Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-127/2021 26.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs “X8 liseyinin” nümayəndəsi və vəkili X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair “X8 liseyi”-nin direktoru Eytem Gültekinin xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X8 liseyi”-nin direktoru Eylem Gültekin xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 əməlində cinayət tərkibi mövcud olduğundan onun barəsində xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 özünün Facebook sosial şəbəkəsində yerləşən https://www.facebook.com/peri.miniatur profilində 03 fevral və 04 fevral tarixlərində “X8 Liseyi” barədə böhtan xarakterli bir sıra yazılar paylaşmaqdadır. Bundan əlavə X4 özünün Facebook sosial şəbəkəsində yerləşən https://www.facebook.com/peri.miniatur profilində canlı yayım açaraq yenidən Lisey barədə əsassız, böhtan xarakterli ifadələr işlətmiş, əmək müqaviləsinə xitam verilmədiyi halda işdən çıxardıldığını vurğulamış, Liseyin işgüzar nüfuzunu ləkələyən ifadələrə yol vermişdir. Sonuncu paylaşımı olan “Məni az-çox tanıyanlar bilir” ifadələri ilə başlayan paylaşım yerləşdirmişdir. Həmin paylaşımda yazılmışdır: “Məni az-çox tanıyanlar bilir namərd, yaltaq, pul hərisi və riyakar olmadığımı. Oğlumun 3 yaşı olandan mən pul qazanmağa məcburam. Artıq oğlumun 20 yaşı var. Kimsəyə əyilməklə, söz götürməklə pul qazanmadım bu günəcən. Diskomfort hiss etdiyim hər yerə və hər kəsə tüpürdüm. 28 mayda iri həcmdə yayımlanaraq ajiotaj yaradan klipindən sonra kimlərinsə xoşuna getməyib mənim hansısa qurumda qalmağım və pul qazanmağım. 3 iyunda təlimatlandırıldım işdən rədd edilməmlə bağlı göstərişin olduğuna. Atatürk adının müqəddəsliyini daşıdığına inandığım litseydəki münasibət də maaşım da sürətlə azalmağa başladı! Mənim günahım varmıydı? -Vardı; Dilim lal, gözüm kor olmalıydı. Ama mənim gözüm kor olmaq istəmir, mən gözəllikləri, ənginlikləri, rəngləri, öz övladım qədər sevdiyim şagirdləri görməliydim. Onların qucağıma qaçamağını, boynuma sarılmasını, valideynlərinə rəsm materialları aldırmasını görmək üçün mən nə kor nə də lal ola bilməzdim. Mən Vətənimi və onun evladlarını sevmək üçün yaltaq, qorxaq ola bilmərəm. Toplantılarda bütün heyətin önündə mənə və mənim tədris etdiyim fənnə bildirilən sayqısız münasibət rəvac verir ki, digər müəllimlər də mənim hüququmu pozsun və mən yazmadığım halda, dərsimə qatılmayan şagirdə öz ürəyi istəyən qiyməti yazsın. İllərdir sevgi və həvəslə çalışdığım iş yerindən ayrılmağa məcbur oldum. Əlbət bütün çətinlikləri yenə də aşacağam. Çünki məni vəzifəyə və ya sənətə kimsə gətirməyibdir ki, itirmək qorxum olsun. Nə qədər ki, bu ürəyim və əllərim var kimsə məni əzə bilməz və ac qalmaram. Ama məni incidən bəzi demokrat hesab etdiyim dostların nə üzdə nə mesajla mənəvi dəstək olmamasıdır. Bu da keçər. Bir gün həqiqət parlayacaq və inanıram ki, o vaxt mən yad qapılarda deyil öz ölkəmdə və məni dəstəkləyən xalqımın içində olacağam! Bizə işıq gətirəcəyini vəd edən demokratlar, görüşəcəyik!” Əsgərova Pərnisə tərəfindən paylaşılmış paylaşımda istifadə olunmuş “təlimatlandırılma”, “işdən rədd edilməm”, “ayrılmağa məcbur oldum” kimi ifadələr Liseyə böhtandır, həmçinin qeyd olunan ifadələrin Lisey haqqında istifadə edilməsi Liseyin işgüzar nüfuzuna ləkə salmaqda, valideynlər və digər kənar şəxslər arasında Lisenin nüfuzunu aşağı salmağa, yalnış məlumatlandırmaqla liseyə qarşı onları təhrik etməyə yönəlmişdir. Bundan başqa X4 paylaşımı “ümumi, yəni hamıya açıq status” formasında paylaşaraq paylaşımlarının daha geniş kütlə tərəfindən oxunulmasını hədəfləmişdir, eləcə də minimum 22 nəfər tərəfindən də olduğu kimi paylaşılmışdır. Liseyin digər işçilərinin də həmin paylaşımları görməsi Liseyin öz işçi kollektivi arasında da nüfuzuna ciddi zərbə vurmuşdur. Əlavə olaraq bildiririk ki, X4 xx.xx.2021-ci il tarixdən etibarən heç bir üzürlü səbəb bildirmədən işə gəlməməkdədir, dəfələrlə işçi ilə əlaqə saxlanılıb və üzürlü səbəb yoxdursa işə çıxması, əks halda əmək müqaviləsinə xitam verilməli olacağı barədə məlumatlandırılmışdır. Baxmayaraq ki, işçi tərəfindən bizə hər hansı bir məlumat verilməmişdir, bir çox zənglərimizə cavab verməmişdir, Lisey olaraq isci ilə əmək müqaviləsinə indiyə kimi xitam verilməmişdir. İttiham olunan X1 Muxtar Respublikasında qeydiyyatda olsa da, əmək müqaviləsi bağlanarkən kadrlar uçotunun şəxsi vərəqəsində ünvan 1 ünvanını qeyd eləmişdir. X4 indiyə kimi öz ailəsi ilə həmin ünvanda yaşamaqdadır. Ona göndərilmiş xəbərdarlıq məktubunu da həmin ünvanda qəbul eləmişdir. Bu səbəbdən şikayət X2 faktiki yaşadığı yer üzrə məhkəməyə ünvanlandırılmışdır. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş “X8 liseyinin” nümayəndəsi və vəkili X6 şikayətin dəlillərinə uyğun çıxış etdərək, X2 özünün verdiyi mlumatlar əsasında kadrlar uçotunun şəxsi vərəqəsində qeyd edilmiş məlumatlara əsasən yaşayış ünvanının ünvan 2 olduğundan şikayətin Bakı Şəhəri Yasamal rayon Məhkəməsində baxılmalı olduğunu bildirdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 şikayəti qəbul etməyərək, hazırda daimi yaşayış yerinin olmadığını lakin qeydiyyat ünvanının Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu olduğu üçün xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilməsini məhkəmədə xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Müdafiəçi şikayəti qəbul etməyərək, xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X2 CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair “X8 liseyi”-nin direktoru Eytem Gültekin tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə baxılması Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Belə ki, iş materiallarından müəyyən edilir ki, X8 liseyi”-nin direktoru Eytem Gültekin xususi ittham qaydasında ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edirək P.Əsgərova barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanmasını xahiş etmişdir. Şikayət onun əsaslandırınmişdir ki, P.Əsgərova kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı “facebook” sosial şəbəkəsində lisey barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir; 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Elektron Məhkəmə Sisteminin Şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən çıxarışdan görünür ki, X4 xx.xx.1976-cı il tarixdə Azərbaycan Respublikası Naxçıvan rayonu, Əztəzəkənd kəndində doğulmuş, Kəngərli rayonu, Xıncab kəndində yaşayır. Hazırkı halda müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş məlumatların yayıldığı “facebook” social şəbəkəsinin Azərbaycan Respublikasında hüquqi ünvanı mövcud deyidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 isə yaşadığı ünvanı Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu, Xıncab kəndidir. Həmin ünvan isə Kəngərli Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, X2 CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair “X8 liseyi”nin xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmalı və şikayət baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 liseyi”-nin direktoru Eytem Gültekin tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-127/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-127/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver