Məhkəmə qərarları › İş №1(004)-117/2018

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-117/2018

09.03.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-117/2018 09.03.2018 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 01 saylı hüquq məsləhətxanasının vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, heç bir yerdə işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Q.Mərdanov küçəsi, dalan 2, ev 12-də qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 119-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,253 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq üstündə daşımış, 01 dekabr 2017-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri Yasamal RPl-nin 27-ci PB-nin əməkdaşları tərəfındən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu dalan 5 ünvanın qarşısında saxlanılaraq, Yasamal RPİ-nin 27-ci PB-nə aparılmış, üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli sırıqlı parçadan olan qolsuz gödəkçənin sağ yan cibindən bir büküm selofan kəsiyində təmiz çəkisi 0.253 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu Q.Mərdanov küçəsi, dalan 2, ev 12-də qeydiyyatdadır, Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi, ev 119-da yaşayır, ailəlidir, orta təhsillidir. O, təxminən bir müddətdir ki, narkotik vasitələrin alüdəçisidir. 01.12.2017-ci il tarixdə təxminən saat 12:00 da Bakı şəhəri Yasamal rayonu, C.Qaryağdıoglu küçəsi 5 saylı dalanın qarşısında olarkən mülki geyimdə polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib onu Yasamal rayon polis idarəsinin 27-ci polis bölməsinn dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 27-ci polis bölməsinə getmiş və orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunmuşdur. Vəkillə təmin olunub tutulduqdan sonra üzərinə video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan hər hansı qanunsuz 5 əşyanın könüllü təqdim olunması təklif olunmuşdur. O, əynində olan tünd göy rəngli sırıqlı parçadan olan qolu qısa gödəkçənin sağ yan cibində sellofan kəsiyi bükümündə olan bir büküm maddəniçıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi maddə ilə bağlı ona sual olunmuş və o, bildirmişdir ki, ondan aşkar olunmuş maddə narkotik vasitə olan heroindir və ona məxsusdur. Özü qəbul etmək üçün “Sovetski” adlanan yerdən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata özünün istifadə etməsi üçün 01.12.2017-ci il tarixdə saat təxminən 11:00-da əldə etmişdir. Ondan aşkar edilmiş büküm tədbir iştirakçılarının iştirakı ilə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfındən imzalanmışdır. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 27-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Təqsirləndirilən şəxs barəsində toplanmış materiallara aydınlıq gətirərək bildirmişdir ki, həmin şəxsin Yasamal rayon ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində gəzdirməsi və qəbul etməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında 01 dekabr 2017-ci il tarixdə əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirlərinə başlamışdır. Onlar Təqsirləndirilən şəxs ünvan 3 ünvanda olması barədə məlumatlarının olduğuna görə həmin ünvana yollanmışlar. Həmin ünvanda qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları şəxsə oxşar əlamətdə şəxsi görərək yaxınlaşmış, özlərini təqdim edərək Faiqdən özü barədə məlumat verməsini xahiş etmişlər. Həmin şəxs adı və soyadı, atasının adı barədə onlara məlumat verərək bildirmişdir ki, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, Q.Mərdanov küçəsi, dalan 2, ev 12də qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi, ev 119-da yaşayan Təqsirləndirilən şəxsdur. Əməliyyat məlumatında onlara maraqlı olan şəxsin həmin şəxs olduğu məlum olduqda xidmət göstərdikləri Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Raportla bölmənin rəisinə müraciət olunduqdan sonra ilkin araşdırılmanın aparılması bölmənin təhqiqatçısı Ruslan Əfəndiyevə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyəti bir daha dəqiqləşdirildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Bu məqsədlə özünün seçdiyi 1 saylı hüquq məsləhətxanasının vəkili X4 dəvət olunmuş və video çəkilişlə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təhqiqatçı tərəfındən həmin şəxsin, müdafiəçinin və onların şəxsi axtarışa aid hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz hesab olunan maddə və əşyalar varsa könüllü təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli sırıqlı parçadan olan qolsuz gödəkcənin sağ yan cibindən sellofan kəsiyində 1 bükülünü təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisindəki narkotik vasitə olan heroindir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin özünə məxsusdur, həmin narkotik vasitəni “Sovetski” adlanan ərazidən tanımadığı şəxsdən özü istifadə etmək üçün 30 manata almışdır. Bükümdəki maddə qablaşdırılıb götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Protokol və zərflə iştirakçılar və Təqsirləndirilən şəxs tanış olduqdan sonra öz imzaları ilə təstiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 01.12.2017-ci il tarixli, 30787 №saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən...” yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkiləri 0,253 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (ilkin tədqiqat zamanı narkotik vasitənin xalis çəkisi 0,253 qram olmuşdur, tədqiqata istifadə edildikdən sonra sonda qalıq çəkisi 0,203 qram təşkil edir). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 17.01.2018-ci il tarixli 39 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama əməlinin törədilməsi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəzası nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 23.02.2011-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.06.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs 01 dekabr 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Yasamal rayon prokurorunun 02.12.2017-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. O, 02.12.2017-ci il tarixdə həbsdən azad edilib və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün həbsdə qalmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 1 il 5 ay 28 gün (bir il beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı andan, yəni 09 mart 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 94,93 manat (doxsan dörd manat 93 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,203 qram narkotik vasitə olan-həroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar