Məhkəmə qərarları › İş №1(004)-130/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-130/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-130/2024 15.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri “Şamaxinka” deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş, təmiz çəkisi 0,600 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin gün saat 03:20 radələrində Yasamal rayon polis idarəsinin 29cu polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanda saxlanılaraq Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş, təmiz çəkisi 0,600 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroindən istifadə edir. Sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2022-ci il tarixdə azad edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonunun ərazisində yerləşən “Ağ cicəyim” adlanan dükanın qarşısında dörd nəfər polis əməkdaşı ona yахınlаşıb özlərini Yаsаmаl RPİ-nin 29-cu PŞ-nin əməkdаşlаrı kimi təqdim etmişlər. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər, o isə polis əməkdaşının tələbinə tabe olaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır. Yolda olan zaman polis əməkdaşları ona zor tədbiq etmişlər. Polis bölməsinə çatdıqdan sonra orada polis əməkdaşı ona bir büküm psixotrop maddə olan metamfetamin verib, ondan həmin psixotrop maddəni cibinə qoyub çəkiliş zamanı cibindən çıxarıb özünə məxsus olduğunu və güya “Şamaxinka” adlanan ərazidən aldığı bildirməsini tələb etmişlər. O bundan imtina etdiyi halda isə, ona küllü miqdarda narkotik vasitə verərək onu narkotik vasitələrin satışı ilə sənədləşdirəcəklərini bildirmişlər. Bundan sonra o qorxduğu üçün onların tələbi ilə razılaşıb, polis əməkdaşları təfərindən ona təqdim olunmuş psixotrop maddəni cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş bükülünü cıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin var, həmin psixotrop maddəni o, “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddəni zərfə qoyub qablaşdırmışlar. O isə həmin zərfi və protokolu imzalamışdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-dən təqdim edilmiş diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ola bilsin ki, tutulma taxirini ifadəsində səf demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, o 29-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18 oktyabr 2023-ci il tarixdə, saat 03:20 radələrində xidmət etdiyi ərazidə, yəni ünvan 2 ünvanın qarşısında Şahid2 ilə birlikdə keçirdikləri profilaktik tədbir zamanı Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənədinin olub-olmamasını soruşmuşlar. Həmin şəxs həyəcanlı danışaraq üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nə gətməli olduğunu bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə 29-cu PŞ-nə gəlmiş və orada xidməti otaqların birində video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Bundan sonra Asiman təklifə əsasən əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülünü könüllü оlаrаq çıхаrıb pоlis əməkdаşlаrınа təqdim еtmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükülünün icərisinə psixotrop maddə olan metamfetamin var. Həmin metamfetamini həmin gün Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 102-105-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, DİOda 1999-cu ildən, tutduğu vəzifədə, yəni Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində 2018-ci ildən hazırda polis mayoru rütbəsi ilə xidmət edir. Xidmət etdiyi inzibati ərazidə ictimai təhlükəsizliyin təmin edilməsi, baş vermiş cinayətlərin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq gecə saatlarında 29-cu polis şöbəsinin əməkdaşları ilə “Darama” tədbirləri keçirirlər. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 оğlu ilə birlikdə ərazidə xidmət edirmişlər. Saat təxminən 03:20 radələrində Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 170 ünvanın qarşısında olan zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənədinin olub-olmamasını soruşmuşlar. Həmin şəxs həyəcanlı danışaraq üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığını bildirmişdir. Bundan sonra həmin şəxsi Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Həmin şəxs də heç bir etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. 29-cu polis şöbəsinin növbətçi hissəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra 29-cu polis şöbəsinin inzibati binasında təhqiqatçı Amin Məcidli və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Asiman da üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş psixotrop maddə metamfetamini həmin gün, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını dediyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, saat 04:30 dəqiqədən 04:55 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş büküm aşkar edilərək götürülmüşdür. (i.v. 26-27) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tаriхli 3-16-16/2-6/5537 sаylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 169” dairəvi möhür əksi, “(imza) Zeynalov” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,600 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanıfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. (i.v. 34-38) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. Bir neçə ildir ki, narkotik vasitə və ya psixotrop maddə olanda istifadə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində Bakı şəhərində “Şamaxinka” dairəsi deyilən ərazidə taksi maşınlarının dayandığı yerdə olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş içərisində el arasında “şüşə-patı” kimi tanınan psixotrop maddə metamfetamin olan büküm almışdır. Həmin bükümdə olan psixotrop maddə metamfetamini sonra istifadə etmək üçün əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra Bakı şəhəri Yasamal rayonu ərazisinə gəlmişdir. Aradan təxminən bir saat keçdikdən sonra həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 03:20 radələrində Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində olan zaman iki nəfər mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ona yaxınlaşmışlar. O, üzərində psixotrop maddə metamfetamin olduğuna görə həyəcanlanmışdır. Söhbət zamanı polislər ona narkotik vasitə və psixotrop maddə istifadəsində şübhəli olduğunu deyərək onu Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə getmişdir. Orada müdafiəçi dəvət olunmuşdur. Sonradan polis şöbəsinin inzibati binasında ona videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş metamfetamini həmin gün təxminən saat 02 radələrində Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin özünə məxsusdur, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində almış, həmin bükümü şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun psixotrop maddə əldə etməyi barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. (i.v. 57-62) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 4(004)-819/2023 nömrəli qərarından görünür ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. (i.v. 75-77) “Diskə baxış keçirilməsi haqqında” 11 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, , baxış zamanı müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş büküm aşkar edilərək götürülmüşdür. (i.v. 110-111) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 11 dekabr 2023-cü il tаriхli 8124 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 112-113); “Sübutların qiymətləndirilməsi haqqında” 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0.6 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 0.550 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 115-120) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı xəsarət aşkar edilməmiş, sol saidin ön səthində və qarının ön divarında köhnə çapıq toxuma müşahidə edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 11 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 müraciətində göstərdiyi xüsusatlarla əlaqədar Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən sonuncuya qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi müəyyən edildiyi üçün toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 13 mart 2024-cü il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs X1 RPİnin MSY-nə daxil olarkən bədən baxışı zamanı gözlə görünən heç bir bədən xəsarəti aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon xx.xx.2023-cü il tarixdə saat 03:20-dək müxtəlif anten dairələrinin əhatə dairəsində olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin təmiz çəkisi 0.6 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:05 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 15) “Təqsirləndirilən şəxsin azad edilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 68-69) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 4(004)-819/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 75-77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmışdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 16 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. (i.v. 74-76) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(004)-400/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli tutulduğu andan, yəni 15 iyul 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 90-91) AZ-İİİ №125324 doğum haqqında şəhadətnamədən görünür ki, X4 atası Təqsirləndirilən şəxsdur. (i.v. 98) AZ-İİİ №125324 doğum haqqında şəhadətnamədən görünür ki, X2 atası Təqsirləndirilən şəxsdur. (i.v. 99) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 1(004)-400/2021 nömrəli hökmü ilə təyin edilmiş 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 29 dekabr 2022-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci i il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.550 qram qalıq çəkisi olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 18 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş psixotrop maddə metamfetamin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 18 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 20 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.550 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X3, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE**********0002088501, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar