Məhkəmə qərarları › İş №1(004)-117/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-117/2022

14.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-117/2022 14.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ən ağır cəza ilə cəzalandırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 rəhbərlik etdiyi və qanuni təmsilçisi, redaktoru olduğu "xxxx" MMC-nin “Gündəlik-Bakı.com” internet səhifəsində 23.06.2021-ci il, 10.07.2021-ci il, 03.08.2021-ci il, 24.08.2021-ci il, 15.09.2021-ci il, 29.09.2021-ci il, 21.10.2021-ci il, 25.11.2021-ci il, 10.12.2021-ci il, 15.12.2021-ci il, 16.12.2021-ci il, 20.12.2021-ci il, 28.12.2021-ci il, 04.01.2022-ci il və 05.01.2022-ci il tarixlərində onun və təsisçisi olduğu "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin digər vəzifəli şəxsləri barəsində böhtan və təhqir xarakterli məlumatlar yayaraq şərəf və ləyaqətini ləkələmiş və onu nüfuzdan salmışdır. Əlavə olaraq qeyd edir ki, şirkətlərinin işgüzar nüfuzuna xələl gətirdiyi üçün Yasamal Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli qərarı ilə barəsində mülki icraat qaydasında tədbir görülməsinə və eləcə də, əvvəllər məhkum olmasına baxmayaraq bu qeyri-qanuni əməllərini yenidən davam etdirmişdir. 1994-cü ildən satış və distribyutorluq fəaliyyəti ilə məşğul olan X4 daxil olan şirkətlər ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və s.) mövcud qanunlara tabe olaraq, dövlətimizin siyasətini dəstəkləyərək zamanla inkişaf etmiş, nüfuz qazanmış və bazarda müəyyən yer tutmuşdur. Ölkə iqtisadiyyatına verdikləri dəyərə, əhalinin ərzaq təminatı ilə bağlı missiyalarına, etdikləri ianələrə, sosial sahədə gördükləri işlərə və məşğulluğun artmasına, töhfələrinə kölgə düşürmək və Şirkətlər Qrupunun və onun nüfuzuna zərər gətirmək məqsədi ilə aşağıda göstərilən müxtəlif tarixlərdə “Gündəlik-Bakı.com” internet səhifəsində çap olunan məqalələrdə böhtan və təhqir xarakterli məlumatlar yerləşdirilmişdir:

1. 23.06.2021-ci il tarixli "xxxx"da "Heyvagülü" havası: Şirkətlər Qrupu dövlət və istehlakçı marağını "unudub"-ARAŞDİRMA” başlıqlı məqalə (əlavə olunur);

2. “10.07.2021-ci il tarixli "Veysəloğlu”nun toz basmış vitrinləri...- Şirkətin sahibi Aydın Talıbov kimdir ?” başlıqlı məqalə (əlavə olunur);

3. 03.08.2021-ci il tarixli “"xxxx"nun sahibi Aydın Talıbov vergidən yayınır ?- QURUMLAR NİYƏ SUSUR ?” başlıqlı məqalə (əlavə olunur);

4. 24.08.2021-ci il tarixli “Vergi Xidməti "xxxx" şirkətinə niyə 2 milyon manat maliyyə sanksiyası tətbiq edib ?- Veysəloğlunun maliyyə müdiri Nüsrət müəllim hansı ölkəyə qaçmaq istəyir ?” başlıqlı məqalə (əlavə olunur);

5. 15.09.2021-ci il tarixli “ALVERÇİ AYDİN TALİBOVUN "xxxx"SU- DÖVLƏT QURUMLARİ "xxxx"DAN NİYƏ QORXUR ?” başlıqlı məqalə (əlavə olunur);

6. 29.09.2021-ci il tarixli "xxxx"nun OBA-sından bitib tükənməyən ŞİKAYƏTLƏR- AQTA,Vergi Xidməti niyə OBANİ yoxlamır ?” başlıqlı məqalə (əlavə olunur);

7. 21.10.2021-ci il tarixli "xxxx" firmasının HOQQABAZLİĞİ- OBA MARKETDƏ BAŞ VERƏN ÖZBAŞİNALİQLAR... başlıqlı məqalə (əlavə olunur);

8. 25.11.2021-ci il tarixli "xxxx"nun sahibi AYDİN-ın QARA ƏMƏLLƏRİ..- VEYSƏLOĞLU səhər, günorta, axşam qiymətləri qaldırır., başlıqlı məqalə (əlavə olunur);

9. 10.12.2021-ci il tarixli "xxxx"nun 35 min avro maaş alan əcnəbi “revizor”u... - Direktor və xanımı hər ay 30 min manat əmək haqqı alır... başlıqlı məqalə (əlavə olunur); 10.15.12.2021 -ci il tarixli “Veysəloğlu, köhnə məhsulları təzə yerinə, kasıb camaata, satma... - "xxxx" şirkətini böyük vergi bəlası gözləyir... başlıqlı məqalə (əlavə olunur). 11.16.12.2021- ci il tarixli "xxxx" müstəqil mediaya SENZURA tətbiq etmək istəyir ? - İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin çox vacib komponentidir, cənab Aydın Talıbov...” başlıqlı məqalə (əlavə olunur);

12. 20.12.2021-ci il tarixli "xxxx"nun ağıldan dayaz hüquq məsləhətçiləri MMC ilə DOMEN məsələsini səhv salır... - "xxxx"nun sahibi Tibetdən şamanları dəvət edib ki, müstəqil medianı susdursun...” başlıqlı məqalə (əlavə olunur). 13.28.12.2022-ci il tarixli “Sən bizim suallarımıza cavab ver, cənab X7... - Biz də deyək, bərəkallah, “ Veysəloğlu ”... başlıqlı məqalə (əlavə olunur).

14. 04.01.2022-ci il tarixli “Veysəloğlunun vergi xidməti ilə şübhəli işbirliyi... - İDDİA” başlıqlı məqalə (əlavə olunur). 15.05.01.2022-ci il tarixli “Aydın Talıbovun “krışa”sı uçdu... - "xxxx"nun “Araz” marketində nə baş verib ?” başlıqlı məqalə (əlavə olunur). Habil Vəliyev məqalələrində bir sıra faktları təhrif edərək, müəyyən söz oyunlarından istifadə etmiş və bununla da bir çox faktı kontekstdən çıxardaraq oxuculara fərqli mənada təqdim etmişdir. Oxucular qarşısında 23.06.2021-ci il tarixli məqaləsində Habil Vəliyev bildirir ki: "xxxx"nun "Araz" supermarketlər şəbəkəsindən istehlakçı narazılıqları ən son AQTA-nın bu ilin yanvar-may ayları üzrə statistikasında əksini tapıb. Belə ki, quruma beş ayda daxil olan 563 istehlakçı şikayəti arasında ən çoxu "Araz” supermarket şəbəkəsindəndir. Ümumi şikayətlərin 146-sı satılan məhsulun keyfiyyətindən, 59-u son istifadə tarixi bitmiş məhsulun satılmasından və sair olub.” Habil Vəliyev böhtan xarakterli yazısına davam edərək 23.06.2021-ci il tarixli məqaləsində və həmçinin daha sonralar yayımlanan və hazırkı ərizəyə əlavə edilən digər məqalələrində aşağıdakı fikiri bir neçə dəfə bildirir ki: “2019-cu ilin əvvəlində isə məlum oldu ki, Dövlət Vergi Xidməti X4 nə az, nə çox - 2 milyon manat maliyyə sanksiyası tətbiq edib. Buna səbəb olaraq şirkətin külli miqdarda vəsaiti vergidən yayındırdığı göstərilirdi.” Qeyd etmək isdəyir ki, X4 daxil olan hər hansı şirkətin Vergilər Nazirliyi tərəfindən 2 milyon AZN miqdarında cərimə edilməsi ilə bağlı məlumatlar mövcud olsa da, lakin bu fakt heç bir hüquqi sənədləşmələrdə, məhkəmə və aidiyyəti inzibati orqanların qərarlarında öz əksini tapmayıb. Qeyd edilən bu məlumat sırf böhtan xarakteri daşıyır. 10.07.2021-ci il tarixli məqaləsində Habil Vəliyev daha da jarqon ifadələrdən istifadə edərək yazır ki: "Bu şirkətin marketlərində bağlı ərzaq məhsullarını, mineral suların butulkalarını toz basır. Dəfələrlə demişik ki, bu məhsulların barı tozunu alın, axı bu antisanitariyadır. Nə desələr yaxşıdır? İşçilərimiz çatışmır. Bəli, “Veysəloğiu” şirkəti norma üzrə 2-3 nəfərin yerinə 1 nəfəri işlədir. Özü də necə işlədir? Deməli, işçilərin həftəlik iş saatı 12 saatdır. Bu gündə 10 saatdan çox eləyir. Ey Veysəlin oğlu, başa düşmürsən ki, dünyada 8 saatdan artıq iş günü 100 il əvvəl ləğv olunub. İndi isə müasir, sivil dünya 5, hətta 4 günlük iş həftəsinə keçməyə, gündəlik 5- 6 saat iş normasına hazırlaşır. Sən fil qulağında yatmısan, ay Veysəloğiu. təəssüf ki, bu boyda şirkətin xidməti və məhsulları nəinki müasir tələblərə, heç orta səviyyəyə də uyğun deyil." 24.08.2021-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: "Niyə demirsiniz ki, “qara mühasib”liyə görə, təkcə əmək haqlarından nə qədər gizlədib vergidən yayınırsınız ? Niyə demirsiniz ki, Veysəloğluna məxsus “Ulduz" fabrikində istehsal olunan şokoladın içindən qurd çıxıb ? Niyə prezidenti olduğunuz şirkətə məxsus marketlərdə satılan məhsulların iki qiyməti olur: Biri vitrindəki qiymət, biri də kassada hesablanan qiymət. Bunların arasındakı fərqi bilirsən? Niyə marketlərinizdə satılan dəniz məhsullarının, balıqların istifadə müddəti keçsə də müştəriləri zəhərləyirsiniz.” 15.09.2021-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: “Kapitalizmi bəh-bəhlə tərifləyən Talıbov başa düşmür ki, 1-ə alıb 5-ə satmaq kapitalizmin günahı deyil, Talıbov qardaşlarının əməllərdir. Kapitalizm sənə deyir ki, vətəndaşların cibinə gir? Kapitalizm sənə deyir ki, şokoladın içindən QURD çıxar? Deyirsən ki, Azərbaycanda İLK EMAL MÜƏSSlSƏSlNl-“Ulduz" şokolad fabrikini biz açmışıq. Cənab Talıbov, təriflədiyin kapitalizmdə şokoladın içindən qurd çıxsa, səni ölkədən qovarlar ee..” 16.12.2021-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: “Əgər "xxxx"nun belə texniki imkanları varsa, icazə verin şübhələnək ki, sosial şəbəkədə hökümətə qarşı kiber hücumları da siz təşkil edirsiniz..." 20.12.2021-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: “Həm də burada çıxdığın oyunları, hoqqaları bəlkə ABŞ-da təkrar etmək istəyirsən ? Bəlkə, Fətulla Gülənə arxayınsan ? Ehtimal edirdik ki, xarici ölkələrdə dövlətimizə qarşı cəbhə açanlarla əlaqələrin var. Amma FETO-ya bu qədər güvənməyini bilmirdik. ”, “müəllimin ağılında nəsə problem yaranıb.” 04.01.2022-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: “Məhsullarını vergi ödəyiciləri vasitəsilə satışa çıxaran "xxxx" şirkətinin məhz bu yolla vergidən yayındığı və dövlətə külli miqdarda ziyan vurduğu bildirilir. Mənbə iddia edir ki, "xxxx" şirkətinin rəhbərliyi Vergilər Nazirliyində müəyyən şəxslərlə işbirliyi qurub.” 05.01.2022-ci il tarixli məqləsində Habil Vəliyev “krışası uçdu”, “dimdiyin ilişdi” kimi ifadələrdən istifadə etməklə təqdim etmə üslubu kobud və təhqir xaraketlidir. Bildirmək istəyir ki, bütün məqalələrdə bildirilən ifadələr gərçəkliyi əks etdirmir və sırf böhtan xarakteri daşıyır. Habil Vəliyev məqalədə yazdığı fikirləri hər hansı fakt ilə təsdiq elətdirmir və bir çox hallarda öz şəxsi fikirlərini fakt kimi təqdim edir. Məlumatların olduqca təhqir və böhtan xarakterli olması onunla bağlıdır ki, göstərilən faktlarda heç bir ehtimal və şərtilik yer almır. Bütün yazılanlar tam doğru məlumatlar kimi adresata çatdırılır. “Qanunsuz əməllərini”, “keyfiyyətsiz”, “dəyərsiz”, “alıcılara sırımağ”, “qanunsuz ərzaq satışı”, “insan orqanizmi üçün təhlükəli məhsulları satışı”, “təhlükəli virusa yoluxmağınızda "xxxx" şirkətinin də rolu”, “minlərlə insanın həyatını təhlükə altına atmaq”, “özbaşınalıq”, “keyfiyyətsiz məhsulların sayı artırması”, “müştərilərin və əməkdaş şirkətlərin aldadılması”, “məhsullarının satışa çıxarılması üçün pul alınır”, “böyük inhisarçı şirkət”, “qiymət artımı” “cəzasızlıq mühitində”, istədiyi vaxt qiyməti qaldıra bilir “millətini zəhərləmək”, “aldatmaq hesabına pul qazanmaqdan”, “yalan və dələduzluğun kimi hallar”, “hökümətə qarşı kiber hücumlar”, “xarici ölkələrdə dövlətimizə qarşı cəbhə açanlarla əlaqələrin var”, “müəllimin ağılında nəsə problem yaranıb”, “Vergilər Nazirliyi ilə iş birliyi”, “dimdiyin ilişdi” ciddi məsuliyyətli məsələlər olmasına baxmayaraq müəllif həmin faktları tam dəqiq, sübut olunmuş faktlar kimi təqdim edir. Bunlardan əlavə şirkət və market şəbəkəsinin məhsullarının keyfiyyətsiz olması ilə bağlı müştəri iradlarının dinlənilməməsi, satılan malların müddət və təmizlik şərtlərinə riayət olunmaması kimi fikirlər də yazılarda yer alan əsas nüanslardır. Həmin məlumatlarda şirkətin və marketlərin hər istiqamətdə ölkəyə zərərli fəaliyyəti ilə bağlı məlumatlar çatdırılır. MMC-nin ölkə əhalisinin mənəvi durumu ilə bir araya sığmayan davranış göstərdiklərini, əhaliyə xidmət əvəzinə zərərli satış apardıqlarını, ölkəsinə xidmət etməyən, dövlətinə və dövlət rəhbərinin tövsiyələrinə uymayan qurum təsviri yaradılır. Məlumatda istifadə olunan sözlər istifadəçinin ümumi məzmunu və yazılı nitq məqsədini ortaya çıxarır. Analoji məlumatın hər hansı bir yol ilə yayılması əhali arasında kəskin fikirlər yarada, aid olunduğu qurumun nüfuzuna ciddi zərbə vuraraq mənfi fikir yarada bilər. Əlavə olaraq bildirir ki, böhtan xarakterli məlumatların məzumununda “mərdimazar”, “ağılsız” kimi sözlər işlədərək məni təhqir etmişdir. X3 ona qarşı işlətdiyi ifadələrin tamamilə yalnış və qərəzli olduğunu bildiyi halda onun şərəf və ləyaqətini, cəmiyyətdə olan nüfuzunu alçaltmış, bunu dəfələrlə öz xəbər saytında yaymışdır. Həmin xəbər saytında yayılan böhtan və təhqir xarakterli məlumatlara baxan oxucu kütləsinə nəzər salsaq, görünər ki, minlələrlə şəxs bu yalan məlumatları oxumuşdur. Beləliklə, X3 tərəfindən törədilən hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində göstərilən böhtan və təhqir cinayətinə uyğun gəlir. Göstərilənlərə əsasən H.A.Vəliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ən ağır cəzaya məhkum edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs A.V.Talıbovun nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs H.A.Vəliyev xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs H.A.Vəliyevin dövlət hesabına təyin edilmiş müdafiəçisi Z.N.Zeynalov bildirmişdir ki, şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə cavab vermir. Belə ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar (doğulduğu il) qeyd edilməmişdir. Bundan əlavə şikayətçi H.A.Vəliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147, hansı əməllərinə görə isə 148ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifləri icra etmədən, həmçinin şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar (doğulduğu il) qeyd edilməmişdir. Həmçinin şikayət vermiş şəxs H.A.Vəliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Bundan əlavə nəzərə almaq lazımdır ki, 147-ci maddə iki bənddən ibarətdir. Şikayətdə isə konkret olaraq H.A.Vəliyevin həmin maddənin hansı bəndi ilə məsuliyyətə cəlb edilməli olması da fərqləndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs H.A.Vəliyevin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Z.N.Zeynalova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, H.A.Vəliyevə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Z.N.Zeynalovun məhkəmədə iştirak etdiyi 9 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 9 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar