Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-121/2025 27.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1952-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 03 may 2024-cü il tarixdə saat 10:46:06-da “A1, A, B1, B, C1, C, D1, D, BE, C1E, CE, D1E, DE” kateqoriyasına aid sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus olan “X11 Prado LC 150” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Lətif İmanov küçəsindən Şəfayət Mehdiyev küçəsi istiqamətində saatda 5-10 km sürətlə ünvan 2 ünvanında yerləşən “Metropol” restoranının qarşısında hərəkətdə olan zaman sola dönmə əməliyyatı aparkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sola dönərkən hərəkətin təhlükəsizliyini təmin etmək üçün dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piayadaya yol verməli və bundan sonra hərkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda hadisənin qarşısını almağa texniki imkanı olsa da bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla yolun sağ tərəfindən sol tərəfinə keçən piyada X2 avtomobilin ön hissəsi ilə vuraraq, sonuncuya baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınığı, sağ bazunun sıyrığı, sağ baldırın qançırı kimi xəsarətlər yetirilməklə, ölümlə birbaşa səbəbli əlaqələri olan qapalı kəllə beyin travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə müşahidə olunan baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar olmaqla dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli, sağlamlığına ağır zərər vurulmasına aid xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan X1 ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, dəqiq xatırlamadığı tarixdə idarə etdiyi özünə məxsus “X11 Prado LC 150” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Lətif İmanov küçəsindən Şəfayət Mehdiyev küçəsi istiqamətində hərəkətdə olarkən dönmə əməliyyatını həyata keçirən zaman avtomobilin alt tərəfindən səs gəldiyini eşidərək avtomobilin hərəkətini dayandırmış və avtomobildən düşmüşdür. Həmin vaxt tanımadığı bir şəxsin avtomobilin ön hissəsinin sağ tərəfində yerə yıxılmış vəziyyətdə olduğunu və artıq can verdiyini görmüşdür. O, dərhal təcili yardıma zəng vurmuş, az sonra həmin yerə təcili tibbi yardımın həkimləri yaxınlaşıb həmin piyadaya tibbi yardım göstərsələr də, artıq piyada dünyasını dəyişmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum X4 onun atasıdır. 03 may 2024-cü il tarixində axşam saat 20:00 radələrində atası Həsənağa Bayramov xəstəxanaya getmək məqsədilə yaşadığı evdən çıxmışdır. O, bir qədər sonra atasının mobil telefonuna zəng vurmuş, həmin vaxt telefona müstəntiq cavab verərək ona atası X1 yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişməsi barədə məlumat vermişdir. Bundan sonra onun atası Həsənağanın meyiti morqda daxili müayinə edilmiş, daha sonra meyiti ona təhvil vermişlər. Son olaraq təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək, təqsirləndirilən şəxsə cəza verilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 03 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə L.İmanov küçəsinin kəsişməsidir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa 1.3 üfüqi nişanlanma xətti, hər istiqamət 2 hərəkət zolağına 1.5 üfüqi nişanlanma xətləri ilə bölünmüşdür. Piyada yolun sağ kənarından 6.5 metr məsafə qət etmişdir. (i.v. 4-11) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqənda” 03 may 2024-cü il tarixli protokoldan görünür ki, “X11 Prado LC 150” (minik) markalı **-TT- *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində heç bir zədə və əzik aşkar olunmamışdır. (i.v. 12-17) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 1/3870 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq vəziyyətdə olmuşdur. (i.v. 18) “Götürmə haqqında” protokoldan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsinin görüntülərinin qeydə alındığı bir ədəd DVD disk Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə L.İmanov küçəsində “Karvan Rent a car”-dan götürülmüşdür. (i.v. 25) “Baxış aparılması haqqında” 04 may 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixdə saat 10:46:06-da idarə etdiyi “X11 Rrado LC 150” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Lətif İmanov küçəsindən Şəfayət Mehdiyev küçəsinə doğru sol tərəfə dönmə əməliyyatı aparan zaman yolun Şəfayət Mehdiyev küçəsi 22/24 ünvanında yerləşən “Metropol” restoranının qarşısından keçən hissəsində yolu sağdan sola tərəf keçən piyada X2 avtomobilin ön tərəfi ilə vurmuşdur. (i.v. 27-30, 40-41, 55-56) xx.xx.2022-ci il tarixli BB022206 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs A1, A, B1, B, C1, C, D1, D, BE, C1E, CE, D1E, DE kateqoriyalı sürücüdür. (i.v. 36) BA seriyalı 143982 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X11 Prado LC 150” markalı “sedan” tipli **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. (i.v. 38) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 07 may 2024-cü il tarixli qərardan görünür ki, X6 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (i.v. 36) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X10 xx.xx.2024-cü il tarixli, 62 saylı ekspert rəyindən görünür ki, 1950-ci il təvəllüdlü X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınığı, sağ bazunun sıyrığı, sağ baldırın qançırı xəsarətləri aşkar edilmişdir. Bu xəsarətlər həyati olub ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlaməltərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə bir başa əlaqəlidirlər. X1 ölümünə səbəb-almış olduğu qapalı kəllə beyin travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə müşayiət olunan baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyidin meyidxanadakı müayinə olunduğu vaxtdan təqribən 2-4 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və psixotrop maddələr aşkar edilməmişdir. (i.v. 61- 66) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/2220 saylı, 30 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, “X11 Prado LC 150” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsisin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 73-76) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 12 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) BB 057158 nömrəli “A B C D BE CE DE” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (i.v. 83) “Sübutların qiymətləndirilməsi haqqında” 12 noyabr 2024-cü il tarixli qərardan görünür ki, “Karavan Rent a Car Baku” LLC-nə məxsus avtomobillərin icarəyə verildiyi məntəqədə qurşadırılmış videomüşahidə kamerası ilə xx.xx.2024-cü il tarixdə qeydə alınmış piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri olan DVD disk və “X11 Prado LC 150” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış, avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmış, DVD disk iş materiallarına əlavə edilmişdir. (i.v. 84-91) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i.v. 58) “Qətimkan tədbiri seçilməsi haqqında” 13 noyabr 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seşilmişdir. (i.v. 117-118) X6 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və cəza təyin edilməməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsinin xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə “Baş ağrısı, baş gicəllənmə, sinədə sıxıcı xarakterli, oliqouriya ağrı, halsızlıq, təngənəfəslik və boğulma” şikayətləri ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalına daxil olmuşdur. Aparılan kliniki, laborator və instrumental müayinələrlə xəstəyə “Keçirilmiş miokard infarktı” (İ25.2), “Kəskin işemik insult” (İ63.9), “ÜQDÇ İİİ fs” (İ50.0), “Hipertoniya ıı m” (110.0) və “XBÇ” (N18.0) diaqnozları qoyulmuş və müalicə üçün Reanimasiya şöbəsinə yerləşdirilmişdir. 28 dekabr 2024-cü il tarixdə xəstəyə lazımi təyinat verilərək evə yazılmışdır. “Medistyle Hospital”ın xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs, ondan ötrü ki, o, həqiqətən xx.xx.2025-i il tarixində “MEDİSTYLE” hospitalına müraciət etmiş. Müayinələrdən keçmiş, nevropatoloqun qəbulunda olmuşdur. xx.xx.2025-ci il tarixdə evə yazılmışdır. Aparılan müayinədən sonra xəstəyə “ Kəskin beyin qan dövranı pozğuniuğu. İşemik insult. Xroniki böyrək xəstəliyi. Vaskulyar demensiya.” diaqnozu qoyulmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş səxsin yaxın qohumu olan hüquqi varisinə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, hazırda 72 yaşında olmasını və “Keçirilmiş miokard infarktı”, “Kəskin işemik insult”, “Hipertoniya”, “Kəskin beyin qan dövranı pozğuniuğu”, “Xroniki böyrək xəstəliyi”, “Vaskulyar demensiya” xəstəlikərinin olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və onu xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayəti səmimi etiraf etməsini, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə əməlindən səmimi peşmançılığını, ilk məhkumluğunun olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və hazırda 72 yaşında olmasını və “Keçirilmiş miokard infarktı”, “Kəskin işemik insult”, “Hipertoniya”, “Kəskin beyin qan dövranı pozğuniuğu”, “Xroniki böyrək xəstəliyi”, “Vaskulyar demensiya” xəstəlikərinin olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən onun islah olunması mümkündür. Ona görə də məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin ediləcək sınaq müddətinin əvvəli isə hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş üzrə maddi sübut 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “X11 Prado LC 150” markalı “sedan” tipli **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun. Onun üzərində nəzarətin həyata keçirilməsi və hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut “X11 Prado LC 150” (minik) markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-121/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-121/2025
27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver