Məhkəmə qərarları › İş №1(004)-115/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-115/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-115/2025 12.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, "xxxx" MMC-də işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 10 ünvanda yerləşən 10 nömrəli evin həyətində onunla qonşuluqda həmin həyətdə yaşayan əmisi oğlu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində uzun sürən qərəzli münasibətlər zəmnində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs başına və bədəninə yumruq zərbələri vuraraq ona sol dirsək oynağının sıyrığı, sağ budun və sağ baldırın qançırları kimi dərəcələri təyin edilməyən və sağ təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, axşam vaxtı idi, yoldaşı ilə işdən evə qayıdırdılar. Onlar içəri keçəndə pişiyi çölə buraxıb, sonra da onlara söyüş söyüb. O, yoldaşına deyib ki, fikir vermə. Niyə bu qədər söyüş söyür, o da başa düşmürdü. 4 ildir ki, söyüş ağzından düşmür. O, hər dəfə deyirdi ki, belə etmə. Qadın var, uşaq var. Zərərçəkmişə söz təsir etmir. Çıxıb deyib ki, niyə söyüş söyür. Ümumiyyətlə qeyd edir ki, onların bütün problemləri bu şəxsin ağzının danışıq qaydasını bilməməsi ilə bağlı olmuşdur. Səs-yazıları və kifayət qədər video-görüntü var. Ona cavab qaytarıb ki, əcəb edib söyür. Ondan sonra əl-qol atmağa başlayıb. O da qarşılıq verib. Döymə faktı olmayıb. O, onun başına vurmamışdır. İtələyəndə böyük ehtimal içkili olduğundan müvazinətini itirmiş, başını harasa çırpmışdır. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, evdə oturmuşdur. Təqsirləndirilən şəxsin yoldaşı deyib ki, ona nə deyir, getsin yoldaşına, getsin qızına. Söhbət Şamilin arvadından gedir. Bir deyib, iki deyib, üç deyib. O, bezib çıxıb deyib ki, camaat ancaq onlardan danışır. Dalınca təqsirləndirilən şəxs çıxıb, daha sonra arvadı gəlib. Onun üstünə gəliblər. O da qoluna vurub ki, əlini çəksin. Onun balaca toxunuşu olub Məhəmməd Əli udarı. Ondan sonra müsibət başlayıb. Hər şey kameraya düşüb. Ər-arvad ikisi də döydü onu. Dalınca evinə giriblər. Hal-hazırda ondan şikayətçidir və ciddi cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, o, həmin gün həyətdə qab yuyurdu. Zərərçəkmiş şəxs pişiyi çölə buraxmaq üçün çölə çıxıb. Bu zaman güzgüdə onu görüb və sakitcə əxlaqsız söyüş söyüb. O da deyib ki, nə söyürsən, özüvə getsin. Bir az sonra çıxıb deyib ki, camaat bunlardan danışır, bunlar onun qızından danışır. Bu söhbətə Şamil gəlib. Şamil Niyaza deyib ki, niyə əxlaqsız söyüşlər söyürsən? Bu zaman onlar gözləmədən Niyaz zərbə ilə Şamilin qoluna vurub ki, “əcəb edirəm, sən kimsən”, sanki belə də olmalıdır. Onun qolu Şamilə dəydikdən sonra dava başlayıb. Söyüşlər də davam edirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hər ikisi onun qonşusudur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs atası yaşındadır. Belə hərəkət eləmək olmaz. O, burada qonşuların adından iştirak edir. Birbirini yola verməlidirlər. Qeyd edir ki, təqsirləndirilən şəxsin bir qızı var. Lamiyə adında. Onlar o qızı görmək istəyirlər. Yaxşı insan olsa idi, qızı onunla qalardı. Hadisə bundan ibarətdir ki, Niyazı necə lazımdırsa, döyüblər. Onlar olmasa idilər, Allah bilir necə olardı. Qonşuların da bu Şamil-Abinə ər-arvad cütündən xoşu gəlmir. Onun isə daha çox zəhləsi gedir. O, digər arakəsmədə yaşayır. Səs qulağının dibində gəlirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs zəng etmişdi. Onun ad günü idi. Qarşı tərəf onların evdə olmamaqlarından istifadə etmişdir. Evdəki kamera ancaq onun telefonu ilə açılır. Videoya baxıblar. Atası qan içində idi. Aralarında düşmənçilik var. Polis gələnə kimi xəstəxanaya gediblər, deyiblər birdən nə isə olar. Çünki atası insult keçirib. Sağlamlığına ziyan dəyə bilərdi. Onlar şikayətlərini ediblər. Sonra videoları təqdim ediblər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 731 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ təpə nahiyəsinin əzilmiş yarası, sol dirsək oynağının sıyrığı, sağ budun və sağ baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuramaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 34/731 saylı, xx.xx.2024-cü il tarixli əlavə rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ təpə nahiyəsinin əzilmiş yarası, sol dirsək oynağının sıyrığı, sağ budun və sağ baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağ təpə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vuramaya aiddir, sol dirsək oynağının sıyrığı, sağ budun və sağ baldırın qançırları isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə maddi sübut kimi tanınmış CD diskə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs evli olmaqla, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin evli olmasını və 2 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi saxlanılan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3168539Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar