Məhkəmə qərarları › İş №1(004)-124/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-124/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-124/2024 24.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orla təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 87 Xəzər RPİ-nin inzibati binasında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu H.Aslanov küçəsi 87-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə saat 22:00 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən "Qara Qarayev" parkında olarkən əvvəllər tanımadığı və heç bir münasibətinin olmadığı Şahid2 və Şahid3 ünvanına xoşagəlməz sözlər işlətməsinə görə sonuncular tərəfindən oraya çağrılan qohumları Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq irad bildirib etdiyi hərəkətlərin əxlaq normalarına uyğun gəlmədiyini bildirməsini bəhanə gətirməklə heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb ictimai qaydaya, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək ucadan nalayiq ifadələr işlədib səs-küy salmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib özünün müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü Zərərçəkmiş şəxs2, eləcə də orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla sağ əlində olan istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 sinə nahiyyəsinə bir dəfə qəsdən vurub zor tətbiq etməklə sonuncuya döş qəfəsinin sol yarısının kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 avqust 2023-cü il tarixdə saat 06 radələrində ünvan 1 ünvanının ümumi həyətində dayanmış Zərərçəkmiş şəxs1 məxsus 2300 manat dəyərində MOON markalı mopedin hərəkət kilidini sındırmaqla mühərriki işə salmadan gizli olaraq talayıb yaşadığı ünvan 2 ünvanına sürüyüb apararaq Zərərçəkmiş şəxs1 2300 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Nizami kinoteatrının arxasında idi, dostları ilə orada əyləşmişdir. Gəlmişlər, qıraqdan xanımlar keçirmiş, o, dostları ilə oturmuşdur. O, dostuna salam vermiş, bu da elə bilmişdir ki, o, qızlara əsəbləşmişdir, xanımlara. 15 yaşında Rəhman adında yeniyetmə uşaq idi. Sonra Rəhman yaxınlaşıb ona, o da demişdir ki, sataşmamışdır, dostuna salam vermişdir, qızlar da xalası uşaqları ilə gələndə davadalaş olmuşdur. Zərərçəkmiş şəxs2 də qızların qohumu idi. Oğurluğa gələndə isə moped olmuş, götürüb aparmışdır, başqa insanlara sürmək məqsədilə, sonra polis onu tutmuşdur. Törətmiş olduğu əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkənlərə dəymiş ziyanı ödədiyini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, hadisə olan gündən onun oğlu burda olmuş, 3 gün idi gəlmişdir, hadisə olmuş, iyun ayının 18-də, bütün izahatlarını özü vermiş, bütün bölmələrə özü getmişdir, o, heç bir yerə getməmişdir, həmçinin həmin o xalası qızı və digəri iki-üç gün imiş ki, Polşadan gəlmişdilər, biletlər də var idi, Nəsimi rayonu ərazisində park tərəflərdə gəzəndə bu hadisə olmuşdur, nə isə, həmin getdiyi gün etibarnamə vermişdir ki, birdən nəyəsə lazım olar. Təqsirləndirilən şəxsi birinci dəfə yanvar ayının 12sində məhkəmə iclasında gördü, bu gün ikinci dəfədir görür, valideynləri ilə isə nə görüşüb, nə də danışıb, oğlu özü ərizə yazıb, deyir cavanlıq idi, olub keçib. Hazırda özü də istəmir, cavan uşaqdı, cavanlığına bağışlayır. Ərizə yazıb, qalanını da məhkəmə bilər, qanun bilər. Oğlu ərizə yazıb ki, heç bir şikayəti yoxdur, ərizəsini müstəntiqə verib getdi. Heç bir şikayətləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə axşam zamanı olmuşdur, o, bacısı və bibisi qızı ilə şəhərdə gəzəndə onlara söz atmışlar, o yaxınlaşmışdır danışmağa ki, aydınlaşdırsın nə baş verir burda, bunlar 10-15 nəfər olmuşlar, dairəyə almışlar, sonra onun bacısıgil qorxmuşlar ki, nəsə ola bilər və onun xalası oğlu – Zərərçəkmiş şəxs2 və dostlarını çağırmışlar. Onlar gələndən sonra bunlar dalaşmağa başlamışlar, orda onun xalası oğluna – Zərərçəkmiş şəxs2 bıçaq zərbəsi dəymiş, sonra çoxu dağılışmışdır, bəziləri də sonradan getmişdirlər. Hadisə yerində bacısı və bibisi qızı, Ayaz və Dəniz idi. Təqsirləndirilən şəxsin yanında çox dostu var idi, dəqiq bilmir saylarını. Təqsirləndirilən şəxs ilə danışdı, təxmini elə bildi ki, söz atan odur, qabağa o çıxdı. Gələndə onlar üst-üstə gəldilər, zərbə vurdular, sonra xalası oğluna bıçaq zərbəsi dəydi. Zərbəni vuran təqsirləndirilən şəxs idi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Xudat-zadə Nihad Vüqar oğlu ifadəsində göstərmişdir ki, elə bil Novruz oturmuşdu, onları gözləyirdi, Xamis, o, bir də biriki dənə dostları gözləyirdi. Onlar da gələndə, elə bil onların da yüngülvari kefləri yaxşı idi, içmişdilər, biraz içmişdilər hamısı. Sonra onlar təzədən getmişdilər dükandan içki almağa, gələndə Novruz onlara qışqırmışdır, “privet druzya” təzədən, zarafatyana da. O vaxt oğlan keçirmiş qızlarla, oğlan elə bilmişdir ki, qızlara deyirlər onlar onu, amma Novruz qızlara deməmişdir. Nəsə Novruzla oğlan danışmışdır, Rəhim idi oğlanın adı deyesən, Novruz da demişdir yox da qızlara heç nə deməmişdir, səhv başa düşüb, oğlan da deyib hə, yaxşı, keçib qırağa, üstündən 15-20 dəqiqə keçib, 5-6 nəfər gəliblər maşınla, 5-6 nəfər heç nə deməmiş Novruzun üstünə düşüblər, nə isə danışıb, itələyiblər, biri də arxadan gəlib, Novruza yumruq atıb, o vaxt Emir adlı oğlan olub, Novruza bıçaq verib, Novruz da bıçaqla belə eləmişdir, vurmuşdur. Bəli, xəsarət yetirdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus "MOON" markalı mopedlə fərdi kuryerlik edir. İşini bitirdikdən sonra hər gün gecə mopedi kirayə yaşadığı evin ümumi həyətində məhlədə saxlayır. Mopedin sükanının mərkəzi kilidi vardır ki, həmin kilid mopedi hərəkətə gətirməyə imkan vermir. 23 avqust 2023-cü il tarixdə gecə 23:50 radələıində mopedi həmin yerdə saxlayıb mərkəzi kilidlə bağlamış və çıxıb evə getmişdir. Sabahsı gün saat 11 radələrində məhləyə düşdükdə görmüşdür ki, moped yerində yoxdur. O, dərhal 102 Xidmətinə mopedin oğurlanması barədə məlumat vermişdir. Mopedi 2022-ci ilin əvvəlində 2300 manata təzə olmaqla almışdır. İlk istifadəçisi özü olmuşdur. Moped işlək, saz vəziyyətdə olmuş, işləməyən detalı olmamışdır. 9000 km-dən artıq sürmüşdür. O, mopedi 2300 manata almışdır. Həmçinin, yəqin ki, oğurlayarkən əməli törərən şəxs mopedə ziyan vurmuş, çünki hərəkətə gətirmək üçün mopedin sükanı və mərkəzi kilid sisteminin sındırılması zəruridir. Yəqin ki, sükanı və mərkəzi kilidi sındırmışdır. Mopedin öz qiyməti olan 2300 manatdan əlavə sınması ilə əlaqədar ona 500 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Şahid3 və Şahid1 onun xalası övladlarıdır. Dəniz Ayazlı və Şahid2 isə dayısı oğlu Rəhmanın bibisi övladları olmaqla qohumlarıdır. Onu bıçaqla vuran Təqsirləndirilən şəxs əvvəllər tanımamış, lakin araşdırma zamanı adını bilmişdir. 18 iyun 2023-cü il tarixdə saat 21 radələrində dostları Şahid5 və Vüsal İsrafilov ilə birlikdə Bakı şəhərində mərkəzi küçələrdən birində yəni ki, “Tarqovu” adlanan ərazidə gəzərkən xalası qızı Şahid3 ona zəng edərək həyəcanlı səslə bildirmişdir ki, “Qara Qarayev" parkında bir qrup şəxs onlara sataşmışdır, həmin şəxslər ilə qardaşı Rəhman sözlə mübahisə etməkdədir. O, dərhal yanındakı dostları ilə birlikdə oraya getmiş və təxminən 10 dəqiqədən sonra çatmışdır. Həmin yerdə olarkən, əvvəlcə xalası qızı Ayan Novruzovoya yanındakı bibisi qızları birlikdə avtomobilə əyləşmələrini xahiş etmişdir. Bundan sonra isə xalası oğlu Rəhmanın yanına getmişdir və mübahisəyə qoşulmuşdur. Mübahisə zamanı Təqsirləndirilən şəxs əl qol hərəkətləri ilə danışırmış, eləcə də, çox yaxın məsafədə onunla sözlə mübahisə edirmiş. O, mübahisə zamanı ona çox yaxın olduğu üçün onu vurmasından ehtiyat etdiyinə görə Novruzun sinəsindən əlləri ilə itələmişdir. Həmin an Təqsirləndirilən şəxs əlindəki bıçaqla onun sinə nahiyəsindən bir dəfə vurmuş və nəticədə o, xəsarət almışdır. Daha sonra isə həmin yeri tərk etmişlər. Mübahisə zamanı Şahid1 heç kim vurmamışdır. O və ya Şahid1 heç kimi vurmamışlar və ya hər hansı xəsarət yetirməmişlər. Şahid1, Şahid3, Dəniz Ayazlı və Şahid2 ilə “Qara Qarayev” parkından keçərkən Təqsirləndirilən şəxs söz atması və nalayiq ifadə işlətməsi mübahisənin baş vermə səbəbi olmuşdur. Təqsirləndirilən şəxs onu şüşə parçası ilə deyil, biçaqla sinə nahiyəsindən vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadələsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, araşdırma zamanı qohumu Zərərçəkmiş şəxs2 bıçaqla vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu eşitmişdir. 18 iyun 2023-cü il tarixdə saat 20:00-da Şahid3 və Elmira Novruzova, Elnurə Ayazova və bacısı Dəniz Ayazlı və eləcə də Əsmər Həsənova Bakı şəhəri, Nəsimi rayonu, Bülbül küçəsində yerləşən “Heydər Əliyev” sarayına konsertdə iştirak etməkdən ötrü getmişlər. Saat 21:00-da onlar həmin konsertdən çıxaraq şəhər ərazisində gəzdikdən sonra şəhərin mərkəzi küçələrindən birinə yəni ki, “Tarqovu” adlanan əraziyə getmək qərarına gəlmişlər, təxminən saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsinin yanında yerləşən “Qara Qarayev” parkından keçən zaman təxminən 15-20 nəfər cavan oğlanlardan biri onlara söz ataraq nalayiq ifadə işlətmişlər. Bundan sonra Şahid3 Rəhmanın həmin şəxslər tərəfindən döyülməsindən dərhal xalası oğlu İlkinHəsənova zəng edərək bu barədə məlumat verdi. Zərərçəkmiş şəxs2 yaxınlığda olduğunu bildirdi və 10 dəqiqədən sonra yanında olan 2 nəfər dostu ilə həmin yerə gəldi. Sonra İlkin dostları ilə Rəhmanın yanına getdilər, onlar isə avtomobildə gözlədilər. Təxminən 10-15 dəqiqədən sonra Zərərçəkmiş şəxs2 yanında olan 2 nəfər dostu ilə və Rəhman ilə geri qayıtdılar. Həmin vaxt Zərərçəkmiş şəxs2 bildirdi ki, araşdırma zamanı adını öyrəndikləri Təqsirləndirilən şəxs ona biçaq zərbəsi yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 avtomobil ilə onları evə apardı, özü isə xəstəxanaya getdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqda Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, Təqsirləndirilən şəxs isə 1- 2 ildir ki, tanıyır. 18 iyun 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qara Qarayev” parkında dostları Novruz, Rasim və Xamis ilə birlikdə skamyada oturmuşlar. Həmin vaxtı dostu Novruz spirtli içki də qəbul etmişdir. Saat təxminən 20 radələrində parkdan sonradan adını bildiyi Rəhman adlı şəxs və yanında 2-3 nəfər qızla birlikdə keçirmiş. Həmin vaxt dostu Novruz uca səslə ona səslənərək "privet druzya" söyləmişdir. Novruzun bu sözünü səhv başa düşən Rəhman adlı şəxs Novruza yaxınlaşaraq hansı səbəbə görə qızlara söz atmasını soruşaraq irad bildirmişdir. Bundan sonra Rəhman ilə Novruzun aralarında sözlü mübahisə yaranmış, lakin mübahisə zamanı hər hansı fiziki təsir olmamışdır. Təxminən 15-20 dəqiqədən sonra Rəhmanın qohumları olduğunu söylədiyi 4-5 nəfər yaşca böyük şəxslər də oraya gəlmişlər. Həmçinin, onların arasında araşdırma zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs2 da olmuş. Sonuncular onlara yaxınlaşan zaman Novruzun yaxasından tutmuşlar və mübahisə böyüməyə başlamışdır. Lakin, həmin şəxslər Novruzu vurmamışlar. Bundan sonra Təqsirləndirilən şəxs cibində olan bıçağı çıxartmışdır. Daha sonra o Zərərçəkmiş şəxs2 sinə nahiyyəsindən qan axdığını görmüşdür. O və Rasim Zərərçəkmiş şəxs2 köməklik etmişlər, Novruzu isə İlkinin yanında olan şəxslər kənar tərəfə aparmışlar. Daha sonra isə Zərərçəkmiş şəxs2 oradan uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır, sadəcə olaraq adını araşdırma zamanı öyrənmişdir. 18 iyun 2023-cü ii tarixdə saat 21 radələrində dostları Zərərçəkmiş şəxs2 və Vüsal İsrafilov ilə birlikdə Bakı şəhərində mərkəzi küçələrdən birində yəni ki, “Tarqovu” adlanan ərazidə gəzərkən Zərərçəkmiş şəxs2 zəng gəlmiş və İlkin telefonla danışdıqdan sonra Qara Qarayev parkına getməli olduqlarını bildirmişlər. İlkindən bu barədə soruşduqda demişdir ki, qohumlarına həmin parkda kimlərlə problem yaratmışdır və bu zəmində mübahisə olmuşdur. Bundan sonra o, İlkin və Vüsal ilə birlikdə Qara Qarayev parkına getmişdir. Həmin yerdə olarkən, əvvəlcə İlkinin xanım qohumlarını maşında əyləşmələrini xahiş elmişlər və daha sonra mübahisənin davam eldiyi yerə İlkinin xalası oğlu Rəhmanın vanına getmişlər. Mübahisə zamanı Rəhman ilə mübahisə edən şəxs yəni ki, Təqsirləndirilən şəxs əl qol hərəkətləri ilə danışırmış, eləcə də, çox yaxın məsafədə İlkin ilə sözlü mübahisə edirmiş. Həmin an qarışıqlıq olmuş və o, anidən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 biçaqla sinə nahiyəsindən bir dəfə vurduğunu görmüşdür və nəticədə Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Daha sonra isə onlar oranı tərk elmişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7078 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd 2022-ci il istehsallı “Moon” markalı, qara rəngli mopedin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 1400,00 manat müəyyən edilir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ-nin 992 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol yarısının kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət iti alətin (əşyanın), ola bilsin bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 avqust 2023-cü il tarixdə saat 06 radələrində ünvan 1 ünvanının ümumi həyətində dayanmış Zərərçəkmiş şəxs1 məxsus 2300 manat dəyərində MOON markalı mopedin hərəkət kilidini sındırmaqla mühərriki işə salmadan gizli olaraq talayıb yaşadığı ünvan 2 ünvanına sürüyüb apararaq Zərərçəkmiş şəxs1 2300 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7078 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd 2022-ci il istehsallı “Moon” markalı, qara rəngli mopedin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 1400,00 manat müəyyən edilir. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus 01 ədəd 2022-ci il istehsallı “Moon” markalı, qara rəngli mopedin qiymətinin 2300 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 26 sentyabr 2023-cü il tarixli 9/7078 saylı rəyində həmin mopedin qiyməti 1400,00 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 01 ədəd 2022-ci il istehsallı “Moon” markalı, qara rəngli mopedin oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 1400 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi 31 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Beləliklə iş üzrə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, həmçinin iş üzrə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışlar. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün həbsdə olmuşdur. Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd 2022-ci il istehsallı “Moon” markalı, qara rəngli mopedin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349;351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Azəraycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 02 (iki) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hesabı ilə müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 2 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 02 ay 28 gün (iki il iki ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd 2022-ci il istehsallı “Moon” markalı, qara rəngli mopedin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar