Məhkəmə qərarları › İş №1(004)-128/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-128/2020

27.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-128/2020 27.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 və onun etibarnamə üzrə nümayəndəsi X5, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1951-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, təqaüdçü, ünvan 1 dalan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə saat 18:10 radələrində idarə etdiyi “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 2-ci kilometrində üçzolaqlı yolun orta zolağı ilə Bakı istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, ani olaraq sükanı sağa aldığından avtomobili sağa istiqamətləndirərək qabaq sağ hissəsi eyni istiqamətdə yolun sağ zolağında 40-50 km/saatla hərəkətdə olan Şahid2 idarə etdiyi “Daf” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında olan “Oplegger” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunun arxa sol hissəsinə dəyərək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Renault 12” markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs1 alın, burun və əng sümüklərinin qəlpəli sınıqları və baş-beyin toxumasının əzilməsi ilə müşayiət olunmuş başın alın nahiyəsinin əzilmiş yarası və qançırı, İ bel fəqərəsinin yan çıxıntısının sınığı kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır, Zərərçəkmiş şəxs2 burun sümüklərinin qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin sıyrıq və qançırı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs3 baş beyin toxumasının yüngül dərəcəli əzilməsi və qansızmaları ilə müşayiət olunmuş alın nahiyəsinin qançırı, sağ çiyin və sağ bazu oynağı nahiyəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almalarına, habelə “Oplegger” markalı **- ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunun əzilərək sahibi Zərərçəkmiş şəxs4 480 (dörd yüz səksən) manat ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə iclas protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:10 radələrində etibarnamə əsasında idarə etdiyi özünə məxsus olan “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsindən 4 nəfər sərnişin mindirib Bakı-Kənar-Dairəvi yolla Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. Həmin yolun Yasamal rayonu ərazisində orta zolaqla yaxın vuran işıqla 60-70 km/saat sürətlə keçən zaman sol zolaqda ondan yüksək sürətlə eyni istiqamətdə hərəkət edən nisbətən hündür ağ rəngli avtomobildən diksinib azca sükanı sağa almış, bu zaman avtomobilinin qabaq sağ və orta hissəsi dayanmış vəziyyətdə olan yük avtomobilinin qoşqusunun arxa sol hissəsi ilə sağ zolaqda toqquşmuşdur. Belə ki, ondan qarşıdakı yarımqoşqusu olan “Daf” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili dayanıqlı vəziyyətdə olduğundan, qəza nişanını və işıqlarını yandırmadığından bu hadisə baş vermişdir. Odur ki, bu səbəbə görə hazırki cinayət əməlinin törədilməsində özünü təqsirsiz hesab edir. Baş vermiş hadisə nəticəsində qabaq sağ oturacaqda əyləşən qadın, arxa oturacaqlarda əyləşən sərnişinlərdən bir nəfər qadın və oğlan xəsarət almışlar. Oraya toplaşan şəxslər, o cümlədən yük avtomobilinin sürücüsü onlara köməklik etmişdir. Daha sonra xəsarət alan sərnişinlər hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimlərinin müşayiəti ilə xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində qeyd etmişdir ki, hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz və yüksüz vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdir. Bundan başqa, zərərçəkmiş şəxslərə vurulmuş zərərdən az miqdarda ödəniş etsə də, əksəriyyətinin ona qarşı şikayət və tələbi yoxdur, ağır dərəcəli xəsarət almış Zərərçəkmiş şəxs1 tərəfindən ona qarşı verilmiş 4800 manat dəyərində mülki iddianın 2500 manat hissəsini qəbul edir və gələcəkdə hissə-hissə ödəməyi öz öhdəsinə götürür. Maddi vəziyyəti ağır olduğundan zərərçəkmiş şəxslərə dəymiş zərəri tam şəkildə ödəmək imkanı xaricindədir və ailədə yeganə qazanc gətiən şəxsdir. O, göstərilən xüsusatlar nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət mərkəzindəki mağazaların birində satıcı işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 18:10 radələrində işdən çıxıb yaxınlığındakı taksi kimi fəaliyyət göstərən, sarı rəngli “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib arxa sağ oturacaqda əyləşmişdir. Arxa otucaqda ümumilikdə 3 sərnişin, qabaq oturacaqda isə sürücüdən başqa bir nəfər qadın sərnişin olmuşdur. Bakı şəhəri istiqamətində Bakı-Kənar-Dairəvi yolunu Yasamal rayonu ərazisindən keçən zaman sürücü avtomobili yolun orta zolağı ilə idarə etmişdir. Yol boyu sürücü əlindəki telefonla məşğul olduğundan yolun hərəkət zolağından sağa və sola çıxmışdır. Onun bu cür idarəetməsi, yəni qəza şəraiti yaratması ətrafda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücülərinin də narazılıqlarına səbəb olub siqnal verərək iradlarını bildirmişlər. Bir qədər hərəkətinə davam etdikdən sonra sürücü yenidən telefonla məşğul olub ötmə əməliyyatı həyata keçirmək istəyərkən soldan gələn nəqliyyat vasitəsindən avtomobili qaçırıb sağla hərəkətdə olan yük avtomobilinin yarımqoşqusunun arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində aldığı xəsarətdən huşunu itirmişdir. Zərərçəkmiş şəxs1 əlavə olaraq qeyd etmişdir ki, hadisə baş verən anda yük avtomobili sağ zolaqla asta sürətlə hərəkətdə olmuş, onun yarımqoşqusunda taxta yükü olmuşdur. Yük avtomobilindən qabaqda dayanmış vəziyyətdə avtomobil olsa da, həmin avtomobilin hadisə ilə bilavasitə əlaqəsi olmamışdır. Hadisənin birbaşa səbəbi “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs sərnişin daşımasına baxmayaraq əlində telefonla məşğul olub diqqətini yolun hərəkət hissəsindən yayındırması olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində alın, burun və əng sümüklərinin qəlpəli sınıqları və baş-beyin toxumasının əzilməsi ilə müşayiət olunmuş başın alın nahiyəsinin əzilmiş yarası və qançırı, İ bel fəqərəsinin yan çıxıntısının sınığı kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır xəsarət almış, bir neçə dəfə cərrahiyə əməliyyatı keçirmiş, hazırda da mütəmadi olaraq stasionar qaydada tibbi müalicəsi davam etdirilir. Belə ki, aldığı xəsarət nəticəsində əmək qabiliyyətini itirməsinə və 7000 manat xərc çəkməsinə baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən ona hazıradək cəmi 700 manat ödənilmiş, 1500 manat sığorta ödənişi almış, qalan müalicə xərcləri dəyərinin, yəni 4800 manat maddi zərərin təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona dəymiş 4800 manat məbləğində maddi zərərin cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi X8 öz çıxışında bildirmişdir ki, o, həm arvadının müalicə xərcləri, həm azyaşlı uşaqlarının saxlanılması, həm də kirayə haqqını ödəməkdə çətinlik çəkir. Zərərçəkmiş şəxs1 müalicə xərcləri üçün 7000 manat vurulmuş maddi zərərdən hazıradək təqsirləndirilən şəxs tərəfindən 700 manat ödəniş həyata keçirilmişdir. X8 daha sonra məhkəmə baxışı zamanı iddia tələbinin həcmini azaldaraq ərizənin təmin edilməsini və 2500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq hüquqlarını təmsil etdiyi Zərərçəkmiş şəxs1 ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxsə qarşı mülki iddia verilməsinə baxmayaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sədərək ticarət mərkəzindəki mağazaların birində satıcı işləyir, xx xxxxxx 2020-ci ildə saat 18:10 radələrində taksi kimi fəaliyyət göstərən sarı rəngli “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa orta oturacağında əyləşmişdir. Həmin vaxt qabaq sağ oturacaqda bir nəfər qadın, arxa oturacaqda sağ tərəfdə, yəni onun yanında bir nəfər qadın, sol tərəfdə isə oğlan əyləşmişlər. Onlar Bakı şəhəri istiqamətində Bakı-Kənar- Dairəvi yolu ilə Yasamal rayonu ərazisində orta zolaqla yüksək sürətlə hərəkətdə olarkən sürücü avtomobillə ötmə manevri etmək istəmiş və ani olaraq sükanı sağa çəkib sağ zolaqda asta sürətlə hərəkətdə olan yük avtomobilinin qoşqusunun arxa sol tərəfinə zərblə dəymişdir. Nəticədə avtomobildə qabaq sağ oturacaqda oturan qadın, arxada onun yanında oturan qadın və o, özü xəsarət almışlar. Daha sonra hadisə yerinə TTYS çağırılmış və xəsarət alan şəxslərlə birlikdə onu da xəstəxanaya aparmışlar. Hadisə nəticəsində burun sümüklərinin qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin sıyrıq və qançırı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almışdır. Aldığı xəsarətə görə burun nahiyəsindən cərrahiyə əməliyyatı olunması və ağız nahiyyəsində dişləri sındığından onların düzəlməsi ilə bağlı ona ümumilikdə 2000 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 qeyd etmişdir ki, təqsirləndirilən şəxsin maddi vəziyyətinin ağır olmasını nəzərə alıb, ona qarşı hazırda heç bir şikayət və tələbi yoxdur, o cümlədən məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Sədərək Ticarət mərkəzində mağazada satıcı işləyir, xx xxxxxx 2020-ci ıl tarixdə saat 18 radələrində taksi kimi fəaliyyət göstərən sarı rəngli “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Həmin vaxt arxa oturacaqda 3 sərnişin olmuş, onlardan biri qadın olmaqla sağ tərəfdə əyləşmiş, digər iki sərnişin isə oğlan olmuşdur. Avtomobil Yasamal rayonu ərazisində Bakı-Kənar-Dairəvi yolu ilə orta zolaqla hərəkət edərkən sürücü əlindəki balaca telefonla oynaya-oynaya sükanı gah sağa, gah da sola döndərmişdir. Bu vaxt avtomobil sağ zolaqda asta sürətlə hərəkətdə olan yük avtomobilinin qoşqusunun arxa hissəsi ilə toqquşmuşdur. Zərərçəkmiş şəxs3 qeyd etmişdir ki, hadisə anında yük avtomobili hərəkətdə olmaqla, qoşqusunda taxta yükü olduğundan o, yavaş sürətlə hərəkətdə olmuşdur. Qəzadan sonrakı hadisələri isə özündə olmadığından xatırlamır, qəza nəticəsində baş beyin toxumasının yüngül dərəcəli əzilməsi və qansızmaları ilə müşayiət olunmuş alın nahiyəsinin qançırı, sağ çiyin və sağ bazu oynağı nahiyəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almışdır. Hal-hazırda səhhəti tam bərpa olunmuş, ona vurulmuş maddi ziyanın ödənilməməsinə baxmayaraq təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, “Daf” yük markalı **-NL-*** dövlət qeydiyyat nişanlı və ona quraşdırılmış “Oplegger” markalı **- ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmək üçün Şahid2 vermişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam ona zəng olunaraq Bakı-Kənar-Dairəvi yolda ona məxsus avtomobilin “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulması, toqquşma nəticəsində sonuncu avtomobildə xəsarət alanların olduğu bildirilmişdir. Sonradan ona məlum olmuşdur ki Sadiq idarə etdiyi ona məxsus qoşqulu yük avtomobili ilə Bakı-Kənar-Dairəvi yolun Yasamal rayonu ərazisindən keçən hissəsində şəhər istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə arxadan gələn “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən sağa istiqamətlənib və ona məxsus olan avtomobilin qoşqusunun arxasına dəymişdir. Nəticədə onun avtomobilinə 480 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyan sığorta şirkəti tərəfindən ödənildiyindən, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Oplegger” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan “Daf” markalı **- NL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisində sağ zolaqla 40-50 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt qoşquda 20-25 ton taxta yükü olduğundan, eyni zamanda hava şəraiti günün qaranlıq vaxtı və bir qədər çiskin yağışlı olduğu üçün sürətini artırmamışdır. Qoşqu uzun olduğundan arxanı görməmiş, yalnız möhkəm səs eşitmiş və bu vaxt qoşqunun arxa hissəsinə nəyinsə möhkəm dəyməsini anlayıb dərhal hərəkətini dayandırmışdır. Avtomobildən endikdən sonra qoşqunun arxa sol hissəsinə sarı rəngli “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsinin toqquşmasını, sonuncu avtomobildə olan sürücü və sərnişinlərin xəsarət almalarını görüb onlara köməklik göstərmişdir. Daha sonra hadisə yerinə TTYS-nın və DYPİ-nin əməkdaşları gəlmişlər. O, DYPİ-nin əməkdaşları hadisə yerinə gələnədək nəqliyyat vasitəsinin yerləşmə vəziyyətini dəyişməmiş, hadisə yerinə və avtomobillərə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, protokol və sxem tərtib edilmiş, yaralılar isə xəstəxanaya aparılmışdır. Şahid2 əlavə olaraq ifadəsində qeyd etmişdir ki, qoşquda taxta yükü olduğundan “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mütləq olaraq onu arxadan görmək imkanı olmuşdur. Bundan başqa hadisə vaxtı onun idarə etdiyi nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuş və işıq cihazlarında hər hansı bir nasazlıq olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs hadisə yerində ona bildirmişdir ki, soldan gələn avtomobildən yayınmaq üçün avtomobili sağa çəkmiş və onun idarəyə etdiyi avtomobillə toqquşmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:10-da tanışı Sadiq telefon vasitəsilə ona zəng vuraraq idarə etdiyi “Daf” markalı avtomobillə Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçərkən qoşqunun arxa hissəsini “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğunu bildirmişdir. Qeyd olunan nəqliyyat vasitəsi onun dostunun mükiyyətində olduğundan dərhal hadisə yerinə getmişdir. O, hadisə yerinə çatanda yaralıların olmasını görmüşdür. Həmin vaxt orada olan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, soldan gələn avtomobildən yayınmaq üçün avtomobili sağa çəkmiş və Sadiqin idarəyə etdiyi avtomobillə hərəkətdə olarkən toqquşmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi məlumatlar özünü müdafiə xarakterli məlumatlar olaraq qiymətləndirilməlidir. Belə ki, onun Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolu ilə və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ziddiyyətli ifadələr verməsini, yəni “Daf” markalı avtomobilin Bakı-Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisində dayanmış vəziyyətdə olmaqla onun üçün qəza şəraiti yaratması, onun hadisənin qarşısının alınmasına texniki imkanının olmaması kimi göstərdiyi xüsusatlar iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq olunmadığından özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Belə ki, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən məyyən edilir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əlində telefon saxlamaqla məşğul olmuş və diqqəti yolun hərəkət hissəsindən yayınmışdır. Bundan başqa onun ifadəsində göstərilən xüsusatların əksinə olaraq təsdiq edilmişdir ki, taxta yükü daşıyan “Daf” markalı avtomobil hərəkətdə olmaqla sürəti 30-40 km/saat olmuşdur və həmin nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərində hər hansı bir pozuntu aşkar edilməmişdir. Eyni zamanda iş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisə Bakı-Kənar-Dairəvi yolunun Bakı istiqamətdə Yasamal rayonu ərazisindən keçən 2-ci kilometrliyində üçzolaqlı yolun orta zolağında baş vermişdir. Protokoldakı qeydə əsasən müəyyən edilir ki, hadisə anında hər iki nəqliyyat vasitəsi hərəkətdə olmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs hadisə yerinin baxış protokolu və ona əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemi təqdim edildikdə o, həmin sənədlərin düzgün tərtib edildiyini təsdiq etmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş AD seriyalı 333378 və 333380 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinə əsasən “DAF” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobili və “Oplegger” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu mülkiyyət hüququ ilə Zərərçəkmiş şəxs4 məxsusdur, qeyd olunan yük avtomobili xx xxxxxxxx 2019-cu il tarixdə notarial qaydada verilmiş ƏN-V seriyalı 017314 nömrəli etibarnaməyə əsasən xx xxx 2029-cu il tarixədək idarə etmək hüququ ilə sürücü Şahid2 istifadəsinə verilmişdir. Həmçinin xx xxx 2019-cu il tarixdə verilmiş və etibarlılıq müddəti xx xxx 2029-cu il tarixədək olan AE seriyalı 047293 nömrəli sürücülük vəsiqəsinə əsasən Şahid2 B və CE kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AD seriyalı 129582 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Renault 12” (minik) markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə X1 məxsusdur. Qeyd olunan minik avtomobili xx xxxxxxxx 2019-cu il tarixdə notarial qaydada verilmiş ƏN-V seriyalı 032200 nömrəli etibarnaməyə əsasən xx xxxx 2021-ci il tarixədək idarə etmək hüququ ilə sürücü Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir. Həmçinin xx xxxx 2019-cu il tarixdə verilmiş və etibarlılıq müddəti xx xxxx 2021-ci il tarixədək olan AF seriyalı 029193 nömrəli sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs B kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx xxxxxx 2020ci il tarixli məktublarından müəyyən edilir ki, sürücülər Təqsirləndirilən şəxs və Şahid2 sürücülük hüquqları məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan «xxxx» ASC-dən alınmış xx.xx.2020-ci il tarixli 08 nömrəli zərər aktından görünür ki, “Daf” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş “Oplegger” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusuna 480 (dörd yüz səksən) manat ziyan dəymişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və X4 rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 83 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş alın, burun və əng sümüklərinin qəlpəli sınıqları və baş-beyin toxumasının əzilməsi ilə müşayiət olunmuş başın alın nahiyəsinin əzilmiş yarası və qançırı, İ bel fəqərəsinin yan çıxıntısının sınığı xəsarətləri küt əşya (əşyalar) təsirindən törənmişlər, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və X4 rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 60 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş burun sümüklərinin qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin sıyrıq və qançırı xəsarətləri küt əşya (əşyalar) təsirindən törənmişlər, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və X4 rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 82 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs3 aşkar edilmiş baş-beyin toxumasının yüngül dərəcəli əzilməsi və qansızması ilə müşayiət olunmuş alın nahiyəsinin qançırı, sağ çiyin və sağ bazu oynağı nahiyəsinin qançırı və sıyrığı xəsarətləri küt əşya (əşyalar) təsirindən törənmişlər. xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2505 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəylə həmçinin müəyyən edilmişdir ki, “Daf” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Məhkəmə, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərini tədqiq edib hesab edir ki, həmin rəylər iş üzrə toplanmış digər sübutlarla ziddiyyət təşkil etmədiyindən və məhkəmə baxışı zamanı müəyyən edilmiş hallara uyğun gəldiyindən mötəbər sübut olaraq qəbul edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin xx xxxxxx 2020-ci il tarixli 2/530 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və ağır bədən xəsarətləri yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinin baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1.-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda, həmin əmələ görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 023316 nömrəli vəsiqədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarında olan 30 saylı MKİS tərəfindən verilmiş arayış və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs arvadı, övladları və nəvələrindən ibarət ailə üzvləri ilə birlikdə ünvan 1 dalan 1 ünvanında yaşayır. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla, barəsində şikayət daxil olmamışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxxxx 2020-ci il və 11 may 2020-ci il tarixli tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində hazırda məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında təqdim etdiyi ərizələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs4 məhkəmə iclasında təqdim etdiyi ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə yardım göstərməsini, zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini, cinayət nəticəsində onlara dəymiş ziyanı qismən ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evli olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə əsas cəza təyin olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasının imperativ olaraq göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə Zərərçəkmiş şəxs1 təsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ərizəsini müzakirə edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəyə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunduğu kimi, Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona dəymiş 4800 manat məbləğində maddi zərərin cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra onun etibarnamə üzrə nümayəndəsi olan əri X8 məhkəmə baxışı zamanı iddia tələbinin həcmini azaldaraq ərizənin təmin edilməsini və 2500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək ona qarşı məhkəmə baxışı zamanı verilmiş mülki iddianı etiraf etmiş və 2500 (iki min beş yüz) manatın ondan tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair qərar qəbul olunmasına etiraz etmədiyini bildirmişdir. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən 2500 (iki min beş yüz) manat maddi ziyanın etiraf edildiyi nəzərə alınaraq zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi tam təmin edilməlidir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Təqsirləndirilən şəxs, “Daf” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı yük dartıcı nəqliyyat vasitəsinin və “Oplegger” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun qanuni sahibi Zərərçəkmiş şəxs4 qaytarılmaları nəzərə alınmalı, məhkəmə məsrəflərinə daxil olan ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Renault 12” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Təqsirləndirilən şəxs, “Daf” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı yük dartıcı nəqliyyat vasitəsinin və “Oplegger” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun qanuni sahibi Zərərçəkmiş şəxs4 qaytarılmaları nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar