022-ci il tarixli, 1(004)- 108/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16.11.2021-ci il tarixdən 18.11.2021-ci il tarixədək tutulduğu 02 gün müddət bir günə dörd gün hesablanmaqla 8 (səkkiz) gün ona təyin edilmiş islah işi cəzasından çıxılsın və üzərində qəti olaraq qazancının 15 faizi pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar