Məhkəmə qərarları › İş №1(004)-109/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-109/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-109/2024 02.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X10 və onun nümayəndəsi vəkil Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X3 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X2 və onun müdafiəçləri “Arbitrium” vəkil bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 17 iyun 1968-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, sahibkar, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dai xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X4 tərəfindən müxtəlif KİV-də və internet resurslarında onun barəsində müxtəlif xarakterli, o cümlədən onu ağır cinayət törətməkdə ittiham edən böhtanlar yaymaqla cinayət törədilmişdir. Bu gün də o, və qohumları böhtan xarakterli məlumatları yayırlar. Həmin məlumatlarda şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlarla yanaşı, onu ağır cinayət törətməkdə ittiham edən məlumatlar da yer almışdır. Hesab edir ki, buna görə o cinayət məsuliyyətinə cəlb olunmalıdır. Belə ki onun, AR CM-nin 147.2-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Barəsində şikayət etdiyi şəxs KİV-də böhtanları ilə birlikdə barəsində təhqiredici ifadələrdə yaymışdır, bu səbəbdən onun ona böhtan atmasının əhəmiyyəti yoxdur. Ona görə də hazırkı cinayətin motivi əməlin tövsifinə təsir göstərmir. Onun böhtan və təhqir cinayətini törətməsi mötəbər sübutlarla təsdiq edilir. X4 yalan olduğunu billə-bilə, qəsdən ona ağır cinayət törətməkdə ittiham edən böhtanlar atmış və bunu KİV-də yaymışlar. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Qeyd etdiyi bu materialda (Materialın linki: https://millitv.az/49069-ipek-yolu-mmcnin-emlakini-talayan-muhasib-kimdir-iddia.html) AR CM-nin 147.2 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olan böhtanlar və təhqirlər aşağıdakılardır. 31 avqust 2023-cü il tarixdə barəsində https://milllitv.az/ verdiyi müsahibədə “Şirkətin sahibkarı Qəzənfər Niftəliyev faktı təsdiqləyən sənədlər əsasında iddia edir ki, şirkətdə fəaliyyət göstərən mühasib X9 şirkətin bütün məlumatlarını şirkətdən kənar şəxslərə ötürərək, şirkətin istehsal etdiyi polietilen torbaları gizli şəkildə maya dəyərindən daha ucuz müxtəlif satış mərkəzlərinə satmaqla şəxsi malı kimi qazanc əldə edirmiş. Bundan əlavə, qanuni olaraq məhsulların fərqli biznes yerlərinə satışından gələn gəliri şirkətin büdcəsinə deyil, şirkətin mühasibi Məmmədova Rəfiqə özünün şəxsi bank hesabına yatızdırırmış. Bu minvalla şirkətin mühasibi Məmmədova Rəfiqə müxtəlif formalarda şirkətin nə az, nə çox 350-400 min manat civarında pulunu mənimsədiyini və oğurladığını şirkətin rəhbəri Niftəliyev Qəzənfər israrla bildirdi” ifadəsi ilə barəsində şikayət verilən şəxs onu mənimsəmə və oğurluq cinayətlərində günahlandıraraq ona böhtan atmışdır. Qeyd edir ki, yayılmış bu yazılarda X4 tərəfindən atılmış böhtanlarda onu AR CM-nin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifat bölgüsünə görə aşağıda qeyd edilən ağır cinayət hesab edilən əməlləri törətməkdə ittiham olunmuşdur. Onun barəsində yayılan böhtanlarla bağlı öz mövqeyini bildirmiş və barəsində şikayət etdiyi şəxsin yaydığı məlumatların böhtan olduğunu ifadə etmişdir. Dəfələrlə bu işlərdən uzaq durmağı, belə qanunsuz hərəkətlərə yol verməmək üçün onu xəbərdar etmişdir. Lakin o daha da irəli gedərək, eyni böhtanları müxtəlif ictimai yerlərdə yaymaqla ona və ailə üzvlərinə böhtan atmaq yarışına çıxaraq cinayət törətməkdə davam etmişdir. Hesab edir ki, bu böhtanlar ona qanunsuz təsir etmək məqsədini güdür. Onu da qeyd edir ki, o onunla bərabər ailə üzvlərinin də barəsində də həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları eyni ilə yayır. Ona görə də xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Barəsində yayılan böhtan xarakterli məlumatların X4 tərəfindən aşkar və mübahisəsiz şəkildə də məlumdur. Hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən barəsində şikayət etdiyi şəxsin əməlində AR CM-nin 147.2 və 148-ci maddələrdə nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərinin tərkibi vardır. Böhtan və təhqir cinayətinə görə məsuliyyəti yalnız böhtan və təhqir məzmununu təşkil edən məlumatları yayan şəxs daşıyır. Bu cinayətlərin motivi müxtəlif ola bildiyindən hansı böhtan cinayəti hər hansı formada, yəni yazılı və şifahi törədilə bildiyindən qeyd edir ki, X4 ona internet resurslarında audio və video görüntülü məlumatları yaymaqla yalan olduğunu billə-bilə böhtan atmışdır. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsində bildirildikdə yayılmış hesab edilir. Qeyd olunanlara və AR CPM-nin 293.3.1-293.3.7; 300.1.2; 347; 351; 356-ci maddələrinə əsasən, X2 AR CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edərək, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə etdiyini, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi X3 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək bildirmişdir ki, uzun müddətdir ki, proses gedir. X7 saytında Rəfiqə Babayeva barəsində açıq-aşkar şər-böhtan xarakterli məlumatlarla çıxış etmişdir. Məlumatda guya Rəfiqə Babayeva ağır cinayət törətməsi qeyd edilib. Xüsusi araşdırmağa ehtiyac yoxdur. Hesab edir ki, burada Azərbaycan Respublikası CMin 147 və 148-ci maddələrindəki tərkib mövcuddur. Şəxsin məsuliyyətə cəlb olunmasını və maddənin sanksiyasındakı ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 verilmiş şikayət üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, öncə ittihamın səbəbin və mahiyyətin bilmək istərdi. Çünki videoçarxda o özü olmayıb. O, sadəcə mediaya bir ərizə ilə müraciət etmiş, məhkəmənin, istintaqın gedişatın da nazirliyə bildirmişdir. Başqa bir rolu olmayıb. O nəyə görə təqsirləndirilir ? Hansı hərəkəti və ya danışığına görə? Çıxışda onun danışığı və ya hərəkəti olmayıb. Şirkətinə gəliblər, görüblər ki, orda görüntü var, bu qədər. Onun çıxışdan xəbəri olmayıb, ancaq ərizəni vermişdir. O, sonradan heç vaxt onların qəbulunda olmamış. Ərizəni verdikdən sonra vəkili ilə bu barədə məsləhətləşmişdir. O da burada qanunsuz nəyinsə olması barədə fikir bildirmədi. Onun xəbəri olmadan “Youtube”a qoyulub. Videodakı səsləndirmə də öz idarələrində olub. O, orada iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin Müdafiəçi2 bildirmişdir ki, Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində "xxxx" MMC-də mühasib vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə 37.035 manat pulu ələ keçirib xeyli məbləğdə ziyan vurmaqla dələduzluq etmə ilə bağlı ********* nömrəli cinayət işi üzrə X10 Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham olunur. X10 barəsində ibtidai istintaq zamanı “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Müdafiə etdyi şəxsə təzyiq etmək məqsədilə X5 törətmiş olduğu cinayətlə bağlı KİV-də yayılan məlumatla bağlı Azərbaycan Respublikası CM- nin 147 və 148-ci imaddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-109/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qəran ilə xüsusi ittiham qaydasında şikayət əsassız hesab edilərək Azərbaycan Respublikası CPM-nin 302-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1(103)-725/2024 nömrəli iş üzrə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 ve 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında X5 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayət üzrə materiallanın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə, məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Abşeron RPİ İstintaq X1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb, CM-nin 178.3.2-ci maddəsinə hüquqi tövsif edilməklə sonuncunun Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində «polis nəzarəti altına vermə» qətimkan tədbiri seçildikdən sonra bununla bağlı KİV-də yayılan məlumatın hansı yalan və obyektiv həqiqətə uyğun gəlməməsinə dair mülahizə yürütmək olar ? X10 xüsusi ittiham qaydasında şikayətində törətmiş olduğu cinayətlə bağlı KİV-də yayılan məlumatların yalan olmasına dair dəlillərini təsdiq edən sübutları və dəlilləri əks etdirmədiyindən və əks etdirə bilmədiyinə görə, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən iş üzrə icraata xitam verilməli və müdafiə etdiyi şəxs təqsirsiz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin Müdafiəçi3 bildirmişdir ki, 23 avqust tarixli ərizədən bir neçə ay sonra cinayət işi açılmışdır. 2012-ci il tarixli “xüsusi ittiham qaydasında işlərə baxılması” haqqında plenum qərarı mövcuddur. Orada böhtanın açıq-aşkar obyektiv həqiqətə uyğun olmaması göstərilmişdir. Lakin sözügedən məsələ üzrə cinayət işi var. Qəzənfər bəyin yalan söyləməsi ilə bağlı hansı sübut var? Sonradan cinayət əməli CM-in 178.3.2-ci maddəyə (külli miqdar) tövsif olunur. 1 il müddətində süründürməçiliyə yol verilir. Vətəndaş haqlı narazı qalır və müxtəlif orqanlara səsini media vasitəsi ilə çatdırmaq qərarına gəlir. Mediaya müraciətdə külli miqdar pulun dələduzluq yolu ilə mənimsənilməsi qeyd edilib. Hüquq-mühafizə orqanları fəaliyyətsizlik göstərirlər. Çəkiliş özbaşına gedib. Müvəkkili yalnız ərizə yazıb, hər hansı ifadə və ya müsahibə verməyib. Belə olduğu halda şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən iş üzrə icraata xitam verilməli və müdafiə etdiyi şəxs təqsirsiz hesab edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1 il əvvəl avqust ayında “İpək MMC”-nin rəhbəri X4 təsisçisi və rəhbəri olduğu “Milli tv”-yə müraciət etdi. Qəzənfər Niftəliyev başına gələnlər barəsində danışdı. Danışdıqlarından belə məlum oldu ki, şirkətində işləmiş X10 vəsaitini mənimsəmişdir. Bununla əlaqədar Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin işinə baxılmır. Şikayəti ilə əlaqədər istintaq orqanı hərəkətsizlik göstərib. Bununla əlaqədar Qəzənfər bəy olanları işıqlandırmaq istəmişdir. Bunun üçün xüsusi müxbir Xumar Rüstəmovanı cəlb etdi. Xumar Rüstəmova araşdırma üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Elşad Hacıyeva müraciət etmiş, mətbuat xidmətindən vaxt istənilmişdir. O özü də media orqanının rəhbəri olaraq müəyyən araşdırmalar apardı. Qeyd etdi ki, media qurumu hər hansı məlumatı yaymaqdan əvvəl 3 mənbədən məlumatın düzgünlüyünü öyrənməlidir. Eyni zamanda qarşı tərəfin fikri də öyrənilməlidir. Biz Q.Niftəliyev ilə çəkilişdən qabaq X10 ilə əlaqə saxladıq, telefon danışıqları olmuşdur. Telefon əsnasında bəlli oldu ki, Rəfiqə Babayeva şirkətdə hər hansı yeyinti etməmişdir. X6 oğlu ilə evləndirmək istəmişdir. Rəfiqə də “onun narkoman oğluna getmərəm” demiş, bundan sonra Qəzənfər ondan acıq çıxmağa başlamışdır. Sözügedən vaxt Rəfiqə xanım subay idi, indi evlidir. Rəfiqə xanımın anası da əlaqə saxlamışdır. Onlar anasına şərait yaratmışdı ki, gəlsin və şikayətlə tanış olsun. Lakin anası Dilbər xanım da müsahibə verməyə etiraz etdi. Nə Rəfiqə, nə anası media qarşısında hər hansı fikir bildirməmişdir. Məlumatları əməkdaşları Xumar Rüstəmova yaymışdır. Qəzənfər müəllim şəxsən müraciət etmişdir. Araşdırma aparmaq jurnalisitin həm hüququ, həm də vəzifəsidir. Onlar məlumat yaymaqdan əvvəl araşdırırlar. Xumar Rüstəmova onların qurumunda rəsmi fəaliyyət göstərib. Xüsusi müxbir olub. Hazırda onlarla işləmir. Ölkə xaricindədir. Şikayətin nüsxələri rəsmi təqdim olunub. Çəkiliş zamanı yerində söhbət aparılmışdır. O, yalnız dəqiq araşdırma üçün köməklik etmişdir. Məhkəmə xüsusi ittihamçı R.Ə.Babayevanı, təqsirləndirilən şəxs Q.Ə.Niftəliyevin və şahidin ifadələrini dinləyərək, həmçinin işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Q.Ə.Niftəliyevin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzalandırılmalıdır. Belə ki, “Milli TV.az” informasiya xəbər portalında 31 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxs Q.Ə.Niftəliyevin müraciəti əsasında yayımlanmış müsahibədə “Şirkətin sahibkarı Qəzənfər Niftəliyev faktı təsdiqləyən sənədlər əsasında iddia edir ki, şirkətdə fəaliyyət göstərən mühasib X9 şirkətin bütün məlumatlarını şirkətdən kənar şəxslərə ötürərək, şirkətin istehsal etdiyi polietilen torbaları gizli şəkildə maya dəyərindən daha ucuz müxtəlif satış mərkəzlərinə satmaqla şəxsi malı kimi qazanc əldə edirmiş. Bundan əlavə, qanuni olaraq məhsulların fərqli biznes yerlərinə satışından gələn gəliri şirkətin büdcəsinə deyil, şirkətin mühasibi Məmmədova Rəfiqə özünün şəxsi bank hesabına yatızdırırmış. Bu minvalla şirkətin mühasibi Məmmədova Rəfiqə müxtəlif formalarda şirkətin nə az, nə çox 350-400 min manat civarında pulunu mənimsədiyini və oğurladığını şirkətin rəhbəri Niftəliyev Qəzənfər israrla bildirdi” – ifadəsi göstərilmişdir. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, "xxxx" MMC cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, X10 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ittiham aktından görünür ki, ********* saylı cinayət işi üzrə X10 AR CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün tərtib edilmiş ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Abşeron RPİ-nin İstintaq Şöbəsinin qərarından görünür ki, X5 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində fundamental hüquq kimi təsbit edilmiş təqsirsizlik prezumpsiyasına riayət etmədən, X10 barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü olmadığı halda onun müraciəti əsasında “Milli TV.az” informasiya xəbər portalında 31 avqust 2023-cü il tarixdə yayımlanmış müsahibədə R.Babayevanın “350-400 min manat civarında pulu mənimsədiyi və oğurladığı” göstərilmiş, bununla da təqsirləndirilən şəxs sonuncunu ağır cinayət törətməkdə ittiham etməklə böhtan atmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Bununla da təqsirləndirilən şəxs Q.Ə.Niftəliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « ...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,...qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Bununula əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Bundan əlavə məhkəmə hesab edir ki, Q.Ə.Niftəliyevin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində təhqir, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma göstərilib. Məhkəmə hesab edir ki, Q.Ə.Niftəliyevin müraciəti əsasında müraciəti əsasında “Milli TV.az” informasiya xəbər portalında 31 avqust 2023-cü il tarixdə yayımlanmış müsahibədə göstərilən ifadələr R.Ə.Babayevanın şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi qiymətləndirilə bilməz, məhkəmə tərəfindən həmin ifadələr ağır cinayətin törədilməsinə böhtan kimi qiymətləndirilmişdir. Yuxarıda təsvir olunanlardan da görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Q.Ə.Niftəliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Q.Ə.Niftəliyevin ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə göstərilən halları nəzərə alaraq və qeyd olunan normaları, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərini («...şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir...») rəhbər tuturaq hesab edir ki, təqsirləndirilən şəxs Q.Ə.Niftəliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsində, “Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Təqsirsizlik prezumpsiyası öz mahiyyəti etibarı ilə nəzərdə tutur ki, şəxsin təqsiri cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, o, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda həm Konstitusiya, həm cinayət-prosessual qanunvericiliyi xüsusilə vurğulayır ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Yəni təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Avropa Konvensiyasının tərkib hissəsi olan Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsi tələb edir ki, dövlət daxili məhkəmələr həm mülki, həm də cinayət proseslərində çıxardıqları qərarları əsaslandırsınlar. Maddənin 2-ci bəndində deyilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. 2-ci bənd cinayət prosesinin davam etdiyi bütün müddətə şamil olunur və proses bitdikdən sonra və ya təqsirləndirilən şəxsə bəraət verildikdən sonra hakim tərəfindən hər hansı şərhin verilməsi təqsirsizlik prezumpsiyasını pozmuş olacaqdır. Təkcə məhkəmələr deyil, digər dövlət orqanları da təqsirsizlik prezumpsiyasına əməl etməyə borcludurlar. Təqsirsizlik prezumpsiyasına təkcə məhkəmənin gedişində deyil, məhkəmə tərəfindən bəraət hökmü çıxarıldıqdan sonra da əməl edilməlidir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə məhkəmə işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək bir daha qeyd edir ki, Q.Ə.Niftəliyevin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Q.Ə.Niftəliyevin ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Q.Ə.Niftəliyevin barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Q.Ə.Niftəliyevə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı nəzərə alır və belə hesab edir ki, Q.Ə.Niftəliyevi cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs Q.Ə.Niftəliyevin cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs Q.Ə.Niftəliyevin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Q.Ə.Niftəliyevə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. X2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə ilə bəraət verilsin. Cəza çəkməsinin əvvəli X2 işlədiyi və onun qazancından ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar