Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-132/2024 31.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zülfiqar oğlu, Təqsirləndirilən şəxs: xx xxxx 1986-cı ildə Rusiya Federasiyası, Perm vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 oktybar 2023-ci il tarixdə saat 14:00-da Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,820 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 19 oktyabr 2023-cü il tarixdə saat 16:10-da Yasamal rayon Polis İdarəsinin 28-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq polis şöbəsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,820 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2022-ci ildə azadlığa buraxılmışdır. Təxminən on ildən artıqdır ki, narkotik vasitə olan heroin qəbul edir. Narkotik vasitələrdən istifadə onda asılılıq yaratdığı üçün həmin maddələrdən istifadə etməyəndə dözülməz ağrıları olur. Bu səbəbdən son vaxtlar ağrıları olduqca əsasən, “kakos” kimi bilinən narkotik vasitə heroin qəbul etmişdir. 18 oktyabr 2023-cü il tarixdə saat 14:00 radələrində o, narkotik vasitə almaq üçün Nəsimi rayonu, “Kubinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 20 manat pul müqabilində şəxsi istifadəsi üçün şəffaf sellofana bükülmüş bir ədəd bükümdə “kakos” kimi bilinən narkotik vasitə heroini alıb əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O, həmin narkotik vasitə heroin bükümünü cibində gizlədərək yaşadığı Yasamal rayonuna qayıtmışdır. Həmin gün narkotik vasitə heroinin bir hissəsini istifadə etdikdən sonra qalanını növbəti günün axşamı ağrıları olan zaman istifadə etmək üçün üzərində saxlamışdır. Lakin xx.xx.2023-cü il tarixdə, saat 16:10 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 1 ünvanının qarşısında piyada şəkildə hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını dedikdən sonra özünü şübhəli apardığı üçün onu 28-ci PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarından onu hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 28-ci polis şöbəsinə getmişdir. Polis şöbəsinə gətirilərkən o, bildirmişdir ki, 10 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə edir və halhazırda da üzərində narkotik vasitə vardır. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O, da həmin an əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə açılan zaman bükümün içərisində qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bükülüdəki maddələrin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o, bildirmişdir ki, həmin bükülüdəki maddə “kakos” kimi bilinən narkotik vasitə heroindir. Həmin maddəni o, 18 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroin olan şəffaf sellofana bükülmüş bir ədəd büküm gözünün qarşısında zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişlər. Bildirmək istəyir ki, üzərində aşkar olunmuş narkotik vasitə heroini aldığını bildirdiyi şəxs qaramtıl dərili, 35-40 yaşlarında, orta köklükdə 165-170 boylarında, saçı yana daranan, üzü tüklü və bığsızdır. Həmin şəxsin görünüşündə hər hansı bir xüsusi əlamət olmamışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, heç kimə pay verməmiş və ya bağışlamamışdır, həmişə özü qəbul etmək üçün almışdır. Üzərində aşkar olunmuş narkotik vasitə heroini də şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» oğlu adlı şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun rəhbərliyi altında Yasamal RPİ-nin 28-ci PŞ-nin polis əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə onun tərəfindən xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:10-da o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ünvan 3 ünvanının qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib sonuncunun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop-maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib sonuncunu Yasamal RPİ-nin 28-ci PŞ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, 10 ildən çoxdur ki, narkotik vasitə istifadə edir və hal-hazırdada üzərində narkotik vasitə vardır. Polis şöbəsində Yasamal RPİ-nin 28-PŞ- nin təhqiqatçısı, polis kapitanı Nail Bayramlı xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman bükülünün içində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyriqanuni əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Tərlan bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin maddə “kakos” kimi bilinən narkotik vasitə heroindir. Sonuncu həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş büküm içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində onlar tərəfindən sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da həmin şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, habelə üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı heç bir fiziki və ya psixi zor yaxud da təzyiq göstərilməmişdir. Bu faktı özünün və baxışda iştirak edən şəxslərin də təsdiq edə biləcəyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 3-16-16/2-6/5662 saylı, 20 oktyabr 2023-cü il tarixli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №167“ dairəvi möhür əksləri olan, “Məlikov “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,820 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 7579 saylı, 20 noyabr 2023-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Məlikov X5 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təqsirli bilinib qəti olaraq 3 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təqsirli bilinib qəti olaraq 2 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə o, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinib qəti olaraq 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 89 manat (səksən doqquz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,770 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zülfiqar oğluna ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-132/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-132/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver