Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-110/2024 04.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (xx.xx.2022-ci ildə azad edilmiş), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsmi rayonun ərazisində yerləşən «Kubinka» adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə 1,485 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin və Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində o, 17 oktyabr 2023-cü il tarixdə saat 22:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq, Yasamal RPİ-nə dəvət edilmiş və həmin gün İdarənin inzibati binasında saat 23:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,485 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğu üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul edir. 17 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manat pulun müqabilində 01 büküm narkotik vasitə heroin almış və istifadə etmək üçün həmin vaxtı əynində olan idman şalvarın sağ yan cibində gizlətmişdir. Həmin gün, yəni 17 oktyabr 2023-cü il tarixdə, saat 22:00-də ünvan 5 ünvanının qarşısında tanışı Mühəmməd ilə dayanıb söhbət edərkən, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşlarını olduqları bildirib narkotik vasitələrin əldə olunması və istifadə edilməsində şübhəli olduğumu izahat edərək onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O da heç bir etiraz etməyərək polis əməkdaşları ilə Yasamal RPİ-nə yollanmışdır. Yolda olarkən xidməti avtomobildə polis əməkdaşlarından birinin diqqəti onun üzərində olduğu üçün o, üzərində olan narkotik vasitə heroini özündən kənara ata bilməmişdir. Yasamal rayon Polis İdarəsinin inzibati binasında polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü şəkildə təqdim etməyini təklif etmişlər. O, artıq ifşa olunduğunu başa düşərək, əynində olan qara rəngli idman şalvarın sağ yan cibində saxladığı, içərisində el arasında «kakos» adlanan narkotik vasitə heroin olan 01 ədəd bükümü çıxarıb könüllü olaraq masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. O, həmin bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni saxlanılmazdan əvvəl, yəni 17 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, səmimi olaraq etiraf etməsini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkilli, polis kapitanı Şahid1 istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə Yasamal RPİ-nə xx.xx.1991-ci il təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satması, saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumat barədə Polis İdarəsinin rəhbərliyinə məruzə olunduqdan sonra Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 oktyabr 2023-cü il tarixdə, saat 22:00-da ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs və sonuncu ilə birlikdə olan xx.xx.1993-cü il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan, Bakı şəhərində gündəlik evlərdə kirayə yaşayan X2 yaxınlaşıb, özlərini ümüzü təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxslərə narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxslər buna etiraz etməyib, onlarla birlikdə Polis İdarəsinə yollanmışlar. Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni saxlanılmazdan əvvəl, yəni 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» deyilən ərazidən tanımadığı şəxsdən 10 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ- nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə (saat 22:00 dəqiqədən) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şühəli şəxs qismində tutulmuşdur. (İ/V. 23). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə, saat 22:00-da Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 14 ünvanının qarşısında saxlanılaraq, İdarəyə dəvət edilmiş və həmin gün saat 23:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni saxlanılmazdan əvvəl, yəni 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» deyilən ərazidən tanımadığı şəxsdən 10 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. (İ/V. 28-30). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 17 oktyabr 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 4(004)- 811/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ/V. 79-83). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə kimyəvi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 3-16/16/2-6/5037 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün № 42” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs “imza” ” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,485 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 89 manat təşkil edir. (İ/V. 40-44). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7589 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 123-124). “Sübutların qiymətləndirilməsi haqqında” 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdan götürülmüş təmiz çəkisi 1,485 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra 0,05 qram sərf edilmiş - 1,435 qram qalığının məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır (İ/V. 125-134). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün azadlıqdan məhrum edilmiş, xx.xx.2022-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. (İ/V. 97-98) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-160/2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəza çəkmə müddətinin başlanğıcı 6 dekabr 2021-ci il tarixdən hesablanmaqla, 06 ay (qəti olaraq 05 ay 28 gün) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkəm edilmişdir. (İ/V. 103-112) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq əldə edib üzərində saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokolla və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-160/2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəza çəkmə müddətinin başlanğıcı 6 dekabr 2021-ci il tarixdən hesablanmaqla, 06 ay (qəti olaraq 05 ay 28 gün) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkəm edilmiş və xx.xx.2022-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilmişdir. Bu halın mövcud olması onun barəsində cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs oğlundan 89 (səksən doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,435 qram narkotik vasitə maddə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-599/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx)manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 17.10. 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsdan 89 (səksən doqquz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,435 qram narkotik vasitə maddə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-110/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-110/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver