Məhkəmə qərarları › İş №1(004)-129/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-129/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-129/2023 30.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, ünvan 1 ünvanda yerləşən “Bizim təndir” şirniyyat evinin müdiri işləyən, əvvəllər məhkum olunmamış, Ordubad şəhəri, H.Əliyev prospekti, ev 73-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi ev 100, mənzil 12-də kirayədə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 12 sentyabr 2022-ci il tarixdə saat 16.00 radələrində müdiri olduğu “Bizim təndir” şirniyyat evinin yerləşdiyi ünvan 2 ünvanın qarşısında küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib kuryer kimi işə aldığı Zərərçəkmiş şəxs üzərinə dəfələrlə gedib əl-qol atmaqla sonuncunu vurmağa cəhd edib yüksəs səslə Zərərçəkmiş şəxs şərəf və ləyaqətini təhqir etməklə həmin anda küçədən keçən vətəndaşların rahatlığını pozmuş, həmin zaman Zərərçəkmiş şəxs ona yaxınlaşmamasını, əl-qol atmamasını və ondan uzaqlaşmasını bildirməsinə baxmayaraq o, əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmaqla zor tətbiq edib Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid “sağ yanaq nahiyəsinin hematoması” kimi xəsarət yetirib döyməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyun ayından Yasamal rayonu N.Hikmət küçəsi 27 saylı ünvanda yerləşən “Bizim təndir” şirniyyat evini icarə əsasında işlədir, orada şirniyyat evində dönər və şirniyyat satışını həyata keçirir. Dönəri o, özü hazırlayır və doğrayaraq satır, şirniyyatı ilə gündəlik Gülnar və İradə adlı qadınlar öncədən çağırdığında gəlib 3-4 saata müddətində lazimi sayda şirniyat bişirərək ona verirlər, həmin qadınlar daimi olaraq təndirxanada qalmırlar. O, bişirilən şirniyyatları da gün ərzində satır. Təndir evində bir nəfərdə Murad adlı kuryeri olmuş və sonuncu hərbi xidmətə getməli olduğundan o, xx.xx.2022-ci il tarixdə vhatsapp qrupunda kuryer axtardığını yazmışdır. xx.xx.2022-ci il tarixdə saat 15-16 radələrində tanımadığı 5-6 nəfər cavan uşaqlar onun iş yerinə gəlmiş və kuryer işləmək istədiklərini demişlər. Həmin uşaqlardan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ona çox yalvarıb bu işə ehtiyacının olduğunu və velosipedi ilə lazimi yerlərə sifarişləri aparacağını demişdir. O, iş üçün müraciət edənlərin arasından Zərərçəkmiş şəxs seçmiş və sonuncuya başa salmışdır ki, iş hər gün saat 09:00-dan 19:00-dək olan müddətədir və kuryerlik etdiyinə görə gündəlik 15 manat pul verəcəkdir. Razılaşmaya görə Babaya demişdir ki, sabah işə başlayar, amma hələlik iş yerində qalıb kuryer Muradla birlikdə ərazini öyrənər. Baba da onunla razılaşmış və xx.xx.2022-ci il tarixdə saat 19:00-dək təndirxanada qalıb sonradan çıxıb getmişdir. Təndirxananın ümumi sahəsi 30 kvm-dir, həmin sahədə həm şirniyyat bişirilir, həm də satışı həyata keçirilir, orada kassa aparatı vardır və içəridə oturmaq üçün yer ayrılmamışdır. Axşam Baba evinə çıxıb getdikdə sonuncuya başa salmışdır ki, “əgər gəlməsən bu barədə mənə de, çünki mənim əlavə kuryerim yoxdur”. Baba ona demişdir ki, mütləq səhər işdə olacaqdır. Baba çıxıb getdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 21 radələrində o, kassaya baxış keçirdikdə 65-70 manat əskik olmasını müşahidə etmiş və həmin vaxt daxili kameraya baxış keçirmiş, Babanın kassanın yaxınlığında olmasını görsə də konkret olaraq kassadan pul götürməsi barədə kadırı görməmədiyindən sonuncudan şübhələnməmişdir. Fikirləşmişdir ki, yəqin mal gətirən ekspeditorlara pul versə də qeydiyyatını aparmamışdır. 12 sentyabr 2022-ci il tarixdə saat 06.30-da verdiyi sifariş əsasında Gülnar onun iş yerinə tək gəlmiş və verdiyi sifariş əsasında şirniyyat bişirməyə başlamışdır. Gülnarı uzun müddət tanıdığından sonuncunu iş yerində qoyaraq həmin gün saat 06.45-də iş yerindən çıxaraq 20 Yanvar metrostansiyasının yaxınlığına gedərək mağazalara şirniyyat paylamağa başlamışdır. Həmin günü saat 08 radələrində Gülnar ona zəng edərək bildirmişdir ki, sifariş vardır, amma kuryer hələ də işə gəlməyib. O, Gülnara demişdir ki, kuryer saat 09 radələrində işə gələcəkdir. O, özü vhatsappla Babaya “salam” yazıb göndərmiş, lakin sonuncudan cavab gəlməmişdir. O, sonradan mütəmadi olaraq Babaya vhatsappla yazıb onlayn olmasını görsə də sonuncu ona cavab yazmamışdır. O, həmin gün saat 13-14 radələrində iş yerinə qayıtmış və görmüşdür ki, Baba hələ də işə gəlməyib və alınan sifarişlər kuryer olmadığı üçün rədd olunub. O, birdən fikirləşmişdir ki, yəqin kassadakı əskik gələn pulu Baba götürdüyü üçün işə gəlməyib, bəlkə onu polislə qorxutsun. O, ziyan etdiyinə və Babaya yazdıqlarına cavab almadığından hirslənmiş və Babanı qorxutmaq üçün sonuncuya “səni polisə vermişəm və polis səni axtarıb ayağımın altına gətirib atacaq” kimi səs yazısı göndərmişdir. Fikirləşmişdir ki, görsün Baba ona nə yazacaq. Amma Baba yenə də ona cavab yazmamışdır. Həmin gün xx.xx.2022-ci il tarixdə saat 15- 16 radələrində Baba onun iş yerinə gəlib onu çağırmışdır. O, təndirxananın qarşısına çıxdıqda Baba onu təhqir etməyə və ona “məni hansı polisə vermisənsə həmin polisləri çağır” deyə ifadələr işlətmişdir. O, Babaya niyə işə gəlmədiyini dedikdə sonuncu onun mobil telefonunun bacısında olduğunu, bacısının onun göndərdiyi yazılara qulaq asdığını və psixologiyasının pozulduğunu bildirmişdir. Həmin zaman yoldan keçən kimsə demişdir ki, Baba mobil telefonu ilə çəkiliş aparır. Baba özünün vurulmağı üçün ona sataşıcı sözlər işlətsə də o, özünü sakit aparmış, sonuncuya çıxıb getməsini deyirmiş. Baba isə ona polisləri çağırmağını, sonuncuya heç kimin heç bir şey edə bilməyəcəyini deyirmiş. Babanın mobil telefonla çəkiliş aparmasını gördükdə əlindəki telefonu almaq üçün sol əli ilə sonuncunun əlindəki telefona vurmaq istəyəndə əli Babanın sol tərəfdən sifətinə dəymiş və əlindəki telefon yerə düşmüşdür. Həmin vaxtı Baba sağ və sol ayağı ilə ona iki dəfə təpiklə ayaqlarından vurmuşdur. Həmin hadisə təndirxananın qarşısında olan kameraya düşmüş və həmin görüntüləri istintaqa təqdim etmişdir. Onları yoldan keçən 3-4 nəfər ayırmış və Baba sonradan çıxıb getmişdir. Baba ilə arasında baş verən hadisə təxminən 6-7 dəqiqə müddətində küçədə baş vermişdir. Babanın ona təpiklə yetirdiyi xəsarətlə bağlı heç bir tibbi müəssisəyə və hüquq mühafizə orqanına getməmiş, hazırda da bundan imtina edir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində, həm özünün, həm də Zərərçəkmiş şəxs təqdim etdiyi kamera görüntüsünə baxış keçirdiyini, həmin görüntülərdə Zərərçəkmiş şəxs əllə xəsarət yetirən şəxsin o, özü olduğunu, hadisə yerində onları ayıran 4-5 nəfərdən sadəcə şirniyyat bişirən Gülnarı tanıdığını və digər şəxsləri tanımadığını, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilən səs yazısında ona “Yasamaldan çıx, bütün polislərə pul paylayacağam ki səni gördükləri yerdə saxlayıb, gətirib atsınlar ayaqlarımın altına” kimi ifadələr işlədilən səs yazısına qulaq asdığını və orada danışan şəxsin o, olduğunu, Babaya polislər adından dediyi ifadəni sadəcə sonuncunu qorxutmaq niyyəti ilə dediyini, Babanın saxlanılması ilə bağlı heç bir polis əməkdaşına və şöbəsinə müraciət etmədiyini, həmin ifadəni də təndirxanadan pulu əgər Baba götürübsə sonuncunu qorxudub reaksiyasını öyrənmək üçün işlətdiyini, onun Babanı vurmaq kimi niyyətinin olmadığını, sadəcə Babanın çəkiliş apardığı mobil telefonu itələyib yerə salması üçün sol əli ilə telefona vurmaq istədiyi, lakin əlinin Babanın sifətinə yüngül formada dəydiyini, əlinin zərbəsinin çox olmadığı üçün Babanın sifətinə dəyməklə sonuncuya məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən “yüngül” xəsarətin yarana bilməyəcəyini və bir balaca qızara biləcəyini, amma o, Babanın sifətində bunun da şahidi olmadığını, o, Babanı sözlə təhqir etsə də sonuncunu xx.xx.2022-ci il tarixdə hadisə yerinə gəlməsi ilə bağlı çağırmadığını, Babanın onun təndir evinin qarşısında çəkdiyi kadrları sosial şəbəkəyə yerləşdirərək onu biyabır edəcəyini dediyini, obyektinin adının görüntüyə düşməməsi üçün Babanın üzərinə gedib sonuncunu kənara çəkmək istədiyini, o, neçə dəfə cəhd etsə də Babanı obyektinin qarşısından çəkilmədiyini və çəkilişə davam edərək onu hədələməyə başladığını, hadisə yerində söyüş söymədiyini, amma Babanın ünvanına “şərəfsiz, ləyaqətsiz” kimi sözlər işlətdiyini, hadisə yerində Babanın söyüş söyməsini xatırlamadığını, hadisə yerində heç kimin xəsarət almadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərəçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, DVD disklərdə olan video görüntülərlə və iş materiallarında olan digər sənədlərlə ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, subaydır və 2018-ci il tarixdə yaşadıqları Salyan rayonundan ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yaşasal rayonuna köçmüşlər. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir, amma özünə məxsus velosipedlə kuryerliklə məşğuldur. 09 sentyabr 2022-ci il tarixdə o, “tap.az” saytından iş elanlarına baxdıqda Yasamal rayonu N.Hikmət küçəsində yerləşən Musabəyov heykəlinin yaxınlığındakı təndir evində kuryer işinin olduğunu aşkar edib həmin təndir evinin sahibi əvvəllər tanımadığı sonradan anket məlumatlarının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə əlaqə saxlamış və sonuncu ilə təndirxanada görüşmüşdür. Söhbət zamanı o, İlhama işə ehtiyacının olduğunu və sahibi olduğu təndir evində kuryer işləyə biləcəyini demişdir. İlhamla razılaşmışlar ki, o, sonuncunun təndir evində xx.xx.2022-ci il tarixdən işə başlasın və özünə məxsus velosipedlə kuryer kimi sifariş verilən yemək, dönər və digər qida məmulatlarını mənzil başına çatdırılmasını həyata keçirsin, İlham da ona hər gün üçün 12 manat maaş (pul) ödəsin. O, bu təkiliflə razılaşdığı üçün xx.xx.2022-ci il tarixdə saat 09.00-da işə başlamış və həmin gün saat 23.00-dək kuryer kimi İlhama verilən sifarişləri mənzil başına çatdırmışdır. Səhərisi gün xx.xx.2022-ci il tarixdə saat 09.00-da işdə olmalı olduğu halda səhətində yaranmış problemlə, eləcə də anası Züleyxaya dərman almalı olduğu üçün həmin gün işə gedə bilməmişdir. O, həmin gün xx.xx.2022-ci il tarixdə saat 09.30-da dərman almaq üçün evdən çıxmış və istifadə etdiyi mobil telefonu səssiz rejimdə evdə qalmışdır. O, həmin gün saat 11.30-də evə qayıtmış və halsız olduğu üçün bir qədər yatmış və həmin gün saat 19:00 radələrində mobil telefonuna baxdıqda aşkar etmişdir ki, təndirxananın müdiri İlham ona saat 11-12:00 radələri arasında xeyli sayda vhatsappla səs atmışdır. O, səs yazlılarına qulaq asdıqda xx.xx.2022-ci il tarixdə işə çıxmadığıma görə İlhamın onu təhqiramiz formada və küçə söyüşləri ilə barəsində xoşagəlməz ifadələr işlətməsini, eləcə də İlhamın ona “Yasamaldan çıx, bütün polislərə pul paylayacağam ki səni gördükləri yerdə saxlayıb, gətirib atsınlar ayaqlarımın altına” kimi ifadələr işlətməsini eşitmişdir. O, İlhamın səs yazılarından çox narahat olmuş və 12 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində sonuncunun müdiri olduğu təndir evinə tək velosipedi ilə getmişdir. Amma öncədən mobil telefonunun kamerasını işlək vəziyyətə gətirərək video çəkməyə başlamış və İlhamı görüb sonuncunu təndirxananın qarşısına, yəni küçəyə çığırmışdır. Onu da qeyd etmək istəyir ki, o, İlhamın iş yerinə sonuncunun onu niyə təhqir etməsini, ələlxüsus ona göndərdiyi səs yazısında onu hansı polisin vasitəsi ilə axtarmasını, həmin polisin adını öyrənməyə getmiş, İlham xx.xx.2022-ci il tarixdə onu təndirxanaya çağırmamışdır. O, təndir evinin yerləşdiyi yerə öz istəyi ilə, yəni İlhamdan onu niyə təhqir etməsini öyrənməyə getmişdir. İlham ona həmin polisin adını çəkməsə də işə çıxmadığına görə onu küçədə tanımadığı 2-3 nəfərin yanında yenə də təhqir etməyə, hədələməyə başlamışdır. O, dəfələrlə İlhama demişdir ki, onu hədələdiyi polisi təndirxananın qarşısına çağırsın. Amma İlham bunu etməsə də sonuncuya dediyi sözlərə görə dəfələrlə onun üzərinə hücüm çəkib onu vurmağa cəhd etmiş, lakin orada olan şəxslər onları ayırmışdır. İlham növbəti hucumun birində ona yumruğu ilə sifətindən sol tərəfdən bir dəfə vurmuşdur. Mobil telefonuna qoşaraq paltarına asdığı regirstartor videogörüntünü dayandırsa da səs çəkilişi davam etmişdir. İlhamın onu yumruqla vurması konkret olaraq videogörüntüyə düşməsə də aparılan danışıqlarda o, İlhama “niyə məni vurdun, sən kimsən ki məni vurursan” kimi işlətdiyi ifadələr mobil telefonun səs yazısına qeyd edilmişdir. İlham bu ifadələrə görə ona cavab verməmişdir. Təxminən İlhamla arasında baş verənlər 6-7 dəqiqə müddətində küçədə davam etmiş, çəkdiyi videoçəkiliş 5 dəqiqə 26 saniyə müddətində aparılmışdır. Hadisə yerində olan tanımadığı 3-4 nəfər şəxs onu İlhamın əlindən almışlar. O, hadisə yerindən uzaqlaşmağa çalışdığı zaman İlhama arxadan təpiklə vurmaq istəmiş, amma təpiyi sonuncuya dəyməmişdir. O, dərhal hadisə yerindən uzaqlaşmış və DİN-in 102 Xidmətinə zəng edərək İlhamın onu küçədə döydüyünü bildirmişdir. Daha sonra o, Yasamal RPİ-nin 28-ci PB-nə gedərək yazdığı şikayət ərizəsi əsasında hadisə barədə izahat vermişdir. İlhamın ona atdığı səs yazısı və hadisə yerində çəkdiyi videokadrları istintaqa təqdim edə bilər. Lakin İlham tərəfindən sonradan təqdim edilən videogörüntüyə baxış keçirmiş və həqiqətəndə görüntüdən görmüşdür ki, İlham ona sifətindən vurandan sonra o, da qarşılıq verərək iki dəfə sonuncuya ayaqlarından təpiklə vurmuşdur. Onsuz da o, ifadəsində İlhama təpik atdığını bildirmiş, amma dəyibdəyməməsini bilmədiyini qeyd etmişdir. Kamera görüntüsünə baxdıqda əmin olmuşdur ki, onun İlhama atdığı təpik zərbələri sonuncunun ayaqlarına dəymişdir. Verilən sualara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsində onun psixoloji və digər xəstəliyi ilə bağlı heç bir xəstəliyinin olmadığını və əziyyət çəkmədiyini, sadəcə bir qədər əsəbi olduğunu və bununla bağlı heç bir xəstəxanada qeydiyyatda olmadığını, hadisə yerinə 3-4 nəfərin toplaşdığını və onların heç birisini tanımadığını, İlhamın hadisə yerində söyüş söyməsə də onun ünvanına “şərəfsiz, ləyaqətsiz, iş verən” kimi sözlər işlətdiyini, o, da sonuncuya qarşılıq verdiyini, İlhamın qəflətən yumruğu ilə ona sifət nahiyəsindən vurduğunu, İlhamın yumruğu onun sifətinin sol hissəsinə dəydiyini və ağzının içərisindəki ətin dişlərinə dəydiyindən iç hissəsinin qanadığını, başqa heç bir xəsarət almadığını, İlhamın orada ondan başqa heç kimə xəsarət yetirmədiyini, İlhamın təndir evindən heç bir məbləğdə kassadan pul götürmədiyini bildirdi. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin dekabr ayından Təqsirləndirilən şəxs məxsus Yasamal rayonu N.Hikmət küçəsində yerləşən “Bizim təndir” şirniyyat evində şirniyyatçı işləyirəm. əvvəllər şirniyyat evində İradə adlı xanış şirniyyatçı işləsə də sonradan işdən ayrılmışdır. 2022-ci ilin sentyabr ayında “Bizim təndir” şirniyyat evində əvvəllər kuryer işləyən Murad adlı oğlan hərbi xidmətə getməli olduğu üçün şirniyyat evinin müdiri Təqsirləndirilən şəxs yeni kuryer axtarmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə işlədiyi şirniyyat evinə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs gəlmiş və kuryer işinə qəbul etməsini İlhamdan xahiş etmişdir. İlham da Babanı kuryer işinə götürmüş və xx.xx.2022-ci il tarixdə saat 09:00-da işə başlamasını tapşırmışdır. Baba razılaşdıqda sonuncu kuryer işini öyrənmək üçün xx.xx.2022-ci il tarixdə saat 15-16:00dan saat 19:00-dək təndir evində keçmiş kuryer işləyən Muradla birlikdə ərazini öyrənmiş və saat 19:00-da evinə getmişdir. 12 sentyabr 2022-ci il tarixdə saat 05 radələrində o, işə gəlib şirniyyat bişirməyə başlamış, həmin gün İlham bişirilən şirniyyatları satmaq üçün 20 Yanvar metrostansiyası tərəfə getmişdir. Həmin gün saat 08:00-dan başlayaraq 13:00-dək sifariş alsalarda Baba işə çımadığı üçün kuryer üzündən sifarişləri imtina etmişlər. İlham həmin gün saat 12-13:00 radələrində işə qayıtmış və Baba ilə əlaqə saxlayıb danışmaq iştəsə də sonuncu zənglərə və mesajlara cavab verməmişdir. 12 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Zərərçəkmiş şəxs onun işlədiyi təndir evinə gəlib İlhamı təndir evinin qarşısına küçəyə çağırmışdır. Küçədə baba mobil telefonu ilə çəkiliş apararaq İlhama söz atmağa, sonuncunu çəkib sosial şəbəkəyə yerləşdirəcəyini deyib İlhamı hirsləndirməyə çalışmışdır. İlham həmin zaman Babaya çıxıb getməsini bildirsə də sonuncu mobil telefonla çəkiliş aparmaqda davam etmişdir. İlham dəfələrlə çəkilişi çəkməsini Babadab tələb etsə də sonuncu buna məhəl qoymayıb İlhamı təhqir edirmiş. 5- 6 dəqiqə müddətində Baba ilə İlham arasında küçədə sözlə mübahisə olmuşdur. O, Babanın çəkdiyi çəkilişə düşməməsi üçün təndir evinin içərisindən küçəyə çıxmamışdır. Baba çıxıb getdikdən sonra İlhamdan eşitmişdir ki, sonuncu Babanın əlindəki mobil telefonu almaq üçün əli ilə vurmaq isədikdə əli Babanın sifətinə, daha sonra telefona dəymişdir. o, şəxsən İlhamın Babaya xəsarət yetirməsini görməmiş, bunun şahidi olmamışdır. Eləcə də o, İlhamdan həmin ərəfədə kassadan pul əksikliyini olmasını eşitsə də bunu kimin etməsini görməmişdir. Cinayət işinin 114-115-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 17-18-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X2 Yasamal rayon Şöbəsi tərəfindən alınmış xx.xx.2022-ci il tarixli 928 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ yanaq nahiyəsinin hematoması küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsınə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 52-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti tələbi və mülki iddiası yoxdur və onunla barışmışdır. Cinayət işinin 81-89-cu vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 2 ədəd DVD markalı elektron maqnit daşıyıcı obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs mobil telefonunda arxivləşdirdiyi faylda adını “kuryer İlham İŞ” kimi yazdığı Təqsirləndirilən şəxs ***-***-**-** saylı GSM nömrəsini və həmin nömrəyə göndərdiyi özünə aid şəxsiyyət vəsiqəsini göstərir, daha sonra orada saat 10.49-da ona Təqsirləndirilən şəxs tərəfindən vhatsappla göndərilən səs faylını oxutdurur. Fayl açılır və orada “qaqaş sən Yasamaldan çıx da, mən sənin yerində olsam Yasamalda durmaram, ayə gəlmirsən “söyüş söyür” gəlmə eee, dünən 20 nəfər adam yığmışdı bəlkə, orada çörəyə ehtiyacı olan adamlar var idi, götürərdim birini gəlib işləyərədi, gəlmirdinsə bunu axşamdan niyə demirdin, sən Yasamaldan çıx, and olsun Allaha bütün polislərə pul paylayıb səni tapdırıb gətirib atdıracam ayağımın altına, bütün Yasamalda uşaqlara səs salacam, kimliyində var məndə” kimi səs yazısının olması müşahidə edilir. Digər videogörüntüyə baxış zamanı müəyyən edilir ki, həmin çəkiliş Zərərçəkmiş şəxs tərəfindən özünün mobil telefonu ilə küçədə “Bizim təndir” adlı obyektin qarşısında aparılır. Görüntüdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs mobil telefonun kamerası işlək (açıq) halda Təqsirləndirilən şəxs yaxınlaşır və aşağıdakı kimi danışıqlar aparılır; Zərərçəkmiş şəxs -Salamun əleykum, gəl bura. O nə səsdi atmısan mənə, şağır o polisləri bura. Təqsirləndirilən şəxs -nə gen-gen gəlmisən bura. Alə sənə dedim ki, könüllü gəl. Zərərçəkmiş şəxs -əlüvü çək, çağır bura o polisləri, əl atma. Təqsirləndirilən şəxs -iş verən, qorxma döymürəm səni Zərərçəkmiş şəxs -sən məni döyə bilməzsən, niyə mənə söyüş yazmısan, telefonum bacımda olub, sən kimsən söyüş söyürsən, söyüş yazmalısan ki mənə, buna nə ixtiyarın var. Təqsirləndirilən şəxs -ixtiyarım var işimi “pis ifadə işlədir”günə qoymusan Zərərçəkmiş şəxs -əlüvü çək Təqsirləndirilən şəxs -sən bura gəlməsəydin polisin cibinə pul qoyub xahiş edəcəkdim ki, onu tapıb gətirin ayağımın altına atın. Sən kimsən ee Zərərçəkmiş şəxs -mənim adın Babadır, sən heç kimsən, çağır o polisləri bura. Təqsirləndirilən şəxs -səni parça-parça eliyərəm Zərərçəkmiş şəxs -sən mənə heçnə edə bilməzsən Orada olan başqa bir qadın -niyə video çəkirsən Zərərçəkmiş şəxs -belələrin çəkmək lazımdır, Tiktok nədir ee, səni Omdubsmana göndərmək lazımdır. Təqsirləndirilən şəxs -Şərəfsiz, ləyaqətsiz, kimi işini batırmaq istəyirsən Zərərçəkmiş şəxs -mənə deyirsən şərəfsiz, sərəfsiz və ləyaqətsiz özünsən. Səni burda çiliyərəm, amma atam yaşdasan. Təqsirləndirilən şəxs -telefonu niyə açmırdın Zərərçəkmiş şəxs -Kənar dur, üstümə gəlmə, səni çəkib paylaşmaq lazımdır ki, bax bu obyektin yiyəsin deyirəm. (Zərərçəkmiş şəxs kameranın obyektivinin təndir evinə tərəf çevirir və yaxınlaşaraq adını göstərmək istəyir. Təqsirləndirilən şəxs həmin zaman Zərərçəkmiş şəxs ustunə gedir və görüntü anidən itir, lakin səs eşidilir. Təqsirləndirilən şəxs güc tətbiq edilərkən anidən insanın çıxardığı səsı çıxarır) Zərərçəkmiş şəxs - mənə əl atırsan ifadəsini işlədir və çəkiliş kəsilir. İstintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs ilə küçədə arasında baş verən hadisənin videogörüntüsü köçürələrək təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı orada xx.xx.2022-ci il tarixdə saat 16 radlərində küçədə çəkilmiş, eləcə də səssiz rejimdə və 37 saniyə müddətində çəkilişi olan 01 ədəd videogörüntü olan faylın olması müşahidə edilir. Görüntüyə baxış zamanı müəyyən edilir ki, görüntü səki və yolun kənarını fiksə edir. Görüntüdə saat 15.58 olduqda görünür ki, Zərərçəkmiş şəxs ağ qısaqol idman köynəyi və qara rəngli idman şalvarında olmaqla əlini yuxarı qaldıraraq mobil telefonu ilə çəkiliş aparır. Bu zaman mavi rəngli qısaqol köynək və boz rəngli şalvar geyinmiş Təqsirləndirilən şəxs ona yaxınlaşaraq sol əli ilə Zərərçəkmiş şəxs sifətinin sağ yanaq hissəsinə vurur. Orada olan bir nəfər cavan oğlan araya girərərk Təqsirləndirilən şəxs kənara çəkməyə çalışır. Həmin arada Zərərçəkmiş şəxs sağ ayağı ilə Təqsirləndirilən şəxs sağ tərəfdən bel nahiyəsinə, daha sonra sol ayağı ilə Təqsirləndirilən şəxs sol bud nahiyəsinə təpuiyi ilə vurur, çəkilişə davam edir. hadisə yerində iki nəfər başqa şəxs görünür, onlar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birindən uzaq tuturlar. Video görüntüdən edilmiş skrindən Təqsirləndirilən şəxs əlinin Zərərçəkmiş şəxs əlində saxladığı mobil telefonuna deyil, əlini tam açaraq sonuncunun birbaşa sifətinə doğru uzadaraq guc tətbiq etməsi müşahidə edilir. Halbuki Zərərçəkmiş şəxs əlindəki çəkiliş etdiyi mobil telefonu sifətindən xeyli öndə, yəni sinəsindən 9-10 sm qabaqda tutmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs təqdim etdiyi vatsappa proqramından skrin edilmiş fotogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs iş yerinin konumunu atmasını istəyir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs Musabəyov parkının yaxınlığında yerləşən iş yerinin konumunu atır. Digər fotogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07.51dən saat 11.37-dək olan müddətdə Zərərçəkmiş şəxs “salam, hardasan, hardasannn, telefonu aç, ala telefonu accccc” kimi vatsappla mesaj göndərir, digər göndərdiyi 3 mesaji isə sonradan silir. Zərərçəkmiş şəxs isə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs bir səsə yazısı yönləndirir və “elə bildin səs yazıları sildin, mənim subutlarım olmadı, cox sağ ol” kimi mesaj göndərir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə, ekspert rəyi, DVD disklərdə olan video görüntülərlə və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, hazırda zərəçəkmiş şəxsin ona qarşı hər hansı tələb və şikayətinin olmamasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Məhkəmənin belə mövqeyi «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası CMnin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya məhkəmə icraçısının iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar