Məhkəmə qərarları › İş №1(004)-109/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-109/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-109/2022 02.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Feyzi Günay Rasim qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 66, mənzil 88-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, zərərçəkmişin həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, özgənin xeyli miqdarda əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, 28 oktyabr 2021-ci il tarixdə saat 07:13 dəqiqədə yüngül dərəcəli sərxoş vəziyyətində idarə etdiyi «Kia Rio» markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, 9B saylı 5 mərtəbəli yayayış binasının arxa hissəsindəki yolun sol tərəfi ilə xx xxxxxx 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs sağ qolundan əl çantası asılmış vəziyyətdə piyada hərəkət etdiyini görüb özgə əmlakını açıq yolla talamaq qərarına gəlmiş, bu məqsədlə idarə etdiyi avtomobillə ona yaxınlaşaraq sürəti azaltmış, sol əlini idarə etdiyi avtomobilin qabaq sol qapısının şüşəsindən bayıra çıxararaq sonuncunun sağ əlində tutduğu, içərisində 1 ədəd 50 manatlıq, 5 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq əkinazdan, 10 manat qəpiklərdən ibarət 170 manat pul olan qırmızı rəngli 20 manat qiymətində pul kisəsi, 5 ədəd 200 manatlıq, 1 ədəd 50 manatlıq əskinazlardan ibarət 1050 manat pul, 1 ədəd hesabında 3 manat olan 2 manat qiymətində metro kartının olduğu 20 manat qiymətində qarışıq rəngli pul kisəsi, 2 manat qiymətində qutuda olan 1 ədəd "585" əyarlı, 10,01 qram çəkidə 851 manat qiymətində qızıl boyunbağı, 1 ədəd üzərində "14 K" əyar damğası həkk olunmuş, 585 əyarlı qızıla uyğun, 5,92 qram çəkidə, 503 manat qiymətində boyunbağı, 1 ədəd "585" əyarlı, 1,17 qram çəkidə, 99 manat qiymətində nal formalı kulon, 1 ədəd "750" əyarlı, 16,53 qram çəkidə, hər birinin ölçüsü 0,025 karat olan 3 ədəd, hər birinin ölçüsü 0,015 karat olan 24 ədəd, hər birinin ölçüsü 0,005 karat olan 24 ədəd qaşları olan 3/3 keyfiyyətli, 2083 manat qiymətində sırğa-üzük dəsti, 1 ədəd üzərində 1 ədəd mirvari muncuq və ağşəffaf qaşları olan, 750 əyarlı, 5,80 qram çəkidə, hər birinin ölçüsü 0,005 karat 4 ədəd qaşları olan, 3/3 keyfiyyətli - 595 manat qiymətində olan üzük, 2 ədəd 925 əyarlı, 10,58 qram çəkidə, 42 manat qiymətində gümüş qaşıqlar, 1 ədəd 750 əyarlı, 4 qram çəkidə, yumru “nefertiti”nin başı formalı 500 manat qiymətində qızıl kulon, 1 cüt 583 əyarlı, 4 qram çəkidə səkkiz guşəli formalı, üzərində serkon qaşları olan, 500 manat qiymətində qızıl sırğa, 1 ədəd 100 manat qiymətində eynək, 1 ədəd “Samsung” markalı, A22 modelli, **********60766 İMEİ kodlu, 550 manat qiymətində, üzərində 5 manat qiymətində ***-***-**- ** nömrəsi və 15 manatlıq danışıq limiti olan mobil telefon, 1 ədəd 20 manat qiymətində dərman qabı kimi istifadə edilən çanta, faberlik firmasına aid olan 50 manat qiymətində kosmetika dəsti, 1 ədəd 5 manat qiymətində qırmızı rəngli fanar və 1 ədəd 10 manat qiymətində qadın corabını, 50 manat qiymətində qara rəngli əl çantası ilə birlikdə dartaraq açıq talamaq istədikdə Zərərçəkmiş şəxs əl çantasınının kəmərindən tutaraq buraxmadığına görə, ona həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, idarə etdiyi avtomobildən çantanı əldə etmək üçün dartaraq avtomobili sürüb getməsi nəticəsində sonuncunu yerə yıxaraq qəsdən ona “sağ əl barmaqlarının sıyrıqları və sol diz oynağının yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan qançırdan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs məxsus 7140 manat dəyərində qeyd edilən əmlaklarını açıq talamaqla, xeyli miqdarda ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 180.2.4 və 180.2.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə 30.09.2015-ci ildə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum olunmuşdur. 13 fevral 2021-ci ildə cəzası məntəqə tipli cəzaçəkmə müəssisəsində davam etməklə əvəz edilmişdir. O məhəllə uşağı olmuş Şahid2 ilə şərikli tanımadığı Rüstəm adlı şəxsdən «Kia Rio» markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomobil icarəyə götürmüşlər. O, həmin avtomobili gecələr, Mahmud isə gündüzlər idarə etmişdir. Hər gün səhər saat 07-də Mahmud həmin avtomobili ondan adətən yaşadığı məhəllədə təhvil almış, taksı kimi işləyib saat 19-da ona təhvil vermişdir. 27.10.2021-ci il tarixdə saat təxminən 19 radələrində həmin avtomobili 20 yanvar metro stansiyasının ətrafında Mahmud ona vermişdir. Səhəri gün saat 06:30 radələrində «20 yanvar» metro stansiyasının yaxınlığında bir qədər spirtli içki qəbul etdikdən sonra o avtomobillə «Qələbə» dairəsindən X13 küçəsi ilə Yasamal rayon İcra Hakimiyyətinə doğru getmiş, qarşıdan isə sağa Akim Abbasov küçəsinə dönmüşdür. Saat təxminən 07:10 radələrində Akim Abbasov küçəsinin yuxarı hissəsinə yaxınlaşanda bir qadının sağ əlində qara rəngli çantasını tutaraq yolun sol kənarı ilə getdiyini görmüşdür. Bundan sonra o idarə etdiyi avtomobili həmin qadının getdiyi yolla doğru sürüb, tam olaraq qadına yaxınlaşanda sol əlini qapının şüşəsindən bayıra çıxarmış və sol əli ilə qadının əl çantasının kəmərindən tutaraq çantanı özünə sarı dartmışdır. Qadın əvvəl çantanı buraxmamış, lakin o avtomobilə qaz verərək qadının yanından uzaqlaşanda qadın əlini çantasından buraxmadığı üçün avtomobilin sol tərəf arxa hissəsində yerə yıxılmış, qadının çantası isə onda qalmışdır. Bundan sonra avtomobili idarə edərək oradan uzaqlaşıb Mahmuda zəng vurub, avtomobili birazdan ona təhvil verəcəyini demişdir. Bundan sonra o, çantanı avtomobildə tələsik şəkildə açmış, çantanın içərisində olan qırmızı rəngli balaca qutunu açaraq içərisində qızıl-zinət əşyaların olduğunu görüb həmin qutunu özündə saxlamış, bundan əlavə göy və ağ rənglərin qarışığı olan içərisində 1200 manat pul, sənəd və bank kartları və digər yadında qalmayan əşyalar olan pul kisəsi, kosmetik əşyalar, 1 ədəd «Samsung» markalı mobil telefon olmuşdur. O, çantadan bütün pulları, qızıl-zinət əşyaları olan qırmızı rəngli qutunu götürmüşdür. Əl çantasını telefon və digər əşyalar içərisində olmaqla hazırda xatırlamadığı zibil qutusuna atmışdır. Saat təxminən 12 radələrində Xırdalan şəhərinə getmiş və Mahmudla görüşüb birlikdə avtomobilin tormoz əyləclərini dəyişmişlər. Avtomobilin sahibinə borcu olduğuna görə Əhmədli qəsəbəsinə getmişlər və orada həmin şəxsə 200 manat ödəmişlər. Bundan sonra isə Mahmudla birlikdə Xırdalana gedərək günorta yeməyini yemişlər. Saat təxminən 17 radələrində o, avtomobili yuyucuda yuduzdurduğu zaman polislərin Mahmudu apardığını eşitmişdir. Bundan sonra sərxoş vəziyyətdə həmin avtomobillə şəhərə qayıtmışdır. Saat təxminən 19 radələrində «İnşaatçılar» metro stansiyasının yaxınlığından bir müştəri götürmüşdür. Müştəri ilə NZS qəsəbəsinə getməyi 15 manata razılaşmışlar. Saat təxminən 19:30 radələrində 8 noyabr prospekti ilə getdiyi zaman polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Sonra isə istintaqa təqdim etmişlər. Həmin gün səhər saatlarında qadından götürdüyü əl çantasında olan içərisində qızıl-zinət əşyaları olan qutunu istintaqa təqdim etmişdir. O həmin hadisəni tək törətmiş və sərxoş vəziyyətdə olmuşdur. O həmin əməli maddi sıxıntıları olduğu üçün etmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödəndiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Hövsan bağlarında 400 k saylı bağ evində tək yaşayır, 99 saylı körpələr evi və uşaq baxçasında tərbiyəçi müəllimə işləyir. Həmin bağça Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşir. O, hər gün Hövsan qəsəbəsindən həmin baxçaya işə gedib gəlir. 28.10.2021-ci il tarixdə saat 07:10 radələrində o, Hövsan qəsəbəsindən taksi ilə Yasamal rayonu, Akim Abbasov küçəsinə qədər gəlmiş və həmin küçədə yerləşən 9B saylı 5 mərtəbəli yaşayış binasının baş hissəsində taksidən düşmüşüb piyada yolla baxçaya doğru getməyə başlamışdır. Həmin vaxt onun sağ əlində özünə məxsus olan 50 manat dəyəri olan qara rəngli çantası olmuşdur. Həmin çantanın içərisində 1 ədəd 50 manatlıq, 5 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq əkinazdan ibarət 160 manat pul, 10 manat qəpiklərdən ibarət pul olan 1 ədəd qırmızı rəngli 20 manat dəyəri olan pul kisəsi, 1220 manat pul, 1 ədəd özü 2 manat, hesabında isə 3 manat olan metro kartı, hesabında pul olmayan kapital banka aid olan maaş kartı, sosial kart, Yeni Azərbaycan Partiyasına məxsus olan kart, həkim müayinəsindən keçməsi barədə olan kart və covid 19 pasportu, özünə məxsus olan şəxsiyyət vəsiqəsi, 20 manat dəyəri olan qırmızı, ağ və göy rəngli pul kisəsi, qırmızı rəngli, üzərində gül naxışları olan, 5 manat dəyəri olan qutunun içərisində, 1 ədəd yumru naxışlı 585 əyyarlı, 10 qram çəkisi olan 900 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 750 əyyarlı, 4 qram çəkili, yumru formalı, nefertitinin başını əks edən 500 manat dəyəri olan qızıl kulon, 1 ədəd yumru formalı 6 qram çəkisi olan, 585 əyyarlı, 500 manat dəyəri olan qızıl sep, 1 ədəd nal formalı, 583 əyyarlı, 2 qram çəkili 100 manat dəyərində qızıl kulon, 1 ədəd 750 əyyarlı, 4 qram çəkisi, üzərində ağ rəngli mirvari qaşı olan 500 manat dəyərində qızıl üzük, 1 dəst, 4 qram çəkili, 583 əyyarlı, səkkiz guşəli formalı, üzərində serkon qaşları olan, 500 manat dəyərində qızıl sırqa, dəyəri 3800 manat olan, 1 üzük, 2 sırqadan ibarət, üzərilərində gül formalı brilyant qaşları olan, 750 əyyarlı qızıl dəst, 2 ədəd hər birinin 10 manat dəyəri olan gümüş qaşıqlar, 4 ədəd boş dəyəri olmayan sellafon balaca torbalar, 1 ədəd 100 manat dəyərində eynək, 1 ədəd «Samsung» markalı, A 22 modelli, 550 manat dəyəri olan, üzərində 5 manat dəyəri olan ***-***-**-** nömrə, 15 manatlıq danışıq konturu olan mobil telefon, yaşadığı evin açarları, faberlik firmasına aid olan, 50 manat dəyəri olan kosmetik dəsti, 1 ədəd 5 manat dəyəri olan qırmızı rəngli fanar, 1 ədəd, 10 manat dəyəri olan qadın corab, 1 ədəd 20 manat dəyəri olan dərman qabı olmuşdur. Açarlar isə köhnədən qaldığına görə onun üçün maddi dəyərə malik olmamışdır. Akim Abbasov küçəsi 9B saylı 5 mərtəbəli yaşayış binasınının arxa hissəsi ilə piyada getdiyi zaman boz rəngli dövlət nömrə nişanını görmədiyi və içərisində qara rəngli gödəkçə geyinmiş kişi sol əlini qapının şüşəsindən çıxararaq əlindən çantasını zorla almışdır. O, çantasını möhkəm tutmuşdur ki, çantanı apara bilməsin. Çantanın kəmərindən tutduğu zaman isə avtomobilin surəti onu yerə yıxmışdır. Yerə yıxılandan sonra isə həmin şəxs çantasını ondan qaçıraraq idarə etdiyi avtomobili sürətlə sürüb hadisə yerindən uzaqlaşmışdır. O, yerə yıxıldığı zaman hər iki əlinin üst hissələri, sinə nahiyələri əzilmişdir. Hadisə nəticəsində ona ümumi olaraq 8895 manat maddi ziyan vurulmuşdur. Hazırda ona dəymiş ziyandan ödənilməyən 2500 manatı təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, «Kia Rio» markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobili əvvəllər bir məhəllədə yaşadığı Təqsirləndirilən şəxs ilə birlikdə Əhmədli qəsəbəsində tanımadığı Rüstəm adlı şəxsdən günü 30 manata icarəyə götürmüşdür. Akif həmin avtomobili gecələr o isə gündüzlər idarə etmişdir. Hər gün səhər saat 07:00-da o, həmin avtomobili Akifdən yaşadığı məhəllədə təhvil almışdır. Axşama kimi taksı kimi işləyib, yenidən həmin avtomobili saat 19:00-da Akifə təhvil vermişdir. Təhvil təslim əsasən «20 yanvar» metro stansiyasının ətrafında olmuşdur. 27.10.2021-ci il tarixdə saat təxminən 19 radələrində həmin avtomobili «20 yanvar» metro stansiyasının ətrafında Akifə təhvil vermişdir. Həmin günün səhəri saat 07 radələrində Akif avtomobili ona verməli olduğu halda telefonlara cavab verməmişdir. Sonra cavab verib işlədiyini və birazdan gələcəyini bildirmişdir. Bundan bir az sonra Akif ona zəng vurmuş və onlar Akifin yaşadığı evin yanında görüşüb birlikdə avtomobillə Əhmədli qəsəbəsinə gedərək avtomobilin sahibi ilə görüşmüşlər. Akif ona 260 manat pul vermiş o isə həmin pulu avtomobilin sahibinə vermişdir. Akif həmin pulu taksi kimi işləyib yığdığını bildirmişdir. Avtomobilin bir neçə yüngül işlərini gördükdən sonra həmin gün avtomobil onda qalmışdır. Bundan sonra Xırdalana gedərək birlikdə çörək yeyib spirtli içki içmişlər. Avtomobili yuduzduran zaman saat təxminən 18 radələrində polislər gəlmiş və onu 29-cu PŞ-nə aparıb sorğu sual etmişlər. Bundan bir neçə saat sonra isə Akifi saxlamışlar və ona məlum olmuşdur ki, Akif həmin gün səhər saat 07 radələrində həmin avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 9 B saylı yaşayış binasının arxa hissəsindən keçdiyi zaman X3 adlı şəxsin əl çantasını soyğunçuluq edərək qaçırmış və həmin şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, «Kia Rio» markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobil onda fəaliyyətsiz olaraq qaldığına görə avtomobili təxminən 20 gün əvvəl gündəlik olaraq 30 manat olmaq şərti ilə Şahid2 icarəyə vermişdir. Mahmud hər gün avtomobili idarə etmiş və hər gün onun kartına 30 manat icarə haqqı ödəmişdir. 28.10.2021-ci il tarixdə isə eşitmişdir ki, Mahmud ona məxsus olan avtomobili gecələr məhəllə uşağı olmuş, Akif adlı şəxsə vermiş, Akif isə həmin avtomobillə 28.10.2021-ci il tarixdə saat 07 radələrində hansısa şəxsə qarşı soyğunçuluq etmişdir. Onun Təqsirləndirilən şəxs məlumatı olmamışdır. 28.10.2021-ci il tarixdə saat təxminən 12 radələrində Mahmud tanımadığı 1 nəfərlə, sonradan bildiyi Akif adlı şəxslə yanına gəlmişdir. Mahmud həmin vaxt ona 260 manat pul ödəmişdir. Mahmudun 28.10.2021-ci il tarixdə ona verdiyi pulların kimə məxsus olduğunu bilməmişdir. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Salyan rayonu, Noxudlu kəndində qeydiyyatdadır. N nömrəli hərbi hissədə yaşayır. Müddətdən artıq xidmət edir. 08.10.2021-ci il tarixdən 20 günlük məzuniyyətdədir. Məzuniyyətin 17 gününü rayonda olmuşdur. 26.10.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəlməkdə məqsədi Bankların birindən şəxsi ehtiyacı üçün 3.000 manat kredit götürmək olmuşdur. Rayonda bununla bağlı bir neçə banka müraciət etsə də zamin tələb etmişlər. Bunun üçün rayondan kreditə pul götürə bilməmişdir. «Rabitə» bankda isə hazırda kampaniya olduğuna görə «Rabitə» bankın Yasamal rayon filialına müraciət etmiş və müsbət cavab almışdır. Sənədlərini «Rabitə» banka təqdim etmişdir. Maaş kartını və hərbiçi olduğunu nəzərə almışlar. Ona 28.10.2021ci il tarixdə saat təxminən 14 radələrində «Rabitə» bankın Yasamal fililından 3.000 manat kredit pul götürmüşdür. Həmin pul onun atası X2 ayağının müalicə olunması xərcləri üçün vacib olmuşdur. O, həmin pulu aldıqdan sonra özümün müəyyən borcları olmuşdur. 200 manat bir tanışına olan borcunu qaytarmışdır. 100 manat pulu isə öz şəxsi əşyalarıma, şəxsi gigiyena vasitələrinə xərcləmişdir. Fikirləşmişdir ki, yerdə qalan pulun 2.500 manatını atasına göndərər. 200 manatını isə cibində xərclik edər. Krediti isə ayda maaşımdan 148 manat ödəməklə 24 aya ödəyəcəyini düşünmüşdür. Həmin gün saat təxminən 19 radələrində o, «İnşaatçılar» metro stasiyasının yanından NZS qəsəbəsinə tanışının evində qalmaq üçün taksi sifariş etmişdir. Bir neçə dəfə cəhd etsə də pik saatlar olduğundan taksi sifarişləri nəticəsiz qalmışdır. O, eyni zamanda piyada yol ilə getmişdir. Bu zaman «İnşaatçılar» metro stansiyasının üzərində «Paşdad» dönər evinin qarşısında dayanmış vəziyyətdə olan sonradan tanıdığı Təqsirləndirilən şəxs adlı taksi sürücüsünə yaxınlaşmışdır. Akif «Kia Rio» markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobili idarə etmişdir. Həmin şəxslə 15 manata onu aparacağı ilə razılaşmışlar. O, Akifin pulunu vermişdir. Həmin şəxs avtomobillə onu aparmağa başlamışdır. Yolda hiss etmişdir ki, həmin şəxs sərxoşdur. Saat təxminən 20 radələrində onları 8 noyabr prospektində polis saxlamışlar. Bundan sonra isə onu da həmin sürücü ilə birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. O, üzərimdə olan 2.700 manat 100 manatlıq əskinazlardan ibarət olan pulu bankdan kredit götürdüyünü demişdir. Onun cibində pul cəmi 2.700 manatd olmuş. Həmin pulun Akifə heç bir aidiyyatı olmamışdır. X1 zaman bilmişdir ki, Akif həmin gün səhər saatlarında idarə etdiyi avtomobillə saat 07 radələrində Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 9 B saylı yaşayış binasının arxa hissəsindən keçdiyi zaman onun tanımadığı, Polis Şöbəsində adını eşitdiyi X3 adlı şəxsin əl çantasını soyğunçuluq edərək qaçırmış və həmin şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. O, bu hadisədən məlumatlı olmamışdır. O, bu hadisəni yalnız Polis Şöbəsində olduğu zaman bilmişdir. Akifi isə saxlanılmamışdan təxminən 2 saat əvvəl təsadüfən taksi sürücüsü kimi tanımışdır. Verilən suallar ətrafında göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı zaman üzərində olan həmin gün səhər saatlarında tanımadığı qadının əl çantasından soyğunçuluqla ələ keçirdiyi 1000 manat pulu ona verdiyini və onun üzərində olan 2700 manat pulun 1000 manatı Akifin verdiyi 100 manatlıq əskinazlardan ibarət pullar olmasının yalan olduğunu göstərmişdir. O, həmin pulları bankdan götürmüşdür. Həmin pulların Akifə heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq Akif Polis Şöbəsində onun üzərimdə pul olduğunu gördüyü üçün yalandan deymişdir ki, güya soyğunçuluqla ələ keçirdiyi pullar həmin pullardır. Bunlar yalandır. Həmin pulların hər hansı bir cinayətlə əlaqəsi yoxdur. O, həmin pulları istintaqa təqdim etmişdir. Akif pulla bağlı olan hissəni tamamilə yalan danışır(i.v.77-80); Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Şahid2 ilə evlidir. 2 övladları vardır. Həqiqətən də baş vermiş hadisənin baş verdiyi zaman əri Şahid2 onunla bir evdə olmuş, saat təxminən 07.30 radələrində Akif ona zəng vuraraq işlərinin olduğunu, avtomobili birazdan ona verəcəyini bildirmişdir. Saat təxminən 11-12 radələrində isə Mahmud evdən çıxmış, Akiflə birlikdə avtomobilin borcunu ödəyəcəklərini və bir sıra təmir işlərini görəcəklərini demişdir. Sonradan isə eşitmişdir ki, Akif adlı tanımadığı, yalnız adını eşitdiyi şəxs həmin avtomobillə səhər saat 07 radələrində Bakı şəhərində hansısa rus qadına qarşı soyğunçuluq etmişdir. Bununla bağlı ərini də polisə aparmışlar. Sorğu sual etdikdən sonra isə sərbəst buraxmışlar(i.v.113-116); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 28.10.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 9B saylı binanın arxa hissəsidir. Həmin yaşayış binası 5 mərtəbəli 8 saylı yaşayış binası, qarşı tərəfdə isə “Qələbə” Rezidens adlı yeni tikilmiş yaşayış kompleksi vardır. Baxış zamanı müəyyən olundu ki, “Kia Rio” markalı, boz rəngli nömrəsini müəyyən etmək mümkün olmayan avtomobil yol ilə piyada gedən Zərərçəkmiş şəxs sağ tərəfindən ona yaxınlaşır. Avtomobili idarə edən qara rəngli gödəkcə geyinmiş kişi cinsli naməlum şəxs sol əlini avtomobilin qabaq sol tərəf qapısının şüşəsindən çıxarır, avtomobil tam yavaş sürətlə Zərərçəkmiş şəxs yaxınlaşır, sonuncunun sağ qolunda tutduğu əl çantasını onun əlıindən dartaraq alır. Sonuncu çantanı buraxmır. Avtomobil isə sürətlə onun yanından irəliləyən zaman Zərərçəkmiş şəxs çantanı buraxır və üzü üstə yerə yıxılır. Çanta isə naməlum sürücüdə qalır. Həmin şəxs avtomobili sürətlə idarə edərək oradan uzaqlaşır. Bu mənzərə baxış protokolunda protokollaşdırılır və həmin video görüntü 1 ədəd CD diskə köçürülərək baxış protokoluna əlavə edilmişdir(i.v.07-12); Götürmə aparılması haqqında 28.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs açıq şəkildə taladığı əmlaklardan 1 ədəd qırmızı rəngli, üzərində gül naxışları olan qutu, 2 ədəd sep, 1 ədəd nal formalı kulon, 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət dəst, 1 ədəd üzük, 2 ədəd kiçik ölçülü qaşıq və 4 ədəd kiçik ölcülüsellofan torbaları təqdim edilmiş, həmin əmlaklar müvafiq protokol və ona əlavə edilmiş fotocədvəllə götürülmüşdür(i.v.66-72); Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 28.10.2021-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, hadisə günü saxlanılarkən Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə olduğu müəyyən edimişdir(i.v.95); Götürmə aparılması haqqında 28.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ilkin ifadəsində Şahid1 olan 2700 manat pulun 1000 manatını o, saxlanılarkən saxlamaq üçün ona verdiyini, həmin pul Svetlana Kaşaçkinadan taladığı pullardan olduğunu bildirdiyinə görə həmin pullar tərəfindən müvafiq protokolla götürülmüş, lakin sonradan Təqsirləndirilən şəxs bu cür ifadə verməkə özünü müdafiə etmək istədiyini, əslində həmin pulların həqiqətən də Şahid1 məxsus olduğunu bildirdiyinə görə istintaq zərurəti ilə bağlı sonuncudan götürülmüş 2700 manat pul qəbzlə tam şəkildə ona qaytarılmışdır(i.v.81-90,154); Əşyanı tanınmaya təqdim etmək haqqında 29.10.2021-ci il tarixli protokoldan görünür ki, S.Kaşaçkina ona təqdim olunan 09 ədəd qızıl zinyət əşyalarını, 04 ədəd boş sellofan kiçik ölçülü torbaları, 01 ədəd qırmızı rəngli üzərində gül naxışları olan qutunu nəzərdən keçirib bidirdi ki, onların hamısı ona məxsusdur. Onlar 28.10.2021-ci il tarixdə saat 07 radələrində soyğunçuluq cinayətinə məruz qaldığı zaman talanmış əl çantasının içərisində olmuşdur(i.v.103-105); İfadənin yerində yoxlanması haqqında 29.10.2021-ci il tarixli protokoldan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs ifadəsi əyani olaraq hadisə yerində yoxlanılmış, bu barədə müvafiq protokol tərtib edilərək cinayət işinin matariallarına əlavə edilmişdir. Hadisə yerində çəkilmiş foto şəkillər texniki səbəbdən məhv olduğundan onların protokola əlavə edilməsi mümkün olmamışdır(i.v.106-107); Baxış keçirilməsi barədə 01.11.2021-ci il tarixli protokoldan görünür ki, «Kia Rio» markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçrilmiş, iş üzrə əhəmiyyət kəsb edən xüsusat aşkar edilməmişdir. Bu barədə müvafiq protokol və ona əlavə edilmiş fotocədvəl tərtib edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. «Kia Rio» markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomobil sahibi Şahid4 qaytarılmışdır(i.v.159-163); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PA" ETT Birliyinin Yasamal rayon şöbəsinin 28.10.2021-ci il tarixli, 1083 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sağ əl barmaqlarının sıyrıqları və sol diz oynağının yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan qançırı küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 28.10.2021-ci tarixdə törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir(i.v.208-209); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 27.12.2021-ci il tarixli, 3093 nömrəli rəyindən görünür ki, məhkəmə-psixatrik ekspertizasi üzrə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət törədən zaman öz hərəkətlərini ölçüb- biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs kobudluq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, hövsələsizlik, məsuliyyətsizlik, konfliktə meyillilik, qıcığa qarşı həssaslıq, özünü müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməsi fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə etdiyi hərəkətlərin xarakter və mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Hüquqazidd hərəkətlər etməzdən əvvəl, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt yaranmış şəraitin mahiyyətini dərk etmək öz davranışının ola biləcək nəticələrini proqnozlaşdırmaq iqtidarında olmuşdur(i.v.210-214); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 12 noyabr 2021-ci il tarixli 6/4904-9/7935 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 7 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin oktyabr ayına olan olan qiyməti təxminən 4175,00 manat müəyyən edilmişdir. Fizikikimyəvi tədqiqatın nəticələrinə əsasən və 1 qram 750 əyarlı qızılın qiymətinin 100,0 manat, 1 qram 585 əyarlı qızılın qiymətinin 85,0 manat olmasını nəzərə alaraq təqdim olunmuş məmulatların 2021-ci ilin oktyabr ayına olan qiyməti aşağıdakı kimi müəyyən edilmişdir:

1. 1 ədəd sarı-gümüşü rəngli metaldan boyunbağı - üzərində "585" əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 10,01 qramdır - 851,0 manat;

2. 1 ədəd sarı rəngli metaldan boyunbağı - üzərində "14 K" əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 5,92 qramdır- 503,0 manat;

3. 1 ədəd sarı rəngli metaldan, nal formalı kulon - üzərində "585" əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,17 qramdır-99,0 manat;

4. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları olan sırğa cütü-üzük dəsti - üzərində "750" əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uygundur, ümumi çəkisi 16,53 qramdır, qaşları brilyantdır, 3 ədədinin hər birinin ölçüsü 0,025 karat, 24 ədədinin hər birinin ölçüsü 0,015 karat, 24 ədədinin hər birinin ölçüsü 0,005 karat, 3/3 keyfiyyətlidirlər - 2083,0 manat;

5. 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd mirvari muncuq və ağ-şəffaf qaşları olan üzük - üzərində "750" əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 5,80 qramdır, ağ şəffaf qaşları brilyantdır, 4 ədədinin hər birinin ölçüsü 0,005 karat, 3/3 keyfiyyətlidirlər- 595,0 manat;

6. 2 ədəd sarımtıl-gümüşü rəngli metaldan kiçik ölçülü qaşıq - metalı 925 əyarlı gümüşə uyğundur, ümumi çəkisi 10,58 qramdır-42,0 manat.

7. 1 ədəd qırmızı rəngli, üzərində gül naxışları olan qutu - 2,0 manat (i.v.215-220); Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 13 yanvar 2022-ci il tarixli qərardan və qəbzdən görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı müəyyən olunaraq götürülmüş və ekspertiza edilmiş 1 ədəd sarı-gümüşü rəngli metaldan qızıl boyunbağı, 1 ədəd sarı rəngli metaldan qızıl boyunbağı, 1 ədəd sarı rəngli metaldan, nal formalı qızıl kulon, 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları brilyant olan qızıl sırğa cütü-üzük dəsti, 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd mirvari muncuq və ağ-şəffaf brilyant qaşları olan qızıl üzük, 2 ədəd sarımtıl-gümüşü rəngli gümüş metaldan olann kiçik ölçülü qaşıqlar, 1 ədəd qırmızı rəngli, üzərində gül naxışları olan qutu, həmçinin hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etdiyini özündə nümayiş etdirən video görüntünün köçürüldüyü 01 ədəd CD disk cinayət işi üzrə maddi sübüt kimi tanınmış, talanmış əmlaklar saxlanması üçün qəbzlə zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmış, CD disk isə cinayət işinin materiallarında saxlanılmışdır(i.v.229-243,266); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 180.2.4-cü maddəsinə əsasən eyni əməllər insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə; CM-nin 180.2.5-ci maddəsinə əsasən zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 180.2.4 və 180.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 28 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30 dəqiqədə tutulmuşdur. (i.v. 56-57) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 30.10.2021-ci il tarixli, 4(004)-640/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 141-145) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli 4(004)-59/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni 12 fevral 2022-ci il tarixədək uzadılmışdır. ( i.v. 307-311) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 10.11.2021-ci il tarixdə verilmiş tələbnamədən, hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax hərbi məhkəməsinin 08.06.2004-cü il tarixli hökmü ilə CM-nin 333.2-ci maddəsi ilə təqsirli bilinərək N il intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 06 ay sınaq müddəti müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24.11.2011-ci il tarixli hökmü ilə CMnin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.09.2015-ci il tarixli hökmü ilə CM-nin 128, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 25.04.2018-ci il tarixli Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə CM-nin 128 və 66.3-cü maddələri hökmdən xaric edilərək 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya məhkəməsinin 02.02.2021-ci il tarixli 7(103)-28/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan N il 09 ay 03 gün hissəsini çəkməsi üçün məntəqətipli cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon polis idarəsinin cinayət işinin icraatına xitam verilməsi haqqında 22.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CPM-nin 39.1.11-ci maddəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 09.02.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan N il 09 ay 03 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30.10.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkum A.N Rüstəmovun 30.10.2021-ci il tarixə cəzasının çəkilməmiş qalan hissəsi 1 il 5 gün təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində olan Qazax hərbi məhkəməsinin 08.06.2004-cü il və Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24.11.2011ci il tarixli hökmləri üzrə olan məhkumluğu ödənilsə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.09.2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğunun ödənilməməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsini nəzərə alır və cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Həmçinin, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.09.2015-ci il tarixli hökmü ilə təyin olunmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.04.2018-ci il tarixli qərarı ilə azaldılmış azadlıqdan məhrum etmə cəzanın çəkilməmiş hissəsinə qismən birləşdirilərək, qəti cəza müəyyən olunmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 109.50 (bir yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd sarı-gümüşü rəngli metaldan qızıl boyunbağı, 1 ədəd sarı rəngli metaldan qızıl boyunbağı, 1 ədəd sarı rəngli metaldan, nal formalı qızıl kulon, 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları brilyant olan qızıl sırğa cütü-üzük dəsti, 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd mirvari muncuq və ağ-şəffaf brilyant qaşları olan qızıl üzük, 2 ədəd sarımtıl-gümüşü rəngli gümüş metaldan olan kiçik ölçülü qaşıqlar, 1 ədəd qırmızı rəngli, üzərində gül naxışları olan qutunun zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.2.4 və 180.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 21-ci bəndinə əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxs tərəfindən yeni cinayət törədildikdə cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 180.2.4 və 180.2.5-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, hazırki hökmlə təyin edilən cəza CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.09.2015-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.04.2018-ci il tarixli qərarı ilə azaldılmış azadlıqdan məhrum etmə cəzanın çəkilməmiş N il 05 gün hissəsi ilə qismən birləşdirməklə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 28 oktyabr 2021-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 180.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər məhkəməsinin 30.09.2015-ci il tarixli hökmü ilə təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.04.2018-ci il tarixli qərarı ilə azaldılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01(bir) il 05(beş) gün hissəsi ilə qismən birləşdirilməklə ona qəti olaraq 5 (beş) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd sarı-gümüşü rəngli metaldan qızıl boyunbağı, 1 ədəd sarı rəngli metaldan qızıl boyunbağı, 1 ədəd sarı rəngli metaldan, nal formalı qızıl kulon, 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ-şəffaf qaşları brilyant olan qızıl sırğa cütü-üzük dəsti, 1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd mirvari muncuq və ağ-şəffaf brilyant qaşları olan qızıl üzük, 2 ədəd sarımtıl-gümüşü rəngli gümüş metaldan olan kiçik ölçülü qaşıqlar, 1 ədəd qırmızı rəngli, üzərində gül naxışları olan qutunun zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 109,50 (yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X4, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar