Məhkəmə qərarları › İş №1(004)-124/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-124/2020

06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-124/2020 06.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “xxxxxxxx” ASCdə fəhlə işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, General A.Abbasov küçəsi ev 16, mənzil 81-də qeydiyyat olan və Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 28-də yaşayan barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,158 qram və 0,143 qram, ümumi təmiz çəkisi 0,301 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, özündə saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri Yasamal rayon polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 1 ünvanında saxlanılıb Bakı şəhəri Yasamal rayon polis İdarəsinin 28-ci Polis Bölməsinə aparılaraq, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeyd edilən bükümlərdəki narkotik vasitə olan heroin onun əynində olan gödəkçənin sol yan cibindəki kibrit qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən iki il əvvəl inyeksiya vasitəsi ilə narkotik vasitə olan heroin qəbul etməyə başlamışdır. Əvvəl bədənində olan küt ağrıları müvəqqəti olaraq sakitləşdirmək məqsədi ilə, sonradan isə mütəmadi olaraq qəbul etməyə başlamışdır. Həmin narkotik vasitəni xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı bir kişidən 9 manata almışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində yaşadığı evdə iynə olmadığından həmin narkotik vasitəni özü ilə götürərək, onu qəbul etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən aptekə daxil olub oradan birdəfəlik iynə almaq istəyərkən iki nəfər kişi cinsli mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona məlum olmuşdur ki, qeyd edilən şəxslər Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkilləridir. Daha sonra onlar bir yerdə Yasamal RPİ-nin 28-ci PB-nə getmişlər. Orada ona üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Təhqiqatçı tərəfindən aparılan şəxsi axtarış və götürmə zamanı ondan üzərində daşınması və saxlanılması qanunsuz hesab edilən hərhansı bir əşya, maddə olub-olmaması soruşulmuş, əgər vardırsa təqdim etməsi təklif edilmişdir. Bu zaman o, təhqiqatçıya əynindəki qara rəngli gödəkçənin sol yan cibində olan kibrit qutusunun içərisində iki ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu bildirərək təqdim etmiş və bunların hamısı video görüntü ilə qeydə alınmışdır. Daha sonar polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin protokolu və zərfi imzalamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni digər şəxsə satmaq məqsədi olmamış, həmçinin əvvəllər heç kəsə narkotik vasitə satmamışdır. Əməlindən peşmandır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onun daimi yaşamaq üçün evi olmadığından, müvəqqəti olaraq anası ilə bir yerdə gohumlarının evində yaşamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-ya daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olan, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə saat 10:00-da ünvan 3 ünvanında yerləşən aptekdən birdəfəlik iynə almaq istəyən saxlanılmışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə şübhəli olması onun diqqətinə çatdırıb və onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-ya getməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs onun bu təklifinə etiraz etmədən onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-ya getmişdir. Yasamal RPİ-nin 28-ci PB-də təhqiqatçı Kamil Rahmanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə, həmçinin video çəkilişlə Təqsirləndirilən şəxs üzərində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hər-hansı bir əşyanı, maddəni təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibində olan kibrit qutusunun içərisində iki ədəd bükümdə narkotik vasitə olduğunu bildirərək təqdim etmişdir. Həmin bükümlərin içərisinə nəzər salındıqda orada spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddənin olması müəyyən edilmişdir. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən 2 ədəd bükümdə narkotik vasitəni bir gün əvvəl Sumqayıt şəhəri Corat qəsəbəsində, yas mərasimində tanımadığı şəxsdən 9 manata aldığını və tutulduğu gün həmin narkotik vasitəni istifadə etmək niyyətində olduğunu, bunun üçün aptekə daxil olaraq oradan birdəfəlik iynə almaq istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsada onun üzərindən hər-hansı bir digər əşya və ya maddə aşkar edilməmişdir. Təqdim edilən 2 ədəd bükümdəki narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Aşkar edilmiş bükümlərdəki maddələr məhkəmə kimyəvi ekspert tədqiqatından keçirilmiş və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,158 qram və 0,143 qram, ümumi təmiz çəkisi 0,301 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni digər şəxsə satmaq və ya pay vermək kimi məqsədi olmamış, həmçinin əvvəllər heç kəsə narkotik vasitə satmamışdır Məhkəmə iclasında dindirilmiş Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiklərini öz ifadəsində bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən aşkar edilib götürülməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 18) “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən kibrit qutusunun içərisindən iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində qəhvəyi rəngli toz şəkilli maddə öz dediyinə görə narkotik vasitə - “kokos” olan iki ədəd bükülünü çıxarıb könüllü olaraq təqdim etmişdir; (i.v. 27-28) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının xx.xx.2020-ci il tarixli 4380 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “....Təqsirləndirilən şəxs....” sözləri və imzalar olan bir ədəd zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,158 qram, 0,143 qram, ümumi təmiz çəkisi 0,301 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; (i.v. 36-37) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(004)- 136/2020 nömrəli qərarından görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır; (i.v. 73-74) “Videoyazıya baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təxminən iki ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etməyə başladığını və son vaxtlar “kokos” adlanan narkotik vasitələrdən istifadı etdiyini bildirir. Həmçinin hazırda da əynindəki gödəkçənin sol yan cibində olan kibrit qutusunun içində iki ədəd bükülüdə narkotik maddə olduğunu bildirir. (i.v. 78-79) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2020-ci il tarixli 771 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v. 81-82) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; (i.v. 83) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,158 qram və 0,143 qram olmaqla ümumi təmiz çəkisi 0,301 qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,201 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə birlikdə həmin maddi sübutla tanış olduqdan sonra maddi sübut saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinə təhvil verilmişdir; (i.v. 84-88) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən videogörüntüləri əks etdirən bir ədəd “Gold CD-R” markalı, 700MB/80min/52X texniki göstəricili disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir; (i.v. 84-88) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,301 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: Təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini və əməlindən səmimi peşman olmasını; Yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (əsas: 52 saylı Mənzil İstismar Kooperativi tərəfindən verilmiş xasiyyətnamə) ; Müvəqqəti saxlanıldığı istintaq təcridxanası üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə heroinin qalıq çəkiləri məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər Mərkəz saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 AZN (bir yüz əlli manat) pul Bakı şəhər Mərkəz Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 0,201qram qalıq çəkisi olan heroin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 65,00 manat (altmış beş) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 150 AZN (bir yüz əlli manat) pul Bakı şəhər Mərkəz Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi iləBakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar