Məhkəmə qərarları › İş №1(004)-115/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-115/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-115/2024 19.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 06 noyabr 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 25 sentyabr 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı, hər birinin təsiredici maddəsinin miqdarı 0,04 qram, ümumi təsiredici maddəsinin miqdarı 0,08 qram olan narkotik vasitə hesab edilən metadon tərkibli dərman pereparatı həbləri əldə edib üzərində saxlamaqla daşımış, 05 oktyabr 2023-cü il tarixdə saat 16:00da ünvan 2 ünvanın qarşısında Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Polis Şöbəsinə aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli şalvarının sol arxa cibində saxladığı 02 (iki) ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı, hər birinin təsiredici maddəsinin miqdarı 0,04 qram, ümumi təsiredici maddəsinin miqdarı 0,08 qram olan narkotik vasitə hesab edilən metadon tərkibli dərman pereparatı həbləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkraran 31 oktyabr 2023-cü il tarixdə səhər saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,897 qram ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 31 oktyabr 2023-cü il tarixdə saat 14:45-də ünvan 4 ünvanın qarşısında Bakı Şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri zaman saxlanılaraq Polis Şöbəsinə aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,897 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. O avtomobillərin təmiri ilə məşğul olur və tanımadığı müştərinin avtomobilindən 02 həb metadon taparaq özündə saxlamışdır. 05 oktyabr 2023-cü il tarixdə saat 16 rədələrində ünvan 2 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar. Bundan sonra polis əməkdaşları ondan üzərində qanunla gəzdirilməsi qadağan edilən əşya və ya hər hansı maddələrin olubolmadığını soruşmuşlar və o səmimi olaraq polis əməkdaşlarına üzərində metadon adlanan narkotik vasitə olduğunu bidirmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla 27-ci polis bölməsinə getmişdir. Orada polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan tünd boz rəngli şalvarının sol arxa cibində saxladığı 02 həb narkotik vasitə olan metadonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə üzdən tanıdığı, lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən onun üçün gördüyü qaynaq işi müqabilində almışdır. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Əməlindən peşmandır. 31 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində “İnşaatçılar” metrostansiyasının yaxınlığında olan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar və və onu 29-cu PŞ-nə davət etmişlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, lakin polis əməkdaşları ona psixotrop maddə olan metamfetamin verərək videoçəkiliş zamanı üzərindən çıxardaraq ona məxsusmuş kimi polis əməkdaşlarına təqdim etməsini tələb etmişlər. Bunu etmədiyi halda isə ona daha cox çəkidə narkotik vasitə verib narkotik vasitələrin satışı ilə sənədləşdirəcəklərini bildirmişlər. O isə qorxduğu üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları təfərindən ona təqdim olunmuş psixotrop maddəni cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş, bir ədəd bükülünü masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara daha əvvəl onlar tərəfindən ona tapşırılan şəkildə cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin var, həmin heroini 31 oktyabr 2023-cü il tarixdə “Şamaxinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddə olan metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 оğlu ifаdəsində göstərmişdir ki, 27-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 27-ci PB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və X9 ibarət əməliyyat qrupu yaradılmışdır. 05 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində Eltun İsayevlə birlikdə ünvan 2 ünvanın qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 27-ci Polis Bölməsinə getməli olduğunu bildirib və onu avtomobillə həmin PB-nin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Cəmil əynində olan tünd boz rəngli şalvarının sol arxa cibində saxladığı iki ədəd həbi çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Cəmil həmin həmin həblərin narkotik vasitə hesab edilən metadon tərkibli dərman pereparatı olduğunu və onları 25 sentyabr 2023-cü il tarixdə üzdən tanıdığı, lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən onun üçün gördüyü qaynaq işi müqabilində almışdır. Həmin həblər zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid оğlu ifаdəsində göstərmişdir ki, o 29-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin daşıması və istifadə etməsi barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 31 oktyabr 2023-cü il tarixdə o, və həmin şöbənin əməliyyat müvəkkili X3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 31 oktyabr 2023-cü il tarixdə, saat 14:45 radələrində ünvan 4 ünvanının qarşısında olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gətməli olduğunu bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə 29-cu PŞ-nə gəlmiş və orada xidməti otaqların birində video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Bundan sonra Cəmil təklifə əsasən əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükülünü könüllü оlаrаq çıхаrıb pоlis əməkdаşlаrınа təqdim еtmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükülünün icərisinə psixotrop maddə olan metamfetamin var. Həmin metamfetamini həmin gün Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş X11 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 94-97-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 12 oktyabr 2023-cü il tarixdə o,və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin cinayət axtarış üzrə kiçik inispektoru Şahid ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin günü, yəni, 31 oktyabr 2023-cü il tarixdə saat 14:45 radələrində ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gəlməyə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etməyərək birlikdə qeyd etdiyi şöbəyə gəlmiş və şöbənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Cəmil Əliyevə hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı bir qeyri-qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bükümün içərisində olan “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamindir. Həmin metamfetamini 31 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 20 manat pulun qarşılığında alıb əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibinə qoyaraq ünvan 6 ünvanın qarşısına daşıyaraq üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı X5 qarşı heç bir təzyiq və təsir olunmamışdır. İş üzrə şahid qismində göstərilmiş X15 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 191-194-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 05 oktyabr 2023-cü il tarixdə o, və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin sahə inispektoru, polis mayoru X6 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin günü, yəni, 05 oktyabr 2023-cü il tarixdə saat 16:00 radələrində ünvan 7 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə gəlməyə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etməyərək birlikdə qeyd etdiyi şöbəyə gəlmiş və şöbənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı bir qeyri-qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan tünd boz rəngli cins şalvarının sol arxa cibində saxladığı bir ədəd qara rəngli üzərində «Hovı S» yazısı olan pul kisəsinin ciblik hissəsinqdən 02 ədəd həb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdirmişdir ki, təqdim etdiyi həmin 02 ədəd həblər narkotik vasitə olan metadondur. Həmin narkotik vasitə metadonu 10 gün əvvəl Binəqədi rayolnu, Biələcəri qəsəböəsindən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən gördüyü işin müqabilində özünün şəxsi istifadəsi üçün əldə edib pul kisəsinə qoyub əynindəki tünd boz rəngli cins şalvarının sol arxa cibinə qoyaraq ünvan 8 ünvanın qarşısına daşıyaraq üzərində saxlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə bənzər həblər qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edildi. Həmin protokol iştirakçılara ucadan oxundu və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı C.M.Palanova qarşı heç bir təzyiq və təsir olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 (bir) ədəd bükümdə psixotrop maddəyə oxaşar oxşar kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 33-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2023-cü il tаriхli 6/2871 sаylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İlşər Nazirliyi Zərflər üçün № 169» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi - 0,897 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli “Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələ”-in siyahısına daxildir. (i.v. 42-46) “Diskə baxış keçirilməsi haqqında” 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı Şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında təhqiqatçı, polis kapitanı X12 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi X10, Bakı Şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid və CA üzrə kiçik inispektoru, polis serjantı X7 iştirakları Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərindəəldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuşəşya vəya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddəyə oxşar maddə olan bükümü çıxarıb könüllü təqdim edərək, 01 ədəd bükümün içərisindəki maddənin “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin psixotorop maddə metamfetamini 31 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Şamaxinka» adlanan yerdən, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 169 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. (i.v. 80) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarının arxa sol cibindən 02 (iki) ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən dərman pereparatı aşkar olunaraq götürülmüşdür. (i.v. 138-139) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tаriхli 3-16-16/2-6/5212 sаylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İlşər Nazirliyi Zərflər üçün № 168» dairəvi möhür əksi «…şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki üzərində “F/M40” yazısı həkk olunmuş 2 (iki) ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 2 (iki) ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir (üzərindəki göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). 28 iyun 2005-ci il tarixli “Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxildir. (i.v. 146-150) “Diskə baxış keçirilməsi haqqında” 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı Şəhər Yasamal RPİ-nin 27-ci PŞ-nin inzibati binasında təhqiqatçı, polis kapitanı X4 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Əhmədov Nofəl mülazim oğlu, Bakı Şəhər Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat baş müvəkkili, polis kapitanı X15 və sahə inispektoru, polis mayoru X8 iştirakları Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərindəəldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuşəşya vəya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sol arxa cibində saxladığı bir ədəd qara rəngli üzərində «Hovı S» yazısı olan pul kisəsinin ciblik hissəsinqdən 02 ədəd həb təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi həmin 02 ədəd həblər narkotik vasitə olan metadondur. Həmin narkotiv vasitə metadonu 10 gün əvvəl Binəqədi rayolnu, Biələcəri qəsəbəsindən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən gördüyü işin müqabilində özünün şəxsi istifadəsi üçün əldə edib pul kisəsinə qoyub əynindəki tünd boz rəngli cins şalvarının sol arxa cibinə qoyaraq Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 1 ünvanın qarşısına daşıyaraq üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 168 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. (i.v. 189) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 16 noyabr 2023-cü il tаriхli 7466A nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 219-220); “Sübutların qiymətləndirilməsi haqqında” 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,897 qram kustar üsulla hazrlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,847 qram, psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı Şəhər Yasamal RPİ-in “X14 Kamerası”na təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 (iki) ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatı maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 01 (bir) ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı Şəhər Yasamal RPİin X14 kamerasına təhvil verilmişdir. İş üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 221-229) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, o, 10 ilə yaxın müddətdir narkotik istifadə edir, ilk olaraq marixuana ilə başlayıb, sonralar isə əsasən “kola”, “kakos” kimi tanınan narkotik vasitə olan heroinə keçmiş, olmayanda da “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Hazırda da “çəkmə” üsulu ilə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə etməkdədir. 25 sentyabr 2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində tanımadığı şəxsdən onun üçün gördüyü iş müqabilində 2 ədəd metadon həbb alıb daha sonra istifadə etmək üçün özündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Yasamal rayonu, 1ci Alatava ev 1 ünvanının qarşısında olarkən iki nəfər, biri polis geyimində digəri isə mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onun narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduğunu bildirərək onu 27-ci Polis Şöbəsinə dəvət edib aparmışlar. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Bakı Şəhər Yasamal RPİ-nin 27-ci PŞ-na getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edilmiş, bundan sonra, həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan tünd boz rəngli şalvarının sol arxa cibində olan üzərində “HOVİ”S” yazısı olan qara rəngli pul kisəmin içərisindəki 2 ədəd narkotik vasitə olan metadon həbbləri çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları bu həbblərin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, o, bildirmişdir ki, dərmanlar metodon həbdir 25 sentyabr 2023-cü il tarixdə üzdən tanıdığı, lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən onun üçün gördüyü qaynaq işi müqabilində aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş narkotik vasitə olan metadon həbblər gözünün qarşısında zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, 31 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə olan zaman ağrıları olduğundan həmişə olduğu kimi üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyim, üzü tüklü, orta yaşlı, kişi cinsli bir şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində sellofana bükülmüş bir ədəd bükümdə olan “partı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin almışdır. Həmin psixotrop maddə olan metamfetamini bir neçə saatdan sonra şəxsi istifadə etməyi üçün əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibinə qoyub üzərində saxlamaqla daşıyaraq Bakı şəhəri, Yasamal rayonu istiqamətində getmişdir. Təxminən bir iki saat piyada olaraq hərəkət edib müəyyən işlərini görmüş və Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsinə doğru hərəkət etmişdir. Elə həmin günü, yəni, 31 oktyabr 2023-cü il tarixdə saat 14:45 radələrində ünvan 6 ünvanın qarşısından piyada keçən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları narkotik vasitələr və psixotrop maddələr qəbul etdiyindən şübhə etdiklərini deyərək onu, Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə onlarla birlikdə gəlməyə dəvət etmişlər. Polis əməkdaşlarını görüb özünü itirmiş, hər hansısa bir başqa hərəkət etməyə macal tapmamış və birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gemişdir. Şöbədə öz istəyi ilə oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, predmet, maddə, narkotik vasitə və ya psixotrop maddə, ümumiyyətlə üzərimdə qeyri-qanuni olan nə varsa təqdim etməyi təklif olunmuşdur. Şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı şəffaf sellofana bükülmüş bir bükümdə olan “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamini əynimdəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Sonra həmin bükümdə metamfetamin, orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə içi boş zərfə qoyulub möhürlənmiş və zərfin üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmışdır. Baxış zamanı ona qarşı heç bir təzyiq və təsir olunmamışdır. (i.v. 244-247) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən birini etiraf etməməsinə, yəni onun saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 13-cü qrafasına əsasən təmiz halda 0,02 qram metadon şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metadonun təmiz çəkisi 0.04 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin təmiz çəkisi 0.897 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 31 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 23) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 73-75) “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 76-77) “Şübhəli şəxsin tutulması haqqında” 05 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:05 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 128) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 175-177) “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 178-180) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 183-184) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 1(004)-115/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. (i.v. 83-85) Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi 29-cu polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 24 yanvar 2020-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.847 qram psixotrop vasitə olan metamfetamin və 01 həb qalıq çəkisi olan narkotik vasitə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 179 (bir yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 05 oktyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək 02 (iki) gün və 31 oktyabr 2023-cü il tarixdən 02 noyabr 2023-cü il tarixdək olan 02 (iki) gün, cəmi 04 (dörd) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı (CM-in 69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 05 oktyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək 02 (iki) gün və 31 oktyabr 2023-cü il tarixdən 02 noyabr 2023cü il tarixdək olan 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarının saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.847 qram psixotrop maddə olan metamfetamin və 01 həb narkotik vasitə olan metadon məhv edilsin. İş üzrə ekspertiza xərci 179 (bir yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar