Məhkəmə qərarları › İş №1(004)-119/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-119/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-119/2022 03.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Feyzi Günay Rasim qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Kredo Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.2001-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, subay, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22.08.2021-ci il tarixdə saat 03:00-da saxlanc yeri hesab edilən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 38 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «Karandaş» mağazasına qanunsuz daxil olaraq həmin mağazanın 2-ci mərtəbəsində masanın üzərində olan sonuncuya məxsus 300,0 manat dəyərində 01 ədəd Çin istehsalı olan «HP» markalı «Elitebook 2560p» model, sore İ7 xüsusiyyətli notebooku gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21.08.2021-ci il tarixdə əvvələr tanıdığı Cavid adlı şəxslə Nərimanov rayonu ərazisində saat 23:00 radələrində təsadüfən görüşmüşdür Parkda piyada gəzdikləri zaman Cavid bir neçə dəfə oğurluq etməyi ona təklif etmiş, lakin o Cavidlə razılaşmamışdır. Sonda Cavid ona bildirmişdir ki, özü oğurluq edəcək, o isə çöldə dayanacaq, tutulsa belə onunla birlikdə oğurluğa gəldiyini heç kimə deməyəcəkdir. Bundan sonra o Cavidin oğurluqla bağlı təklifi ilə razılaşmış və onlar birlikdə piyada Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Karandaş” mağazasına tərəf getmişlər. Həmin yerə çatdıqda Cavid ona həmin mağazaya girəcəyini bildirmiş və ondan uzaqlaşaraq həmin mağazaya girdikdən 10-15 dəqiqə sonra geriyə qayıtmışdır. O həmin vaxt kiminsə gəlib gəlmədiyinə baxmışdır. Cavid həmin mağazadan oğurladığı boz rəngli “HP” markalı notbuku ona göstərmiş və bundan sonra onlar birlikdə 28 may metrostansiyası istiqamətində hərəkət etmişlər. Yolda olan zaman Cavid oğurladığı notbukun ekranının sınıq olduğunu görüb onu tullamaq qərarına gəlmiş, bu zaman o Cavidə həmin komputeri tullamaq əvəzinə ona verməyi təklif etmişdir. Bundan sonra Cavid həmin komputeri ona vermişdir. Cavid yol kənarında geyim mağazasını görərək oğurluq etmək üçün həmin mağazaya daxil olmaq fikrinə gəldiyi üçün o Cavidi gözləməkdən imtina edərək oradan çıxıb getmiş və notbuku da özü ilə götürmüşdür. Yol ilə gedərkən həmin notbuku evə apara bilməyəcəyini başa düşüb həmin onu Şuşa restoranının yaxınlığında yerləşən parkda ağacın arxasında gizlətdikdən sonra yaşadığı evə getmişdir. 23 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində işlədiyi ünvana gələn Nəsimi RPİ-nin 22-ci PB-nin əməkdaşları tərəfindən gətirilmiş və orada baş vermiş hadisə barədə izahat verdikdən sonra notbuku gizlətdiyi yeri polis əməkdaşlarına bildirmiş və həmin notbuku PB-nə gətirərək təhvil verərək həmin notbukun hadisə zaman «Karandaş» mağazasından oğurlandığını bildirmişdir. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini və onunla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «Karandaş» mağazasını icarə əsasında işlədir. Mağazada dəftərxana ləvazimatları ilə yanaşı uşaq kitablarının satışı da həyata keçirilir. Hər gün mağazanı o özü saat 09:00-da açır və 20:00-da bağlayır. 22.08.2021-ci il tarixdə bazar günü olduğundan işə nisbətən gec yəni saat 11 radələrində gəlmişdir. Həmin vaxt mağazanın şüşə qapılarının açıq vəziyyətdə olmasını, qapının aşağı hissəsində olan qıfılın yerə sürtülmüş izlərini görmüş və mağazaya daxil olduqda malların dağınıq vəziyyətdə olmasını gördükdən sonra 2-ci mərtəbəyə də qalxmışdır. Görmüşdür ki, masanın üstünə qoyduğu ona məxsus HP 8530 markalı notbuku naməlum şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində oğurlanmış ona məxsus notbuku 5 il bundan əvvəl 800-900 manata almış, hazırda həmin notbukun dəyərinin 300 manat olması ilə bağlı ekspertiza rəyi ilə bağlı narazılığı yoxdur. Notbukdan başqa mağazadan heç bir əşya oğurlanmamışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 avqust 2021-ci il tarixli protokoldan görünür ki, 22.08.2021-ci il tarixdə hadisə yerinə keçirilmiş baxış zamanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 38 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «Karandaş» mağazasından sonuncuya məxsus «HP» markalı notbukun oğurlanması müəyyən edilmişdir. (i.v. 06-10) Məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/6305 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı olan «HP» markalı «Elitebook 2560p» model, sore İ7 xüsusiyyətli notebook istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə olan orta bazar qiyməti təxminən 350,0 manat, hal-hazırda ekranı yanmış vəziyyətdə 300,0 manat müəyyən edilir.(i.v.36-38) Əşyanın tanınması haqqında 01.10.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınma zamanı təqdim edilmiş notbukların arasından özünə məxsus 1 saylı notbuku görünüşü və texniki xüsusiyyətlərinə əsasən tanıyaraq həmin notbukun 22.08.2021-ci il tarixdə icarə əsasında işlətdiyi «Karandaş» mağazasından oğurlanmasını bildirmişdir.(i.v.42-44) Maddi sübutun tanınması barədə 01.10.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus 01 ədəd Çin istehsalı olan «HP» markalı «Elitebook 2560p» model, sore İ7 xüsusiyyətli notebook maddi sübut kimi tanınmışdır.(i.v.46) 01.10.2021-ci il tarixli qəbzdən görünür ki, maddi sübut qismində tanınmış notebook sahibinə qaytarılmışdır.(i.v.47) Bir ədəd CD-R markalı diskə baxış zamanı müəyyən edilmişdir ki, X7 bir nəfər kişi cinsli şəxs ilə birlikdə 22.08.2021-ci il tarixdə saat 03:00-da hadisənin baş verdiyi ünvana yəni Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 38 ünvanına gələrək orada bir müddət tək gəzdikdən sonra yanında olan şəxs əlində notbuk ilə ona yaxınlaşmış və birlikdə həmin ərazini tərk etmişdirlər. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 18.01.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə təqdim edilmiş bir ədəd CD-R markalı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.94-97) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X7 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-nin: 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, X2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X4 CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 21 dekabr 2021-ci il tarixli qərardan görünür ki, X7 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir.(i.v.87) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 22.10.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. (i.v. 55) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 03.03.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs X7 ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, X2 zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X4 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini və hazırda onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları X4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən X2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər icra və probasiya idarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, X7 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat X1 dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Çin istehsalı olan «HP» markalı «Elitebook 2560p» model, sore İ7 xüsusiyyətli notebookun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “KREDO” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “KREDO” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “KREDO” Vəkil Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X7 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər icra və probasiya idarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Çin istehsalı olan «HP» markalı «Elitebook 2560p» model, sore İ7 xüsusiyyətli notebookun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat X1 tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X6, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “KREDO” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “KREDO” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar