Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-108/2024 14.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X6, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 04 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Paul`s Baku” restoranının qapısının əvvəlcədən sınmış hissəsindən əlini içəriyə salaraq qapını içəridən açıb restorana qanunsuz daxil olaraq, həmin restoranda divardan asılmış sonuncuya məxsus şalvarın cibindən içərisində 753 manat nağd pul olan 50 manat dəyərində qara rəngli dəri materiallı pul kisəsini və oradakı taxta dolabdan içərisində 01 ədəd 250 manat dəyərində boz rəngli “Packard Bell” markalı, “V5WT2” modelli, “Core i5” texniki xüsusiyyətli noutbukla, 01 ədəd 5 manat dəyərində həmin noutbuka aid “Chicony” markalı cərəyan qidalandırıcısı olan üzərində “Şıxlar 1 saylı” yazısı yazılmış 5 manat dəyərində qara rəngli noutbuk çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.063 (min altmış üç) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 12 avqust 2023-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan Əli adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,357 qram qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 22:10-da Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 426 ünvanında yerləşən “Taşfırın” restoranının qarşısında saxlanılaraq 9-cu polis bölməsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,357 qram qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 16 oktybar 2023-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,522 qram ağ rəngli, kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 18:30-da Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi 128 ünvanının qarşısında saxlanılaraq polis şöbəsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,522 qram ağ rəngli, kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o ikinci qrup əlildir və bu səbəbdən özünə iş tapa bilməmişdir. Bir müddətdir ki, narkotik vasitə olan heroin qəbul edir. Baki şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzadan azad edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində N.Rəfibəyli küçəsində yerləşən “Paul`s Baku” adlı restoranın qapısının şüşəsinin qırıq olduğunu görüb əlini içəridən qapının qulpuna salıb qapını açmış və içəri daxil olmuşdur. Bundan sonra o restoranda olan otaqların birində asılqandan asılmış şalvarı görmüş və həmin şalvarın cibindən 01 ədəd pul kisəsini götürmüşdür. Bundan sonra restoranın ümumi zalında çantasında olan notbuku götürərək oranı tərk etmişdir. O, həmin restorandan çıxdıqdan sonra evə getmiş və bir neçə gün küçədə çox görsənməmişdir ki, onu heç kim tapmasın. Onun restorandan oğurladığı pul kisəsinin içərisində 485 manat pul olmuşdur. Həmçinin restorandan oğurladığı çantanın içərisində isə 01 ədəd noutbuk və 01 ədəd həmin komputerin cərəyan qidalandırıcısı olmuşdur. 12 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 426 ünvanında yerləşən “Taşfırın” restoranının qarşısında olan zaman Səbail RPİnin 9-cu PB-nın əməkdaşları tərəfindən saxlanılaraq həmin PB-nə gətirilmişdir. Polis Bölməsində olan zaman ondan “Paul`s Baku” restoranından etdiyi oğurluq əməlinə görə saxlanıldığı bildirilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bükülmüş vəziyyətdə olan narkotik vasitə heroini təqdim etmiş, həmin narkotik vasitə qablaşıdırılaraq götürülmüş və müvafiq protokol tərtib edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O hesab edir ki, onun üzərindən aşkar edilmiş narkotik vasitəsinin miqdarı daha az olmuşdur. Əməlindən peşmandır. 16 oktyabr 2023-ci il tarixdə axşam saatlarında ünvan 4 ünvanın qarşısında olan zaman Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar. Bundan sonra onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla polis şöbəsinə getmişdir. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, lakin polis əməkdaşları ona psixotrop maddə metamfetamin verərək videoçəkiliş zamanı üzərindən çıxardaraq ona məxsusmuş kimi polis əməkdaşlarına təqdim etməsini tələb etmişlər. O isə qorxduğu üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları təfərindən ona təqdim olunmuş metamfetamini cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş, bir ədəd bükülünü masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara daha əvvəl onlar tərəfindən ona tapşırılan şəkildə cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin var, həmin maddəni həmin gün üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddəni zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Səbail rayonu, N.Rəfibəyli küçəsi 10 ünvanında yerləşən “Paul`s Baku” restoranını icarə əsasında işlədir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında həmin restorana daxil olduqdan sonra divardan asılmış ona məxsus şalvarın cibində olan içərisində 753 manat pul və “vizit” kartlar olan pul kisəsinin yerində olmadığını görmüşdür. Bundan sonra o, ətrafa baxan ümumi zalda rəfdə olan qara rəngli çantanın və həmin çantanin içərisində olan “Packard Bell” markalı kompyuterin və həmin kompyuterə aid cərəyan qidalandırıcısının yerində olmadığını görmüşdür. O bundan sonra restoranın müşahidə kameralarına baxan zaman həmin gün saat 04 radələrində bir şəxsin hasarından aşaraq restoranın həyətinə daxil olduğunu görmüşdür. O bu barədə Azərbaycan Respublikası DİN-nin 102 zəng məlumat xidmətinə zəng edib oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan sonra ona məxsus komputer ona xarab vəziyyətdə qaytarılmışdır. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməməsini və onunla barışmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin daşıması, istifadə etməsi və dövriyəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin 29-ci PŞnə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 16 oktyabr 2023-ci il tarixdə ondan və həmin şöbənin sahə inspekotru Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 16 oktyabr 2023-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi 128 ünvanının qarşısında olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Yasamal RPİnin 29-cu PŞ-nə gətməli olduğunu bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə 29-cu PŞ-nə gəlmiş və orada xidməti otaqların birində video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Xəyyam təklifə əsasən əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükülünü könüllü оlаrаq çıхаrıb pоlis əməkdаşlаrınа təqdim еtmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükülünün icərisinə psixotrop maddə olan metamfetamin var. Həmin metamfetamini həmin gün Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 83-85-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» oğlu adlı şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun rəhbərliyi altında Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspekotru, polis leytenantı Şahid2 iştirakı ilə onun tərəfindən xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:30-da o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ünvan 6 ünvanının qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq sonuncuya özlərini təqdim edib həmin şəxsin şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib sonuncunu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Ruslan Əfəndiyevin xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman bükülünün içində ağ rəngli kristal şəkilli maddə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Xəyyam bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin maddə “şüşə” kimi bilinən psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş büküm içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində onlar tərəfindən sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da həmin şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, habelə üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncuya qarşı heç bir fiziki və ya psixi zor yaxud da təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslər də təsdiq edə biləcəklərini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 оğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun icarə əsasında işlətdiyi, Səbail rayonu, N.Rəfibəyli küçəsi 10 ünvanında yerləşən “Paul`s Baku” restoranında olan oğurluq hadisəsi barədə məlumat vermişdir. Həmin məlumatı yoxlamaq məqsədi ilə ondan və əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qruppu yaradılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı məlum olmuşdur ki, oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. Bundan sonra 12 avqust 2023-cü il tarixdə saat 22:10-da ünvan 7 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə gətirilmişdir. Orada onların sualına cavab olaraq Xəyyam etdiyi oğurluq əməlini etiraf etmişdir. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə ona üzərində daşınması qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Xəyyam həmin bükülünün içərisində olan narkotik vasitə heroini üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 251-253-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək şəxsiyyəti istintaqa məlum olmayan şəxsin xx.xx.2023-cü il tarixdə icarə əsasında işlətdiyi, Səbail rayonu, N.Rəfibəyli küçəsi 10 ünvanında yerləşən “Paul`s Baku” restoranından oğurluq etdiyini bildirmiş və qeyd olunan oğurluqla bağlı obyektində quraşdırdığı video görüntüləri təhqiqat orqanına təqdim etmişdir. Zərərçəkmiş şəxs müraciəti rəsmi qaydada qeydiyyata alındıqdan sonra bölmə rəhbərliyinin göstərişi əsasında oğurluq etmiş şəxsin şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb etmək məqsədilə o, Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ilə birlikdə xx.xx.2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinə başlamışdır. Həmin gün saat 22:10 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Taşfırın” restoranının qarşısında xarici görkəm əlamətlərindən zərərçəkmiş şəxsin “Paul`s Baku” restoranında quraşdırdığı müşahidə kameralarına düşmüş həmin obyektdən oğurluq etmiş şəxsə bənzəyən əlində 01 ədəd kompyuter çantası olan şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək həmin şəxsin xx.xx.2023-cü il tarixdə Səbail rayonu, N.Rəfibəyli küçəsi 10 ünvanında yerləşən “Paul`s Baku” restoranından oğurluq etməkdə şübhəli olduğunu bildirib Səbail RPİ-nin 9-cu PB-nə dəvət etmişdirlər. Həmin şəxs də onlara etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində həmin şəxs xidməti otaqlardan birinə apardıqdan sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmişdir. Xidməti otaqda olan zaman müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı qeyri-qanuni əşya, predmet və ya narkotik vasitə yaxud da psixotrop maddə varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs, əlində tutmuş olduğu üzərində “Şıxlar 1 saylı” yazısı olan çantanı, həmin çantanın içərisində olan notbuku, həmin notbukun adapterini təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə olan bükümü təqdim etmiş və həmin bükümün içərisindəki maddənin “kakos” kimi bilinən narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən yaşadığı evin yaxınlığında tanımadığı Əli adlı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqablində aldığını bildirmişdir. Bundan sonra içərisində narkotik vasitə heroin olan büküm 1 ədəd zərfə qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nə göndərilməsi üçün qablaşdırılaraq üzərinə DİN-nin 166 saylı möhrü ilə möhürlənmişdir. Daha sonra üzərində “Şıxlar 1 saylı” yazısı olan çanta, 01 ədəd adapter və 01 ədəd boz rəngli “Packard Bell” markalı notbuk iş üçün maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı polis kapitanı Məhəmməd Gülmalıyev tərəfindən götürülmüşdür. Bundan başqa şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək başqa bir əşya və ya sənəd aşkar edilməmişdir. O bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə və ya qanunsuz olaraq əldə olunması daşınması, saxlanılması, istifadəsi və Bakı şəhərində qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail rayonu, N.Rəfibəyli küçəsi 10 ünvanında yerləşən “Paul`s Baku” restoranından oğurluq etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində onlar tərəfindən sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə və ya qanunsuz olaraq əldə olunması daşınması, saxlanılması, istifadəsi və Bakı şəhərində qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması halları müəyyən edilməmişdir. Yalnız Təqsirləndirilən şəxs polis bölməsinə gətirildikdə sonra polis bölməsində xidməti otaqların birində sonunucunun üzərinə şəxsi axtarış və götürülmə keçirilən zaman sonuncunun üzərindən narkotik vasitə olan heroin aşkar edilmiş və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə öz şəxsi istifadəsi üçün 10 manat pul müqabilində əldə etdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman, habelə üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncuya qarşı heç bir fiziki və ya psixi zor yaxud da təzyiq göstərilməmişdir. Bu faktı özünün və baxışda iştirak edən şəxslərin də təsdiq edə biləcəklərini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (i.v. 33-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tаriхli 3-16-16/2-6/5433 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №169” dairəvi möhür əksi olan “1. “imza” Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi – 0,522 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 40-44) “Diskə baxış keçirilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 16 oktyabr 2023-cü il tarixdə saat 20:00-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 29-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əfəndiyevin əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, baş təhqiqatçı Ruslan Əfəndiyevin qarşısında daha sonra sol tərəfində masa arxasında əyləşmiş şəxs, “22 saylı” vəkil bürosunun müdafiəçisi X2r. Xidməti otaqda olan masanın qarşısında və sol tərəfində - əynində tünd boz rəngli cins şalvar, göy rəngli zolaqlı, papaqlı kofta və tüng göy rəngli köynək olan, müdafiəçinin sol tərəfində ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sol yanında dayanmış şəxslər – adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal RPİ-nin 29ci PŞ-nin cinayət-axtarış üzrə əməliyat müvəkkili, polis mayoru Şahid1 və həmin polis bölməsinin sahə inspektoru polis leytenantı Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı Ruslan Əfəndiyev Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sol əlini əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibinə salaraq oradan bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülü iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükülünün içində şəffaf rəngli kristal şəkilli maddə olması müəyyən olunur. O, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 (iyirmi) manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 18:30-da polis əməkdaşları tərəfindən ünvan 9 ünvanının qarşısında saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana büklümüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılaraq ağ rəngli zərfə qoyulur və Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin “Zərflər üçün169” saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. (i.v. 79) Hadisə yerinə baxış keçirilməsi haqqında 08 avqust 2024-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 10 ünvanında yerləşən “Paul`s Baku” adlı restorandır. Restoranın taxtadan pəncərə və qapısı vardır. Restoranın hasarı məktəbin hasarı ilə bitişikdir. Hadisə yerinə baxış zamanı qeyd olunan ünvanda yerləşən restoranı icarə əsasında işlədən Zərərçəkmiş şəxs şifahi olaraq bildirdi ki, restoranın içərisinə daxil olduqdan sonra sağ tərəfdə asılmış şalvarın cibindən içərisndə 753 manat pul olan pul kisəsinin və qapının sol hissəsində yerləşən taxta dolabdan içərisində noutbuk olan çanta oğurlanmışdır. (i.v. 115.118) Şəxsi axtarış və götürmə aparılması haqqında 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılan zaman əlində olan qara rəngli üzərində “Şıxlar 1 saylı” yazısı olan çantadan 01 ədəd boz rəngli “Packard Bell” markalı notbuk və 01 ədəd adapter və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülü halda 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (i.v. 146-147) “Diskə baxış keçirilməsi haqqında” 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 01 nəfər orta yaşlarında kişi cinsli şəxsin hasarı aşaraq restoranın həyətinə daxil olması, düşdüyü yerin sol tərəfində olan pəncərənin açıq olub-olmamasını yoxlaması, qapının kilidini içəridən açması, içəri daxil olduqdan sonra ümumi zalda asılmış şalvarın cibindən nəyisə götürməsi, şalvarın asılmış yerinin sağ hissəsində yerləşən rəfdən 01 ədəd çantanı götürüb hadisə yerini tərk etməsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin videogörüntülərlə tanış olduqdan sonra kameraya düşən şəxsin özünün olduğunu bildirərək həmin hadisəni törətdiyini etiraf etmişdir. (i.v. 153) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2023-cü il tаriхli 3-16-16/2-6/4337 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №166” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar ... ” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,357 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 155-159) “Maddi sübut kimi tanınma haqqında” 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,357 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə – 0,307 qram narkotik vasitə heroinin saxlanılması üçün Səbail RPİ-nin məsul saxlancına təhvil verilmişdir. (i.v. 190) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 nəticələrinə dair 15 avqust 2023-cü il tarixli 5214 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 215-216) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 9/6359 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, 01 ədəd istifadə olunmuş “Packard Bell” markalı, çin istehsallı, “V5WT2” modelli, Core i5 texniki xüsusiyyətli, boz rəngli noutbuk 2023-cü ilin avqust ayına normal vəziyyətdə orta bazar qiyməti 250 manat, 01 ədəd istifadə olunmuş “Chicony” markalı cərəyan qidalandırıcısının 2023-cü ilin avqust ayına normal vəziyyətdə orta bazar qiyməti 5 manat, 01 ədəd istifadə olunmuş qara rəngli parça materiallı noutbuk çantasının 2023-cü ilin avqust ayına normal vəziyyətdə orta bazar qiyməti 5 manat müəyyən edilir. (i.v. 217- 219) “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə iş üzrə Zərərçəkmiş şəxs ona təqdim olunmuş 04 ədəd oxşar formalı kompyuterlərin içərisindən soldan sağa doğru ikinci sırada yerləşdirilmiş “Packard Bell” markalı kompyuteri göstərib tanıyaraq, həmin kompyuterin xx.xx.2023-cü il tarixdə icarə sasında işlətdiyi ünvan 2 ünvanında yerləşən “Paul`s Baku” retoranından oğrulanmış ona məxsus “Packard Bell” markalı kompyuter olduğunu bildirmişdir. (i.v. 223) “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə iş üzrə Zərərçəkmiş şəxs ona təqdim olunmuş 04 ədəd oxşar formalı cərəyan qidalandırıcısının içərisindən soldan sağa doğru birinci sırada yerləşdirilmiş “Chicony” markalı cərəyan qidalandırıcısını göstərib tanıyaraq, həmin cərəyan qidalandırıcısının xx.xx.2023-cü il tarixdə icarə sasında işlətdiyi ünvan 2 ünvanında yerləşən “Paul`s Baku” retoranından oğrulanmış ona məxsus “Chicony” markalı cərəyan qidalandırıcısı olduğunu bildirmişdir. (i.v. 224) “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə iş üzrə Zərərçəkmiş şəxs ona təqdim olunmuş 04 ədəd oxşar formalı qara rəngli noutbuk çantasının içərisindən soldan sağa doğru dördüncü sırada yerləşdirilmiş üzərində “Şıxlar 1 saylı” yazısı olan qara rəngli noutbuk çantasını göstərib tanıyaraq, həmin qara rəngli noutbuk çantasının xx.xx.2023-cü il tarixdə icarə sasında işlətdiyi ünvan 2 ünvanında yerləşən “Paul`s Baku” retoranından oğrulanmış ona məxsus üzərində “Şıxlar 1 saylı” yazısı olan qara rəngli noutbuk çantasının olduğunu bildirmişdir. (i.v. 225) Qəbzdən görünür ki, ona məxsus 1 ədəd “Packard Bell” markalı kompyuter, 1 ədəd “chicony” markalı cərəyan qidalandırıcı və 1 ədəd parca material noutbuk çantasını saz vəziyyətdə Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Yaşar İsgəndərovdan təhvil almışdır. (i.v. 227) “Diskə baxış keçirilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 12 avqust 2023-cü il tarixdə saat 23:45-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis kapitanı Məhəmməd Gülmalıyevin əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Məhəmməd Gülmalıyevin qarşısında daha sonra sağ tərəfində masa arxasında əyləşmiş şəxs, “3 saylı” vəkil bürosunun müdafiəçisi X3r. Xidməti otaqda olan masanın qarşısında daha sonra sağ tərəfində - əynində göy rəngli cins şalvar, göy rəngli zolaqlı köynək olan, iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sağ və sol yanında dayanmış şəxslər – adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Səbail RPİ-nin 9-cu PB-nin cinayət-axtarış üzrə əməliyat müvəkkili, polis baş leytenantı Şahid3 və həmin polis bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid4dur. Video çəkilişin davamında təhqiqatçı X5 Xəyyam Aydın oğluna qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona oğurluq əməlində şübhəli bilindiyini və oğurladığı əşyaları təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs Səbail rayonu, N.Rəfibəyli 10 ünvanında yerləşən “Paul`s Baku” restoranından oğurladığını bildirdiyi sağ çiynində olan qara rəngli çantanı təqdim edir. Həmin çanta açılan zaman onun içərisindən boz rəngli “Packard Bell” markalı kompyuter və 01 ədəd adapter aşkar edilir. Həmin çantadan iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək başqa hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs oğurluq əməlini narkotik vasitə əldə etmək üçün törətdiyini təsdiqlədikdən sonra təhqiqatçı, X5 Xəyyam Aydın oğluna üzərində narkotik vasitə varsa təqdim etməsini təklif edir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlini əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülü iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükülünün içində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən olunur. O, həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Yasamal rayonunda üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 (on) manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 22:10-da polis əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 426 ünvanında yerləşən “Taşfırın” restoranının qarşısında saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana büklümüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılaraq ağ rəngli zərfə qoyulur və Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin “Zərflər üçün” 166 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. (i.v. 237) “İfadənin yerində yoxlanılması barədə” 09 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. (i.v. 257-260) “Sübutların qiymətləndirilməsi haqqında” 10 noyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,522 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə – 0,472 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd “Packard Bell” markalı boz rəngli noutbuk, 01 ədəd “Chicony” markalı cərəyan qidalandırıcısı və 01 ədəd üzərində “Şıxlar 1 saylı” yazısı olan qara rəngli parça materiallı noutbuk çantasının iş üzrə maddi sübut kimi tanınaraq, sahibinə qaytarılmışdır. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2023cü il tarixdə Səbail RPİ-nin 9-cu PB-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli 10 ünvanında yerləşən “Paul`s Baku” restoranından edilmiş oğurluq hadissini əks etdirən görüntülərin olduğu 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (265-280) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən 2012-ci ilə qədər hərbidə müddətdən artıq xidmət edən olmuşdur. 2012-ci ildən səhhəti ilə əlaqədar xidmətdən xaric olunmuşdur. Həmin vaxtdan müxtəlif yerlərdə fəhləliklə məşğul olaraq dolanışığını təmin etmişdir. O, əvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2021-ci ilin noyabr ayında azadlığa buraxılmışdır. Evlənməmiş və himayəsində övladı olmamışdır. Hal-hazırda atası ilə birlikdə yaşayır. Atası təqaüdçüdür. Təxminən 3-4 il müddətdir ki, narkotik vasitə və psixotrop maddə qəbul etmişdir. Son vaxtlarda dolanışığı olmadığı üçün yenə də oğurluq etmək qərarına gəlmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə yaşadığı evdən çıxaraq Səbail rayonu ərazisində gecə saatlarında küçəyə çıxıb əlverişli yer axtarmağa başlamışdır. Səbail rayonunda adını dəqiq xatırlamadığı, N.Rəfibəyli küçəsində yerləşən “Paul`s Baku” adlı restoranın hasarının məktəb hasarına çıxıb restoranın həyətinə tullanmışdır. Bir neçə metr hasardan aralaşdıqdan sonra restoranın binasına yaxınlaşmış və qapı bağlı olduğu üçün, eləcə də həmin vaxt saat 04 radələri olduğundan restoranda heç kim olmadığı üçün restoranın qapısının şüşəsinin qırıq olduğunu görüb əlini içəridən qapının qulpuna salıb qapını açmış və içəri daxil olmuşdur. Ümumi zala daxil olub orada şalvar görmüş və şalvarın cibini axtardıqda 01 ədəd pul kisəsini aşkar edərək oğurlamış və restoranın digər otağına daxil olub oradan çantasında olan boz rəngli notbuku götürərək oranı tərk etmişdir. O, həmin restorandan çıxdıqdan sonra evə getmiş və bir neçə gün küçədə çox görsənməmişdir ki, onu heç kim tapmasın. Onun restorandan oğurladığı pul kisəsinin içərisində 753 manat pul və vizit kartlar olmuşdur. Həmçinin restorandan oğurladığı çantanın içərisində 01 ədəd noutbuk və 01 ədəd həmin kompyuterin cərəyan qidalandırıcısı olmuşdur. Həmin pulu özünə götürmüş, lakin kartları xatırlamadığı yerdə zibil yeşiyinə tullamışdır. Buna baxmayaraq 12 avqust 2023-cü il tarixdə o, narkotik vasitə istifadə etmək istədiyi üçün yaşadığı Yasamal rayonu ərazisində üzdən tanıdığı, anket məlumatlarını tam bilmədiyi Əli adlı şəxsdən 10 manat pul müqabilində “kakos” kimi bilinən narkotik vasitə heroin almış və bir qədərini istifadə etdikdən sonra qalan hissəsini üzərində saxlamağa başlamışdı. Həmin gün o, oğurladığı notbuk və adapteri satmaq qərarına gəlmişdir. Bu səbəbdən də gecə saatlarında evdən çıxıb “20 Yanvar” və ya “Neftçilər” metrositansiyası yaxınlığında yerləşən mağazalarda əldən satmaq üçün yola düşmüşdür. O, evdən çıxdıqdan sonra Yasamal rayonu ərazisində olarkən “Taşfırın” restoranının qarşısında piyada şəkildə hərəkətdə olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim etdikdən sonra həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmişdir. Polis əməkdaşları onun Səbail rayonu, N.Rəfibəyli küçəsi 10 ünvanında yerləşən “Paul`s Baku” restoranından pul və notbuk oğurluğunda şübhəli olduğunu bildirmiş və onu Səbail RPİ-nin 9-cu PB-nə dəvət etmişdirlər. Polis bölməsində xidməti otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş və hüquqlarımın müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Həmin otaqda ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O da çiyninə keçirdiyi çantanı, həmin çantanın içərisində olan notbuk və adapteri təqdim etmişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı narkotik vasitə heroini gizlətməyin mümkün olmadığını, polis əməkdaşları tərəfindən üzəri axtarılan zaman aşkar olunacağını görərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitəni çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm onun və digər iştiakçıların gözü qarşısında açılan zaman bükülünün içərisində toz şəkilli, qəhvəyi rəngdə maddə aşkar olunmuşdur. Həmin maddənin nə olduğu soruşulduqda o bildirmişdir ki, həmin maddə “kakos” kimi bilinən narkotik vasitə heroindir. Bundan sonra içərisində narkotik vasitə heroin olan büküm onun və digər iştirakçıların gözü qarşısında 01 ədəd zərfə qoyularaq müvafiq qaydada möhürlənmiş və zərfin üzəri o və digər iştirakçıların imzalarıyla imzalanmışdır. Bundan sonra saxlanıldığı vaxtdan 48 saat müddət ərzində barəsində qətimkan tədbirinin seçilməsi üçün onu Səbail rayon prokurorluğuna aparmışdırlar. Orada ibtidai araşdırmaya rəhbərlik edən prokuror tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və azad olunmağı barədə qərar qəbul olunmuşdur. Daha sonra həmin qərar əsasında onu azad etmişdirlər. Bu hadisədən sonra o bir müddət özünü saxlaya bilsə də lakin sonradan narkotik vasitə və psixotrop maddələrdən istifadə onda asılılıq yaratdığı üçün həmin maddələrdən istifadə etməyəndə dözülməz ağrıları olmağa başlamışdır. Bu səbəbdən “şüşə” kimi bilinən psixotrop maddə metamfetamin qəbul etmişdir. 16 oktyabr 2023-cü il tarixdə saat 12:00 radələrində o, psixotrop maddə almaq üçün Nəsimi rayonu “Şamaxinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 20 manat pul müqabilində şəxsi istifadəsi üçün şəffaf sellofana bükülmüş bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli, “şüşə” kimi bilinən psixotrop maddə metamfetamini alıb əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. O həmin psixotrop maddə metamfetamin bükümünü cibində gizlədərək yaşadığı Yasamal rayonuna qayıtmışdır. Həmin tarixdə, yəni 16 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Yasamal rayonu, X.Mustafayev küçəsi 128 ünvanının qarşısında piyada şəkildə hərəkətdə olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim etdikdən sonra özünü şübhəli apardığı üçün onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişdirlər. O, polis əməkdaşlarından onu hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları onu qanunsuz olaraq narkotik vasitələrin psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirmişdirlər. O da polis əməkdaşlarına etiraz etməyib polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 29-cu polis şöbəsinə getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişdirlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O da həmin an əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə açılan zaman həmin bükümün içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bükülüdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o bildirmişdir ki, həmin bükülüdəki maddə “şüşə” kimi bilinən psixotrop maddə metamfetamindir. Həmin maddəni o 16 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş içərisində psixotrop maddə metamfetamin olan şəffaf sellofana bükülmüş bir ədəd büküm gözünün qarşısında zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişdir. O bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini aldığını birldirdiyi şəxs qaramtıl dərili, 40-45 yaşlarında, orta köklükdə 160- 165 boylarında, saçı yana daranan, üzü tüklü və bığsızdır. Həmin şəxsin görünüşündə hər hansı bir xüsusi əlamət olmamışdır. O, üzərində aşkar olunmuş narkotik vasitə və ya psixotrop maddələrdən başqa evində və ya hər hansısa başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. O heç vaxt psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. xx.xx.2023-cü il tarixdə üzərində aşkar olunmuş narkotik vasitə heroini və xx.xx.2023-cü il tarixdə üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini də şəxsi istifadəsi üçün almışdır. O, xx.xx.2023-cü il tarixdə saxlanılan zaman üzərindən aşkar olunmuş narkotik vasitəni aldığı Əli adlı şəxsin yalnız adının Əli olduğunu bilmiş, başqa heç bir anket məlumatları, yaşayış ünvanı və əlaqə nömrələri barədə məlumatı olmamışdır. Əli adlı şəxs təxminən 25-30 yaşlarında, arıq bədən quruluşlu, üzü tüklü təxminən 175-180 boylarında cavan oğlan olmuşdur. O, xx.xx.2023-cü il tarixdə Səbail rayonu, N.Rəfibəyli küçəsi 10 ünvanında yerləşən “Paul`s Baku” adlı restorandan oğurluq edən zaman onun yanında heç kim olmamışdır. O, həmin cinayəti tək törətmişdir. O, xx.xx.2023-cü il tarixdə Səbail rayonu, N.Rəfibəyli küçəsi 10 ünvanında yerləşən “Paul`s Baku” adlı restorandan oğurluq edən zaman saat 04 radələri olduğu üçün həmin vaxt nə küçədə nə də restoranda heç kim olmadığı üçün onu görən olmamışdır. O, xx.xx.2023-cü il tarixdə Səbail rayonu, N.Rəfibəyli küçəsi 10 ünvanında yerləşən “Paul`s Baku” adlı restorandan etmiş olduğu oğurluq cinayəti ilə bağlı nə ailə üzvülərinə nədə ki başqa bir şəxsə heç bir məlumat verməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. (i.v. 294-298) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, yəni onun 12 avqust 2023-cü il tarixdə üzrəindən aşkar olunmuş narkotik vasitənin miqdarının az olması 16 oktyabr 2023-cü il tarixdə üzrəində narkotik vasitə olmaması və Zərərçəkmiş şəxs məxsus şalvarın cibindən 753 manat deyil 485 manat olması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin qərarın 19-cu bəndində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndində qeyd edilir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:20-də tutulmuşdur. (i.v. 135) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 184-186) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:50-də tutulmuşdur. (i.v. 24) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 70-72) “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 73-74) “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 187-188) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 26 avqust 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. (i.v. 192-193) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2015-ci il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikasının CM-nin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarın 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2019-cu il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, vurulmuş ziyanın bir qisminin ödənilməsini və İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yenidən eyni xarakterli cinayət törətməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş ekspertiza tədqiqatından qalıq qalmış 0,472 qrаm kustаr üsullu hаzırlаnmış psiхоtrоp mаddə mеtаmfеtаmin və Səbail RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş ekspertiza tədqiqatından qalıq qalmış 0.307 qram narkotik vasitə heroin məhv edilməlidir. 01 ədəd “Packard Bell” markalı boz rəngli noutbuk, 01 ədəd “Chicony” markalı cərəyan qidalandırıcısı və 01 ədəd üzərində “Şıxlar 1 saylı” yazısı olan qara rəngli parça materiallı noutbuk çantasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 180.00 (bir yüz səksən) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 234.1-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi vaxtdan, yəni 14 may 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 12 avqust 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixdək 02 (iki) gün və 16 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək 02 (iki) gün cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 75 (yetmiş beş) saata görə 450 (dörd yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 12 avqust 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixdək 02 (iki) gün və 16 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək 02 (iki) gün cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,472 qrаm kustаr üsullu hаzırlаnmış psiхоtrоp mаddə mеtаmfеtаmin və Səbail RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.307 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd “Packard Bell” markalı boz rəngli noutbuk, 01 ədəd “Chicony” markalı cərəyan qidalandırıcısı və 01 ədəd üzərində “Şıxlar 1 saylı” yazısı olan qara rəngli parça materiallı noutbuk çantasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə sübut - 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 180 (bir yüz səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 75 (yetmiş beş) saata görə 450 (dörd yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-108/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-108/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver