Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-126/2023 19.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətində şöbə rəisi işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 78, mənzil 28 B-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, mənzil 1497-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixdə saat 20.30 radələrində barəsində nikahlarının pozulması ilə bağlı Yasamal rayon məhkəməsinə müraciət edən və məhkəmədə mülki icraat aparılan həyat yoldaşı Zərərçəkmiş şəxs ayrı yaşadığı Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi ev 2 mənzil 57-yə gəlmiş və azyaşlı övladı Məhəmmədin ona göstərilməməsi və həmin mənzildə başqa şəxsin saxlanılmasını əsas gətirib şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı mənzilin dəhlizində əli və ayağı ilə Zərərçəkmiş şəxs vuraraq sonuncuya təpə nahiyəsində ortada hematoma, sol saidin, hər iki baldırın və sağ budun qançırları ilə nəticələnən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs ilə evlənmiş və həmin evlilikdən 2020-ci il təvəllüdlü Məhəmməd adlı oğlu dunyaya gəlmişdir. Onlar evləndikdən sonra onun adına olan Yasamal rayonu Ə.Əhmədov küçəsi ev 24 B mənzil 1497-də yaşamağa başlamışlar. Zümrüd işlədiyi üçün onlar övladları Məhəmmədi qayınanası Axxanımın yaşadığı Yasamal rayonu Akim Abbasov küçəsi ev 2 mənzil 57-yə aparıb qoyur, Zümrüd işdən çıxdıqdan sonra götürürlərmiş. xx.xx.2021-ci il tarixdə Zümrüdlə evdə olarkən sonuncu ona “uşağı sənə verməyəcəyəm” deyə ifadələr işlədirmiş xx.xx.2021-ci il tarixdə o, Zümrüdlə birlikdə oğlu Məhəmmədi qayınanası Axxanımın yanından götürmək üçün sonuncunun yaşadığı mənzilə getmişlər. Zümrüd orada onunla mübahisə saldığı üçün o, tək halda oradan çıxıb getmişdir. Belə ki Zümrüd söz-söhbət salaraq ondan boşanacağını bildirməyə başlamışdır. O, təkid etsə də Zümrüd onunla birlikdə yaşadıqları evə qayıtmamışdır. Yaşadığı evin giriş qapısının açarının bir ədədinin olmamasına (itməsinə) görə o, təhlükəsizlik baxımdan evin giriş qapısının açarını dəyişmişdir. Həmin vaxtdan etibarən Zümrüd oğlu Məhəmməd və qayınanası Axxanımla birlikdə sonuncunun bacısı Böyükxanıma məxsus Yasamal rayonu Akim Abbasov küçəsi ev 2 mənzil 57-dəki evdə yaşamağa başlamışlar. Dəfələrlə o, oğlu Məhəmmədi görmək istəsə də Zümrüd və qayınanası Axxanım buna mane olmuş və övladını bilərəkdən ona göstərməmişlər. 28 avqust 2022-ci il tarixdə saat 20.30 radələrində o, tək şəkildə oğlu Məhəmmədi keçirdiyi əməliyyatdan sonra görmək məqsədi ilə sonuncunun və həyat yoldaşı Zümrüdün yaşadığı Yasamal rayonu Akim Abbasov küçəsi ev 2 mənzil 57-dəki evə gəlib qapını döyməyə başlamışdır. Qayınanası Axxanım qapını bir qədər gec açmiş və o, salamlaşaraq evin dəhlizinə daxil olmuşdur. Həmin zaman Zümrüd uşaq otağından çıxaraq onun qarşısından digər otağa daxil olmuşdur. O, həmin zaman qayınanası Axxanımla oğlu Məhəmmədin vəziyyəti ilə maraqlanırmış. Hətta qayınanası Axxanıma müraciət etmişdir ki, oğlu Məhəmmədi ona gətirib göstərsin. Söhbət zamanı Məhhəmmədin olduğu otaqdan möhkəm qışqırıq səsi gəlmiş və o, anidən Məhəmmədin olduğu otağın qapısına yönəlmiş və açmaq istəmişdir. O, görmüşdür ki, Məhhəmədin olduğu otağın qapısı kilidlidir. O, qapının dəstəyini tutmaq istədiyi zaman Zümrüd eyni anda digər otaqdan gəlib birbaşa özünü qəsdən ona çırpmış və ona əl-qol ataraq otağa girməyinə mane olub “polis çağırın, polis” deyə ifadələr işlədərək qışqırmağa başlamışdır. O isə Zümrüdü özündən itəliyərək biraz kobud davranmışdır. Sonra Zümrüd yerə yıxılmış, saç-başına əli ilə qəsdən özü vuraraq onu tutduracağını bildirib polislə hədələməyə başlamışdır. O, Zümrüdə oğlu Məhəmmədi görmək istədiyini deyəndə sonuncu onun üstünə qışqıraraq ona uşağını qəti olaraq göstərməyəcəyini demişdir. O, da Zümrüdün polis ifadəsini işlətməsini eşitdikdən sonra başa düşmüşdür ki, Zümrüd onu şərləmək üçün plan qurub. O, Zümrüdün planını başa düşüb həmin mənzildən çıxıb getmişdir. O, heç bir zaman nə Zümrüdə, nə də ki qayınanası Axxanıma heç bir xəsarət yetirməmişdir. Hətta Zümrüdün uşağı ona verməyəcəyi barədə səs yazıları mövcuddur. Özünü yalnız axşam vaxtı qayınanası və Zümrüd uşağla yaşadığı evə getməyində, sonuncu ilə bir gədər kobud raftar etməkdə və onu itələməyində təqsirli bilir. Sonradan dəfələrlə cəhd edib Zümrüdlə barışıb, yenidən onunla yaşamaq istəyib. Lakin Zümrüd onunla razılaşmayıb. Daha sonra özünü qismən təqsirli bilərək əməlindən səmimi peşmançılıq çəkməsini, həmçinin himayəsində 1 azyaşlı uşağının olması və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq olan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması ozünün qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xalası Böyükxanıma məxsus Yasamal rayonu Akim Abbasov küçəsi ev 2 mənzil 57-də 2 yaşlı azyaşlı oğlu Məhəmməd və 63 yaşlı anası Axxanımla birlikdə yaşayır. Yaşadığı mənzil 3 otaqdan ibarət olmaqla binanın 2-ci mərtəbəsində yerləşir. O, 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə evlənmiş və həmin evlilikdən Məhəmməd adlı oğlu dunyaya gəlmişdir. Onlar evləndikdən sonra həyat yoldaşı Rəşadın adına olan Yasamal rayonu Ə.Əhmədov küçəsi ev 24 B mənzil 1497-də yaşamışlar. Lakin xx.xx.2021-ci il tarixdə Rəşad onu azyaşlı oğlu Məhəmmədlə yeni il bayramı keçirmək üçün (hazırda yaşadığı) xalası Böyükxanımın evinə gətirib qoymuş, özü isə sonradan çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə Rəşad onu və övladını götürmək üçün gəlmədikdə o, Rəşadla birlikdə yaşadığı evə getmiş, qapını açmaq istədikdə giriş qapısının açarını dəyişdiyini görmüş, Rəşad onu evinə qaytarmamışdır. Bundan sonra onunla Rəşad arasında narazılıq yaranmış və bu baxımdan hazırki vaxtadək o, xalası Böyükxanıma məxsus evdə yaşamağa başlamışdır. 28 avqust 2022-ci il tarixdə saat 20.30 radələrində o, hazırda yaşadığı Yasamal rayonu Akim Abbasov küçəsi ev 2 mənzil 57-də anası Axxanımla birlikdə azyaşlı oğlu Məhəmmədi hamam otağında çimizdirirlərmiş. Hamamdan çıxandan sonra anası Axxanım bildirmişdir ki, “deyəsən qapı döyülür”. O, uşağı giriş qapısı ilə üzbəüz olan uşaq yataq otağına aparmışdır ki, uşağa soyuq olmasın. Anası Axxanım qapını açdıqda o, Rəşadın səsini eşitmiş, təxminən 2 dəqiqə sonra o, uşağın paltarını geyindirib dəhlizə sonuncuların yanına gəlmişdir. Rəşad ona demişdir ki, “evdə kim var, kimi gizlədirsiniz, çəkilin baxım”. Həmin zaman Rəşad onun anası Axxanımı əli ilə kənara itələmişdir. O, da Rəşada “anama nə edirsən” ifadəsini işlətmişdir. Bu ifadədən sonra Rəşad onun üstünə hücum çəkib əli ilə onun başının təpə nahiyəsində saçından yapışaraq dəhlizdə yerlə sürüməyə başlamışdır. Anası Axxanım onları ayırmaq istəsə də bacarmamışdır. Rəşad onun saçından yapışıb onu yerlə sürüdükdə o, divara dəymişdir. O, qışqırdığda Rəşad onun saçından buraxmış və o, yerə yıxılmışdır. Bundan sonra Rəşad yerdə 5-6 dəfə təpiklə onun hər iki baldırından, sağ ayağının budundan vurmağa başlamışdır. Onun yaşadığı mənzildəki dəhlizdə heç bir əşya olmamışdır. Daha sonra Rəşad sol əli ilə onun sol qoluna bir dəfə vurmuşdur. Rəşad 2-3 dəqiqə müddətində onu dəhlizdə döymüş və 8-10 dəqiqə müddətində onunla mənzildə mübahisə edib çıxıb getmişdir. Rəşad söyüş söyən şəxs olmadığı üçün həmin zaman söyüş ifadə etməmişdir. O, həmin gün DİN-in 102 Xidmətinə zəng edərək Rəşad barədə şikayət vermişdir. Az sonra hadisə yerinə Yasamal RPİ-nin 28-ci PB-dən polis əməkdaşları gəldikdə o, ərizə və izahat yazmışdır. O, təhqiqatçının diqtəsi ilə hadisənin təfərrüatlarını qısa formada, yəni Rəşadın onun saçından yapışıb yerə yıxmasını, zərbə ağır olduğundan hər iki ayağından və sol qolundan xəsarət almağını izahatında yazmışdır. Hadisə günü xalası Sonaxanım onlara gəldikdə xəsarətlərini gördükdə sonuncuya demişdir ki, həmin xəsarətləri Rəşadın onu döyməsi zamanı almışdır. Baş verən hadisədə onun anası Axxanım heç bir xəsarət almamış, nə o, nə də ki anası Axxanım Rəşada heç bir xəsarət yetirməmişlər. xx.xx.2022-ci il tarixdə o, təliqə alaraq məhkəmə-tibbi ekspertizasından müayinədən keçmişdir. xx.xx.2022-ci il tarixdə Yasamal rayon məhkəməsinin qərarı ilə o, Rəşaddan boşanmışdır. Eləcə də keçmiş həyat yoldaşı Rəşad da uşağının göstərilməməsi ilə bağlı Yasamal rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin 2022-ci ilin sentyabr ayında çıxardığı qərara əsasən oğlu Məhəmmədi həftənin şənbə günü 4 saat müddətinə ananın iştirakı olmadan atasına verilməsi qət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə bacısı Böyükxanıma məxsus Yasamal rayonu Akim Abbasov küçəsi ev 2 mənzil 57-də qızı Zərərçəkmiş şəxs və 2 yaşlı nəvəsi Məhəmmədlə birlikdə yaşayır. 2019-cu ilin dekabr ayında qızı Zümrüdlə Təqsirləndirilən şəxs ilə evlənmiş və həmin evlilikdən Məhəmməd adlı oğulları dunyaya gəlmişdir. Qızı evləndikdən sonra Rəşadla birlikdə sonuncunun adına olan Yasamal rayonu Ə.Əhmədov küçəsi ev 24 B mənzil 1497də yaşamışlar. Rəşadla onun qızı Zümrüd əvvəllər mehriban olsa da xx.xx.2021-ci il tarixdən aralarında soyuqluq baş vermişdir. 28 avqust 2022-ci il tarixdə saat 20.30 radələrində o, qızı Zümrüdlə birlikdə Yasamal rayonu Akim Abbasov küçəsi ev 2 mənzil 57-də nəvəsi Məhəmmədi hamam otağında çimizdirirmişlər. Hamamdan çıxandan sonra o, yaşadığı mənzilin qapısının döyülməsini eşitmişdir. X8 paltarını geyindirmək üçün giriş qapısı ilə üzbəüz olan uşaq yataq otağına aparmışdır. O, da mənzilin giriş qapısını açdıqda keçmiş kürəkəni Rəşadın səsini eşitmişdir. Rəşad mənzilə girdikdən sonra yumruğunu sıxaraq ona niyə qapını gec açdığını soruşmuşdur. O, da Rəşada cavab vermişdir ki, uşağı hamamda çimizdirir. Eləcə də o, Rəşada əlini niyə ona qaldırıb göstərdiyini soruşmuşdur. Rəşad əlini ona toxundurmasa da yüksək səslə cavab verdiyində qızı Zümrüd digər otaqdan çıxaraq onların yanına gəlmişdir. Rəşad onlara demişdir ki, “evdə kim var, kimi gizlədirsiniz, çəkilin baxım”. Həmin zaman Rəşad onu əli ilə kənara yüngül formada itələmişdir. Zümrüd Rəşada “anama nə edirsən” ifadəsini işlətmişdir. Bu ifadədən sonra Rəşad onun qızı Zümrüdün üstünə gedib əli ilə Zümrüdün başının təpə nahiyəsində saçından yapışaraq dəhlizdə dairəvi formada yerlə sürüməyə başlamışdır. O, RZümrüdü Rəşaddan ayırmaq istəsə də bacarmamışdır. Zümrüd qışqırdığı üçün Rəşad Zümrüdün saçını buraxmışdır. Həmin zaman onun qızı Zümrüd yerə yıxılmış və sonuncunun sağ ayağının diz hissəsi partlayaraq qanamağa başlamışdır. Bundan sonra Rəşad yerdə təpikləri ilə Zümrüdün hər iki baldırından, sonra əli ilə Zümrüdə sol qoluna bir dəfə vurmuşdur. Zümrüd qışqırıb ağladığı zaman qışqırıq səsinə nəvəsi Məhəmməd qorxub otaqda ağlamağa başlamışdır. Rəşad dəhlizdə 2-3 dəqiqə müddətində onun qızı Zümrüdü döymüş və 8-10 dəqiqə müddətində mübahisə etmiş, lakin nəvəsi Məhəmmədin olduğu otağa boylansa da içəri keçməmişdir. O, da polis çağıracağını dedikdə Rəşad çıxıb getmişdir. Bundan sonra Zümrüd DİN-in 102 Xidmətinə zəng edərək şikayət etmişdir. Az sonra hadisə yerinə Yasamal RPİ-nin 28-ci PB-dən polis əməkdaşları gəlmiş və onun qızı Zümrüd ərizə və izahat yazmışdır. Baş verən hadisədə o, heç bir xəsarət almamışdır. Baş verən hadisədə nə o, nə də ki qızı Zümrüd Rəşada heç bir xəsarət yetirməmişlər. Qızı Zümrüd xx.xx.2022-ci il tarixdə Yasamal rayon məhkəməsinin qərarı ilə Rəşaddan boşanmışdır. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində baş verən hadisədən sonra bacıları Sonaxanım və Böyükxanımın onlara gəldiklərində sonunculara baş verən hadisə barədə danışdıqlarını, qızı Zümrüdün öz saçını qəsdən onun yanında yolub özünü yerə çırparaq xəsarət yetirməsi və Rəşadı tutduracağı ilə bağlı hədələməsi barədə sonuncunun ifadəsində dediklərinin yalan olduğunu, Rəşadın onun gözünün qarşısında Zümrüdün saçından yapışaraq yerlə sürüdüyünü, sonra əli ilə Zümrüdün sol qoluna bir dəfə xəsarət yetirdiyini, daha sonra Zümrüd qışqırdıqda Rəşadın Zümrüdü yerə çırparaq təpiyi ilə dəfələrlə sonuncuya sağ və sol ayağından, eləcə də sağ budundan vurmağa başladığını gördüyünü və bunu şəxsən şahidi olduğunu, heş bir psixoloji və digər xəstəliyinin olmadığını və əziyyət çəkmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ümumi olaraq 1992-ci il tarixdən, eləcə də 2016-cı il tarixdən isə Yasamal rayonu 173 saylı orta məktəbdə müəllimə işləyir. Zərərçəkmiş şəxs onun bacıqızıdır və sonuncu anası Axxanımla birlikdə digər bacısı Böyükxanıma məxsus Yasamal rayonu Akim Abbasov küçəsi ev 2 mənzil 57-də yaşayırlar. Bacısı qızı Zümrüd 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə evlənmiş və həmin evlilikdən Məhəmməd adlı oğlu dunyaya gəlmişdir. Zümrüdlə Rəşad arasında 2021-ci il tarixdən sonra münasibətlər korlanmış və sonuncular ayrı evlərdə yaşamışlar. 28 avqust 2022-ci il tarixdə saat 21.30 radələrində o, yaşadığı mənzildə olduğu zaman bacım Axxanım ona mobil telefonla zəng edərək “tez bizə gəl” ifadəsini işlədərək onu yaşadığı evinə çağırmışdır. O, “nə olub” ifadəsini işlətdikdə Axxanım demişdir ki, “tez gəl deyəcəm”. Yaşadıqları evlər arasında məsafə az olduğu üçün o, tələsik bacısı Axxanımın yaşadığı Yasamal rayonu Akim Abbasov küçəsi ev 2 mənzil 57-ə getmişdir. O, Axxanımın yaşadığı mənzilə daxil olmuş və içəridə sonuncunun qızı Zümrüdün DİN-in 102 xidmətinə etdiyi şikayət əsasında polis əməkdaşının hadisə yerinə olmasını görmüşdür. Polis əməkdaşı çıxıb getdikdən sonra o, Zümrüdə yaxınlaşdıqda sonuncunun sacının dağınlıq halda olmasını və sağ ayağının dizindən axan qan izini görüb nə baş verməsini Zümrüddən soruşmuşdur. Zümrüd ona “Rəşad bizə gəldi və “evdə kim var, kimi gizlədirsiniz” ifadəsini işlətdi, daha sonra mənzilin dəhlizində mənim saçımdan yapışaraq yerlə sürüdü, yumruğu ilə mənim sol qoluma vurdu” kimi ifadə işlətdi. Hətta onun bacısı Axxanım da ona “mən qapını açdım və Rəşad əlini havaya qaldırıb məni vurmaq istəsə də bunu etmədi, Rəşad içəri daxil olandan sonra “evdə kim var” deyə ifadələr işlətdi, daha sonra Zümrüdə xəsarət yetirdi, mən də Zümrüdü Rəşadın əlindən almaq istəsəm də bunu bacarmadım, Rəşad çıxıb getdikdən sonra Zümrüd DİN-in 102 xidmətinə zəng edib şikayət verdi” ifadəsini işlətdi. O, bu ifadələrə çox əsəbləşmiş və evinə qayıtdığı zaman yol boyu küçələrə baxmışdır ki, Rəşadı küçədə görsə sonuncuya öz iradını bildirər. Səhərisi gün o, Zümrüdə baş çəkmək üçün sonuncunun yaşadığı evə getdikdə hətta Zümrüddən öyrənmişdir ki, Rəşad xx.xx.2022-ci il tarixdə saat 20.30 radələrində Zümrüdün ayaqlarına təpiklə vurmaqla hər iki baldırına da xəsarət yetirmişdir. Zümrüd hər iki baldırındakı xəsarətləri ona göstərmiş və o, sonuncunun baldırındakı göyərtiləri görmüşdür. Müəyyən müddət sonra o, eşitmişdir ki, Rəşadın Zümrüdü vurması ilə bağlı toplanmış materiala cinayət işi başlanmışdır. Hadisədən sonra Zümrüdlə Rəşad 2022-ci ilin oktyabr ayında boşanmışlar. Cinayət işinin 129-130-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 9-10-cu vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi” PHŞ-nin məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 870 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - təpə nahiyəsində ortada hematoma, sol saidin, hər iki baldırın və sağ budun qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd edilən şəraitdə və müddətdə xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsində görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Qeyd edilən xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 88-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 51-54-cü vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 20 dekabr 2019-cu il tarixdə 3 saylı Bakı "Asan Xidmət" X3 7231 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün Zərərçəkmiş şəxs yanında qalması, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 28 aprel 2022-ci il tarixdən başlayaraq hər ay Təqsirləndirilən şəxs əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Cinayət işinin 38-ci vərəqəsində olan xx.xx.2020-ci il tarixli AZ İV 533942 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020ci il təvəllüdlü X5 adlı övladı vardır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, özünün qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının CM-nın 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünün qismən təqsirli bilməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilsin. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-126/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-126/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver