Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-122/2021 22.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, H.Aslanov küçəsi, ev 5-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş yaşayış massivi, ev 1B-də yaşamış hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, alkoqol sərxoşluğu vəziyyətində xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən “AF Studio” gözəllik salonunun qarşısına gələrək orada yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs ondan ayrılmaq istəməsi və telefon zənglərinə cavab verməməsini bəhanə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla sonuncunun ünvanına nalayiq ifadələr işlədərək davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə əl zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurmaqla sonuncuya sağ mil-bilək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan, sağ mil-bilək oynağı nahiyəsinin şişkinlik halında əzilməsi, qançırı və mil sümüyünün bizvari çıxıntısının zirvəsinin kortikal sümük qatının qopma xarekterli sınığı, tənəffüs məhdudluğu ilə müşayiət olunan burun sümüyünün cüzi yerdəyişməli sınığı, şişkinliyi, qançırı, sol gicgah və ənsə nahiyəsinin şişkinlik halında əzilməsi kimi Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2017-ci ilinin yay aylarında Zərərçəkmiş şəxs onun fəaliyyət göstərdiyi taksi ilə Bakı şəhərindən Biləsuvar rayonuna getmiş və bu zaman onların arasında ilk tanışlıq yaranmış və bir müddət sonra isə sevgi münasibətləri yaranmışdır. Aralarında bir neçə dəfə şəxsi münasibətlər zəmnində mübahisələri olmuş, hətta bununla bağlı Yasamal RPİ-nin 29-cu PŞ-də araşdırma aparılmış və sonda onlar barışmışlar. xx.xx.2020-ci il tarixdə təxminən saat 11 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığında yemək yeyib spirtli içki qəbul etdikdən sonra Hicrana məxsus Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən "AF Studiya" gözəllik salonuna gedərək orada yatmaq istəmişdir. Bir müddət salonda olduqdan sonra o yata bilmədiyi üçün oradan çıxaraq Hicranın mobil telefonuna zəng etmiş, lakin sonuncu onun zənglərinə cavab vermədiyi üçün o əsəbləşmişdir. Buna görə o Hicrana əsəbləşərək "Yasamal MALL" adlanan ticarət mərkəzinin qarşısında dayanan sonuncuya məxsus "Chevrolet Aveo" markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünü sındırıb və avtomobilin hər iki qeydiyyat nişanını açaraq götürmüşdür. Həmin nömrələri Hicrana məxsus salona aparıb qoyan zaman sonuncunun salonun yaxınlığındakı binanın yan hissəsi ilə hərəkət etdiyini görmüşdür. Bu zaman o Hicrana tərəf iti addımlarla gedərək sonuncuya yaxınlaşıb, əli ilə onun üz və baş nahiyəsindən vurmuş və Hicran həmin an səs-küy saldığı üçün oradan qaçaraq uzaqlaşmışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Bundan sonra heç vaxt Hicranı və onun ailəsini narahat etməyəcəyinə məhkəmə qarşısında söz verərək dediklərini yazılı formada məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə taksi sürücüsü kimi tanış olmuş, sonradan isə onların aralarında dostluq münasibəti yaranmışdır. Elşən onu bacıları və anası ilə tanış etmiş, bundan sonra münasibətləri daha da yaxşı olmuşdur. Lakin bir müddətdən sonra onların münasibəti pisləşmiş və Elşən onu döyüb xəsarət yetirməyə başlamışdır. Bu səbəbdən o bir neçə dəfə polisə şikayət etmiş, lakin sonradan barışdığı üçün Elşənə heç bir cəza verilməmişdir. Bundan sonra o Elşənə onunla əlaqə saxlamayacağını bildirmiş və telefon zənglərinə cavab vermədiyi üçün xx.xx.2020-ci il tarixdə gecə saatlarında “Yasamal Mall” adlanan ticarət mərkəzinin qarşısında saxladığı özünə məxsus "Chevrolet Aveo" markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol yan güzgüsünü sındıraraq, ön və arxa dövlət qeydiyyat nişanını açaraq yararsız vəziyyətə salmışdır. Bundan sonra o bu barədə şikayət ərizəsi ilə polisə müraciət etmiş, lakin bunu bildikdən sonra Elşən onu hədələyərək ərizəsini geri götüzdürməyə çalışmışdır. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Elşən içkili vəziyyətdə onun işlədiyi "Af Studiya" gözəllik salonuna gedərək, onun telefon zənglərinə cavab vermədiyi üçün ətrafda camaatın olmasına baxmayaraq salonun qarşısında küçədə onu nalayiq sözlərlə təhqir edib və başına, sifətinə, burnuna və bədəninin müxtəlif yerlərinə yumruqla vuraraq xəsarət yetirmiş, həmin vaxt orada olan qızı Fidan onu Elşənin əlindən almaq istəmiş, lakin gücü çatmamış, sonradan isə oradan qaçıb getmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərdi ki, hazırda Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə 12 ünvanında yerləşən “AF Studiya” gözəllik salonunda dırnaq ustası işləyir. Həmin salonu onun anası Hicran işlədir. X4 bir il bundan əvvəl tanımışdır. Elşən onların yaşadıqları evin qapısına gələrək anası Hicranı narahat etmiş, ondan pul istəmiş, həmin vaxt anası Hicran Elşənə pul verib yola salmışdır. O anasından Elşənin kim olduğunu soruşduqdan sonuncu ona Elşəni 2 ildir taksi sürücüsü kimi tanıdığını və aralarında dostluq münasibəti yarandığını demişdir. 2019-cu ildə anası Hicran Elşənə hissə-hissə olmaqla ümumilikdə 5.800 manat pul vermiş, lakin Elşən həmin məbləği ona qaytarmamışdır. Hicran bir neçə dəfə Elşəndən borcunu istədikdə, sonuncu pulu verməmiş və anasına hədəqorxu gəlmişdir. Bundan sonra anası Elşənlə münasibəti qurtarmaq istəmiş, lakin sonuncu bununla razılaşmadığı üçün anasını hədələyərək özündə olan anasının lüt şəkillərini ona, bacısı Aydanın əri olan Orxana və atası Ziyaya göndərəcəyini bildirmişdir. Elşən anası Hicranı döyüb xəsarət yetirdiyi üçün anası ondan bir neçə dəfə polisə şikayət etmiş, lakin sonradan onunla barışdığı üçün Elşənə cəza verilməmişdir. xx.xx.2020-ci il tarixdə gecə saatlarında anası Elşənin telefon zənglərinə cavab vermədiyi üçün Elşən “Yasamal Mall” adlanan ticarət mərkəzinin qarşısında anası Hicrana məxsus "Chevrolet Aveo" markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını görüb, avtomobilin sol yan güzgüsünü sındırıb, ön və arxa dövlət qeydiyyat nişanını açaraq yararsız vəziyyətə salmışdır. Bundan sonra həmin gün saat 12 radələrində "Af Studiya" gözəllik salonunun qarşısına gələrək salonun qarşısında küçədə anası Hicranı nalayiq sözlərlə təhqir edib, sonuncunun başına, sifətinə, burnuna və bədəninin müxtəlif yerlərinə yumruqla vurub xəsarət yetirmişdir. O anasını Elşənin əlindən almaq istəmiş, lakin gücü çatmadığına görə orada olan tanımadığı adamların köməkliyi ilə anasını Elşənin əlindən almış və sonuncu qaçıb oradan uzaqlaşmışdır. Həmin hadisə təxminən 25-30 dəqiqə davam etmiş, mübahisənin baş verməsinə səbəb isə anası Hicranın bir neçə gün əvvəl Elşənlə əlaqə saxlamaması və ondan ayrılmaq istəməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15, mənzil 225-də qeyri-rəsmi arvadı olan Zərərçəkmiş şəxs və qızı Şahid1 qızı ilə birlikdə yaşayır, hal-hazırda heç bir yerdə işləmir, təqaüdçüdür. Hicran fərdi əməklə məşğul olaraq Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə 12 ünvanında yerləşən “AF Studiya” gözəllik salonunu işlədir, qızı Fidan isə orada dırnaq ustası işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində Hicran və qızı Fidanla birlikdə "Chevrolet Aveo" markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yolda polis əməkdəşı onları saxlamış və ona avtomobilin oğurluq olması bildirilərək onları 29cu Polis Şöbəsinə dəvət etmişdir. Orada avtomobilin dövlət nömrə nişanı oğurlandığı üçün şikayət olduğu bildirilmiş, sonradan isə qeyri-rəsmi arvadı Hicran başına gələnlərin hamısını ona danışmışdır. Hicran ona Təqsirləndirilən şəxs təxminən 2 il əvvəl tanıdığını, onunla dostluq münasibətinin olduğunu, hətta Elşənin Hicranı öz bacıları və anası ilə tanış etməsini, bundan sonra aralarında daha yaxın münasibət olduğunu demişdir. 2019-cu ilinin iyun ayının əvvəllərində Elşən müxtəlif vaxtlarda hissə-hissə olmaqla Hicrandan 5800 manat pul almışdır. Bundan sonra Hicran bir neçə dəfə Elşəndən ayrılmaq istəmiş, lakin Elşən Hicranı hədələyərək ayrılmaması üçün sonuncunun onda olan lüt şəkillərini qızının əri Orxana, Fidana və ona göndərəcəyini bidirmişdir. O Bakı şəhərində olmadığı müddətdə Elşən Hicranı bir neçə dəfə döyüb xəsarət yetirmiş və buna görə Hicran polisə şikayət etmiş, lakin sonda onlar barışdığına görə Elşənə heç bir cəza verilməmişdir. Bundan sonra Hicran Elşənin telefon zənglərinə cavab vermədikdə və onunla əlaqə saxlamaqdan imtina etdikdə ona hədə-qorxu gələrək onunla əlaqə saxlamayacağı təqdirdə onda olan intim şəkillərini yayacağını bildirmişdir. xx.xx.2020-ci il tarixdə gecə saatlarında Elşən Hicranın “Yasamal Mall” adlanan ticarət mərkəzinin qarşısında saxladığı "Chevrolet Aveo" markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin dayandığını görüb, avtomobilin sol yan güzgüsünü sındırmış, ön və arxa dövlət qeydiyyat nişanlarını açaraq yararsız vəziyyətə salmışdır. Bundan sonra həmin tarixdə saat 12 radələrində Elşən Hicranın işlədiyi "Af Studiya" gözəllik salonunun qarşısına gedərək salona daxil olub Hicranı nalayiq sözlərlə təhqir etmiş, həmin vaxt yumruqla Hicranın başına, sifətinə, burnuna və bədəninin müxtəlif yerlərinə vurub xəsarət yetirmiş, hadisə zamanı orada olan qızı Fidan anasına kömək edib onu Elşənin əlindən almaq istəmiş, lakin gücü çatmadıqda ətrafa toplaşan şəxslər kömək edib Hicranı Elşənin əlindən almış, bu zaman Elşən qaçaraq hadisə yerindən getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinin müayinə olunması barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ünvan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 12 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “AF Studio” gözəllik salonu qarşısıdır. Baxış zamanı Zərərçəkmiş şəxs məxsus “Chevrolet Aveo” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünün sındırılması, eyni zamanda ehtiyyat hissələrinə zərər yetirilməsi aşkar edildmişdir. (i.v. 10-11) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, 961 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədən səthində sağ mil-bilək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan, sağ mil-bilək oynağı nahiyəsinin şişkinlik halında əzilməsi, qançırı və mil sümüyünün bizvari çıxıntısının zirvəsinin kortikal sümük qatının qopma xarakterli sınığı, tənəffüs məhdudluğu ilə müşayiət olunan burun sümüyünün cüzi yerdəyişməli sınığı, şişkinliyi, qançırı, sol gicgah və ənsə nahiyəsinin şişkinlik halında əzilməsi kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx xxxxxx 2020-ci il tarixə uyğundur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa Az Ağır zərər vurmaya aiddir. (i.v. 23-26) “CD diskin təqdim edilməsi və baxış keçirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Şahid2 bildirmişdir ki, təqdim etdiyi diskdəki əks olunan şəkillər qeyri-rəsmi yaşadığı arvadı Zərərçəkmiş şəxs məxsusdur və həmin görüntülər Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs tərəfindən görüntülü danışdıqları zaman çəkilərək ona göndərilmişdir. Eləcə də həmin diskin içərisindəki votsap yazılar Təqsirləndirilən şəxs tərəfindən yazılıb ona göndərilmişdir. (i.v. 143) “CD diskin təqdim edilməsi və baxış keçirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Şahid1 qızı bildirmişdir ki, təqdim etdiyi diskdəki video görüntülərdə əks olunan lüt şəkillər anası Zərərçəkmiş şəxs məxsusdur və həmin görüntülər anasının tanışı Təqsirləndirilən şəxs tərəfindən görüntülü danışdıqları zaman çəkilərək ona göndərilmişdir. Eləcə də həmin diskin içərisindəki votsap yazılar Təqsirləndirilən şəxs tərəfindən yazılıb ona göndərilmişdir. (i.v. 144) xx xxxxxx 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilkin verdiyi ifadəni təkrar olaraq Təqsirləndirilən şəxsun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (i.v. 147-150) “İfadənin yerində yoxlanılması haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində ünvan 4 ünvanında tanışı Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı yumruqla üzündən və başından vuraraq, ona xəsarət yetirmiş, sonra hadisə yerindən çıxıb getmişdir. (i.v. 160-163) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür kicinayət işi üzrə Zərərçəkmiş şəxs və şahidlər X5 və X6, təqsirləndirilən X2 ifadələri, hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması protokolları, üzləşdirmə istintaq hərəkəti protokolu, Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1 qızının təqdim etdikləri 04 ədəd CD diskə baxış keçirilməsi istintaq hərəkəti protokolu, məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 961 nömrəli rəyi iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1 qızının təqdim etdikləri cəmi 04 ədəd CD disk maddi sübut kimi tanınmışdır. (i.v. 176-188) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxslərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 16-cı bəndinə əsasən, sağlamlığın uzun müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Həmin Qaydaların 17-ci bəndinə əsasən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10 faizdən 33 faizə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və.s aid edilir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərəçkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da Azərbaycan şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 75) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 4(004)-12/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilərək onun barəsində həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla 02 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 116-118) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxxxx 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 174-175) Tibbi-Sosial Ekspert Komisiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi haqqında çıxarışdan görünür ki,Təqsirləndirilən şəxs İİİ qrup əlildir. (i.v. 170) Biləsuvar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X7, həyat yoldaşı X8, uşaqları X15 və X12 ilə birlikdə Biləsuvar şəhəri, H.Aslanov küçəsi 5 nömrəli evdə yaşayırlar. (i.v. 171) Biləsuvar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Əhədov X3 şəhər sakinidir. Ailəlidir, iki övladı vardır. Fərdi əməklə məşğuldur. Yaşadığı ərazidə qonşuların deməsinə görə onlarla səmimi davranır. Yaşadığı ərazinin sakinləri ondan razılıq edirlər. Onun barəsində nümayəndəliyə hüquq mühafizə orqanlarından heç bir təqsirləndirici material daxil olmamışdır. (i.v. 172) Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş maddi ziyan 4000 manat pul təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ödənilmişdir. Bu səbəbdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməklə səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını, İİİ qrup əlil olmasını, himayəsində yaşlı anasının və azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs münasibətdə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə barışmasını, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək olan həbsdə saxlanıldığı 3 (üç) ay 17 (on yeddi) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Biləsuvar şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Biləsuvar Rayon Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X11 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X11 məhkəməyədək icraat zamanı iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat, X1 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə saxlanıldığı xx xxxxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək olan 03 (üç) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 07 (yeddi) ay 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Biləsuvar Rayon Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X11 məhkəməyədək icraat zamanı iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-122/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-122/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver