Məhkəmə qərarları › İş №1(004)-132/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-132/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-132/2023 28.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməyən hissəsi 06 ay azaldılmış, Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 2, otaq 18 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halinda özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halinda 20 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində Baki şəhəri, ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus inzibati binanın yaxınlığında olan dükanın qarşısında əvvəllər tanımadığı və heç bir münasibətinin olmadığı X5 mobil telefonla danışmasından istifadə edərək Zərərçəkmiş şəxs əynində olan şalvarın sol yan cibindən sonuncuya məxsus 1000 manat pulunu çıxarıb anidən həmin yerdən qaçıb getdikdə Zərərçəkmiş şəxs onun ardınca qaçaraq pulunu qaytarmasını tələb etməsinə baxmayaraq bu tələbə əhəmiyyət verməyib taladığı əmlakı özündə saxlayaraq həmin yerdən uzaqlaşıb getməklə Zərərçəkmiş şəxs məxsus 1000 manat pulu açıq talamaqla soyğunçuluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə saat təxminən 01 radələrində o, Sumqayıt şəhərindən marşurut avtobusu ilə gəlib 20 yanvar metrostransiyasının yaxınlığında düşərək piyada gedən zaman iki nəfər tanımadığı şəxslərin dayanıb söhbət etdiklərini görüb onlara yaxınlaşıb onlardan siqaret istəmişdir. Həmin vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs yanında olan tanımadığı şəxs ona siqaret vermiş, sonra isə Emin onunla söhbət etməyə başlamışdır. Həmin vaxt Emin sərxoş vəziyyətdə olmuşdur. Onlar bir qədər söhbət edən zaman Emin yanında olan tanımadığı şəxsin ünvanına söyüş söymüş və həmin şəxs də bir dəfə yumruqla Eminin üz nahiyyəsindən vurmuşdur. Zərbədən Emin yerə yıxılmış, o, da Eminə kömək edib onu yerdən qaldırmış və onları dalaşmağa qoymamışdır. Bundan sonra onlar piyada "xxxx" ASC-nin qarşısında olan dükana siqaret almağa gəlmişdilər. Onlar dükana yaxınlaşan zaman Emin əynində olan şalvarın cibindən koma pulu çıxarıb həmin pulun içərisindən 5 manatlıq əskinası seçib dükana vermiş və bir qutu siqaret almışdır. Pulun qalanını isə Emin əynində olan şalvarın sol cibinə qoymuşdur. O, Emində pulu görüb həmin pulu ələ keçirmək qərarına gəlmişdir. Onlar bir qədər söhbət edən zaman Eminin mobil telefonuna zəng gəlmiş və Emin telefonla danışan zaman o, fürsət tapıb Eminin əynində olan şalvarın sol yan cibinə əlini salmış və orada olan pulu götürüb qaçmışdır. Digər şəxsdə onunla bir istiqamətə qaçsada həmin şəxsi tanımır və onun hara getməsindən xəbəri olmamışdır. Cinayət yolu ilə əldə etdiyi pulları öz ehtiyacına xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, səmimi olaraq etiraf etməsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ona verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs hadisənin baş verməsini özündə əks etdirən video görüntüdə zərərçəkmiş şəxslə bərabər dayanmış digər şəxsin hansı səbəbdən onunla birgə hərəkət etməsini, biri-birlərini tanımadıqları halda üçü birlikdə bir xeyli vaxt dayanıb söhbət etmələrini, pulu zərərçəkmiş şəxsin cibindən çıxardıqdan sonra digər şəxslə eyni bir istiqamətə qaçmalarına dair tutarlı və inandırıcı izah verə bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini tanımadığı digər şəxslə birlikdə deyil, yalnız onun tərəfindən törədilməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onlar piyada yol gedən zaman Eminin yanında olan tanımadığı şəxs ona demişdir ki, “Eminin cibində pul var və gəl həmin pulu aparaq”. O, da ilkin olaraq həmin şəxsə inanmamışdır ki, Eminin cibində pul ola bilər. Onlar dükana yaxınlaşan zaman Emin əynində olan şalvarın cibindən koma pulu çıxarıb həmin pulun içərisindən 5 manatlıq əskinası seçib dükana vermiş və bir qutu siqaret almışdır. Pulun qalanını isə Emin əynində olan şalvarın sol cibinə qoymuşdur. O, Emində pulu görüb həmin pulu ələ keçirmək qərarına gəlmişdir. Onlar bir qədər söhbət edən zaman Eminin mobil telefonuna zəng gəlmiş və Emin telefonla danışan zaman o, fürsət tapıb Eminin əynində olan şalvarın sol yan cibinə əlini salmış və orada olan pulu götürüb həmin tanımadığı şəxslə birlikdə oradan qaçıb uzaqlaşmışlar. Onlar bir qədər qaçdıqdan sonra taksiyə minib üzü Sumqayıt şəhəri istiqanmətinə tərəf getmişlər. Yolda o, pulu sayanda görmüşdür ki, ələ keçirdiyi pul 800 manatdır. O, həmin pulun 300 manatını onunla birlikdə olan tanımadığı şəxsə vermiş, 500 manatı isə özünə götürmüşdür. Xırdalan şəhərinə çatanda həmin şəxs yolda düşmüş, o, isə yaşadığı evə getmişdir. Cinayət yolu ilə əldə etdiyi pulları öz ehtiyacına xərcləmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, baxmayaraq ki, ibtidai istintaqı dövrü ərzində Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir və ittiham olunan maddə ilə özünü təqsirli bilmişdir, cinayət hadisəsini tanımadığı şəxslə birlikdə törətdiyini qeyd etmişdir yalnız məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayəti təkbaşına törətməsi ilə bağlı ifadə vermişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş şəxsdir və o, ilkin vermiş olduğu ifadəsinin mahiyyətini, məzmununu və məsuliyyətini dərk etməklə bərabər, bildiyi kimi ifadə vermək, iradəsindən kənar ifadə verməmək və ya ümumiyyətlə ifadə verməmək imkanına malik olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə bir nəfər tanımadığı şəxsə yaxınlaşmış və onunla söhbət etmişdir. Lakin o, həmin vaxt sərxoş vəziyyətdə olduğuna görə həmin şəxslə hansı mövzuda söhbət etdiyini xatırlamır. Təxminən beş dəqiqə keçməmiş bir nəfər də tanımadığı şəxs onlara yaxınlaşıb onların söhbətinə qoşulmuşdur. Daha sonra aralarında münaqişə baş vermiş, sonra sakitləşmişdirlər. Bundan sonra yeznəsi Elvin ona zəng vurmuş və o, mobil telefonu qulağına aparan zaman yanında olan şəxs qəflətən əlini onun əynində olan şalvarın sol yan cibinə salaraq cibində olan 1000 manat pulu götürmüş və hər iki tanımadığı şəxs qaçaraq oradan uzaqlaşıb getmişlər. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 20 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində o, qaynı Eminə zəng vurub harda olmasını soruşmuş, Emin isə ona demişdir ki, hazırda 20 yanvar metrostansiyasının qarşısında dayanıb və yaşadığı evə getmək istəyir. Təxminən 1-2 dəqiqə o, Eminlə danışan zaman Emin qışqıraraq bildirmişdir ki, “dayan hara qaçırsan”. O, Emindən nə baş verdiyini soruşduqda Emin ona demişdir ki, tanımadığı şəxslər onun pulunu götürüb qaçmışlar. Bundan sonra o, yaşadığı evdən çıxıb dərhal 20 yanvar metrostansiyasının qarşısına gəlmiş və orada Eminlə görüşmüşdür. O, görmüşdür ki, Emin sərxoş vəziyyətdədir. O, Emindən nə baş verdiyini soruşduqda Emin ona bildirmişdir ki, tanımadığı şəxslərlə söhbət edən zaman həmin şəxslər onun telefonla danışdığını görüb bundan istifadə edərək əlini Eminin cibinə salıb ona məxsus 1000 manat pulu götürüb qaçıb getmişlər. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərtib etdiyi xx.xx.2022-ci il tarixli hadisə yerinə baxş keçirilməsi haqqıda protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsində 20 yanvar metrostansiyasının çıxış hissəsində köşkün yaxınlığında baş vermişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yerində Təhlükəsizlik şəhər kamerasi (TŞ-02-064) mövcuddur. Düz qarşıda Azərsu ASC yerləşir, yolun əks istiqamətində “Cafe Park” yerləşir, yanında isə müxtəlif iaşə obyektləri vardır (səh. 8-13). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, hadisə ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında yerləşən 20 yanvar metrostansiyasının çıxış hissəsində yerləşir, üç nəfər şəxs metronun çıxış hissəsində yerləşən köşkə tərəf gəlir. Onlar siqaret köşkünün qarşısında dayanıb söhbət edillər, sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol tərəfinə keçir və bir qədər dayandıqdan sonra Zərərçəkmiş şəxs telefonla danışmasından istifadə edərək əlini sonuncunun əynində olan şalvarın sol yan cibinə salıb oradan pulu çıxarır və yanında olan naməlum şəxslə birlikdə oradan qaçıb gedirlər. Zərərçəkmiş şəxs isə onların arxası ilə qaçıb gedir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 095-17345 nömrəli məktubundan görünür ki, keçirilmiş müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, M.Həsənov küçəsi 1 ünvanında vətəndaş Zərərçəkmiş şəxs qarşı baş vermiş soyğunçuluq hadisəsinin törədilməsində şübhəli bilinən 2 nəfər şəxsin xx.xx.2022-ci il tarixdə saat 01:26-da Yasamal rayonu 20 Yanvar dairəsində yerləşən TŞ 2-064/2 nomreli kamerada quraşdırılmış "ÜZTANİMA" sisteminin altından keçdikləri müəyyən olunmuşdur (səh. 16). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (səh. 150-159). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşmə zamanı X9 ifadəsində göstərdiyi xüsusatları iş üzrə Təqsirləndirilən şəxs üzünə deyərək ifadəsini təsdiq etmişdir (səh. 70- 72). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “İfadənin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini təsdiq etmişdir (səh. 89-91). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respuhblikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixli Binəqədi rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya aktına əsasən Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə məhkum edildiyi 400 manat məbləğində cərimə cəzasından azad olunmuşdur. Bundan başqa o, Bakı Ağır Cinayətlər xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2016-cı il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilib, CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 04 il azadlıqdan məhrum etmə cəzası 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə sanksiya həddində olduğundan həmin cəza dəyişdirilmədən qüvvəsində saxlanılmış, xx.xx.2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 177.2.1, 177.2.2, 66,3, 180.2.1, 180.2.2, 180.2.4 və 66.2ci maddələri ilə 06.il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa o, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixli Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarın 4cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi 06 ay azaldılmışdır. Bundan başqa o, Azərbaycan Respublikası CM-nin 180.1-ci mddəsi ilə təqsirli bilinərək xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-si tərəfindən ********** saylı cinayət işi üzrə məsuliyyətə cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə cinayət işi Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Bundan başqa o, Azərbaycan Respublikası CM-nin 180.1-ci mddəsi ilə təqsirli bilinərək xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-si tərəfindən ********** saylı cinayət işi üzrə məsuliyyətə cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə cinayət işi Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin hakimi X3 1 (060)-727/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Sumqayıt şəhər Məhkəməsinin hakimi X2 l(060)-751/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır (səh. 107-110; 128-144). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (səh. 56-57). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal rayon Məhkəməsinin 4(004)-857/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 ay 18 gün müddətinə, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (səh. 100-101). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Cinayət işi materiallarından ayrıca cinayət işinin ayrılması haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işinin materiallarından naməlum şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır və icraata qəbul edilərək istintaq edilməkdədir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal Rayon Məhkəməsinin 1(004)-132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayətini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ifadələrin yerində yoxlanması protokolları eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını bildirməsi onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respuhblikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətlərindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməyən hissəsi 06 ay azaldılmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Hazırda müəyyən edilir ki, təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş təzədən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəza çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübüt kimi tanınmış, videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 1(004)-132/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5. və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 1(060)-751/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il, 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 1(060)-751/2022 saylı hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübüt kimi tanınmış, videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar