Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-115/2022 06.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 19 avqust 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluq ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs1 Heydər Əliyev adına Beynəlxalq hava limanında yüksək vəzifədə işləyən şəxslərlə əlaqələrinin geniş olması barədə biləbilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib onun inam və etibarını qazandıqdan sonra, onu orada mühafizəçi vəzifəsinə düzəldəcəyi barədə vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldatmış, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metro stasiyasının qarşısındakı köşkün qabağında Hüseyn Cavid prospektində 2000 (iki min) manat pulunu ələ keçirmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs2 özünü Hava Nəqliyyatında Baş Gömrük İdarəsində işləyən şəxs kimi qələmə verərək onu orada yüksək vəzifədə işləyən şəxslərin vasitəsi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük mütəxəssisi kimi işə düzəldəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib onun inam və etibarını qazandıqdan sonra faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldatmış, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2019-cu ilin iyul ayının əvvəllərində axşam saatlarında yaşadığı ünvan 1 ünvanındakı evində 1500 manatını, bundan 3 gün sonra onun cinayətkar niyyətindən məlumatı olmayan Şahid2 vasitəsi ilə eyni yerdə 1000 manat pulunu, bundan sonra eyni məqsədlə 2020-ci ilin yanvar ayının ortalarında ünvan 2 ünvanında yerləşən Qoç Ət restoranında 1500 manat olmaqla ümumilikdə 4000 manat pulunu ələ keçirmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CMin 178.2.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elşən onun qohumudur və o, təxminən 2019-cu ilin avqust ayında Hava Limanına mühafizəçi vəzifəsinə işə düzəlməsinə köməklik göstərməyini ondan xahiş etmişdir. O, da Zərərçəkmiş şəxs1 işə düzəlməsini Eldar adlı qohumundan xahiş edəcəkdir. X10 Respublikasında narkotik maddələrin satışı ilə bağlı həbs olunduğundan Eldara bu barədə məlumat verə bilməmişdir. Lakin Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat müqabilində işə düzəlməsinə köməklik göstərməyi barədə söz vermiş və Elşən bir neçə gündən sonra ilkin olaraq ona 2 000 (iki min) manat pul vəsaiti, habelə hərbi biletini, sürücülük və şəxsiyyət vəsiqələrini, doğum haqqında şəhadətnaməsini, yaşayış yerindən arayışı və diplomunu ona vermişdir. Həmin ərəfələrdə Eldarın həbsdən azad edilməsi üçün ona pul lazım olduğundan ona məxsus daşınmaz əmlak, habelə qızıl-zinət əşyalarını satmışdır. Habelə müəyyən adamlardan borc pul alaraq həmin vəsaitləri qohumunun həbsdən azad olunması üçün Dağıstan Respublikasına göndərmişdir. Bundan başqa qohumu həbs olunmamışdan əvvəl ona X2 «Heydər Əliyev» adına X4 işə düzəltməsi ilə bağlı müraciət etmiş Zəfər Babayev barədə qohumu Eldara demişdir. Həmin şəxsi 10 000 (on min) manat müqabilində işə düzəlməsinə köməklik göstərməsi barədə ona bildirmişdir. O, bu barədə ona müraciət edən şəxsə məlumat vermişdir. Həmin şəxs təkilf olunan məbləğ ilə razı olduğundan müəyyən sənədləri ona təqdim etmiş, o da öz növbəsində həmin sənədləri Eldar Təhməzliyə vermişdir. Həmin ərəfələrdə o, X5 Xidmətinin həkim ekspertiza komissiyasından keçməsinə dair göndərişini ona göndərmişdir. Qohumumun həbsdən azad olunması üçün ona pul lazım olduğundan o, Z.Babayevdən həmin 10 000 (on min) və borc kimi 1 000 (min) manat, ümumilkdə 11 000 (on bir min) manat vəsaiti, habelə əldə etdiyi digər vəsaiti Dağıstan Respublikasına göndərmişdir. Zərərçəkmiş şəxs1 işə düzəlməsinə köməklik göstərməyini Elşəni inandırmaq üçün Eldar Təhməzli tərəfindən mail ünvanına göndərilən X5 Xidmətinin həkim ekspertiza komissiyasından keçməsinə dair göndərişini müvafıq proqram vasitəsi ilə tarix, nömrə, soyad, ad və ata adı olan hissələrində düzəlişlər edərək Elşənə göndərmişdir. Bu sənəd dövlət sənədi deyildir. Həmin sənəddə heç bir möhür və ya imza olmamışdır. Sadəcə bunu Elşəni inandırmaq üçün etmişdir ki, Elşən bir müddət sakitləşsin. Eyni zamanda X3 Tibb Xidmətinin həkim ekspertiza komissiyasından keçməsinə dair göndərişini və tanışı soyadını və atasının adını bilmədiyi Səbuhi adlı şəxs ilə olan səs yazısını göndərmişdir. Müəyyən müddət keçdikdən sonra Zərərçəkmiş şəxs1 işi barədə maraqlandıqda, o, Elşənə karonovirus (COVİD 19) pandemiyası ilə əlaqədar karantin rejimi olduğundan və çox yerlər işləmədiyindən, daha sonra isə 2-ci Qarabağ müharibəsi ilə əlaqədar işə düzəlməsi məsələsinin uzandığı barədə bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs1 ona verdiyi vəsaiti və sənədləri tələb etmişdir, o da Elşənin sənədlərini Elşənə geri qaytarmış, lakin onda 1.000 (min) manat pul olduğundan Elşənə həmin vəsaiti verməyini, daha sonra isə qalan vəsaiti qaytaracağı barədə bildirmiş, lakin Elşən, ondan ümumi məbləği tələb etmişdir. Bu səbəbdən də tələb edilən vəsait onda olmadığı üçün o, həmin vəsaiti ona qaytara bilməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 işə düzəltmək üçün hissə-hissə olmaqla ondan pul almışdır. X9 Baş Gömrük İdarəsində gömrük mütəxəssisi kimi işə düzəldəcəyini yalandan deyərək aldatmışdır. Belə ki, ondan 2019-cu ilin iyul ayının əvvəllərində axşam saatlarında yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 24-də 1500 manatını, bundan təxminən 3 gün sonra yenə də həmin evdə Şahid2 vasitəsi ilə 1000 manatını və 2020-ci ilin yanvar ayının ortalarında ünvan 2 ünvanında yerləşən Qoç Ət restoranında 1500 manat olmaqla ümumilikdə 4000 manat pulunu ələ keçirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, vurulmuş ziyanın Zərərçəkmiş şəxs1 aid hissədə qismən ödənilməsini, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, 2-ci qrup əlillik dərəcəsi olan yaşlı anasının onun himayəsində olmasını, 25 həftəlik hamiləliyinin uşağın tələf olması ilə başa çatmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qohumu olan Təqsirləndirilən şəxs ona pul müqabilində yaxın əlaqələri vasitəsilə Azərbaycan Respublikasının Azterminal Kompleks Birliyinə işə düzəltməsinə köməklik göstərə biləcəyini təklif etmişdir. O da həmin dövrdə işsiz olduğundan onu işə düzəltməsinə köməklik göstərməsini xahiş etmişdir. Lakin Gülnarın tələb etdiyi vəsait onda olmadığından, ilkin olaraq Gülnara 2.000 (iki min) manat, qalan vəsaiti isə işə düzəldiyindən sonra verəcəyinə dair sövdələşmiş və Gülnar ona müəyyən sənədləri toplamağı barədə bildirmişdir. O, 2.000 (iki min) manat pulu, hərbi biletini, sürücülük və şəxsiyyət vəsiqəsini, doğum haqqında şəhadətnaməsini, yaşayış yerindən arayışı və diplomunu xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən metronun «Elmlər Akademiyası» stansiyasının qarşısındakı köşkün qabağında Hüseyn Cavid prospektində Gülnara təqdim etmişdir. Gülnarın verdiyi vəd müddəti bitdiyindən o, Gülnara zəng edərək işin nə yerdə olduğu barədə bildirdikdə o müxtəlif bəhanələr gətirərək yaxın günlərdə işə düzələcəyi barədə yalandan vədlər verməyə başlamışdır. Təxminən 2020-ci ilin iyul ayında ona tanımadığı kişi cinsli şəxs tərəfindən ***-***-**-** nömrəli telefondan zəng edərək yaxın günlərdə onu işə qəbul olunmağı ilə əlaqədar dəvət edəcəkləri barədə bildirilmişdir. Həmin vaxt Gülnar ona X1 da Tibb Xidmətinin həkim ekspertiza komissiyasından keçməsinə dair göndərişini göndərək, onu Məleykəni də işə düzəlməsinə köməklik göstərəcəyi barədə bildirmişdir. Bir müddətdə keçdikdən sonra işlə təmin olunmadığından o, Gülnardan şəxsiyyət vəsiqəsini də qaytarmasını tələb etmiş, lakin Gülnar, özü gəlmədən qeyd etdiyi “Mercedes-Benz” 8600 markalı nəqliyyat vasitəsini idarə edən sürücü vasitəsi ilə şəxsiyyət vəsiqəsini göndərmiş və o, həmin tanımadığı şəxslə «Səməd Vurğun» parkında görüşərək vəsiqəmsini həmin şəxsdən almışdır. İlk günlər o, pulunu Gülnardan tələb edən zaman Gülnar ona, ondan aldığı pulu bir başqa şəxsə verdiyini, həmin şəxsdən alaraq 3 ay ərzində ona qaytaracağını bildirmişdir. Lakin sonradan pulunu qaylarmayacağı, hara və kimə istəyirsə şikayət etməyini bildirmişdir. Hazırda ona dəymiş ziyandan 700 manat pulun Gülnar tərəfindən qaytarılmışdır. Ona vurulmuş maddi ziyanın tam qaytarılmasını tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qonşusu Rahib ona "Gülnar” adlı qız tanıdığını və Gömrük Komitəsinə işə adam düzəldə bilməsini demişdir. O, Gülnarla tanış olan zaman o, özünü Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işçisi kimi təqdim etmişdir və ona Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə bir qız və bir oğlan olmaqla iki nəfər işçi lazım olduğunu, eləcə də ali təhsilin vacib olmadığını demişdir. Buna görə isə 2.500 manat pul ödəməli olduğunu bildirmişdir. Gülnarın deməsinə görə pulu ödədikdən sonra o, təxminən bir ay kursda olmalı və bir aydan sonra 800 manat aylıq maaşla gömrük mütəxəssisi kimi işə çıxmalı imiş. Bu məqsədlə Gülnara 1,500 manat pulu, həmçinin ali təhsil haqqında diplomu və hərbi biletini vermişdir. Daha sonra 1.000 manat pulu, həmçinin Gülnarın tələbinə əsasən yaşayış yerindən və ailə tərkibi haqqında arayışları vermişdir. Sonra Gülnar onu 28 metrostansiyasının yaxınlığında biznes mərkəzində 4-cü mərtəbədə olan kursa göndərmişdir. Ödəniş məsələlərinə görə problem yarandığı üçün o və digər Gülnarın göndərdiyi adamlar kursdan çıxmışlar. Bir müddət sonra Gülnar onu Hava Limanı ərazisindəki "Sheraton" hotelə kursa göndərmişdir. Bundan sonra Gülnar ona yeni il bayramından sonra təxminən yanvar ayının 7-də işə çıxacağını bildirmişdir. Həmin vaxt çatdıqda isə Gülnar guya Gömrük Komitəsində struktur dəyişikliyi olduğu üçün əlavə pul verməli olduğunu bildirmişdir. Atası Gülnara əlavə 1,500 manat vermişdir. Gülnar başqa bəhanələrlə işi uzatmışdır. 2020-ci ilin mart ayından isə «Covid- 19» pandemiyası ilə bağlı onun işə düzəlməyinin uzanmasını bildirmiş və onu heç bir işə düzəltməmişdir. Hazırda təqsirləndirilən şəx Təqsirləndirilən şəxs şikayətçi olmaqla ona vurulmuş maddi ziyanı tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gülnar özünün Hava Nəqliyyatında Baş Gömrük idarəsində leytenant xüsusi rütbəsində xidmət etdiyini ona bildirmiş və ona Gömrük Komitəsinə işə adam düzəldə bildiyini demişdir. O da bu barədə qonşusu Azərə demişdir. X13 Nəqliyyatında Baş Gömrük İdarəsində 800 manat aylıq maaşla iş təklif etmişdir. Buna görə isə Azərin ona 2,500 manat pul verməli olduğunu və 1 ay kursa getdikdən sonra işə əmrinin veriləcəyini bildirmişdir. Azər Gülnara bu məqsədlə 2500 manat pul və özünə məxsus sənədləri vermiş və bir müddət kursa getmişdir. Gülnar Azərə işə düzəlmək məqdəi ilə yenidən pul lazım olduğunu bildirmişdir. Azərdə, Gülnara 1.500 manat pul, ali təhsil haqqında diplomu və hərbi bileti onun vasitəsilə çatdırmışdır. Həmin pulu Azərin atası Zirəddin bankdan kredit götürmüşdür. Gülnar Azəri öncə «28 may» metrostansiyasının yaxınlığındakı kursa daha sonra isə Hava Limanı ərazisindəki "Sheraton" hoteldə yerləşən kursa göndərmişdir. Gülnarın Azərə işə düzəlməsi ilə bağlı verdiyi vədə əməl etməməsi və hər dəfə Azərə müxtəlif bəhanələr gətirməsinə görə Gülnardan şübhələnməyə başlamışlar. Azər Gülnardan pulu tələb etməyə başlamışdır. Gülnar gah pulu qısa müddətə qaytaracağını, gah pulun rəisdə olmasını, gah pulu verdiyi adamın xaricdə olmasını, gah daki başqa bəhənalər gətirərək pulu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun oğludur. 2019-cu ilin iyul ayının əvvəllərində oğlu, ona qonşu Rahib vasitəsi ilə tanıdığı, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işçisi Gülnar adlı şəxin onu pul müqabilində həmin orqanda işə düzəldəcəyini deməsini və bu məqsədlə 2.500 manat pul ödəməli olduğunu bildirmişdir. Gülnarın deməsinə görə pulu ödədikdən sonra Azər təxminən bir ay kursda olmalı, bir aydan sonra 800 manat aylıq maaşla gömrük mütəxəssisi kimi işə çıxmalı idi. O, işə düzəlməsinə etiraz etməmiş və qeyd edilən pulu, sənədləri Gülnara təqdim etmişdirlər. Gülnar bir müddət Azəri ora bura kursa göndərmişdir. Sonra işin düzəlməsi üçün əlavə 2.500 manatda gərək olduğunu demişdir. O, Azərlə birlikdə 2020-ci ilin yanvar ayının ortalarında əlavə 1,500 manat verə biləcəyini demişdir. Gülnar təklifi ilə razılaşmışdır. O, orada Gülnara 1,500 manat pul vermişdir. Gülnar bir həftə uzağı 10 günə işə çıxacağını demişdir. Həmin vaxt keçdikdən sonra Gülnar Milli Məclisə keçirilən seçkilərin keçirilib qurtarmasını gözləməli olduqlarını, seçkilərdən sonra isə deputatların təsdiq edilməsini gözləməli olduqlarını bildirmişdir. Həmin müddəti də gözlədik sonradan Gülnar başqa bəhanələrlə oğlunu işə düzəltməyərək, işi uzatmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvəllərində Gülnarə ona 1 nəfər şəxsin FHN-nin Yanğından nəzarət idarəsinə işə düzəlmək istəməsi bildirmişdir. O, da həmin şəxsin işə düzəlməsinə köməklik göstərə biləcəyini və həmin şəxsin sənədlərini ona təqdim etməsini bildirmişdir. Gülnar adını hazırda unutduğu bir şəxsin sənədlərini ona vermiş və o, Gülnardan pul ala bilmədiyindən ona verdiyi sənədin üzərində olan mobil telefon nömrəsinə zəng edərək, onda olan sənədin gələrək geri götürməsini bildirmişdir. Təxminən həmin danışıqdan 1-2 saat sonra tanımadığı bir şəxs ünvan 3 ünvanında yerləşən "Nazlı" şadlıq sarayının qarşısına gəlmiş, həmin sənədin surətini ondan almışdır. Bundan başqa onun Gülnar ilə heç bir əlaqəsi və iş birliyi olmamışdır. Səs yazısında olan səslər ona aiddir. O, bu sözləri Gülnarəyə ona görə demişdir ki, Gülnarədən 3500 manat pulunu ala bilsin. Lakin qeyd etdiyi kimi ona yalanlar desədə Gülnardan pulunu ala bilməmişdir. Onun kimisə işə düzəlməyə köməklik göstərmək niyyəti olmamışdır. Sadəcə Gülnarın ona olan hazırda 1800 manat borcuna görə bu cür yola əl atmışdır. O, heç kimə qarşı dələduzluq etməmiş, yalnız niyyəti Gülnara verdiyi pulu ondan geri almaq olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilmişdir. Bundan əlavə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 178.2.4, 32.4, 312.1 və 320.1-ci maddələri təqsirli bilinərək, qəti olaraq 4 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (səh. 36-69). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 aprel 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 sonuncu dəfə Gülnar adlı şəxsə Bakı şəhəri Yasamal rayonu Nizami metrosunun yaxınlığında yerləşən “Qoç ət” restoranında 1500 manat pul verdiyini qeyd etmişdir (səh. 126-127). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “başqa yerə getməmək haqqında” iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 dekabr 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir (səh. 224-226). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 saylı Birləşmış Şəhər Xəstəxanası Qadın məsləhətxanasının 20 aprel 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-xx.xx.2022-ci il tarixə qədər müddətdə 24-25 həftə hamilə olması müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər Probasiya İdarəsinin 10 iyun 2022-ci il tarixli arayışından aydın olur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-25/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4.32.4,312.1 və 320.1 -ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Məhkəməsinin 15 02 2022-ci ıl tarixli hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022-cı il tarixdə Bakı Şəhər Probasiya idarəsində qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə idarədə qeydiyyata alınmış, cəzasının sonu xx.xx.2026-ci il tarixə hesablanmışdır. Odur ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 03 (üç) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X7 adlı övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü X6 adlı övladı vardır. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Təqsirləndirilən şəxs anası Nümayəndə 2-ci qrup əlillik qrupu vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, Zərərçəkmiş şəxs1 vurduğu ziyandan qismən ödəniş etməsini, ikinci qrup əlillik dərəcəsi olan anasının onun himayəsində olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 178.2.4, 32.4, 312.1 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs kimi qiymətləndirilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, məhkəmə hesab edir ki, himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqları olan və nikahları pozulduğuna görə həmin uşaqlara təkbaşına baxan Təqsirləndirilən şəxs barəsində daha ağır cəzanın seçilməsi onun himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarının həyat şəraitinin çətinləşməsinə, onların təlimtərbiyəsinə və eləcə də psixoloji inkişafına mənfi təsir göstərməsinə gətirib çıxaracağı baxımından məqsədə müvafiq hesab edilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 1(006)-25/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 1(006)-25/2022 saylı hökmü ilə 06 iyul 2022-ci il tarixədək çəkilməmiş qalan 3 (üç) il 9 (doqquz) ay 2 (iki) günlük hissəsi qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək bardə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda - Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 1(004)-115/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 15 fevral 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 80 (səksən) iş saatına bərabər hesab edilərək, göstərilmiş 80 (səksən) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. Mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5. və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 1(006)-25/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 06 iyul 2022-ci il tarixədək çəkilməmiş qalan 3 (üç) il 9 (doqquz) ay 2 (iki) günlük hissəsi qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda - Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək bardə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-115/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-115/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver