Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-122/2022 16.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:25 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi sürücü işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən sağlamlığına ağır zərər vuran cinayət əməlini törədərək hadisə yerindən qaçmışdır. Belə ki, o, 10.01.2022-ci il tarixdə saat 04 radələrində etibarnamə əsasında idarə etdiyi Mercedes Benz 0303 markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı- Kənar-Dairəvi avtomobil yolunun Yasamal rayonu ərazisindən keçən 13.1-ci kilometrliyində Bakı istiqamətində üçzolaqlı yolun orta zolağı ilə 80 km/saat sürətlə yaxın vuran işıqlarla hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin qanunun 37 maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu, zərər çəkənə “təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkmiş şəxsi tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada özünün şəxsiyyətini təsdiq edən və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyat sənədini təqdim etməli və sonra hadisə yerinə qayıtmalı olduğu halda bunları etməyərək hərəkəti istiqamətində yolun orta zolağında piyada X1 dizi üstə dayandığını görüb hərəkətini davam etdirmiş, bununla əlaqədar dizi üstə dayanmış piyada N.İsheyeva avtobusun ona tərəf yaxınlaşdığı vaxt sola doğru iməkləmək istərkən avtobusun sağ qabaq hissəsi ilə piyadanı vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Nelli İsheyevanın sağ baldırın diz oynağından qopub aralanması, sol ayağın aşıq-baldır oynağı nahiyəsindən natamam aralanması, qarın boşluğu orqanlarının cırılması, sklet sümüklərinin çoxsaylı sınıqları, bədənin çoxsaylı sıvrıqları və qançırları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti alaraq ölməsinə, habelə Mercedes Benz 0303 markalı, 90-SP- 612 dövlət qeydiyyat qeydiyyat nişanlı avtobusun zədələnərək sahibi Zərərçəkmiş şəxs 13 manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz 0303 markalı avtomobillə hadisə yerindən qaçmışdır. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10.01.2022-ci il tarixdə saat 03:55 radələrində idarə etdiyi avtobusla Bakı-Kənar-Dairəvi yolun Yasamal rayonu ərazisindən keçərkən avtobusu orta zolaqda 80 km/saat sürətlə yaxın vuran işıqlara hərəkət etdirmişdir. Hadisə zamanı piyada qadın orta zolaqda tək diz üstə oturmuşdur. Məsafə yaxın olmuşdur. Təxminən bir metr sola diz üstə sola hərəkət etmiş, bu zaman avtobusun qabaq sağ tərəfi ilə piyadanı vurmuşdur. O, hadisə yerində olanda heç bir maşın və kənar adamlar olmamışdır. O, heç bir spirtli içki qəbul etməmişdir. Hadisə zamanı avtobus texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Hadisədən sonra dərhal sərnişinləri avtovağzalda düşürtmüşdür. Avtobusun qabaq hissəsinə baxdıqda qabaq buferin sağ tərəfində əzik olduğunu, ön buferin aşağı hissəsində olan duman işıqlarının sınıb düşdüyünü görmüşdür. Hadisədən sonra qorxusundan hadisə yerindən çıxıb getmiş və heç bir yerə məlumat verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, digər zərəçəkmiş şəxsin isə ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alıb barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınan X10 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona vurulan ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq şahid qismində dindirilmiş X5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, X8 onun doğma qızı olmuşdur. Onunla birgə Beyləqan rayonu, Dünyamalılar kəndində yaşamışdır. 10 yanvar 2022-ci il tarixdə, saat 04 radələrində Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayon ərazisindən keçən 13,1-ci kilometirliyində, Bakı istiqamətli yolda Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz 0303 markalı avtobusla qızı 1976-cı il təvəllüdlü X6 piyada qismində olarkən vurmuş, nəticədə Nelli İsheyeva aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Elə həmin günü qızının meyiti meyitxanada müayinə olunduqdan sonra onlar təhvil almış və meyiti Beyləqan rayonu, Dünyamalılar kənd qəbiristanlığında dəfn etmişlər. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini ona dəymiş ziyanın ödənildiyini və hazırda atası olan Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Cahandir qızının məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ona məxsus avtobusu etibarnamə əsasında atası Təqsirləndirilən şəxs idarə edir. 10.01.2022-ci il tarixdə saat 04 radələrində atası Təqsirləndirilən şəxs qeyd edilən avtobusu Bakı-kənar- Dairəvi yolla Biləcəri istiqamətində hərəkət etdirərkən həmin yolun Bakı şəhəri, Yasamal rayonu, ərazisindən keçən 13,1-ci km-də yolu keçmək istəyən piyadanı vurması nəticəsində avtobusun əzilməsi ilə əlaqədar ona 13 manat ziyan dəymişdir. Ona dəymiş maddi ziyanla bağlı atası Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiası yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 10.01.2022ci il tarixdə atası Cahangirin idarə etdiyi Mercedes Benz 0303 markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtobusla Şəmkir rayonundan Bakı şəhərinə hərəkət edib Hacıqabul rayonu ərazisindən keçərkən yorğun olduğu üçün avtobusda arxa oturacaqda uzanıb yatmışdır. Avtobusda ondan başqa 8 nəfər sərnişin olmuşdur. Bakı şəhərinə çatmağa az qalmış avtobusun ləngər vurduğunu hiss edib ayılmış, atası Cahangirin avtobusu yolun sağına çəkib saxladığını görmüşdür. Atası ona həyəcanlı şəkildə avtobusu sola çəkdiyini, lakin piyadanı vurduğunu demişdir. Avtobusda olan sərnişinləri oyatmış, düşüb avtobusun qabaq hissəsinə baxdıqda ön buferin sağ tərəfində batıq olduğunu, buferin üstündə sağda olan duman farasının qırılıb düşdüyünü görmüşdür. Atası Cahangir idarə etdiyi avtobusla avtovağzaldan çıxıb həmin yola Bakı-Kənar- Dairəvi yol ilə ticarət mərkəzinə getmişlər. Təxminən 1-2 saatdan sonra onun istifadəsində olan mobil telefon nömrəsinə polislər zəng vurub Yasamal RPİ-nə gəlmələrini bildirmişlər. O, atası ilə birlikdə Yasamal RPi-nə getmiş, orada atası yol- nəqliyyat hadisəsi törətdiyini etiraf etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 10.01.2022ci il tarixdə Mercedes Benz markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhərinə gedərkən yatdığı üçün hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. Həmin vaxt avtobusda 7-8 nəfər sərnişin olmuşdur. O, həmin sərnişinləri tanımırdı. Hadisə zamanı o heç bir xəsarət almamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X12 oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 10 yanvar 2022-ci ildə saat 04 radələrində idarə etdiyi BMW 520 markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Kənar-Dairəvi yolu ilə üzü Biləcəri istiqamətində orta zolaqla hərəkət edərkən yolun solunda sol zolaqda 2 qaraltı görüb avtomobili saxlamışdır. Həmin vaxtı meyit görmüşdür. Dərhal 102 qaynar xəttə zəng vuraraq məlumat vermişdir. Bir müddət sonra oraya yol polisi gəlmişdir. Qeyd etmişdir ki, yolda meyit görsə də orada başqa avtomobil olmamışdır. Hadisə yerində ölənin qadın olması və həmin qadını naməlum avtomobilin vuraraq sürücünün qaçması ona məlum olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının 26.01.2022-ci il tarixli 03 nömrəli rəyi ilə təsdiq olunur ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ baldırın diz oynağından qopub aralanması, sol ayağın aşıq-baldır oynağı nahiyəsindən natamam aralanması, qarın boşluğu orqanlarının cırılması, sklet sümüklərinin çoxsaylı sınıqları, bədənin çoxsaylı sıyrıqları və qançırları həyatidirlər, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən, hərəkətdə olan avtomobilin X6 vurması nəticəsində, avtomobilin hissələrinin və yer örtüyünün təsirindən törənə bilərdi, törənmə müddəti 10.01.2022- ci il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyır, ölümün başvermə səbəbi ilə birbaşa əlaqəlidir. Ölümünə səbəb, onun almış olduğu həyatla bir araya sığmayan travma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müavinə olunduğu vaxtdan təqribən 6-8 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində fenilalkilamin qrupuna aid olan Amfetamin adlı və 1.27%0 qatılığında etil spirti aşkar edilmişdir. Bu qatılıq canlı şəxslərdə yüngül dərəcəli sərxoşluğun əlamətlərini daşıyır (cild 1, səh. 153- 159). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının 27 yanvar 2022-ci il tarixli, 6/233, 6/238, 8/101 nömrəli rəyi ilə təsdiq olunur ki, Mercedes Benz 0303 markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtobusun üzərindən götürülmüş lif nümunələri olan süngərlərin səthindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə X7 məxsus olduğu qeyd edilən geyim əşyalarından-01 ədəd gödəkçənin süni xəz əlavəsinin tərkib lillərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X7 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərində boya mikrohissəcikləri və həmçinin avtonəqliyyat vasitələrinə məxsus lak-boya örtüyünün sürtünmə izləri və ya mikrohissəcikləri aşkar edilmədiyindən təqdim olunmuş Mercedes Benz 0303 markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtobusun lak-boya örtüyündən götürüldüyü qeyd edilən lak-boya nümunələri müqayisəli tədqiqat aparılmadı.Ekspertiza xərci 254 manat təşkil edir (cild 1, səh, 160-164). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 11 yanvar 2022-ci il tarixli, 8/78 nömrəli rəyi ilə təsdiq olunur ki, Mercedes Benz 0303 markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza xərci 100 manat təşkil edir (cild 1, səh. 82-85). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 yanvar 2022-ci il tarixli 97 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından məlum olur ki, 10.01.2022-ci il tarixində saat 16.00-da müayinə vaxtı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir (cild 1, səh. 39). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, səh. 139-140). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN BDYPİ Qİİ tərəfindən verilmiş 21.01.2022-ci il tarixli 016-13180-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1966cı il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Təqsirləndirilən şəxs 05.09.2012-ci il tarixdə (05.09.2022-ci il tarixədək müddətə etibarlı olan) AB seriyalı 760624 nömrəli «BCD» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur (cild 1, səh. 166). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, avtobus markalı nəqliyyat vasitəsinin havanın qaranlıq vaxtı Bakı istiqamətli yolda hərəkət etdiyi, bir anlıq sola-sağa ləngərləyərək hərəkətini davam etdirib avtobusun yolun sağ kənarında dayandığı, daha sonra isə sürücünün avtobusu hadisə yerindən sürüb uzaqlaşmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 fevral 2022-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, iş üzrə Mercedes Benz 0303 markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobil, Nelli İsheyevaya məxsus geyim əşyaları, avtobusun qırılmış hissələri, habelə bir ədəd disk maddi sübut kimi tanınmış və avtomobil saxlanılması üçün sahibinə qaytarılmış, geyim əşyaları və avtobusun qırılmış hissələoi saxlanılması üçün Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin saxlanc anbarına təhvil verilmiş, disk cinayət işinə əlavə edilmişdir (cild 1, səh. 119, 165). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 10.01.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Səbail Rayon Məhkəməsinin 4(009)-8/2022 nömrəli 12.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 63-64, 109-110). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09.03.2022-ci il tarixdə 1 saylı Beyləqan rayon Notariat ofinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş X10 tərəfindən yazılmış ərizədən məlum olur ki, onun Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur, onunla barışmışdır, ona vurulan maddi ziyan tam ödənilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09.03.2022-ci il tarixdə 1 saylı Beyləqan rayon Notariat ofinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş X10 tərəfindən yazılmış ərizədən məlum olur ki, o, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir, və xahiş edir ki, işə onun iştirakı olmadan baxılsın. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir şəhər İnzibati Ərzai dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 11.01.2022 -ci il tarixli, 02-Ç/02 nömrəli xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmuş və yaşadığı müddət ərzində yaşayış yerindən mübət xarakterizə olunmuşdur (cild 1, səh. 87). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-8/2022 saylı, 12.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 yanvar 2022-ci il tarixdən hesablanmaqla iki ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun həmin cinayətləri törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri, iş materiallarında olan video görüntü, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini və dəymiş ziyanı taş şəkildə ödənilməsini, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuşcəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə bu Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1.-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 10 yanvar 2022-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, İş üzrə maddi sübut kimi tanınmış Mercedes Benz 0303 markalı, ** SP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə qaytarılması nəzərə alınmalı, İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin saxlanc anbarina təhvil verilmiş yararsız vəziyyətdə olan Nelli İsheyevaya məxsus geyim əşyaları və avtobusun qırılmış hissələri məhv edilməli, Təqsirləndirilən şəxs 354 (üç yüz əlli dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X13 oğlunun vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.03.2022-ci il tarixli, 1(004)-122/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 04 (dörd) iş saatına bərabər hesab edilərək, göstərilmiş 04 (dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azəraycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Mercedes Benz 0303 markalı, ** SP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin saxlanc anbarina təhvil verilmiş yararsız vəziyyətdə olan Nelli İsheyevaya məxsus geyim əşyaları və avtobusun qırılmış hissələri məhv edilsin. Təqsirləndirilən şəxs 354 (üç yüz əlli dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 4 Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-122/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-122/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver