Məhkəmə qərarları › İş №1(004)-13/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-13/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-13/2023 11.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili X2, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Tərtər rayonu Qaynaq kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, D Y/S ev, 12də pasport qeydiyyatında olmaqla Tərtər şəhəri, Ə.Paşayev küçəsi, bina 9, mənzil 3-də yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs oğlu X6 RPŞ-nin post patrul xidmətinə polis nəfəri kimi işə düzəldəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq Bakı-Qazax şossesinin Kürdəmir rayonu ərazisindən keçən hissəsində vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 2016-cı ilin dekabr ayının əvvəllərində 5,000 (beş min) manat, sonra isə 2017-ci ilin yanvar ayının sonunda Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 77 ünvanında yerləşən Alov zavodun binasının yan tərəfində 5,000 (beş min) manat və 2017-ci ilin mart ayının ortasında Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 77 ünvanında yerləşən Alov zavodun binasının yan tərəfində 5,000 (beş min) manat pulunu alıb, ümumilikdə 15,000 (on beş) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2016-cı ilin sonuna yaxın özünə məxsus Mercedes markalı avtomaşınla Tərtər rayonundan Bakı şəhərinə müştəri gətirən zaman avtomaşında Mədinə adlı qadın da əyləşmişdir. Yolda olan zaman Mədinə telefonla kimisə işə düzəltmək barədə danışmışdır. Sonradan maşına Anar adlı şəxsdə əyləşmişdir. O, da Mədinənin telefon danışıqlarını eşitmişdir. Anar Mədinə adlı qadına lazım olsa işə düzəltməyə kömək edə bilərəm demişdir. Mədinə Anarın təklifi ilə razılaşmış və Arif adlı kişi ilə danışıb onlara deyəcəyini bildirmişdir. Bundan sonra təxminən 2016-cı ilin noyabr ayında Mədinə ilə birlikdə Kürdəmir rayonu ərazisində Arif adlı şəxsə məxsus fermaya getmişdir. Orada Mədinə onu həmin şəxslərlə tanış etmişdir. Anar adlı şəxslə olan danışığına əsasən Arif adlı şəxsə onun oğlunu Şamaxı RPŞ-nin post patrul xidmətinə serjant rütbəsi ilə işə qəbul etdirəcəyinə dair söz vermişdir. Daha sonra Arif Anar adlı şəxslə həm telefonla danışıb, həm də ki Şamaxinka adlanan yerdə görüşərək ona oğlunun işə düzəlməsinə görə 15,000 manat pul lazım olmasını bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşdığı üçün ona zəng edərək ondan pul götürməsini bildirmişdir. Ariflə Kürdəmir-Qazax şossesində görüşərək sonuncudan 3,000 manat pulu götürmüşdür. Arifdən götürdüyü pulu həmin günü Şamaxinkada görüşüb Anar adlı şəxsə vermişdir. Bundan sonra isə Arifdən pul almamışdır. Bundan başqa Arif ilə bir neçə dəfə Alatava ərazisində görüşüb 3,000 manat, 2,000 manat, 1,000 manat və sonuncu dəfə yenə 1,000 manat pul alıb Anar adlı şəxsə vermişdir. Zərərçəkmiş şəxs aldığı puldan ona heç bir məbləğdə pul çatmamışdır. Həmin pulların hamısını Anar adlı şəxsə vermişdir. Anar işin sonunda ona 1,000 manat pul verəcəyinə dair söz vermişdir. Zərərçəkmiş şəxs ümumilikdə 10,000 manat pul vermişdir ki, həmin pulun da hamısını Anar adlı şəxsə vermişdir. Zərərçəkmiş şəxs almış olduğu pul vəsaitindən Mədinəyə heç bir məbləğdə pul verməmişdir. Həmin pulların hamısını Anar adlı şəxsə vermişdir. Mədinə sadəcə olaraq Ariflə onları tanış etmişdir. Anar adlı şəxsin anket məlumatları barədə onda məlumat yoxdur. Onun adının Anar olmasını və əslən Göyçay rayonundan olmasını bilmişdir. Anar adlı şəxslə 2016-cı ilin dekabr ayının əvvəllərindən 2017-ci ilin mart ayının sonuna kimi istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə əlaqə saxlamışdır. Anar adlı şəxsin istifadəsində olan mobil nömrələri unutmuşdur. Daha sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Şahid1 hərbi xidmətdən qayıtdıqdan sonra polis orqanlarına xidmətə qəbul olmaq istəmişdir. İşə qəbul qaydalarına uyğun olaraq oğlu Rövşən Göyçay şəhərində X10 tərəfindən keçirilən sıra baxışında iştirak etsədə işə qəbula seçilməmişdir. Bundan sonra Rövşənə uzaq qohumları Mədinə “keçmiş nəqliyyat naziri Ziya Məmmədovun onun həmyerlisi olduğunu bildirərək onu polis orqanlarına serjant rütbəsi ilə qəbul etdirəcəyini” bildirərək 3,150 manat pulunu almışdır. X9 pul verməsi ilə bağlı ona bildirmişdir. Mədinənin deməsinə görə Rövşən 1 ay ərzində işə qəbul ediləcəkdir. Lakin Mədinənin dediyi vaxtdan xeyli müddət keçsədə Rövşənin işə qəbulu ilə bağlı heç bir irəlləyiş olmamışdır. Bu səbəbdən oğlu Rövşəni tələsdirmişdir ki, Mədinədən işin düzəlməsini tələb etsin. Rövşən mütəmadi olaraq Mədinədən işin düzəlməsini tələb etmişdir. Mədinə ona “darıxma səbirli ol işin lazımı qaydada gedir və yaxın müddətdə düzələcək” demişdir. Lakin narahat olmuş və işin bu qədər uzanmasının arxasında yalan olduğunu düşünmüşdür. Təxminən 2016-cı ilin noyabr ayının sonlarında Mədinə özünü Aqşin kimi təqdim edən şəxslə Kürdəmir rayonu ərazisindəki qışlaq ərazisinə gəlmişdir. Mədinə həmin şəxsi onlarla tanış etmişdir. Mədinə oğlu Rövşənin polisə işə qəbulu ilə bağlı işini bundan sonra Aqşinin davam etdirəcəyini bildirmişdir. Aqşin adlı şəxs Anar adlı polis orqanlarında hansısa böyük vəzifə sahibi olan şəxsin sürücüsü və köməkçisi olduğunu bildirmişdir. Aqşin onlara bu kimi işlər, yəni yaşı 25 dən yuxarı olan şəxslərin orqana qəbulu onun tərəfindən həll edildiyini bildirmişdir. Bununla bağlı onun əlində dörd belə müraciət olduğunu vurğulamışdır. Aqşinə qarşı inam yaranmağa başlamışdır. Onlar təxminən iki saat bu barədə söhbət etmişlər. Bundan sonra isə Mədinə və Aqşin fermadan ayrılaraq getmişlər. Həmin günün səhəri Aqşin istifadəsində olan xatırlamadığı GSM nömrəsindən həmin ərəfədə onun istifadəsində olan və yandığı üçün hal-hazırda xatırlamadığı GSM nömrəsinə zəng etmişdir. Aqşin ona “Mədinənin oğlu Rövşənin işə düzəlməsi ilə bağlı Mədinəyə verdikləri pulu ondan geri almaqlarını” demişdir. Aqşinə qarşı inamı yarandığı üçün oğlu Rövşənə Mədinədən pulu geri tələb etməsini bildirmişdir. Rövşən Mədinədən pulu geri tələb etməyə başlamışdır. Mədinə hər dəfə onlardan vaxt istəyərək pulu geri qaytaracağını demişdir. Mədinə pulun ödənilməsi ilə bağlı 2017-ci ilin yanvar ayının sonuna kimi vaxt istəmiş və onlarda həmin vaxta kimi gözləmişlər. X4 “get nə bilirsən elə” dediyi üçün sonuncu Mədinə barəsində Şamaxı RPŞ-yə müraciət etmişdir. Daha sonra isə həmin müraciət aidiyyatı üzrə Abşeron RPİ-yə göndərilmiş və fakta görə cinayət işi başlanılaraq istintaq olunmuşdur. Həmin ərəfələrdə Aqşinlə tez-tez əlaqə saxlayıb görüşmüş və oğlu Rövşənin işə düzəlməsi ilə bağlı söhbətlər etmişlər. Belə ki, Aqşin Tərtər rayonundan olduğu üçün rayona gedib-gələn zaman onlara məxsus fermanın yanından keçmişdir. Aqşin tez-tez fermaya gələrək onunla görüşmüşdür. Aqşin Rövşənin işinin münasib qiymətə düzələcəyini bildirmişdir. Təxminən Rövşənin işinin 10,000 manat civarında xərci olacağını demişdir. Belə ki, 2016-cı ilin dekabr ayının əvvəllərində Aqşinlə əvvəlcədən danışıdıqları üçün onunla Kürdəmir-Qazax şossesində körpünün altında görüşmüşlər. Həmin vaxt ona ilkin olaraq 5,000 manat pul vermişdir. Aqşin ona “səni çox çətinə salmayacam qalan nə qədər tələb olunsa sənə deyəcəm” demişdir. Aqşin guya aldığı pula görə oğlu Rövşəni Şamaxı rayon polis şöbəsinə post patrul xidmətinə işə düzəldəcəyini bir müddət işlədikdən sonra isə yol patrul xidmətinə keçirəcəyini bildirmişdir. Aqşinlə telefon əlaqəsi saxlamış, sonuncu işlərin getdiyini və veriləcək əlavə məbləğlə bağlı bildirəcəyini demişdir. Aqşinlə danışığıqlarına əsasən təxminən 2017-ci ilin yanvar ayının sonunda Bakı şəhərində Alatava deyilən ərazidə görüşmüşlər. Ona qohumu Nizaminin iştirakı ilə 5,000 manat pul vermişdir. Həmin vaxt Aqşin ona “əlavə olaraq üç min manatda verməli olduğunu” demişdir. Aqşinə “axı ona mənim gücüm çatmır biz 10,000 manata danışmışdıq” demişdir. Aqşin isə ona 10,000 manata razılıq verilmədiyini bildirmişdir. Bundan sonra Aqşindən ayrılıb evə getmişdir. Bir-iki gün sonra Aqşin yenidən ona zəng edərək “3,000 manat deyil 5,000 manat istənildiyini” demişdir. 2017-ci ilin mart ayının ortasında taksi kimi fəaliyyət göstərən qohumu Nizami ilə birlikdə Bakı şəhərinə getmiş və Alatava ərazisində Aqşinlə görüşərək sonuncuya 5,000 manat pul vermişdir. Bir neçə gün sonra Aqşin ona zəng edərək Nazirliklə işin həll olunduğunu və Şamaxı RPŞ-yə gedərək kadrla işin həll olunacağını bildirmişdir. Bu minvalla Aqşin onu 2020-ci ilin may ayının əvvəlinə kimi arxayın etmişdir. Sonradan Aqşinin onu aldatdığını başa düşmüş və ondan pulu tələb etməyə başlamışdır. Aqşin ona gah çuğundur əkdiyini və məhsul vaxtı qaytaracağını, gah kredit götürüb pulunu qaytaracağını, gah da ki, maşın təmir etdirib sataraq pulunu ödəyəcəyini bildirsədə pulunu geri qaytarmamışdır. Sonradan Aqşin əvvəlki GSM nömrəsini işlətmədiyi üçün onunla əlaqə saxlaya bilməmişdir. Aqşinə məxsus avtomobilin nömrəsi ilə soraq etdikdə isə onun adının Elçin olduğunu bilmişdir. Bir neçə müddət sonra isə Elçin özü ***-***-**-** GSM nömrəsindən ona zəng etmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hərbi xidmətdən qayıtdıqdan sonra polis orqanlarına xidmətə qəbul niyyətində olmuşdur. İşə qəbul qaydalarına uyğun olaraq Göyçay şəhərində X10 tərəfindən keçirilən sıra baxışında iştirak etsədə işə qəbula seçilməmişdir. Bundan sonra uzaq qohumu Mədinə “keçmiş nəqliyyat naziri Ziya Məmmədovun onun həmyerlisi olduğunu bildirərək onu polis orqanlarına serjant rütbəsi ilə qəbul etdirəcəyini” bildirərək 3,150 manat pulunu almışdır. Mədinəyə onu işə düzəldəcəyi ilə bağlı atası Arifə bildirərək Mədinənin 1 ay ərzində onu işə düzəldəcəyini demişdir. Lakin Mədinə vəd verdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq onun işə düzəlməyi ilə bağlı heç bir irəlləyiş olmamışdır. Atası Arif isə ona Mədinəni işin düzəlməsi ilə bağlı tələsdirməsini demişdir. Təxminən 2016-cı ilin noyabr ayının sonlarında Mədinə özünü Aqşin kimi təqdim edən şəxslə Kürdəmir rayonu ərazisindəki onlara məxsus olmuş qış otlaq ərazisinə gəlmişdir. Mədinə həmin şəxsi onlarla tanış etmişdir. Mədinə onun polisə işə qəbulu ilə bağlı işini bundan sonra Aqşinin davam edəcəyini bildirmişdir. Aqşin adlı şəxs Anar adlı polis orqanlarında hansısa böyük vəzifə sahibi olan şəxsin sürücüsü və köməkçisi olduğunu bildirmişdir. Aqşin onlara bu kimi işlər, yəni yaşı 25 dən yuxarı olan şəxslərin orqana qəbulu onun tərəfindən həll edildiyini bildirmişdir. Bununla bağlı onun əlində dörd belə müraciət olduğunu vurğulamışdır. Həmin vaxt onların Aqşin kimi özünü təqdim edən şəxsə qarşı inamı yaranmağa başlamışdır. Aqşin və Mədinə gedəndən bir-iki gün sonra atası ilə əlaqə saxlayaraq onun polisə işə qəbul olunmasının onun tərəfindən həll ediləcəyini və işə düzəlməsi ilə bağlı əvvəllər Mədinəyə vermiş olduğu pulu geri almağı bildirmişdir. Atası Arif bu barədə ona bildirdikdən sonra Mədinədən pulunu geri tələb etməyə başlamışdır. Yekunda isə Mədinə pulu ödəmədiyi üçün onun barəsində polis orqanlarına şikayət etmişdir. Mədinə barəsində cinayət işi başlanılaraq məhkəmə məsuliyyətinə verilmişdir. Özünü Aqşin kimi təqdim edən şəxs isə ümumilikdə atası Arifdən onun polisə işə düzəlməsi ilə bağlı 15,000 manat pul almışdır. Sonradan isə atası Arifi aldatmış nə onu polisə işə düzəltmiş, nə də ki atasından aldığı pulu geri qaytarmışdır. Aqşin onları bir neçə il arxayın edərək pulu qaytaracağını bildirmişdir. Sonralar isə onun istifadəsində olan mobil nömrə bağlanmışdır. Özünü Aqşin kimi təqdim edən şəxsə məxsus avtomaşının dövlət qeydiyyat nişanı ilə onun anket məlumatlarını öyrəndikdə sonuncunun adının Elçin olduğunu bilmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, təxminən 2016-cı ilin sonunda Abşeron RPİ-dən Aslan adlı polis əməkdaşı Xırdalan şəhərində Quşçuluq yaşayış massivindəki kirayə yaşadığı evə gəlmişdir. Həmin polis əməkdaşı özünü təqdim edərək ona “Şahid1 onun barəsində polis idarəsinə şikayət etdiyini” bildirmişdir. Bir neçə gün sonra barəsində olan şikayətin nədən ibarət olmasını bilmək üçün Şamaxı şəhərinə getmişdir. Şamaxı şəhərində rayon prokurorluğunda olmuşdur. Rayon prokurorluğundan ona Şahid1 müraciəti əsasında aparılan araşdırmanın Abşeron rayon polis idarəsinə göndərildiyini bildirmişlər. Bir neçə gün sonra Abşeron rayon polis idarəsinə gəlmiş və işinin müstəntiq Əsgər Kazımovda olmasını bilmişdir. Əsgər Kazımov tərəfindən aparılan araşdırma üzrə izahatı alınan zaman ona məlum olmuşdur ki, Şahid1 ərizə ilə şikayət edərək guya onun işə düzəlməsi adı ilə 3,150 manat pulunu ələ keçdiyini bildirmişdir. İstintaq dövründə vermiş olduğu ifadələrində Rövşəndən heç bir məbləğdə pul almadığını bildirmişdir. Buna baxmayaraq istintaq orqanı onun təqsirli olduğu qənaətinə gələrək onu məhkəmə məsuliyyətinə vermişlər. Məhkəmə prosessində də Şahid1 3,150 manat pulu almasını təkzib etsədə, Abşeron rayon məhkəməsinin hakimi Cəmilə Səfiyeva onun təqsirli olduğu qənaətinə gələrək onun 02 il islah işləri cəzasına məhkum olması barədə hökm çıxarmışdır. O, Şahid1 tələb etdiyi pulu Abşeron rayon probasiya idarəsi vasitəsilə ödəmişdir. 2020-ci ilin may ayında Yasamal RPİ-nin 29-cu PŞ-dən təhqiqatçı ona zəng edərək polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Şahid1 atası onun oğlunu işə düzəltmək adı ilə 3,000 və 15,000 manat alması ilə bağlı şikayət etmişdir. O, nə Rövşəndən nə də ki, atası Arifdən heç bir məbləğdə pul almamışdır. Barəsində çıxan məhkəmə hökmünə görə təqsirli bilinsədə həmin 3,150 manat pulu da onlardan almadığı təqdirdə həmin şəxslərə ödəmişdir. Arif ilə Elçini tanış etmədiyini, ümumiyyətlə Elçin adlı şəxsi tanımadığını, sonuncu ilə heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2016-cı ilin sonlarında anası Sənubər ilə birlikdə Kürdəmir rayonu ərazisində ferması olan xalası Məleykə gilə getmişdir. Həmin günü onlara xalasının əri Arifin uzaq qohumu olan Mədinə adlı qadın və sonuncunun Aqşin adlı tanışı gəlmişdir. Birlikdə çay içib söhbət etmişlər. Həmin vaxt Mədinə Aqşin adlı şəxsi Ariflə tanış edərək sonuncunun oğlunun işinin bundan sonra Aqşin düzəldəcəyini bildirmişdir. Aqşin Arifə “narahat olma oğlun Rövşəni yol polisinə işə düzəldəcəm” demişdir. Bununla bağlı onlar arasında, yəni Mədinə, Aqşin və Arif birlikdə söhbət etmişlər. Bundan başqa Mədinənin də xalası oğlu Rövşəndən onu işə düzəltmək adı ilə təxminən 3,000 manat miqdarında pul almasından məluatı olmuşdur. Bundan bir neçə vaxt sonra qohumu Arif taksi sürücüsü olduğu üçün ona müraciət edərək Bakı şəhərinə Aqşin adlı şəxslə görüşməyə aparmasını xahiş etmişdir. Bir neçə dəfə Arif adlı qohumu ilə Bakı şəhərinə gələrək Aqşin adlı şəxslə görüşmüşdür. Aqşinlə kafedə və küçədə görüşüb söhbət edən zaman Zərərçəkmiş şəxs “səbirli olmasını və qısa müddətdə Rövşənin adının sistemə otuzdurduqdan sonra yol polisi formasını geyinəcəyini” demişdir. Rövşənin işə düzəlməsi ilə bağlı Aqşinin nə qədər pul istəməsindən məlumatı olmamışdır. Lakin Zərərçəkmiş şəxs onun yanında iki dəfə hər dəfəsində də 5,000 manat olmaqla ümumilikdə Aqşin adlı şəxsə Alatava ərazisində 10,000 manat pul vermişdir. Daha sonradan isə Aqşin adlı şəxslə əlaqə kəsildiyi üçün Zərərçəkmiş şəxs işin düzəlməməsi ilə bağlı öz nigarançılığını bildirmişdir. Özünü Aqşin adı ilə təqdim edən şəxs gümüşü rəngli Mercedes markalı avtomobil ilə Bakı-Tərtər istiqamətində sərnişin daşımışdır. Həmin şəxsin Zərərçəkmiş şəxs aldatmasını bildikdən sonra onun əsl adının Elçin olduğunu bilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(061)78/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə, saat 14:50-də Təqsirləndirilən şəxs saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verildiyi üçün onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tamamilə ödəmiş, sonuncuya qarşı heç bir şikayət və tələbini yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bakı şəhər BPİ-nin Maliyyə Plan şöbəsinin depozit hesabında saxlanılan 2,500 manat məbləğində pul vəsaiti qərar qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızına məhkəmədə iştirak 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhər BPİ-nin Maliyyə Plan şöbəsinin depozit hesabında saxlanılan 2,500 manat məbləğində pul vəsaiti qərar qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs verilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar