Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-131/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X7 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1991-ci ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci ildə saat 18:30 radələrində narkotik maddələrin istifadəsi ilə bağlı özünü şübhəli aparan Təqsirləndirilən şəxs metronun “N.Nərimanov” stansiyasında Bakı Metropolitenində Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, orada sonuncunun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan əldə edərək özündə saxladığı və daşıdığı 1 ədəd sellofan bükümdə ümumi çəkisi 0,184 qram psixotrop maddə metamfetamin və 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,046 və 0,985 qram, ümumi təmiz çəkisi 2,031 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Lənkəran rayonu, Nərimanabad qəsəbəsi qeydiyyatda olmaqla Suraxanı rayonu Hovsan qəsəbəsi Oqtay Şabanov küçəsi fərdi yaşayış evində kirayədə tək yaşadığını, əvvəllər məhkum olunmadığını və ailə həyatı qurmadığını, 2019-cu ilin əvvəllərindən narkotik vasitə tiryək və psixotrop maddə şüşə yəni metamfetamini vaxtaşırı həm daxilə qəbul edərək atmaq yolu ilə həmdə yandıraraq çəkmək yolu ilə istifadə etdiyini, xx xxxxxxx 2020-ci il tarixdə günortadan sonra Nərimanov rayonu ərazisində yerləşən eyni adlı parka gəzmək üçün gəldiyini, orada gəzərkən parkda ağacın yaxınlığında selofan torbanı görüb marağına görə götürdüyünü və kənara çəkilərək həmin selofan torbaya baxarkən orada 1 ədəd yumru şüşə kolba, 1 ədəd plastmas boru, 1 ədəd polietilen bükümdə metamfetamin yəni şüşə, 2 ədəd polietilen bükümdə narkotik vasitə tiryəkin olduğunu görüb həmin kütlələrin narkotik tərkibli vasitələr olduğu üçün özünün tədricən gündəlik olaraq istifadə etmək məqsədi ilə həmin kütlələri əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoyub selofan torbanı kənara atdığını, bundan sonra Hövsan qəsəbəsində kirayədə yaşadığı evə qayıtmaq üçün həmin gün yəni xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində metronun “Nəriman Nərimanov” stansiyasında giriş qapısından keçib polis nəfərlərinin əl əşyalarını yoxladığı yerə yaxınlaşdığını, həmin vaxt çox həyəcanlı olduğunu, polis əməkdaşının ondan şübhələndiyi üçün şəxsiyyətini təsdiq edən sənədinin olub olmamasını ondan soruşduğunu, sənədinin olmadığını polisə dediyini, həyəcanlanmağının kənardan açıq şəkildə göründüyünü və polis əməkdaşı şəxsiyyətini müəyyən etmək üçün onunla Bakı Metropolitenində Polis Şöbəsinə getməyi ona təklif etdiyini, heç bir etiraz etmədən polis əməkdaşının təklifi ilə könüllü olaraq Bakı Metropolitenində Polis Şöbəsinə gəldiyini, Polis Şöbəsində İnzibati binada xidməti otaqlardan birində hüquqlarını müdafiə edən müdafiəçinin iştirakı ilə hüquq və vəzifələrinin polis əməkdaşı tərəfindən ona izah edildiyini, bundan sonra öz razılığı əsasında videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparıldığını, həmin vaxt əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd yumru şüşə kolba, 1 ədəd plastmas boru, 1 ədəd polietilen bükümdə metamfetamin yəni şüşə, 2 ədəd polietilen bükümdə narkotik vasitə tiryəki polis əməkdaşı aşkar edərək ondan götürdüyünü və zərfə qoyduğunu, bundan sonra üzərində axtarış keçirilməsinə dair protokol tərtib edildiyini, protokol və zərf iştirakçılar tərəfindən imzalandığını, ondan ətraflı izahat alındığını və narkotik vasitələri haradan əldə etməyi ilə bağlı hadisəni olduğu kimi ətraflı danışdığını, narkotik tərkibli vasitələrin satışı ilə məşğul olmadığını, əynindəki gödəkçənin sağ yan cibində aşkar olunaraq götürülmüş 1 ədəd polietilen bükümdə metamfetamin yəni şüşə, 2 ədəd polietilen bükümdə narkotik vasitə tiryəki satmaq niyətinin olmadığını, narkotikı ifadəsində göstərdiyi yerdə tapdığını və yalnız özünün tək istifadə etməyi üçün üzərində saxladığını, gödəkçəsində aşkar edilərək götürülmüş narkotik vasitə tiryək və psixotrop maddə metamfetamini könüllü olaraq heç bir hüquq mühafizə orqanına təhvil verməyəcəyini, üzərincə həmin narkotikanın olmasını özündən başqa heç kimin bilmədiyini, narkotik vasitə istifadə etdiyi müddət ərzində narkotik vasitələri aldığı yerləri xatırlamadığını və həmin şəxsləri tanımadığını, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olan şəxsləri tanımadığını, nə üçün əldə etdiyi və üzərində saxladığı, eləcə də polis əməkdaşları tərəfındən aşkar edilərək götürülmüş narkotik vasitə tiryəkin ayrı-ayrı bükümlərdə olması ilə bağlı suala 3 ədəd narkotik tərkibli kütləni Nərimanov parkında ağacın yanında yerdən tapdığını həmin kütlərərin nə üçün ayrı-ayrı bükümlərdə olmasını bilmədiyini deyərək cavablandırmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi, fiziki və mənəvi təzyiqlər olmadığını, psixiatrik xəstəxanalarda müalicə almadığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində 2004cü ilin yanvar avında DİO-da xidmətə qəbul edilməklə hazırda Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin Post Patrul Xidmətində polis nəfəri vəzifəsində polis baş serjantı rütbəsi ilə xidmət etdiyini, xx xxxxxxx 2020-ci il tarixdə xidmətdə olan zaman bir nəfər sonradan ad soyadının Təqsirləndirilən şəxs olduğunu bildiyi narkotik vasitələrin istifadəsində şübhəli bilinən şəxsin üzərində konvoy kimi xidmət aparmağını komandir heyyəti tərəfindən ona deyildiyini, həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri onun vəkilinin iştirakı ilə xidməti otaqda təhqiqatçı Şahin Əliyev tərəfindən izah edildikdən sonra videoçəkilişin aparılması ilə Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə paltarlarında axtarış və baxış keçiriləcəyi barədə ona məlumat verildiyini, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən videoçəkilişin aparılması ilə sonuncunun əynindəki paltarlarda təhqiqatçı Şahin Əliyev tərəfindən axtarış aparıldığını, üzərindən pul kisəsi və başqa əşyalar olduğunu, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən isə 3 ədəd selofan bükümdə kütlələr aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin kütlələrin nə olduğu və kimə məxsus olduğu, eləcə də haradan əldə etdiyi təhqiqatçı tərəfindən sual olunduğunu, Təqsirləndirilən şəxs qeyd olunan 3 ədəd kütlənin narkotik vasitə olduğunu xx xxxxxxx 2020-ci il tarixdə Nərimanov parkında ağacın yanında yerdə tapdığını, özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində gəzdirdiyini etiraf etdiyini, bundan sonra həmin 3 ədəd kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürləndiyini və imzalarla təsdiq edildiyini, üzərində axtarış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixi və mənəvi təzyiqlər olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində 2002-ci ilin noyabr ayında DİO-da xidmətə qəbul edilməklə hazırda Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin Post Patrul Xidmətində polis nəfəri vəzifəsində polis serjantı rütbəsi ilə xidmət etdiyini, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 18:30 radələrində metronun “N.Nərimanov” stansiyasında xidmət apararkən bir nəfər arıq bədən qruluşuna malik oğlan sərnişin qismində qeyd olunan stansiyaya daxil olduğunu, ad soyadının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin şəxsin davranışları və hərəkətləri ilə narkotik vasitələrin qəbul etməkdə özünü şübhəli apardığı üçün post yoldaşı polis serjantı Şahid3 Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etdiyini, sonuncunun sənədinin üzərində olmamasını bildirən zaman post yoldaşı və özünün həmin şəxsdən şübhələndikləri üçün iş yoldaşı Şahid3 Təqsirləndirilən şəxs onunla Polis Şöbəsinə getməyi sonuncuya təklif etdiyini, Təqsirləndirilən şəxs etiraz etmədən polis nəfəri Şahid3la Bakı Metropolitenində Polis Şöbəsinə getdiyini, özünün isə metronun “N.Nərimanov” stansiyasında qalaraq postda xidmətinə davam etdiyini, sonradan Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryək və psixotrop maddə aşkar edilərək polis əməkdaşları tərəfindən götürüldüyünü və sonuncu barəsində təhqiqat araşdırması başlanması barədə məlumatı eşitdiyini, Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində 2013-cü ilin dekabr ayında DİO-da xidmətə qəbul edilməklə hazırda Bakı şəhər BPİ-və bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin Post Patrul Xidmətində polis nəfəri vəzifəsində polis serjantı rütbəsi ilə xidmət etdiyini, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 18:30 radələrində metronun “N.Nərimanov” stansiyasında xidmət apararkən bir nəfər arıq bədən qruluşuna malik oğlanın sərnişin qismində qeyd olunan stansiyaya daxil olduğunu, həmin vaxt ad soyadının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin şəxsin davranışlarından və hərəkətlərindən özünü şübhəli aparmasını görüb Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etdiyini, sonuncunun sənədin üzərində olmadığını bildirdiyini, bundan sonra post yoldaşı polis serjantı Şahid2 və onda bir növ şübhə yaratdığını, ona görə də post yoldaşı Şahid2 postda qalaraq xidmətə davam etməsini xahiş etdiyini, özünün isə Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis Şöbəsinə getməyi sonuncuya təklif etdiyini, Ə.Babavevin etiraz etmədən onunla birlikdə Bakı Metropolitenində Polis Şöbəsinə gəldiyini, iş yoldaşının polis nəfəri Şahid2 postda qalaraq xidmətinə davam etdiyini, Polis Şöbəsində Təqsirləndirilən şəxs raport əsasında Növbətçi Hissəyə təhvil verdiyini, sonradan Polis Şöbəsində Ə.Babavevin üzərindən şəxsi istehlak miqdarından aıtıq miqdarda narkotik vasitə tiryək və psixotrop maddə aşkar edilərək polis əməkdaşları tərəfindən götürüldüyünü və sonuncu barəsində təhqiqat araşdırması başlanması barədə məlumatı eşitdiyini, Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli 6/2069 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş zərfin içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,046 və 0,985 qram, ümumi təmiz çəkisi 2,031 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir və 1 ədəd bükümdə, təmiz çəkisi 0,184 qram rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2020-ci il tarixli 3044 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını, narkomaniyadan müalicəyə ehtiyacının olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2020-ci il tarixdə tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutularkən “həbsdə” saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 11 ay 26 gün (iki il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114,00 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 1,931 qram narkotik vasitə olan - tiryək və 0,134 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X8 ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-131/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-131/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver