Məhkəmə qərarları › İş №1(004)-129/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-129/2021

15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-129/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lerik rayonu, Çayrud Ərazi Dairəsi, Çayrud kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ev 42 ünvanında yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xx xxxxxx 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ev 42 ünvanında olan zaman azyaşlı övadı Aydan Kəlbiyevə şirniyyat vermək istəyən zaman həyat yoldaşı Zərərçəkmiş şəxs buna etiraz etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən şillə ilə Zərərçəkmiş şəxs sol üz nahiyəsindən vuraraq sonuncuya sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırı, sifətin sol yarısının şişkinliyi kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X6 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ev 42 ünvanında yaşayır. 2015-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahlarından 2016-cı il təvəllüdlü bir qız övladı anadan olmuşdur. Son bir ildir ki, həyat yoldaşı Nigarla azyaşlı övladının böyüdülməsi ilə əlaqədar tez-tez ailədaxili münaqişələri yaranmışdır. xx.xx.2021ci il tarixdə saat təxminən 22 radələrində evdə olan zaman övladı Aydan şirniyyat istəmiş və o, Nigara demişdir ki, Aydana şirniyyat versin, lakin Nigar onun bu sözünə cavab olaraq bildirmişdir ki, uşağa şirniyyat vermək lazım deyil. Bundan bir müddət sonra o Nigarın uşağa şirniyyat verdiyini görüb, sonuncudan “əgər uşağa şirniyyat vermək lazım deyilsə, sən nə üçün şirniyyat verirsən?!” deyə soruşmuşdur. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Bundan sonra o, ayağa durub Nigar tərəfə gedərək onun üz nahiyəsinin sol tərəfindən bir sillə vurmuşdur. Bundan sonra onların arasında sözlü mübahisələri davam etmiş və o, Nigarın sol üz nahiyəsində bir sillədə vurmuşdur. Bundan sonra isə Nigar döyülməyi barədə ailə üzvlərinə zəng edərək məlumat vermişdir. Yekun olaraq əməlindən peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdə X6 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahlarından 2016-cı il təvəllüdlü bir qız övladı olmuşdur. Son bir ildir ki, həyat yoldaşı Vüqarla tez-tez ailədaxili münaqişələri yaranmış, sonuncu onu söyüb təhqir etmiş və azyaşlı övladının tərbiyə edilməsində ona maneəçilik törətmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 22 radələrində o, azyaşlı övladı Aydan və həyat yoldaşı Vüqarla birgə yaşadıqları Yasamal rayonu, 1-ci Alatava ev 42 ünvanında evdə oturan zaman sonuncu övladına çoxlu şirniyyat vermişdir. Övladının şirniyyata alergiyası olduğundan Vüqara uşağa çox şirniyyat verməməsini bildirmişdir. Lakin onun bu sözünə cavab olaraq Vüqar uca səs tonu ilə uşağın şirniyyat yeməsinə müdaxilə etməməyini bildirmiş, o isə Vüqara etiraz edərək, uşağın tərbiyəsi ilə onun məşğul olmağına müdaxilə etməməyi bildirmişdir. Bu zaman onların aralarında sözlü mübahisə yaranmış və Vüqar yerindən durub onun üzərinə gələrək, onu söyüb təhqir edərək sol üz nahiyəsindən bir sillə vurmuşdur. O, sillə zərbəsindən geriyə doğru getmiş, bu anda Vüqar təkrar onun üzərinə gələrək sol üz nahiyəsindən bir sillə daha vurmuş və o, sol göz nahiyəsindən xəsarət almışdır. Bundan sonra Vüqar ondan uzaqlaşmışdır. Daha sonra o, ailə üzvlərinə zəng etmiş, qohumları gəlib onu və övladını öz evlərinə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2021-ci il tarixli böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şifahi şikayətin qəbul edilməsi barədə prokoldan görünür ki, həmin tarixdə saat 22 radələrində həyat yoldaşı X6 ilə aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı ilə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ev 42 ünvanında baş nahiyyəsindən vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs onu döymüş həyat yoldaşı Vüqar Kəlbiyevin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (i.v. 2) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ev 42 ünvanında yerləşən mənzilin salon otağıdır. Baxış keçirilən zaman zərərçəkmiş Zərərçəkmiş şəxs salon otağını göstərərək həyat yoldaşı X6 tərəfindən məhz həmin salon otağında döyüldüyünü bildirmişdir. (i.v. 8-9) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsin Yasamal rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı xx xxxxxx 2021-ci il tarixli, 49 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol gözün konyukiva qişası altına qansızma ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırı, sifətin sol yarısının şişkinliyi küt əşyanı (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (i.v. 13-15) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X6 əvvəllər məhkum olunmamışdır. (i.v. 44) Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə rəisi Əli Məmmədov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 22.01 1985-ci ildə Lerik rayonunda anadan olmuş, X6, ailəlidir, 1 azyaşlı övladı var, ünvan 1 ünvanında qeydiyyatdadır və ünvan 2ta təhsillidir, hal-hazırda fərdi əməklə məşğul olur. Yaşadığı məhlədə qonuşlar arasında dərin hörməti vardır, qonşularla ünsiyyətdə təmkinli və nəzakətlidir, qonşular arasında müsbət xarakterizə olunyr, spirtli içkilərin və narkotik vasitələrin aludəçisi deyil, cinayət və digər hüquqpozmalara meyilliliyi yoxdur, fiziki və psixi cəhətdən sağlamdır. (i.v. 46) Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, onunla X6 arasında barışıq baş tutmadığından X4 cərimə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X6 tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X5 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, X3 əvvəllər məhkum olunmaması və törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X5 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X6 CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin olunmalı, onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. X6 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB**********0429250104 (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar