Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-126/2021 02.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi xx.xx.1976-cı ildə Laçın rayonu Qoşasu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi qaydada sürücü işləyən, Laçın rayonu Qoşasu kəndində qeydiyyatda olan və Şəki rayonu Bolludərə kəndində müvəqqəti məskunlaşmış, hazırda Abşeron rayonu Məhəmmədi kəndində kirayə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs qızına işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs, oğlu Şahid2 Azərbaycan Dövlət İdman və X3 tələbə kimi qəbul olunmasına köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda Şahid2 həmin Akademiyaya tələbə kimi qəbul etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs aldadaraq xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 129 saylı üvnanda yerləşən Qaçqınların və X6 üzrə Dövlət komitəsinin qarşısında 6000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs qızına xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadələrində göstərmişdir ki, Şəki rayonu, Bolludərə kəndində ailəsilə birlikdə yaşayır, 2019-cu ilin yanvar ayından, oktyabr ayına kimi Qaçqınların və X6 Üzrə Dövlət Komitəsində (QMKİÜDK) şöbə müdiri işləyən Nizami Allahverdiyevin sürücüsü işləmişdir. «Nissan-Maksima» markalı **-AB-*** dövlət nişanlı avtomobili idarə etmişdir. Təxminən 2019-cu ilin avqust ayında tanımadığı bir nömrədən sonradan tanıdığı Səbibə adlı qadın ona istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng edərək, maraqlanaraq onun Qaçqınların və X6 Üzrə Dövlət Komitəsində işlədiyini öyrənməsini, özünün isə Kəlbəcər rayon qaçqını olmasını, onlara verilməli olan çörək pulunun niyə görə verilməməsi ilə maraqlanıb ona məlumat verməyini xahiş etmişdir. O da, öyrənib həmin Səbibə adlı xanıma zəng edib çörək pulunun hal-hazırda verilmədiyini demişdir. Səbibə ona sonradan onun xalası oğlanları İsgəndər, Vüqar Şəki rayonu Bolludərə kəndində yaşadıqlarını bildirmiş, o da həmin kənddə yaşadığından həmin şəxsləri tanıdığını, onlar da onun QMKİÜDK-də sürücü işlədiyini bilmişlər. Bundan təxminən 10 gün sonra Səbibə xanım yenidən ona zəng edərək, X7 və İdman Akedemiyasına sənəd verdiyini və 2 balı çatmadığı üçün kəsildiyini bildirmişdir. X7 və İdman Akademiyasına çatmayan balını yazdırmağa və Akademiyaya qəbul etdirməkdə köməklik göstərməyini xahiş etmişdir. O da, Səbibə xanıma maraqlanıb ona məlumat verəyəcini demişdir. Bir həftə sonra Səbibə xanıma zəng vurub X7 və İdman Akademiyasına qəbulu üçün 6000 manat pul istənildiyini bildirdikdə Səbibə xanım onunla razılaşmışdir. Halbuki bu barədə heç kimdən soruşmamışdır. 6000 manat pulu Səbibə xanımdan alıb borcları olduğu üçün borclarına vermək istəmişdir. Ertəsi gün «20 Yanvar» dairəsi yaxınlığında QMKİÜDK-nin qarşısına görüşmək barədə razılaşmışlar. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinin qarşısında Səbibə həyat yoldaşı, oğlu və qızı ilə birlikdə həyat yoldaşının idarə etdiyi “Vaz 2109” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişlər. Səbibənin həyat yoldaşının idarə etdiyi avtomobilə əyləşmiş, orada 6000 manat pulu Səbibə ona vermiş, pulu götürüb yalandan avqust ayının sonuna kimi oğlunun Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunacağını bildirmişdir. Bundan sonra işlərinin arxasıyca getmişdir. Səbibə və ailə üzvləri oradan getmiş, bundan sonra Səbibə ona zəng etdikdə hər dəfə yalandan oğlunun Akademiya işini həll etdiyini demişdir. Halbuki Səbibədən aldığı 6000 pulun bir qismini borclarına, bir qismini Şəki rayonunda yaşayan ailə üzvülərinə göndərmiş, bir qismini də öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sentyabr ayı Səbibə ona zəng vurduqda hər dəfə müxtəlif bəhanələr ilə onu aldadaraq oğlunu Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul etdirəcəyini vəd etmişdir. Səbibə oğlunun Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul etdirə bilmədiyinə görə pulunu ondan geri tələb etməyə başlamışdır. Ona pulunu yaxın müddət ərzində qaytaracağını demişdir. Səbibədən aldığı pulu ona qaytara bilmədiyi üçün Ukranyada yaşayan tanışının yanına getmişdir. 1 ay sonra geri qayıtmış və Səbibə ilə polisə gəlmişdir. Zərərçəkmiş şəxs vurduğu 6000 manat ziyanı tam ödəmişdir. O, İdman və X1 işləyən İlham adlı şəxsi tanımamışdır. Səbibə və onun ailə üzvləri ilə görüşürkən onun oğlunu İdman və X3 orada işləyən İlham və ya hər hansı bir şəxsin vasitəsilə köməklik edib qəbul etdirəcəyini deməmiş, sadəcə maraqlanıb məlumat verəcəyini demişdir. Törədiyi əməldən peşiman olduğunu, cinayət işi üzrə vurulmuş maddi ziyanın tam ödənildiyini, məcburi köçkün olmasını və himayəsində yetkinlik yaşına catmayan uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsilə birlikdə yaşayır. Oğlu Şahid2 İdman və X3 qəbul imtahanı vermiş, lakin Akademiyaya qəbul olunmaq üçün 2 balı çatmamışdır. Məcburi köçkün olduğundan bəzi sənədləşmə işləri üçün həyat yoldaşı Mərdan ilə birlikdə həmin vaxt Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə getmişlər. Orada əvvəldən tanıdığı, həmin komitədə sürücü işləyən Təqsirləndirilən şəxs Zahid oğlu ilə qarşılaşmışdır. Söhbət əsnasında Elnura oğlunun dövlət imtahanından İdman və X3 qəbul olunması üçün 2 bal ilə kəsildiyini demişdir. Bu zaman Elnur ona bildirmişdir ki, «mən sizin işi həll edə bilərəm, mənim İlham adında dostum var, İdman və X1 işləyir, mən onunla danışacam, bu barədə məlumat verəcəm». Onlar rayonda olan zaman Elnur istifadəsində olan 055 283-44-41 saylı mobil nömrəsindən onun istifadəsində olan 055 351-06-23 saylı mobil nömrəsinə zəng vuraraq İdman və X1 işləyən İlham adlı dostu ilə danışdığını və İlham 2 bal yazdırmaq üçün 6000 manat pul lazım olduğunu ona demişdir. Elnur ilə razılaşaraq 6000 manat pul düzəltmək üçün qohumlarından qızıllar yığıb Gəncə şəhərində yerləşən lombarda goyub oradan 6000 manat pul götürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində o, həyat yoldaşı Mərdan, oğlu Sübhan və qızı Türkan Elnur ilə Yasamal rayonu, Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin yerləşdiyi binanın qarşısında görüşüb, həyat yoldaşı Mərdanın idarə etdiyi “VAZ- 2109” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə 6000 manat pulu Elnura vermişdir. Bu zaman Elnur, oğlu Sübhanın İdman və X3 qəbul olunacağına əmin olmaqlarını və onlarla əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra yaşadıqları rayona qayıtmışlar. O qızı X2 universitetə qəbul olunduğu üçün qeydiyyatdan keçməklə bağlı Türkiyə Cumhuriyyətinə getmişdir. Türkiyə Cumhuriyyətində olan zaman Elnur ilə əlaqə saxlayanda Elnur ona oğlunun işi həll olunduğunu, 2019-cu ilin sentyabr ayında dərsə başlayacağını bildirmişdir. Göygöl rayonunda olarkən İdman və X1 oxuyan dayısı oğluna Sübhanın Akademiyaya qəbul olunub-olunmaması üçün maraqlanmasını xahiş etmiş, o da maraqlandıqda Sübhanın Akademiyaya qəbul olunmadığını bilmişdir. Bu zaman o başa düşmüşdür ki, Elnur onu aldadaraq 6000 manat pulunu ələ keçirmişdir. Bundan sonra o, Elnura dəfələrlə zəng vuraraq ya işi həll etməsini, ya da verdiyi 6000 manat pulu geri qaytarmasını tələb etmişdir. Elnurdan pulu geri tələb edərkən Elnur pulu öz ehtiyaclarına xərclədiyini və yaxın müddətdə 6000 manat pulu qaytaracağını vəd etmiş və qaytarmamışdır. Ona görə də polisə müraciət etməyə məcbur olmuşdur. Hazırda Elnurun ondan aldığı 6000 manat ona ödənilmişdir. Bundan əlavə zərərçəkmiş şəxs bildirmişdir ki, o pulu lombardan faizlə götürdüyünə və Elnurun ona vurduğu ziyanı gec ödədiyinə görə lombarda 1200 manat faiz ödəmişdir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsin ziyanı tam ödənilməməsini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da Zərərçəkmiş şəxs qızının ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatların olduğu kimi təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, ünvan 1 ünvanında ailəsilə birlikdə yaşayır. Orta məktəbi 2019-cu ildə bitirdikdən sonra İdman və X3 daxil olmaq istəmişdir. Bunun üçün sənədlərini toplayaraq TQDK-ya vermiş. Qəbul imtahanında nəzərdə tutulan keçid balından 2 bal az topladığından İdman və X3 daxil ola bilməmişdir. Daha sonra anası Səbibə tanışları Təqsirləndirilən şəxs vasitəsi ilə onun İdman və X3 daxil olmağının mümkün olacağını bildirmişdir. Təqsirləndirilən şəxs yalandan anası Səbəbiyə vəd edərək 6000 manat qarşılığında onu öz tanışları vasitəsi ilə İdman və X3 düzəldəcəyinə söz vermişdir. anası Səbibə qızılları lombarda qoyaraq 6000 manat pul götürmüş və xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs ilə Yasamal rayonu QMKİÜDK-nin qarşısında görüşərək atası Mərdanın idarə etdiyi “VAZ 2109” markalı **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobildə anası Səbibə, atası Mərdanın onu və bacısı Türkanın yanında 6000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Elnur avtomobildən düşərkən 2019-cu ilin sentyabr ayından başlayaraq dərsə gedəcəyinə söz vermişdir. Elnur onu sentyabr ayında bir neçə dəfə yalandan Bakı şəhərinə gətizdirərək dərsə başlayacağına yalandan vədlər verirmişdir. Sonradan o və ailə üzvləri Elnurun onları aldatdığını başa düşmüşlər və pulu geri tələb edərkən Elnur pulu öz ehtiyaclarına xərclədiyini və yaxın müddətdə 6000 manat pulu qaytaracağına sözlər versə də, pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs İdman və X1 işləyən İlham adlı şəxsin vasitəsi ilə İdman və X3 düzəldəcəyini bildirmiş, lakin o, həmin şəxsin tanımır, həmçinin İlham adlı şəxsin İdman və X1 işləyib işləmədiyindən heç bir məlumatı yoxdur. Cinayət işinin 232-236-cı vərəqələrində olan 18 vərəqədən ibarət «Whatsapp» yazışmalarının məzmunundan görünür ki, həmin yazışmalar xx xxxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, 31avqust 2019-cu il,xx xxxxxxxx 2019-cu il tarixdə,xx xxxxxxxx 2019-cu il tarixdə, xx xxxxxxxx 2019-cu il, xx xxxxxxxx 2019-cu il tarixlərdə qeydə alınmışdır. Yazışmaların məzmunlarında Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixli məlumatla «xx.xx.2019-cu il tarixli 151342 Şahid2. Siz müsabiqə nəticəsində heç bir ixtisasa qəbul olmamamısız» barədə məlumatın göndərilməsi, Zərərçəkmiş şəxs pulları hazırlayıb Təqsirləndirilən şəxs çatdırılması üçün xx.xx.2020-ci il tarixdə səhər saatlarında «qaçqınkomun yanında gözləmələri, Təqsirləndirilən şəxs tərəfindən Şahid2 barədə məlumatları və sənədlərin surətlərini istəməsi, sentyabr ayında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs uşağına-Şahid2 görə 6000 manat pul verməsi, heç bir iş görməməsi, onu aldatması, pullarını geri qaytarmasını tələb etməsi, əks təqdiqdə şikayət edəcəyini bildirməsi, Təqsirləndirilən şəxs isə and-aman etməklə pulları bu gün-sabaha qaytaracağını vəd etməsi barədə qeydlər olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Bununla da, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də Cinayət Məcəlləsinin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, Cinayət Məcəlləsinin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə Cinayət Məcəlləsinin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsinin cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs İsa oğlu ailəli olmaqla, onun xx.xx.2007-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatmayan uşaqlar vardır. İş materiallarına (186 – vərəqə) zərər çəkmiş şəxs X4 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənilməsi barədə ərizə əlavə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsin ailəli olmasını, iki uşağının olmasını, məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2020-ci il tarixdə tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Prossual Cinayət Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01(bir) il 2(iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutularkən “həbsdə” saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01(bir) il 1 (bir) ay 26 gün (iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X5 ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən İslam Əliyev
Məhkəmə qərarları › İş №1(004)-126/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-126/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver