Məhkəmə qərarları › İş №1(004)-126/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-126/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-126/2024 01.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fəri əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Baş Qərvənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva prospekti, ev 33, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,071 qram kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli hissəciklərdən ibarət psixotrop maddə hesab edilən metamfetamin və ümumi təmiz çəkisi 0,679 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə, narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlamaqla daşımış, 12 noyabr 2023-cü il tarixdə saat 14:00 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Azadlıq prospekti” stansiyasına daxil olarkən Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki mavi rəngli cins pəncəyinin sağ yan cibindən siqaret qutusunun içində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,071 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli hissəciklərdən ibarət psixotrop maddə hesab edilən metamfetamin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,679 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə, narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Belə ki, ibtidai istintaqda təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, iki ildir ki, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroinin qəbulu ilə məşğul olur. 11 noyabr 2023-cü il tarixdə saat 23 radələrində sosial şəbəkələrdən tanış olduğu, anket məlumatını bilmədiyi “Baba” adlı İran İslam Respublikasının vətəndaşından ona bildirdiyi, hazırda yadında qalmayan kart hesabına 50 manat pul vəsaitini “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən ödəniş terminalından göndərməklə həmin metrostansiyanın yaxınlığında olan parkdan bir büküm psixotrop maddə olan metamfetamin və bir büküm narkotik vasitə olan heroin öncədən qoyulan yerdən götürməklə əldə etmişdir. Aldığı metamfetamin və heroini özündə saxlamışdır ki, sonra qəbul etsin. 12 noyabr 2023-cü il tarixdə saat 14 radələrində psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin üzərində olarkən “Azadlıq prospekti” metrostansiyasından qatara minmək məqsədilə daxil olarkən iki nəfər polis geyimində olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis işçiləri olduğunu bildirərək, onu Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində öncədən hüquq və vəzifələri izah edilməklə video çəkiliş vasitəsi ilə ona üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etməyi təklif olunmuşdur. Təklifə əsasən o, əynində olan mavi rəngli cins pəncəyin sağ yan cibində saxladığı siqaret qutusunun içində bir ədəd şəffaf sellofan və bir ədəd siqaret kağızı bükümündə olan narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Təqdim etdiyi bükümlərin içərisində olan kütlələrin heroin və metamfetamin olduğunu, onları sosial şəbəkələrdən tanış olduğu, anket məlumatını bilmədiyi “Baba” adlı İran İslam Respublikasının vətəndaşı vasitəsilə özü üçün istifadə etməkdən ötrü 50 manata əldə etdiyini bildirmişdir. O, ruhi cəhətdən sağlamdır və Bakı Metropolitenində Polis idarəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olunmamışdır. Əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəli olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, həmin gün o, növbədə olmuş, iki gündən bir sutkalıq növbədə olurlar, bu vətəndaşı axtarışla bağlı gətirmişdilər, sonra özü məlumat vermişdir ki, üstündə narkotik vasitə var. Heç bir zorakılıq və fiziki təzyiq olmadı. Təqsirləndirilən şəxs tutulanda o, özü idarədə idi, xidməti idarədə aparır, şəxsi gətirən isə digər əməkdaşlar idi. Çəkilişi özü etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, azadlıq metrosunda xidmətdə olduğu zaman vətəndaşı narkotik istifadəsində şübhəli şəxs kimi saxlamışlar, özünü təqdim etmiş, mobil portal vasitəsi ilə yoxlanış keçirdiyi zaman həmin şəxsin Abşeron Rayon Polis İdarəsində 234.1-ci maddəsinə əsasən axtarışda olduğunu müəyyən etmiş və dərhal komadirə məlumat vermişdir. İdarəyə məlumat verəndən sonra həmin şəxsi idarəyə dəvət etmişlər. İdarədə üzərinə baxış keçirən zaman üzərində mavi rəngli pəncəyin cibindən siqaret qutusunda iki ədəd büküm aşkar olunmuşdur, daha doğrusu özü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azadlıq metrosunda əməkdaş Təqsirləndirilən şəxs axtarışla bağlı saxlamış, onlar idarəyə dəvət eləmişlər, üzərindən narkotik vasitə aşkar olunmuşdur. Saxlayanda təzyiq, hər hansı fiziki güc göstərməmişlər. Onunla xidmətdə Şahid1 olub. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/5986 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №37” möhür əksi, “Şübhəli şəxs...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,679 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlnamış narkotik vasitə-heroindir; 01 ədəd bükümdə təmiz çəkisi 0,071 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlnamış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 7582 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.679 qram, psixotrop maddə olan metamfetaminin isə cəkisi 0,071 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, 0.679 qram narkotik vasitə heroin Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir, lakin onun üzərindən aşkar edilmiş 0.071 qram psixotrop maddə olan metamfetamin cinayət məsuliyyəti yaratmır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 0.071 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar olunması qanunvericiliyin tələblərinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli qərarının 14-cü bəndində göstərilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0.071 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin istehlak miqdarından artıq miqdarda olmadığından həmin əməl cinayət məsuliyyətinə səbəb olmur və bu əmələ görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə, narkotik vasitə ilə bağlı müddəaların Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama daxil edilməsini əsassız sayır və hesab edir ki, bu hal ittihamdan xaric olunmalı və maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CMnin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(021)-25/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixədək qeyd edilən cəzanın 01 il 08 ay 10 gün hissəsini çəkmişdir. Cəzanın çəkilməmiş hissəsi 03 ay 16 gün təşkil edir. Bununla da Təqsirləndirilən şəxs çəkilməmiş həmin cəzası nəzərə alınmaqla, ona CMnin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Elektron Çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəli olmasını, azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(021)-25/2022 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (01 ay 23 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 10 (on) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 12 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri BPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.629 qram narkotik vasitə olan heroin və 0.031 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 manat (yüz on manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Zəfər” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar