Məhkəmə qərarları › İş №1(004)-117/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-117/2024

24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-117/2024 24.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Balakən rayonu, Hənifə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə isintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli kağız bükülünün içərisində təmiz çəkisi 0,722 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 20 manata əldə edib üzərində saxlayaraq daşımış, 24 sentyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən “Ağ Çiçəyim” şadlıq sarayının qarşısında saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,722 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə olduğu zaman tanımadığı bir nəfər kişi cinsli şəxsdən «kokos» adlanan narkotik maddəni 20 AZN pula almışdır. Məqsədi satmaq yox, özü üçün istifadə etmək olmuşdur. Həmin narkotik maddəni gümüşü rəngdə olan kağız materiala bükülmüş vəziyyətdə əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamışdır. xx.xx.2022ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, Ağ Çiçəyim şadlıq sarayının qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu 29-cu PŞ-nə dəvət etmişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları vəkilin iştirakı ilə üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları tərəfindən xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngdə olan kağız materiala bükülmüş bükümdə olan kokos adlı narkotik vasitəni təqdim edərək, həmin narkotik vasitənin ona məxsus olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik maddə olan heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında “Şamaxinka” deyilən yerdən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Əldə etdiyi narkotik maddəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. O, narkotik aludəçisi olduğuna görə həmin maddəni almış, bir qismini istifadə etmiş, qalanını da sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi şahidi çağırıb dindirmək istəmədiyindən, ona sualları olmadığından, həmçinin onun məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. Azərbaycan Respublikası CPM-nin 327.1.2, 328, 329.1 və 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-də CA əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 24 sentyabr 2022-ci il tarixdə qərəzsiz mənbədən daxil olmuş məlumata görə xx.xx.1995-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Balakən rayonu, Hənifə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlmatı daxil olmuşdur. Məlumat əməliyyat marağı kəsb etdiyindən yoxlanılması,həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Onun tərəfindən raportla Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisinə məruzə edilmiş, polis bölməsinin rəisi tərəfindən 24 sentyabr 2022-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna o və həmçinin bölmənin polis sahə rəisi, polis mayoru Şahid2 daxil edilmişdir. Şöbə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan onun şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 24 sentyabr 2022- ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək cinayət başında saxlanması məqsədi ilə əməliyyat tədbirinə başlanılmışdır. 24 sentyabr 2022-ci il tarixdə saat 11:30 radələrindən saat 12:00 radələrinədək ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs soraqlaşması həyata keçirilmiş, keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə keçəsi, Ağ Çiçəyim şadlıq sarayının qarşısında piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq Yasamal RPİ-nin 29cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra saxlanılan şəxsə şəxsiyyəti haqqında məlumat verməsini tələb etdikdə, həmin şəxs onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun narkotk vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu izah edib onun üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs kimi özünü onlara təqdim edən şəxs buna etiraz etməyib onlarla birlikdə 29-cu PŞ-nin inzbati binasına gəlmişdir. Şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı, polis polkovnik-leytenantı Rahid Xanlarov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, əynindəki göy rəngli, cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngdə olan kağız materiala bükülmüş bükümdə olan kokos adlı narkotik vasitəni təqdim edərək, həmin narkotik vasitənin ona məxsus olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddə təhqiqatçı tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 169 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf Təqsirləndirilən şəxs, müdafiəçinin və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsi ilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün proseslərdə müdafiəçi iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə olan heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında “Şamaxinka” deyilən yerdən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə aldığı həmin şəxsi ətraflı tanımadığım,əldə etdiyi narkotik maddəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmadığını, narkotik alüdəçisi olduğuna görə həmin maddəni aldığını, bir qismini istifadə etdiyini, qalanını da sonradan istifadə etmək üçün üzərində saxladığını, saxlanılarkən və PŞ-nə gətirilərkən,eyni zamanda PŞ-də olarkən ona qarşı heç bir qanunsuz hərəkət olmadığını bildirmişdir. Bu barədə protokol tərtib edildikdən sonra şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması,onun narkotik maddə satması barədə heç bir məlumat olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X2 ibtidai istintaq dövründə verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 25 sentyabr 2022-ci il tarixli 6/5505 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyadlar və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,722 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7289 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, 02 gün həbsdə olmuşdur. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 28 gün (beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,672 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 260 (iki yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar