Məhkəmə qərarları › İş №1(004)-134/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-134/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-134/2024 25.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 10:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olmaqla, faktiki olaraq İmişli şəhəri Həzi Aslanov küçəsi ev 9 mənzil 13-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 aprel 2023-cü il tarixdə saat 03:30-da tanışı Zərərçəkmiş şəxs ilə birlikdə müvəqqəti yaşadığı ünvan 1 ünvanda Zərərçəkmiş şəxs yatmağından istifadə edib əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1350 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1350 (min üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsi 2020-ci ildən tanımış, aralarında yaxşı münasibətlər olmuşdur. Özü usta kimi işlədiyindən bir neçə dəfə Zəbi üçün təmir işləri görmüşdür. 11 aprel 2023-cü il tarixdə o, Zəbi ilə telefon əlaqəsi saxlayıb ona uyğun iş olub-olmamasını soruşmuşdur. Telefon danışığı zamanı Zəbi ona demişdir ki, yaşadığı evin altında olan avtomobil dayancağında təmir işləri, yəni söktintü, daha sonra beton işi vardır.O da həmin günü İmişli rayonundan Bakı şəhərinə gəlmiş və Zəbi ilə əlaqə saxlayıb onunun yaşadığı ünvan 2 ünvanına gəlmişdir. Həmin təmir işlərinə görə Zəbi ilə 800 manata razılaşmış və həmin günü Zəbinin göstərişinə əsasən təmir işlərinə başlamışdır.Belə ki, danışığa əsasən o, işini bitirənədək Zəbinin kirayə yaşadığı evdə onunla birlikdə qalmalı olmuşdur. 13 aprel 2023-cü il tarixdə işini bitirdikdən sonra Zəbi ilə birlikdə əvvəl onunun tanışının yas yerinə getmiş, orada Zəbi cibindən pul çıxarıb pul vermək istədikdə cibində çoxlu sayda pul olduğunu görmüşdür. Yas yerindən çıxıb yemək yemək üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən kafelərin birinə getmiş və orada yemək yeyib spirtli içki qəbul etmişlər. Həmin vaxi ikisi də sərxoş vəziyyətdə saat 22 radələrində kafedən çıxıb Zəbinin yaşadığı evə gəlmişlər.Yol ilə gələrkən Zəbi xatırlamadığı marketin qarşısında avtomobili saxlamış və ona özünə məxsus «Liobank» bank kartını verib ev üçün azuqələr almasını xahiş etmişdir. O. Zəbidən kartı götürdükdən sonra marketə daxil olmuş və təxminən 15-20 manata yaxın alış-veriş etmişdir. Alış veriş etdikdən sonra özünə «Amazon» şirkətindən 262 manat 55 qəpik məbləğində əşya almaq istəmiş, bunun üçün «Amazon» şirkətinin rəsmi saytına daxil olub Zəbinin ona verdiyi «Leobank» bank kartının üzərində olan 16 rəqəmli nömrələri yazmışdır.Lakin ödəniş üçün kod istənildiyindən o, alış-verişi həyata keçirə bilməmişdir. Çünki, «Leobank» kartı Zəbinin nömrəsi ilə qeydiyyatdan keçmiş, sms təstiq kodu da Zəbinin istifadəsində olan mobil telefona gəlmişdir. Buna görə də alış-veriş etmək mükün olmamışdır.O, avtomobilə əyləşdikdən sonra kartı Zəbinin özünə qaytarmışdır. Bundan sonra birlikdə evə gəlmiş və Zəbi sərxoş olduğundan kresloda oturmuş və həmin anda yuxulayıb yatmışdır. Həmin ərəfələrdə onun 1350 manata ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, Zəbinin cibində olan pullardan bir qismini, yəni 1350 manat olarsa götürsün.Ona görə də Zəbi yatmış vəziyyətdə onun əynində olan göy rəngli cins şalvarının sağ cibinə əlini salıb cibində olan pulları götürmüşdiir.Sayıb baxdıqda 2200 manat pulun olduğunu görmüş, həmin pulladan ona lazım olan qədər, yəni 1350 manatını götürmüş, qalanını isə yenidən Zəbinin cibinə qoyub evi tərk edib bir daha həmin evə qayıtmamışdır. Həmin pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Əvvəl düşünmüşdür ki, Zəbiyə etdiyi hərəkəti bildirər, lakin başı şəxsi işlərə qarışdığından bu barədə Zəbiyə deyə bilməmişdir. Sonradan eşidib bilmişdir ki, Zəbi onun barəsində polisə şikayət etmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edlməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qısmən ödənilməsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. İfadəsinin dəqiqləşdirilməsi ilə bağlı ona verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs hazıradək 300 manat məbləğində ziyan qaytarmışdır və gələcəkdə hər ay hissə hissə olmaqla onu tam qaydada ödəyəcəkdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvan qohumuma məxsusdur və həmin mənzil satışa qoyulduğu üçün mənzilin açarları qohumum tərəfindən ona verilmişdir ki, müştəri olarsa mənzili göstərsin, satmaqda köməklik etsin. Əvvəllər tanıdığı Təqsirləndirilən şəxs xahişi əsasında həmin binanının ümumi qarajını təmir etdiyi üçün müvəqqəti olaraq Təqsirləndirilən şəxs həmin mənzildə yaşamasına razılıq vermişdir. 13 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə tanışının yas mərasimində iştirak etdikdən sonra birlikdə qidalanmaq üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən kafelərin birinə gedib birlikdə yemək yeyib bir qədər də spirtli içki qəbul etınişlər.Həmin günü, yəni, 13 aprel 2023-cü il tarixdə təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə kafedən çıxmış və avtomobillə yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışlar. Yol ilə gəldikdə evə bəzi azuqələr alınması üçün xatırlamadığı marketin qarşısında avtomobilini saxlamış və özünə məxsus “UNİ Bank”a aid “Leobank” bank kartım Təqsirləndirilən şəxs verib xahiş etmişdir ki. mənzildə istifadə etməkləri üçün müəyyən azuqələr alsın. Özünə məxsus “UNİ Bank”a aid “Leobank” bank kartını Təqsirləndirilən şəxs verdikdən sonra Cavid marketə daxil olmuş,o, isə Cavidi avtomobildə gözləmişdir. Telefonunda “UNİ Bank”a aid mobil tətbiqi olduğundan Təqsirləndirilən şəxs marketdən təxmini xatırladığı 15-20 manat dəyrəində alış-veriş etməsini və bank kart balansımdan da həmin məbləğdə pulun xatırlamadığı marketdə istifadə edilməsini görmüşdür.Alış- verişə pul çıxıldığından təxminən 1-2 dəqiqə keçmişdir ki, “UNİ Bank”a aid mobil tətbiqinə “Amazon” şirkətinə məxsus alış-veriş səhifəsindən 262,55 manat (iki yüz altmış iki manat əlli beş qəpik) pulun köçürülməsinə razılıq mesajı gəlmişdir. Lakin həmin mesaj ilə gələn kodu heç kimə bildirməmiş, yəni, kod özündə qalmışdır. Belə olan halda isə bilmişdir ki, kartından hər hansısa bir məbləğdə pul çıxıla bilməz. Bu proses baş tutduğunda bilmişdir ki, bu, Təqsirləndirilən şəxs işdir. Belə ki, həmin bank kartını Təqsirləndirilən şəxs alış-veriş etməsi üçün vermiş və alış-verişdən bir qədər sonra bank kartına müdaxilə olunması prosesi baş vermişdir. Buna görə əmin olmuşdur sözügedən bank kartına müdaxilə edən Təqsirləndirilən şəxsdir. Bir qədər sonra Təqsirləndirilən şəxs avtomobilimə əyləşmiş və verdiyi həmin bank kartını ona geri qaytarmışdır.Kartımdan hər hansısa bir məbləğdə əlavə pul çıxarılması prosesi baş tutmadığından kartından pul çıxmasına cəhd edilməsi barədə Təqsirləndirilən şəxs heçnə deməmiş, bu haqda heçnə danışıb Təqsirləndirilən şəxs utandırmaq istəməmişdir.Daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə yuxarıda qeyd etdiyi yaşadığı mənzilə qalxmışlar. Yaşadığı mənzildə yüngülvari yeyib-içdikdən sonra əyləşdiyi yerdə yuxulayıb yatıb qalmışdır. Həmin gecə yəni 14 aprel 2023-cü il tarixdə saat 03:30 radələrində yuxudan oyanmış və Təqsirləndirilən şəxs evdə olmadığını müəyyən etmişdir. Ətrafa baxmış, mobil telefonunun yerində olduğunu müəyyən etmiş, dərhal əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə baxıb cibində əvvəlcədən qoyduğu 2200 manat pulun yerində olub-olmadığını yoxladıqda cibində pul olduğunu, lakin 2200 manat puldan az qaldığını müəyyən etmişdir. Belə ki, əvvəlcədən əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoyduğu 2200 manat puldan cəmi 850 manat pul qaldığını aşkar etmişdir. Əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoyduğu 2200 manat puldan cəmi 850 manat pul qaldığından, həmçinin, bir neçə saat öncə, yəni, 13 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs etibar edib verdiyi bank kartından “Amazon” şirkəti vasitəsi ilə hər hansısa bir əməliyyat edilməsinə cəhd olunmasından və hazırda Təqsirləndirilən şəxs mənzildə olmadığından, yəni, xəbərsiz- ətərsiz çıxıb getməyindən başa düşmüşür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoyduğu 2200 manat puldan 1350 manat məbləğində pulu oğurlayıb çıxıb getmişdir. Təqsirləndirilən şəxs zəng etsə də əlaqə saxlaya bilməmiş, bundan sonra bir neçə gün Təqsirləndirilən şəxs özü axtarmağa başlamışır ki, onunla özü görüşsün, aralarındakı narazılığı özləri həll etsinlər. Çünki kasıb oğlan olduğundan Cavidin barəsində şikayət edib həbs olunmasını istəməmişdir. Beləliklə, bir neçə gün Təqsirləndirilən şəxs axtarıb yetirdiyi ziyanı ödətdirmək, aralarındakı məsələni özləri tərəfindən həll olunmasını istəsə də buna nail ola bilməmiş və nəhayətində 19 aprel 2023cü il tarixdə Bakı Şəhər Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə ərizə ilə müraciət edib baş verənlər haqqında məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1350 manat məbləğində maddi ziyan dəymişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxsin ona vurulmuş zərərdən cəmi 300 manat qaytardığını bildirərək, ondan şikayətçi olduğunu və barışmaq niyyətinin olmadığını, qanunvericiliyə uyğun şəkildə cəzalandırılmasını xahiş etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: «Hadisə yerinə baxış keçirilməsi haqqında» 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 1 85, mənzil 55 ünvnında yerləşir. (İ/V. 07-08). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 17-18). “Təqsirləndirilən şəxs barədə qətimkan tədbirinin seçilməsi haqqında” 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. (İ/V. 81). “İfadənin yerində yoxlanması haqqında” 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, 11 aprel 2023-cü il tarixdə o, Zəbi ilə telefon əlaqəsi saxlayıb ona uyğun iş olub- olmamasını soruşmuşdur.Telefon danışığı zamanı Zəbi ona demişdir ki, yaşadığı evin altında olan avtomobil dayancağmda təmir işləri, yəni söküntü, daha sonra beton işi vardır.O da həmin günü İmişli rayonundan Bakı şəhərinə gəlmiş və Zəbi ilə əlaqə saxlayıb yaşadığı ünvan 3 ünvanına gəlmişdir.Həmin təmir işlərinə görə Zəbi ilə 800 manata razılaşmış və həmin günü Zəbinin göstərişinə əsasən təmir işlərinə başlamışdır.Belə ki, danışığa əsasən o, işini bitirənədək Zəbinin kirayə yaşadığı evdə onunla birlikdə qalmalı olmuşdur. 13 aprel 2023-cü il tarixdə işini bitirdikdən sonra Zəbi ilə birlikdə əvvəl onunun tanışının yas yerinə getmiş, orada Zəbi cibindən pul çıxarıb pul vermək istədikdə cibində çoxlu sayda pul olduğunu görmüşdür. Yas yerindən çıxıb yemək yemək üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən kafelərin birinə getmiş və orada yemək yeyib spirtli içki qəbul etmişlər.Həmin vaxi ikisi də sərxoş vəziyyətdə saat 23 radələrində kafedən çıxıb Zəbinin yaşadığı evə gəlmişlər.Zəbi sərxoş olduğundan kresloda oturmuş və həmin anda yuxulayıb yatmışdır.O, sərxoş olduğu üçün qərara gəlmişdir ki,Zəbinin cibində olan pullardan bir qismini götürsün. Ona görə də Zəbi yatmış vəziyyətdə onun əynində olan göy rəngli cins şalvarının sağ cibinə əlini salıb cibində olan pulları götürmüşdür.Sayıb baxdıqda 2200 manat pulun olduğunu görmüş,həmin pulladan 1350 manatını götürüb, qalanını isə yenidən cibinə qaytarıb qoyduqdan sonra evi tərk edib bir daha həmin evə qayıtmamışdır. Həmin pulu şəxsi ehtiyaclarına sərf etmiş, əvvəl düşünmüşdür ki, Zəbiyə etdiyi hərəkəti bildirsin, lakin başı şəxsi işlərə qarışdığından bu barədə Zəbiyə deyə bilməmişdir. Sonradan eşidib bilmişdir ki, Zəbi onun barəsində polisə şikayət etmişdir. Elektron məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Xədicə və xx.xx.2015-ci il təvəllüdlü İlahə adlı iki azyaşlı uğaqları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 0Mərkəz Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərin qismən ödənilməsini, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində çoxsaylı cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi onun islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, o, həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə daha ağır cəzanın tətbiq edilməsi onun himayəsində olan iki azyaşlı uşaqların həyat tərzinə və dolanışıqlarına ciddi mənfi təsir göstərə bilər. Məhkəmə, həmçinin hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Sərəncamının müddəalarının hazırki iş üzrə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52- 1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - İmişli şəhəri Həzi Aslanov küçəsi ev 9 mənzil 13 ünvanında çəkməli, həmin ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-627/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı İmişli şəhəri Həzi Aslanov küçəsi ev 9 mənzil 13 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəsarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar