Məhkəmə qərarları › İş №1(004)-120/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-120/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-120/2024 04.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri Yasamal rayonu “Kaktus” restoranında yaxınlığında məcburi köçkünlərin binasında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Sosial binaların qarşısında, ağacdan düzəldilmiş komada, istintaqa məlum olmayan “Yusif’ adlı şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq təmənnasız, bir ədəd şəffaf sellofanın içində ağ kağıza bükülmüş vəziyyətdə, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.453 qram olan ağ rəngli kristallardan ibarət maddələr psixotrop maddə hesab olunan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 12:00- da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əlindəki ağ rəngli pul kisəsinin içərisindən bir ədəd bükümdə 0,453 qram çəkidə ağ rəngli kristallardan ibarət maddələr psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə alüdəçisidir, lakin, əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunmamışdır. 16 iyul 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu, Sosial binaların qarşısında, ağacdan düzəldilmiş komada “Yusif’ və “Teymur" adlı şəxslərlə görüşmüş və Yusifin ortaya çıxartdığı metamfetamini hər üçü qəbul etmişlər. Nəticədə bir qədər metamfetamin qalmışdır. Yusif metamfetaminin qalığını ona verərək özündə saxlamağını, sonra yenə sonuncuya qaytaracağını demişdir. O, bir ədəd şəffaf sellofanın içində ağ kağıza bükülmüş metamfetamini Yusifdən götürüb özünə məxsus ağ rəngli pul kisəsinə qoymuşdur. Həmin tarixdə saat 12:00-da Baki səhəri, Yasamal rayonu, N.Hikmət küç. ev 5 ünvanının qarşısında əvvəllər tanımadığı polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci PŞ-nə gətirilmişdir. Polis bölməsində aşkar olunmuş bükümün içərisində nə olduğunu ondan soruşan zaman onun “Şüşə”, yəni psixotrop maddə hesab edilən metamfetamin olduğunu və onu necə əldə etdiyini bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətmiş olduğu əməldən peşman olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 iyul 2023-cü il tarixdə saat 20.06 radələrində vətəndaşın DİN-in 102 Zəng xidmətinə zəng vuraraq 2 nəfər şəxsin Yasamal rayonu, MİDA yaşayış kompleksi 21 saylı binanın qarşısında narkotik vasitələrdən istifadə etməsi barədə vermiş olduğu məlumatın yoxlanılması ilə əlaqədar olaraq 16 iyul 2023-cü il tarixdə təxminən saat 12 radələrində iş yoldaşı ilə birlikdə həmin ünvana yollanmış və ünvan 5samal rayonu, N.Hikmət küçəsində yol kənarında olan ağac kollarının arasından bir nəfər qadının çıxıb iti addımlarla o yan bu yana baxa-baxa gedərək özünü şübhəli aparmasını görüb həmin qadına yaxınlaşıb özlərini təqdim etmiş və sonuncudan harada yaşadığını, üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını, nə məqsədlə həmin kolluğa girdiyini soruşmuş, həmin qadın üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmamasını, Yasamal rayonu ərazisində yaşadığı desə də, yaşadığı evin ünvanını və kolluğa hansı məqsədlə girdiyini izah edə bilmədiyi üçün həmin şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhə yaratdığından sonuncuya onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PŞ-nə getmələri təklif edilmişdir. Daha sonra həmin şəxslə birlikdə PŞ-nə gəlmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olmasını dəqiqləşdirərək bu barədə şöbə rəhbərliyinin adına raportla məruzə etmişlər. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Kamran Cavad tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların, dəvət olunmuş bir nəfər qadın iştirakçının və müdafiəçinin Rasim Almuradovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əlindəki ağ rəngli pul kisəsinin içərisindən şəffaf sellofanda olan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Məhkəmə istintaqı zamanı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Maarif oğlunun elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində qeydiyyatda olsa da, Yasamal rayonu, MİDA yaşayış kompleksi ev 21, mənzil 29-da yaşayır. 15 iyul 2023-cü il tarixdə təxminən saat 20 radələrində yaşadığı binanın pəncərəsindən həyətə baxarkən iki nəfər əvvəllər tanımadığı şəxsin binanın yan tərəfdən qarşısında bir yerdə əyilərək nədənsə istifadə etmələrini görüb onların narkotik vasitədən istifadə etməsini başa düşmüş, onun narkotik vasitə və istifadəçilərinə qarşı uşaqlıqdan nifrəti olduğundan həmin şəxslərin əməllərinin ifşa edilməsi üçün bu barədə DİN-in 102 Zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə (saat 12:00 dəqiqədən) Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 oğlu tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (İ/V. 16). «Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki ağ rəngli pul kisəsinin içərisindən şəffaf sellofanda olan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin bükümdəkinin psixotrop maddə metamfetamin olmasını, şəxsi istifadəsi üçün 16 iyul 2023-cü il tarixdə saat 11 radələrində tanışları Yusif və Teymur adlı şəxslərlə birlikdə narkotik vasitə qəbul etmək qərarına gəlmələri, saat 12 radələrində Yasamal rayonu, MİDA yaşayış kompleksinin qarşısında yerləşən kolluqda birgə narkotik vasitə istifadə etdikdən sonra tanışı Yusifin sonradan özünə qaytarması üçün ona verərək oradan çıxıb getməsini, həmin bükümü pul kisəsinə qoyaraq oradan uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci PŞ-nə gətirilməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs pul kisəsindən aşkar edilmiş 1 ədəd təsbeh, 1 ədəd açar, 1 ədəd alışqan, 1 manat 10 qəpik pul, 1 dəd siqaret qutusunun kağızı, 1 ədəd «Bakı kart», göy rəngli əl çantasından aşkar olunan 1 ədəd dezodorant, 2 ədəd qayçı və 1 ədəd saçyığan özünə qaytarılmışdır. (İ/V. 25-26) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 61-62). “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ/V. 63-64). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3855 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №167» dairəvi möhür əksi və «...Təqsirləndirilən şəxs-imza, İştirakçılar-dörd imza, Təhqiqatçı: K.Cavadov-imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,453 qram ağ kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Ekspertiza tədqiqatının dəyəri 92 manat təşkil edir. (İ/V. 29-33). Məhkəmə ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4556 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 69-70). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. (İ/V. 72). “Sübutların qiymətləndirilməsi haqqında” 11 noyabr 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, iş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,453 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut kimi tanınmalı, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0.05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,403 qram təşkil edən həmin psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (İ/V. 92-97). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasından daxil olmuş 20 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan metamfetamini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdən 18 iyul 2023cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 92 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,403 qram psixotrop maddə metamfetamin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-611/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,403 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar