Məhkəmə qərarları › İş №1(004)-109/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-109/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-109/2020 09.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 54800,00 manat məbləğində pulu Zərərçəkmiş şəxs verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-6819/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tarixli, 3(004)-210/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə zərərçəkmiş şəxsə göstərilən məbləğdə maddi ziyan vurmuş, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, maddi çətinlikləri olduğu üçün, pul qazanmaq məqsədi ilə tanışı Zərərçəkmiş şəxs qızıl-zinət əşyaları alaraq onları digər tanışı Cəmalə Məmmədovaya nisyə satmışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Cəmalə ondan aldığı qızıl-zinət əşyalarının pulunu vermədiyi üçün o, Pakizəyə borclu olduğu 54800,00 manat pulu ödəyə bilməmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs həmin borcun ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, uzun sürən məhkəmə proseslərindən sonra Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-6819/2016 saylı qətnaməsinə əsasən cavabdeh kimi ondan Zərərçəkmiş şəxs xeyrinə 54800,00 manat məbləğində pul tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra məmuru borcun könüllü ödənilməsi barədə onu məlumatlandırmış və o hər ay 50 manat Zərərçəkmiş şəxs ödəmişdir. Maddi vəziyyəti pis olduğundan sonradan borcu tam ödəyə bilməmişdir. Buna görə də icra məmuru tərəfindən onun barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsiliyyətə cəlb edilməsi üçün protokol tərtib edilərək Yasamal məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə həmin protokola onun iştirakı ilə baxılaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan o Bakı Apellyasiya məhkəməsinə apelyasiya şikayəti vermiş, lakin onun şikayəti təmin edilməmiş və Yasamal rayon məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan bir müddət sonra o müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs ödənişlər edərək 54800 manat borcundan cəmi 10000 manat ödəmişdir və ödəmə barədə Zərərçəkmiş şəxs icra məmuruna ərizə vermişdir. Bundan əlavə o sözü gedən qətnamə ilə özüdə tələbkardır. Belə ki, həmin qətnaməyə əsasən cavabdeh X4 onun xeyrinə 44800,00 manat məbləğində pul tutulması qət olunmuş, lakin C.Məmmədova bu günə gədər ona olan borcunu ödəməmiş və bu hal onun tərəfindən qətnamənin icra edilməməsinin əsas səbəblərindən biri olmuşdur. Qətnamənin icra edilməməsinin digər səbəbi isə onun heç bir əmlakının və gəlirinin olmamasıdır. Yekun olaraq o, əməlində qərəzin olmaması səbəbindən məhkəmə tərəfindən onun barəsində bəraət hökmünün çixarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o pul qazanmaq məqsədi ilə tanışından qızıl-zinət əşyaları alaraq digər tanışı Təqsirləndirilən şəxs nisyə satmışdır. Uzun müddət keçməsinə və dəfələrlə ona olan borcunu qaytarmasını tələb etməsinə baxmayaq Nazilə ona borcunu qaytarmadığı üçün o əlacsız qalaraq məhkəməyə müraciət etmişdir. Uzun sürən məhkəmə proseslərindən sonra Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-6819/2016 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs onun xeyrinə 54800,00 manat məbləğində pul tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul ediləndən sonra Təqsirləndirilən şəxs ona müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul ödəmişdir. Həmin ödənişlərin məbləği az olsa da, ona ödənilən pulu 10100 manat kimi qəbul etmiş və bu barədə ərizə yazaraq icra məmuruna təqdim etmişdir. Bundan əlavə Nazilə ona müxtəlif vaxtlarda hər ay 50 mant ödəniş etməklə əlavə olaraq 350 manat ödəniş etmişdir. Yekun olaraq o Nazilə Bakixanovanın ona olan qalıq 44350 manat borcunu tələb edir.Hesab edir ki, N.Bakixanova həmin pulu qərəzli olaraq ödəmir, belə ki, Təqsirləndirilən şəxs əmək qabilliyyətli olmasına baxmayaraq işləmir. Yekun olaraq o Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-6819/2016 saylı qətnaməsinin ona aid hissədə icra olunmasını, yəni Təqsirləndirilən şəxs ona olan borcunun qalıq hissəsinin bir dəfəyə ödəməsini tələb edir və ödəmədiyi halda onun barəsinə qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, X9 ifadəsində göstərdiyi 26 ədəd qızıl-zinət əşyasını ona vermişdir, ümumi dəyəri təxminən 4000-5000 manat olan həmin qızılların Nazilənin verdiyi qızıllara heç bir aidiyyatı olmamış, onların öz aralarında alış-verişləri və məhkəmə mübahisələri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-6819/2016 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi əsasında xx xxxx 2017-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tarixli, 3(004)-210/2019 saylı qərarına əsasən müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat inzibati cərimə edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və qətnamədə göstərilən tələbi yerinə yetirmədiyi üçün sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır. 2014-cü ildə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 26 ədəd qızıl-zinət əşyası götürərək ona vermişdir. Nazilədən həmin əşyaları götürməyə səbəb isə, onları sataraq pul qazanmaq olmuşdur. Bir müddət sonra həmin qızılları satmışdır, satılan malların pulundan Naziləyə hissə-hissə 1200 manat ödəmişdir. O Naziləgildə olan zaman Pakizə ilə tanış olmuş və onlar əlaqə saxlamağa başlamışlar. Bir müddət keçdikdən sonra 26 ədəd dəyəri 30000 manat olan qızıl-zinət əşyasını Nazilənin xəbəri olmadan Pakizəyə qaytarmışdır.Pakizə həmin malların qaytarılması barədə Nazilənin xəbərinin olmamasını ondan xahiş etdiyindən həmin vaxt Naziləyə məlumat verməmiş, lakin bir müddət sonra isə bu barədə Naziləyə məlumat vermişdir. Bu barədə həmçinin birinci və apellyasiya instansiyaları məhkəmələrində də izahat vermişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, onun Pakizə ilə bundən əlavə də alış-verişləri olmuş, Pakizəyə qaytardığı qızıl-zinət əşyaları 30.000 manat dəyirində olsa da, bu barədə heç bir sübut təqdim edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin əməkdaşı X1 Şahid1 göstərdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini bir daha təsdiq etmişlər. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 86-88-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs borclu şəxs kimi tanıyır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6819/16 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 54800 manat tutularaq X5 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə başlanılmış icraat zamanı sözügedən vəsaitin borclu Təqsirləndirilən şəxs tərəfindən könüllü ödənilməsi təmin edilməmiş, onun əmlak və gəlirlərinin yoxlanılması ilə bağlı aidiyyəti orqanlara sorğular edilmiş, yaşadığı mənzilə baxış keçirilmiş, lakin onun tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəliri aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş və o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 210/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan qərardan Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1127/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə şikayət təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilmədiyindən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-391/2019 saylı, xx.xx.2019-cu tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İnzibati məsuliyyətə cəlb edildikdən sonra Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin o, həmin müddət ərzində də tələbi təmin etməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs ilə fərdi söhbətlər aparılmış, lakin o müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. İcraat dövründə Təqsirləndirilən şəxs iş axtaran vətəndaş kimi məşğulluq mərkəzində qeydiyyata düşsə də, Mərkəzin xx.xx.2019-cu il tarixli məktubundan məlum olmuşdur ki, mərkəzdə olan boş iş yerləri Təqsirləndirilən şəxs istəyinə uyğun olmamışdır. Borclu Təqsirləndirilən şəxs tərəfindən icraat zamanı tələbkara cəmi 10100 manat ödəniş edilmişdir. İcraat zamanı müəyyən olunmuşdur ki, borclu Təqsirləndirilən şəxs xx.xx.1966-cı il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan Bakıxanov Araz Tələt oğlu ilə rəsmi nikahdadır. Tələbin birgə nikah dövründə əldə edilmiş əmlaka yönəldilməsinin təmin edilməsi üçün müvafiq icra tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. İcraat dövründə iş üzrə borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq olunmasına baxmayaraq onun tərəfindən tələbkar Zərərçəkmiş şəxs cəmi 10100 manat ödəniş edilmişdir. O, öhdəliyini tam yerinə yetirməmiş, bununla bağlı hər hansı üzrlü səbəb bildirməmiş, iş axtaran kimi aidiyyəti orqanda qeydiyyatdan keçsə də ona təklif edilən işdən imtina etmiş və beləliklə qanuni qüvvəsini almış məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırmışdır. İş üzrə tələbkar Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Bununla əlaqədar borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyini İstintaq idarəsinə təqdimat göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-6819/2016 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 54,800 (əlli dörd min səkkiz yüz) manat məbləğində pul ödənişi iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir; (i.v. 9) Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-6819/2016 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətləri qismən təmin edilməmişdir. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1046/2015 saylı xx xxxx 2015-ci il tarixli qətnaməsi cavabdeh X10ma münasibətdə ləğv edilmişdir. Həmin hissədə iddiaçı Təqsirləndirilən şəxs iddia tələbi qismən təmin edilərək, cavabdeh X4 iddiaçı Təqsirləndirilən şəxs xeyrinə 44.800 (qırx dörd min səkkiz yüz) mat məbləğində pul tutulmuşdur. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-263/2015 saylı xx xxxxx 2015-ci il tarixli, qətnaməsi cavabdeh Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmiş, həmin hissədə iddiaçı Zərərçəkmiş şəxs Aydm qızının iddia tələbi qismən təmin edilərək, cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 54.800 (əlli dörd min səkkiz yüz) manat məbləğində pul tutulmuşdur. (i.v. 10-20) İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 172123 nömrəli, xx.xx.2017-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti təqdim edilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-6819/2016 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; (i.v. 21-22) Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icrası haqqında xəbərdarlıqdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-6819/2016 saylı icra sənədində göstərilən tələb yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq istintaq orqanına təqdimatla müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. (i.v. 27) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-210/2019 saylı, xx xxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; (i.v. 41) Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1127/2019 saylı, xx xxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-210/2019 saylı, xx xxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmışdır. (i.v. 43-46) X6 Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona 10100 manat ödəniş etmişdir. (i.v. 49) Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-391/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; (i.v. 50-51) 17/72172123/17 saylı xx xxxx 2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icra edilməsi üçün yenidən müddət təyin olunmuş və o, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(103)- 6819/2016 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; (i.v. 54) Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi Dövlət Məşğulluq Xidməti Nəsimi rayon Məşğulluq Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-cı il tarixdən Məşğulluq Mərkəzində işaxtaran vətəndaş kimi qeydiyyatdadır. Qeydiyyata alındığı gün Mərkəzdə olan boş iş yerləri Təqsirləndirilən şəxs istəyinə uyğun olmamışdır.(i.v. 67) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v. 82) “Qətimkan tədbiri seçmək haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v. 118) Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqdim etdiyi mədaxil qəbzlərindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi müxtəlif vaxtlarda hər dəfə 50 manat olmaqla ümumilikdə 350 manat pulu Zərərçəkmiş şəxs ödəmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və məhkəmə baxışının gedişatında tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-6819/2016 saylı icra vərəqəsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-210/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinib barəsində inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına, həmçinin məsuliyyəti barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə icra sənədini qərəzli olaraq icra etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni icra sənədini icra etməməklə bağlı onun hərəkətlərinin qərəzli olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” xx xxxxxx 2014cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-6819/2016 saylı icra vərəqəsini icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Həmçinin iş üzrə müəyyən olunur ki, iki tələb bir icraatda birləşdirilməklə X4 X3 xeyrinə 44.800 manat pul tutulması və X2 Zərərçəkmiş şəxs Hüseyn qızının xeyrinə 54.800 manat pul tutulmasına dair icra sənədi üzrə Nazilə Bakixanovaya hazır ki ittihamın verilməsi tam əsaslıdır. Çünki, X7 Naziləyə qətnamə üzrə pul öhdəliyinin icra edilməməsi, Nazilə Bakixanovanın həmin icra sənədi üzrə Zərərçəkmiş şəxs olan pul öhdəliyinin icra edilməməsi üçün üzürlü səbəb hesab edilə bilməz və Nazilə Bakixanovanın məsuliyyətini istisna etmir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 42 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xasiyyətnamə); zərərin bir qisminin ödənilməsi; himayəsində yetkinlik yaşına çatmayan uşagının olmasını (əsas: iş materiallarına əlavə olunmuş Bakıxanov İbrahim Araz oğlunun doğum haqqında şəhadətnaməsi), Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxscəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi (CM -58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə,həmçininqeydedirki, CM-in 52-1 maddəsinəəsasənTəqsirləndirilən şəxs üzərinə həmin maddədə nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) ilmüddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 9 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs münasibətdə hökmün icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar