Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-133/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 24, mənzil 120 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol, «Mida» yaşayış kompleksi, ev 14, mənzil 24 ünvanında yerləşən mənzildə şəxsi münasibətlərin pozulması zəminində arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu vurub yerə yıxıb ayaqları və çiyinlərindən təpik zərbələri, başından uşaq velosipedi ilə vuraraq sonuncuya sağ bazunun hematoması (yumşaq toxumaların arasına qan yığılması), döş qəfəsinin, sağ baldırın qançırları, sol gicgah nahiyəsinin sıyrığı və başın ənsə nahiyəsinin şişkinlik halında əzilməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 24, mənzil 120 ünvanında anası və atası ilə birlikdə yaşayır. 2016-cı ilin mart ayında əmisi qızı Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan iki övladı anadan olmuş, övladları xx.xx.2020-ci il tarixədək onunla birlikdə Yasamal rayonu, Xarici Dairəvi yol “MİDA” yaşaayış kompleksi, ev 14, mənzil 24 ünvanında yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə bədənində olan ağrılara görə adını xatırlamadığı dərmanı bitdiyi üçün əsəbləşmiş və gileylənməyə başlamış, öz-özünə danışan zaman oğlu Raul bacısı Rəhiməni söymüş və dalaşmağa başlamışlar. O, Raulun üzərinə qışqırmış və Raul onun qışqırmasından qorxmuşdur. Bu zaman arvadı Zeynəblə onun arasında oğlu Raula qışqırdığı üçün mübahisə yaranmış, mübahisə vaxtı Zeynəb ona tərbiyəsi olmadığını demiş, bu zaman o, Zeynəbi yerə itələmiş və ayağı ilə bir-iki təpik vurmuşdur. Daha sonra uşaqların velosipedini Zeynəbin başına çırpmış və su içmək üçün evin mətbəxinə keçmişdir. Bu zaman Zeynəb yerdən qalxaraq evin qapısını açıb qaçmağa başlamış, o, Zeynəbə səslənərək evə qayıtmasını tələb etmiş, Zeynəb evə gəlməkdən boyun qaçıraraq getmişdir. Bir neçə dəqiqə sonra evinə polislər gəlmiş və Zeynəbin ondan şikayətçi olduğunu, onlarla birlikdə Polis Bölməsinə getməli olduğunu bildirmişlər. O, etiraz etmədən Polis Bölməsinə getmiş və baş vermiş hadisə barədə izahat vermişdir. Polis Bölməsində olarkən ona məlum olmuşdur ki, Zeynəb onun tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində döyülən zaman anası Suqraya məlumat vermiş və Suqra xanım da Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə 5-6 dəqiqə davam etmiş, mübahisə və dava-dalaş zamanı qonşulardan səs-küyə gələn olmamışdır. O, bir neçə il əvvəl psixotrop maddə olan “tramadol”u Yasamal rayonu ərazisində Bakı Metropoliteninin «İnşaatçılar» stansiyası tərəfdə tanımadığı şəxslərdən alaraq istifadə etmiş, evdə müalicə alaraq sağalmışdır və hazırda psixotrop maddə qəbul etmir. Törətdiyi əməldən səmimi peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 192 a ünvanda qeydiyyatda olmaqla, Yasamal rayonu, Xarici Dairəvi yol, “MİDA» yaşayış kompleksi, ev 14, mənzil 24 ünvanında azyaşlı uşaqları ilə birlikdə yaşayır. xx xxxx 2016-cı il tarixdə əmisi oğlu Təqsirləndirilən şəxslə ailə həyatı qurmuş, iki övladı olmuşdur. Famillə ər-arvad kimi yaşadıqları dövrlərdə Famil ona evin xanımı kimi qiymət verməmiş və əşya kimi baxmışdır. Famil son vaxtlar pivə içərək evdə söz-söhbət saldığı üçün münasibətləri pozulmuşdur. O, hər zaman Famili içki içib evə gələrək uşaqların yanında ona nalayiq söyüşlərlə söyməsinə görə qınamışdır. Lakin buna baxmayaraq Famil onun sözlərinə məhəl qoyamışdır. xx xxxxxx 2020-ci il tarixdə Familin səhhətinə görə içdiyi, adını xatırlamadığı dərmanı bitdiyi üçün anasının arxasınca evdə söyüş söyərək gileylənməyə başlamış, Familin söydüyü nalayiq söyüşü azyaşlı oğlu qızının ünvanına söydüyündən, bu onu əsəbləşdirmiş və Familə tərbiyəsi olmadığını, uşaqların tərbiyəsini pozmamasını bildirmişdir. Famil onun sözündən sonra oğlu Raula qışqırmış, uşaq qorxmuşdur. Bu səbəbdən, həmin gün saat 12 radələrində yaşadıqları evdə aralarında mübahisə baş vermiş, Famil uşaqların yanında onu yerə yıxaraq təpiklə bədəninin müxtəlif yerlərinə vurmağa başlamışdır. O, Familin bu hərəkətlərindən yayınmaq üçün ayağa durmağa çalışan zaman sonuncu, evdə otaqda olan uşaqlar üçün alınmış yaşıl rəngli velosipedi götürüb onun başına atmış, o, baş nahiyəsindən xəsarət almışdır. Famil onu döydükdən sonra mətbəxə keçmiş, o, vəziyyətdən istifadə edərək giriş qapısını açıb qaçmağa başlamışdır. O, arxaya dəfələrlə baxsa da, Famili görə bilməmiş və istifadəsində olan telefondan anası Suqraya zəng edərək, Familin onu döyməsi barədə məlumat vermişdir. Sonradan bilmişdir ki, onun anası Şahid2 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, yaşadığı binanın yanında sürücüsünü tanımadığı, markasını bilmədiyi ağ rəngli taksi ilə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə getmiş və şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxslə aralarında olan mübahisə 5-6 dəqiqə davam etmiş, Famil onu döysə də, o, Familə xəsarət yetirməmişdir. Baş vermiş mübahisə və dava-dalaş zamanı səs-küyə qonşulardan gələn olmamışdır. Hazırda Təqsirləndirilən şəxs bağışlamışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində işin icraatına xitam verilməsinə etirazı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 941 saylı sağlamlığa zərər vurmanın təyininə dair məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sağ bazunun hematoması (yumşaq toxumaların arasına qan yığılması), döş qəfəsinin, sağ baldırın qançırları, sol gicgah nahiyəsinin sıyrığı və başın ənsə nahiyəsinin şişkinlik halında əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (i/v 18-19). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 50). İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək barəsində olan işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Qeyd olunan Məcəllənin 175.2-ci maddəsinə əsasən, qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də ləğv edilməlidir. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X4 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-133/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli vəkil hesabatından aydın olur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilməklə, 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-133/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-133/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver