Məhkəmə qərarları › İş №1(004)-114/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-114/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-114/2021 10.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs qızına məxsus Bakı şəhəri,Yasamal rayonu, Parlament prospekti 4A mənzil 76 saylı yaşayış sahəsinə bitişik, dəmir torla əhatəyə alınmış həyətyanı bağ sahəsinə,yəni başqa saxlanc yerinə qanunsuz daxil olmaqla bağ sahəsinin içərisindəki dolabda saxlanılan 80 manat dəyərində 1 ədəd “Evromax” markalı laqonda aparatı, hər metrəsi 1 manat olmaqla 20 manat dəyərində 20 metrə uzunluğunda telefon naqillərini, hər biri 8 manat olmaqla 32 manat dəyərində 4 ədəd 800 qramlıq şüşə bankalarda ağ gilas mürəbbələri, hər biri 8 manat olmaqla 24 manat dəyərində 3 ədəd 800 qramlıq şüşə bankalarda çiyələk mürəbbələri, hər biri 8 manat olmaqla 32 manat dəyərində 4 ədəd 800 qramlıq şüşə bankalarda albalı mürəbbələri, hər biri 5 manat olmaqla 20 manat dəyərində 4 ədəd 1000 qramlıq şüşə bankalarda (bibər, pomidor, kök, soğan tərkibli) leco-adlanan tərəvəz salatları, hər biri 1,5 manat olmaqla 9 manat dəyərində 6 ədəd işlənmiş kəlbətinlər,hər biri 1 manat olmaqla 2 manat dəyərində 2 ədəd vintaçanlar, 10 manat dəyərində 1 ədəd lehim aləti, hər biri 50 manat olmaqla 3 cüt kişi ayaqqabılarından ibarət,ümumilikdə 379 manat dəyərində əmlakını digər saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1,67.1-ci maddəsi ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli qanun tətbiq edilməklə ona 01 il 10 ay 04 gün azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzasının sonu ilə azad olunmuşdur.Azadlıqda olduğu müddətdə fərdi tikinti təmir işləri ilə məşqul olmuş və anasının himayəsində yaşamışdır. xx xxxxxx 2020ci il tarixə keçən gecə saat 01 radələrində ünvan 2 ünvanın qarşısından piyada keçdiyi zaman 2-ci blokun qarşısnda 1-ci mərtəbənin önündə bağ evi kimi dəmir torla əhatəyə alınmış bağ həyətinin olduğunu görmüşdür. Həyətin yaxınlığından keçdikdə oradan oğurluq etmək qərarına gəlmiş və dəmir tora yaxınlaşıb üzərindən içəri keçərək orada olan dolabın qapısını açmış və içərisində laqonda,təmiralətləri, açarlar, mürəbbə bankaları, ayaqqabıların olduğunu aşkar etmişdir.Həmin əşyaları oğurlayıb bir neçə ədəd sellofan torbalara yığaraq oradakı kəlbətini götürüb dəmir torun məftillərini kəsərək özünün çölə çıxması qədər yer açmaqla yığdığı sellofan torbaları hadisə yerindən Nərimanov prospektinə tərəf daşıyıb oradakı ağaclıqda ayrı-ayrı yerlərdə gizlədib evinə getmiş və səhər saatlarında həmin yerə tanımadığı şəxsin idarə etdiyi, yolda əl edib saxladığı markası və qeydiyyat nömrəsinə diqqət yetirmədiyi taksi avtomobili ilə qayıdıb əşyalardan laqonda, tikinti təmir alətləri və mürəbbələr olan sellofan torbaları gizlətdiyi yerdən tapmış, telefon kabelləri və 3 cüt kişi ayaqqabıları olan və digər bağlamalardan kənarda bir yerdə gizlətdiyi sellofan torbanı gizlətdiyi yerdən tapa bilməmiş və polis əməkdaşları və qeyri şəxslər tərəfindən ifşa olunacağından qorxub həmin torbanın tapılması üçün çoxda vaxt sərf etməkdən ehtiyyat etmişdir.Yerində tapa bilmədiyindən həmin torbanın başqaları tərəfindən götürüldüyünü düşünərək mürəbbələr, laqonda, tikinti təmir alətləri olan torbaları götürüb oradan tez bir zamanda uzaqlaşmaqla yaşadığı ünvana aparmışdır.Evə çatarkən qapını döymüş və qapını ögey bacısı Şahid açsada bacısı yuxulu olduğundan apardığı əşyalar barədə ondan heç nə soruşmadan otağına qayıtmışdır. Həmin gün saat 15 radələrinədək evdə yatıb sonra paltarını geyinərək evdən çıxarkən bacısı Oksana həmin əşyaların haradan əldə etdiyi və kimə məxsus olduğunu soruşsada indi qayıdacağını deməklə kifayətlənərək başqa cavab vermədən mənzili tərk etmişdir.Sonradan ona məlum olmuşdur ki, yaşadığı ünvana polis əməkdaşları gəlmiş və bacısı Yasamal RPİ-nin İŞ-nə dəvət olunduqda sonuncu onun oğurladığı və evə apardığı əşyaları polis əməkdaşlarına təqdim etmişdir.Polis əməkdaşları tərəfindən axtarıldığını bilərək qorxusundan evə getməmiş, lakin küçədə gəzərkən Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozduğuna görə saxlanılaraq bu barədə Yasamal RPİ-nin 26-cı PB-nə məlumat verildiyindən o,Yasamal RPİ-nin İŞ-nə təqdim edilmişdir.Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs, həmçinin ifadəsində qeyd etmişdir ki, ərizəçi Zərərçəkmiş şəxs adlı qadını tanımır, onun ərizə və izahatlarında göstərdikləri ilə razıdır, həmin qadının göstərmiş olduğu əşya,alət, ərzaq və geyim əşyaları onun tərəfindən oğurlanmışdır.Oğurluğu tək etmiş, ona kömək edən,istiqamət verən olmayıb, ailə üzvlərindən və ya kənar şəxslərin onun törətmiş olduğu cinayətdən məlumatları olmamışdır.Oğurluğu maddi çətinlik ucbatından törətmiş,əməlindən səmimi peşimandır, başqa hər hansı cinayət etməmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı mənzil 4A saylı binanın 2-ci girişinin birinci mərtəbəsində yerləşir. Yaşadığı evin aynabəndinə bitişik sahəni dəmir tora almaqla kilidli dəmir tor qapı quraşdırıb ailəyə aid qış azuqələri, təmir və elektrik alətləri, bəzi geyim əşyalarını ətrafı daş hörgü ilə hörülmüş, taxta qapılı dolaba yığaraq saxlamış və həmin bağ sahəsindən, həmçinin yay mövsümində həyatyanı bağ sahəsi olaraq ailəliklə istifadə etmişdir. Ailə üzvlərindən başqa onların icazəsi olmadan həmin sahəyə qeyri şəxslərin daxil olmasına izin verilməmişdir. xx.xx.2020-ci il tarixdə səhər saat 09.15-də hansısa əşyanı götürmək üçün həyətyanı sahəyə düşərkən bağın dəmir tor qapısının kilidinin kəsici alətlə kəsilib qırılmaqla açıldığını və içəridəki dolabdan ona məxsus 80 manat dəyərində 1 ədəd “Evromax” markalı “Laqonda” aparatı, hər metrəsi 1 manat olmaqla 20 manat dəyərində 20 metrə telefon naqilləri, hər biri 8 manat dəyərində 4 ədəd 800 qramlıq şüşə bankalarda olan ağ gilas mürəbbəsi, hər biri 8 manat dəyərində 3 ədəd 800 qramlıq şüşə bankalarda olan çiyələk mürəbbələri, hər biri 8 manat dəyərində 800 qramlıq şüşə bankalarda olan 4 ədəd albalı mürəbbələri, hər biri 5 manat dəyərində,1000 qramlıq şüşə bankalarda olan 4 ədəd (bibər, pomidor, kök,soğan tərkibli) leco-adlanan tərəvəz salatları, hər biri 50 manat olmaqla 3 cüt kişi ayaqqabıları, hər biri 1,5 manat dəyərində 9 manat olmaqla - 6 ədəd kəlbətinlər, hər biri 1 manat dəyərində 2 ədəd vintaçan, 10 manat dəyərində 1 ədəd lehim alətindən ibarət əmlakının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş və saat 10:21-də DİN-nin 102 məlumat xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra hadisə yerinə Yasamal RPİ-nin əməkdaşları gələrək müayinə etmiş, hadisə barədə ərizə və izahat vermişdir. Vət.Zərərçəkmiş şəxs, həmçinin ifadəsində qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində həyətyanı sahəyə düşüb dolabdan hansısa əşya, ərzaq götürmüş və bütün əşyalarının yerində olduğunun şahidi olduğundan oğurluğun xx.xx.2020-ci il tarixə keçən gecə baş verdiyini etimal edir. Sonradan ona istintaq araşdırması müddətində əmlakını gizli talamış şəxsin Bakı şəhəri, Səbail rayonunda yaşayan 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adlı şəxs olduğu məlum olmuşdur. Emil adlı şəxsi tanımır, onunla hər hansı qərəzli və ya düşmənçilik münasibətləri olmamışdır. Yuxarıda qeyd etdiyi alət və əşyalarından 1 ədəd “Laqonda” aparatı, 4 ədəd 800 qramlıq şüşə bankalarda olan ağ gilas mürəbbələri, 3 ədəd 800 qramlıq şüşə bankalarda çiyələk mürəbbələri, 4 ədəd 800 qramlıq şüşə bankalarda olan albalı mürəbbələri, 4 ədəd 1000 qramlıq şüşə bankalarda olan (bibər,pomidor, kök,soğan tərkibli) leco-adlanan tərəvəz salatları,6 ədəd kəlbətin, 2 ədəd vintaçan,1 ədəd lehim aləti polis əməkdaşları tərəfindən aşkar edilərərk tanınma üçün ona təqdim edilmiş və o,həmin əşyaların ona aid olduğunu tanımışdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda anası və ögey qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı mənzilin qapısı döyüldüyündən yuxulu vəziyyətdə yatağından qalxaraq qapını açmış və qapını döyənin qardaşı Emilin olduğunu görərək ona əhəmiyyət vermədən yenidən öz otağına qayıdaraq yatmışdır. Bir neçə saat sonra oyandıqda mənzildə bir neçə bağlamaların olduğunu görmüş və qardaşı Emildən həmin bağlamaları haradan əldə etdiyi və kimə məxsus olmasını soruşmaq istədikdə, onu yuxudan oyada bilməmişdir. Həmin gün saat təxminən 15 radələrində Emil yuxudan oyanaraq dərhal paltarını geyinib evdən çıxarkən qardaşından həmin bağlamaları haradan əldə etməsini və özünün hara getməsini soruşduqda Emil bir müddət sonra qayıdacağını deməklə onun sualına cavab vermədən mənzili tərk edib getmişdir. Bir müddət sonra evə polis əməkdaşları gələrək Emilin harada olması ilə maraqlandıqda onun az əvvəl evdən getməsi barədə onlara məlumat vermiş, polis əməkdaşlarının ünvana gəlməsindən qardaşının nəsə qeyri-qanuni işlər gördüyünü başa düşərək Emilin səhər saatlarında evə şübhəli bağlamalar gətirməsi barədə məlumat vermiş və həmin gün Yasamal RPİ-nin İŞnə dəvət olunduğunda qardaşının evə gətirmiş olduğu, içərisində mürəbbə və ərzaq salatları, kəlbətinlər, vintaçan, lehim alətindən ibarət əşyaları istintaq orqanına təqdim etmişdir. Cinayət işinin 49-50-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 76-78-ci vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 79-80-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/179 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2020-ci ilin dekabr ayına olan dəyəri -1 ədəd “Evromax” markalı laqonda aparatı 80 manat, 4 ədəd 800 qramlıq şüşə bankalarda olan ağ gilas mürəbbələrinin hər biri 8 manat olmaqla 32 manat, 3 ədəd 800 qramlıq şüşə bankalarda olan çiyələk mürəbbələrinin hər biri 8 manat olmaqla 24 manat, 4 ədəd 800 qramlıq şüşə bankalarda olan albalı mürəbbələrinin hər biri 8 manat olmaqla 32 manat, 4 ədəd 1000 qramlıq şüşə bankalarda (bibər,pomidor,kök,soğan tərkibli) leco-adlanan tərəvəz salatlarının hər biri 5 manat olmaqla 20 manat, 6 ədəd işlənmiş kəlbətinlərin hər biri 1,5 manat olmaqla 9 manat, 2 ədəd vintaçanlar hər biri 1 manat olmaqla 2 manat, 1 ədəd lehim aləti 10 manat, ümumi dəyəri 209.00 manat təşkil edir. Cinayət işinin 99-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat təşkil etmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü 180.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş; 2) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 95-97-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin qərarla Azərbaycan Respublikasının CM-də dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli Qanun tətbiq edilərək 01 (bir) il 10 (on) ay 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli xx xxxxxxxx 2016-cı il tarixdən hesablanmaqla yeni təyin edilmiş cəzası xx xxxxxx 2018-ci il tarixə cəkilmiş hesab edildiyindən məhkəmə zalından azad edilmişdir. Cinayət işinin 107-114-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi 1 ədəd “Evromax” markalı laqonda aparatı, 4 ədəd 800 qramlıq şüşə bankalarda olan ağ gilas mürəbbələri,3 ədəd 800 qramlıq şüşə bankalarda olan çiyələk mürəbbələri, 4 ədəd 800 qramlıq şüşə bankalarda olan albalı mürəbbələri, 4 ədəd 1000 qramlıq şüşə bankalarda olan(, pomidor, kök, soğan tərkibli) leco - adlanan tərəvəz salatları, 6 ədəd kəlbətin, 2 ədəd vintaçan alət,1 ədəd lehim aparatı iş üzrə maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs məsul saxlancına verilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Evromax” markalı laqonda aparatı, 4 ədəd 800 qramlıq şüşə bankalarda olan ağ gilas mürəbbələri, 3 ədəd 800 qramlıq şüşə bankalarda olan çiyələk mürəbbələri, 4 ədəd 800 qramlıq şüşə bankalarda olan albalı mürəbbələri, 4 ədəd 1000 qramlıq şüşə bankalarda olan(, pomidor, kök, soğan tərkibli) leco - adlanan tərəvəz salatları, 6 ədəd kəlbətin, 2 ədəd vintaçan alət, 1 ədəd lehim aparatı Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçiə və M.T.Şahmarova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçiə ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, M.T.Şahmarova isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Evromax” markalı laqonda aparatı, 4 ədəd 800 qramlıq şüşə bankalarda olan ağ gilas mürəbbələri, 3 ədəd 800 qramlıq şüşə bankalarda olan çiyələk mürəbbələri, 4 ədəd 800 qramlıq şüşə bankalarda olan albalı mürəbbələri, 4 ədəd 1000 qramlıq şüşə bankalarda olan(, pomidor, kök, soğan tərkibli) leco - adlanan tərəvəz salatları, 6 ədəd kəlbətin, 2 ədəd vintaçan alət, 1 ədəd lehim aparatı Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, X2 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar