Məhkəmə qərarları › İş №1(004)-130/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-130/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-130/2023 30.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2ə “polisin nəzarəti altına vermə qismində” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib üstündə saxlamaqla daşımışdır. Beləki, o, 08 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan yerdə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,450 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 13:00-dəqiqədə Bakı şəhəri Yasamal rayonu B.Məcidov küçəsi ilə M.F.Axundov küçəsinin kəsişməsində Yasamal RPİ 27-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Yasamal RPİ 27-ci PB-nə gətirilərək PB-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli polietilen bükümdə olan təmiz çəkisi 0,450 qram olan qəhvəyi rəngli kustar üsulla hazılanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 08 oktyabr 2022-ci il tarixdə səhər saatlarında narkotik vasitə əldə etmək məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan yerə gedərək orada üzdən tanıdığı adını bilmədiyi şəxsə yaxınlaşaraq ondan narkotik vasitə istəmiş və 5 manat pul verərək həmin pulun qarşılığında ondan 01 ədəd bükümdə narkotik vasitə olan “heroin” alaraq həmin narkotik vasitəni axşam istifadə etmək üçün gödəkcəsinin cibinə qoymuşdur. 08 oktyabr 2022-ci il tarixdə saat 13:00-da Bakı şəhəri Yasamal rayonu B.Məcidov küçəsi ilə M.F.Axundov küçəsinin kəsişməsində iki nəfər mülki geyimdə olan Yasamal RPİ 27-ci PB-nin əməkdaşları özlərini təqdim edib onu saxlayaraq 27-ci PB-nə gətirmişlər. Polis bölməsinə gətirildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə üzərinə hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual verilmişdir. O da əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən səhər aldığı həmin narkotik vasitəni “heroini” polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərində əlavə heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, himayəsində azyaşlı övadının olmasını, əməlindən peşman olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı bölməyə məlumat daxil olduğundan Yasamal RPİ-nin 27-ci Polis bölməsinin rəisinin əmri əsasında əməliyyat qrupunun təşkil olunmuşdur. 08 oktyabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində Yasamal RPİ-nin 27-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1la birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri Yasamal rayonu B.Məcidov küçəsi ilə M.F.Axundov küçəsinin kəsişməsinə yollanaraq soraqlaşma əməliyyat tədbirini həyata keçirmişlər. Həmin gün saat 13:00-da Bakı şəhəri Yasamal rayonu B.Məcidov küçəsi ilə M.F.Axundov küçəsinin kəsişməsində əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nin 27-ci Polis bölməsinə dəvət etmişlər. O, da onların təklif ilə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Elvin Hümbətov onu şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif edilmişdir. O, isə əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf polietilen bükümü çıxararaq təhqiqatçıya təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni xususuatlar üzrə ifadə verərək Şahid2 ifadəsində göstərilənləri təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixdə şəxsi “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümün içərisində olan narkotik vasitənin heroin olmasını və şəxsi istifadəsi üçün saxlanıldığı tarixdə Bakı şəhəri “Kubinka” adlanan ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən 05 (beş) manat müqabilində əldə etməsini göstərmişdir (səh. 37-38). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 08 oktyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkcəsinin sağ yan cibindən içərisində heroin olan bir ədəd şəffaf polietilen bükümü çıxararaq təqdim etmiş və narkotik vasitə heroini şəxsi istifadəsi üçün saxlanıldığı tarixdə Bakı şəhəri “Kubinka” adlanan ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən 05 (beş) manat müqabilində əldə etməsini göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 19 oktyabr 2022-ci il tarixli 6159 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh. 92-93). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 fevral 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 14 avqust 2011-ci il tarixdə cəzası bitmişdir (səh. 84-85). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 oktyabr 2022-ci il tarixli 6/5805 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,450 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Ekspertiza tədqiqinin dəyəri 81 manat təşkil edir (səh. 44-48). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Maddi sübut kimi tanınma haqqında” qərardan, 12 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu üzərində heç bir yazı həkk olunmayan bir ədəd DVD-R modelli disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, 0,450 qram çəkidə narkotik vasitə heroin isə 09 dekabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq tədqiqat keçirildikdən sonra qalan 0,350 qram hissəsi Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (səh. 102,103-104). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsinin təhqiqatçısı polis kapitanı Elvin Hümbətov tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (səh. 27). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir (səh. 79). Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X3 adlı azyaşlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,350 qram olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,350 qram olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar