Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-132/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, xüsusi ittihamçı X1, müdafiəçilər Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X2 iştirakları ilə, 12 oktyabr 1955-ci il tarixdə Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, işləməyən, Füzüli rayonu, Qayıdış 4 qəsəbəsi, ev 13 ünvanında yaşayan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X6 xüsusi ittihamçı X7 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, o, yalan olduğunu bilə-bilə X1 şərəf və ləyaqətini ləkələyən, sonuncunu nüfuzdan salan məlumatları AZ1100, ünvan 1 ünvanında yerləşən “Azad Azərbaycan Teleradio Yayım Şirkəti” ATV televiziya kanalında canlı yayımda 05 fevral 2021-ci il tarixdə efirdə yayımlanan “Bizimləsən” verilişində onun qardaşı, bacısının isə həyat yoldaşı və doğma əmisi oğlu olan X3 bacısı ilə birlikdə öldürdüklərini (qətlə yetirməklərini) bildirməklə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, insanın şərəfi, ləyaqəti və nüfuzu ən ali bəşəri dəyərlərindən hesab olunur. İşin faktiki halları budur ki, bacısı X8 əmisi oğlu X11 ilə vətəndaş nikahında olmuşlar. Bacısı ilə yeznəsi Bakı şəhəri, Sabunçu rayon, Ramanı qəsəbəsi, 2-ci mədən küçəsində, özbaşına tikilidə yaşayırdılar. Bacısının dediyinə görə Rüfət Aslanov 28 avqust 2016-cı il tarixdə səhər saatlarında yaşadığı evdən çıxararaq bir daha evə dönməmişdir. Bununla bağlı olaraq Sabunçu Rayonu 12-ci Polis Bölməsi tərəfindən cinayət işi açılmış və hazırda da istintaq işi aparılır. Bu cinayət işi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Bakı şəhər Baş Polis İdarəsinin, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Bakı şəhər Prokurorluğunun nəzarətindədir. Hətta o və bacısı Bakı şəhəri Baş Polis İdarəsində, Sabunçu Rayon Polis İdarəsində, Sabunçu Rayonu 12-ci Polis Bölməsində, Sabunçu Rayon Prokurorluğunda, Bakı şəhər Baş Prokurorluğunda ifadə vermişlər. Rüfət Aslanovun bu günə kimi tapılmaması və cinayətin açılmaması həm onu, həm də bacısını narahat edir. İstintaq orqanları bununla bağlı olaraq bütün zəruri olan işlərini yerinə yetirirlər. Bugün isə Rüfət Aslanovun bacısı Çiçək həmdə onun əmisi qızı ona və bacısına qarşı yuxarıda qeyd etdiyi kimi qara yaxma kampaniyası apararaq əvvəldə qeyd etdiyi kimi ünvan AZ 1100, ünvan 2zərbaycan Teleradio Yayım Şirkəti” ATV televiziya kanalında canlı yayımda 05 fevral 2021-ci il tarixdə efirdə yayımlanan “Bizimləsən” verilişində Rüfətin o və bacısı tərəfindən öldürüldüyünü bildirərək qeyd edir ki: “29-da mən bacımla birlikdə bacımın veşlərini evdən aparan zaman znaçit bunlar yəni mən və bacım Rüfəti öldürüb həmin veşin içində Rüfətin meyidini götürüb gediblər”. Bununla da onu və bacısını adam ölümündə, agır cinayət törətməkdə ittiham edir. Həmçinin istintaq orqanlarının işini də sübhə altına alır. Çiçək Aslanovanın ATV kanalında milyonlarla baxışı olan “Bizimləsən” verilişində onu adam ölümündə ittiham etməsi işgüzar nüfuzuna zərər vuran, onu qəsdən nüfuzdan salan, qohum əqraba, dostlarının, müharibə veteranı, qazi kimi döyüş yoldaşlarının yanında, işlədiyi ictimai birliyin, qazi atası kimi, həmçinin onu cəmiyyətdə, tanıyan və tanımayan insanlar arasında nüfuzdan salmağa, qəsdən mənfi rəy yaratmaqdır, onun bir insan kimi şərəf və ləyaqətinə ləkə yaxmaq cəhdidir. Əlavə olaraq onu xüsusi ilə qeyd edir ki, övladı da onun kimi qazidir. Vətən müharibəsi iştirakçıdır. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xocavəndin, Suqovuşanın və Ağdamın alınmasında iştirakına görə medallarla təltif olunubdur. Yəni ailəmiz yuxarıda qeyd etdiyim kimi həm cəmiyyətdə, dost tanış və qohum əqraba arasında tanınan nəsildir. Göstərilələrə əsasən Ç.Ə.Aslanovanın Azərbaycan Respublikasının CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı S.O.Aslanov şikayətini müdafiə edərək Ç.Ə.Aslanovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Ç.Ə.Aslanova xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirmişdir ki, onun qardaşı Rüfət Aslanov 6 ildir ki yoxa çıxıb. Bütün hüquq mühafizə orqanlarına müraciət etmələrinə baxmayaraq qardaşından xəbər yoxdur. Məhz buna görə o bu məsələni ictimayyələşdirmək məqsədi ilə “Bizimləsən” verilişinə gedərək orada hüquq mühafizə orqanlarından narazi olmağını və gardaşı Rüfətin öldürülməsində əmisi oğlu Aslanov Səyavuş və onun bacısı Sitarədən şübhələndiyini bildirmişdir.Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, təqsirləndirilən şəxs Ç.Ə.Aslanova özünü təqsirli bilməsə də onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli olması, şahid ifadəsi, CD diskdə olan video görüntülərlə və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Aslanov Səyavuşla 1-ci Qarabaq müharibəsində taniş olmuşdur. Bir batalyonda qulluq etmişdilər, ondan sonra möhkəm dostluq münasibətləri yaranmışdır. Səyavuşun bacısınin ailəsində baş vermiş faciə ilə bağlı onu qeyd etmişdir ki, Sitarənin həyat yoldaşı Aslanov Rüfət 2016-cı ildən itkin düşüb, onu Səyavuş və bacısı hər yerdə axtarıblar, dəfələrlə polisdə bununla bağlı ifadə veriblər.Səyavuşun öz qohumları ilə münasibətləri çox yaxşı olmuşdur, lakin Rüfət itəndən sonra əmisi qızi Aslanova Çiçək bu hadisədə Səyavuşu və bacısını qünahkar sayırdi və bu barədə hər yerdə mövqeyini bildirirdi. Dəfələrlə Ç.Aslanovanın qardaşları ilə görüşərək ailədə olan ədavəti və mübahisəni həll etmək üçün cəhd etdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 oğlu ifadəsində göstərmişdir ki, X6 onun xalası qızıdır.Onunla çox mehriban və yaxın münasibətləri var. Aslanov Rüfət 2016-ci ildən itkin düşüb,Çiçək onun Səyavuş və Sitarə tərəfindən öldürüldüyünü inanaraq dəfələrlə bu barədə polisə müraciət etmişdir. Lakin bu sübuta yetmədiyindən onlara qarşı heç bir qanuni tədbir görülməmişdir. ATV-də yayimlanan verilişdə Aslanova Çiçəkin iştirak etməsinə onun qohumları tərəfindən məsləhət verilmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Ç.Ə.Aslanova “Azad Azərbaycan Teleradio Yayım Şirkəti” ATV televiziya kanalında canlı yayımda 05 fevral 2021-ci il tarixdə efirdə yayımlanan “Bizimləsən” verilişində Rüfətin S.O.Aslanov və bacısı tərəfindən öldürüldüyünü bildirərək qeyd edir ki: 29-da S.O.Aslanov bacısı ilə birlikdə bacısının “veşlərini” evdən aparan zaman “znaçit” bunlar Rüfəti öldürüb həmin “veşin” içində Rüfətin meyidini götürüb gediblər. Məhkəmə xüsusi ittihamçının, təqsirləndirilən şəxs Ç.Ə.Aslanovanın, şahidlərin ifadələrini dinləyərək, həmçinin cinayət işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ç.Ə.Aslanovanın əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2021-ci il, 1(004)-132/2021 saylı qərarı ilə Ç.Ə.Aslanovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 may 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Ç.Ə.Aslanova əvvəllər məhkum edilməmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxs Ç.Ə.Aslanovanın törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, xüsusi ittihamçının, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə Ç.Ə.Aslanovanın yalan olduğunu bilə-bilə xüsusi ittihamçı X1 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsini bildirməklə) kütləvi informasiya vasitəsində yayaraq xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Bununla da, Ç.Ə.Aslanovanın əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Ç.Ə.Aslanova kütləvi informasiya vasitəsində xüsusi ittihamçı S.O.Aslanovun digər şəxslərlə (bacısı) birlikdə oğlu X5 öldüməkdə ittiham etsə də yaydığı məlumatların doğru olmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Ç.Ə.Aslanova tərəfindən məhkəmə iclasında verilmiş ifadələrə qiymət verərək hesab edir ki, həmin ifadələr mötəbər hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Bütün bu göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Ç.Ə.Aslanovanın əlində heç bir mötəbər sübutu olmadan X1 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yayaraq sonuncunu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham etməsi, S.O.Aslanovu xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması kimi qiymətləndirilməli və onun bu əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə tövsif edilməlidir. Göründüyü kimi, Ç.Ə.Aslanova xüsusi ittihamçı S.O.Aslanovun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaydığını dərk etmiş və bunu arzu etmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli, xüsusi ittihamçı S.O.Aslanovun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yayıldığı andan başa çatmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin V hissəsinə əsasən Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1-ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « …mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,…qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). Məlumatda mövcud fakt kimi göstərilmiş hallar hər hansı mötəbər sübuta deyil (ümumiyyətlə müəllif belə bir araşdırma da aparmamışdır), əsası müəyyənləşdirilə bilməyən şayələrə əsaslanmışdır.(müqayisə et, məsələn, Lingens qərarı, p. 28/46). Məhkəmə araşıdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Ç.Ə.Aslanova tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununula əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Ç.Ə.Aslanovaya cəza təyin edərkən onun qadın olmasını və əvvəllər məhkum edilməməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Ç.Ə.Aslanovanın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Ç.Ə.Aslanovaya cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Ç.Ə.Aslanovanı cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs Ç.Ə.Aslanovanın cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs Ç.Ə.Aslanovanın yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Ç.Ə.Aslanovaya tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ç.Ə.Aslanovanın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Ç.Ə.Aslanovaya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01(bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət X2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan X10 şöbəsi, Bankın kodu 805142, VÖEN ********** Müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, hesablaşma hesabı AZ39İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-132/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-132/2021
24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver