Məhkəmə qərarları › İş №1(004)-134/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-134/2025

04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-134/2025 04.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Şəki şəhərində anadan olmuş, ailəli, əvvəllər məhkum olunmamış, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Şəki şəhəri, Bağbanlar küçəsi, ev 59s, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Yasamal rayonu «Kaktus» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxil edilmiş xeyli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,956 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 14:50 dəqiqədə ünvan 1 ünvanda Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Yasamal RPİ-ə gətirilmiş və üzərində axtarış və götürmə aparılan zaman, əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,956 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1992-ci ildə İ Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, həmin vaxtı travma almış, ağrılarını sakitləşdirmək üçüp adını xatırlmadığı dərmanlardan istifadə etmiş, lakin son 1 ildir ki, həmin dərmanları tapa bilmədiyi üçün və resept ala bilmədiyi üçün xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində Yasamal rayonu Kaktus adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə dəqiq məlumatı olmayan şəxsdən 30 manat olmaqla 1 büküm öz şəxsi istifadə üçün almış və dərman olduğunu fikirləşmişdir. Aldığı dərmanı cibindəki siqaret qutusunun içərisinə qoymuşdur. Həmin vaxt 3 nəfər polis əməkdaşları ona yaxınlaşmış və onu avtomobilə əyləşdirərək Polis İdarəsinə aparmışlar. Polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-ə gəlmiş və onun şəxsiyyətini müəyyənləşdirmişlər və həmin vaxtı xidməti otaqların birində üzərinə hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə video çəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları onun üzərində qeyri qanuni nə varsa çıxardıb təqdim etməyini bildirmişlər. O, əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülü dərmanı könüllü olaraq çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları bu maddənin nə olduğunu soruşduqda o, həmin maddənin dərman kimi alıb istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmiş, dərmanı Yasamal rayonu Kaktus adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş dərman hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Aşkar olunmuş dərmanı isə ekspertizaya göndərmişlər. Əlavə olaraq bildirmişdir ki, Polis İdarəsinə gətirilərkən dərman bilib aldığı həmin narkotik vasitə Yasamal RPİ NMB rəisi Anar İbrahimovun otağında olarkən siqaret qutusundan yerə düşmüşdür. Ona görə də, üzərinə baxış keçirilən video çəkiliş zamanı aşkar edilən maddənin dərman bilib aldığı maddə olub-olmadığını dəqiq bilmir. O heç vaxt narkotik maddə istifadəçisi olmamışdır. Bundan əlavə üzərindən özünə məxsus olan ***-***-**-** GSM nömrə olan Samsunq markalı mobil telefon və 31 manat pul aşkar olunmuş, pulu ona qaytarmışlar, telefon isə götürülmüşdür Məhkəmədən ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülər və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 22 may 2024-cü il tarixdə Şəki şəhəri Bağbanlar küçəsi ev 59S mənzil 16-da qeydiyyatda olan,Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 6-da yaşayan xx.xx.1969-cu ildə Şəki şəhərində anadan olan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin,psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ NMB-ə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin narkotik vasitəni,psixotrop maddəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə O və Yasamal RPİ NMB-nin baş əməliyyat müvvəkili Etibar İsmyaılov, kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və 22 may 2024-cü il tarixdə saat 14:20-dən saat 14:50-dək olan müddətdə Təqsirləndirilən şəxs ətrafında soraqlaşma əməliyyat əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Həmin günü saat 14:50-də ünvan 3 ünvanında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ-ə dəvət etmişlər. Orada xidməti otaqda Tərlan Razayevin hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, video çəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə video çəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki tünd göy rəngli idman şalvarının sağ yan kiçik cibindən 1 ədəd selofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə kakos adlandırdığı heroin olduğunu, həmin maddəni bu gün “Kaktus” adlalan ərazidən üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Tərlan Rzaeyvin üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir.Şəxsi axtarış və götürmə zamanı Tərlan Rzaeyvin sağ yan cibindən özünün istifadəsində olan 1 ədəd Samsunq markalı telefon və şalvarının sol cibindən 31 manat pul aşkar edilmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.31 manat pul T.Rzaeyvin özünə qaytarılmışdır.Aşkar olunmuş maddə qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərilmişdir. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 0,956 qram çəkidə narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında konkret olaraq hər hansısa bir fakt olmasa da, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanması ilə bağlı məlumatlar tez-tez daxil olurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində Şahid3 ifadəsindəki xüsusatları deyərək, bir daha təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Yasamal RPİ NMB-nin rəisi vəzifəsində işləyən X6 ifadəsində göstərmişdir ki, 22 may 2024-cü il tarixdə rəisi olduğu bölmənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılmış və idarəyə gətirilmişdir. İlkin sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olduğunu, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu Kaktus adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə dəqiq məlumatı olmayan şəxsdən heroini öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra idarədə xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, video çəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqa verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 25-ci vərəqəsində olan 22 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 71-73-cü vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəsini icra edən Fərid Nağıyevin 24 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 74-75-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 24 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutulması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1969-cu ildə Şəki şəhərində anadan olmuş, ailəli, əvvəllər məhkum olunmamış, orta təhsilli, AR-ı vətəndaşı, işləməyən,Şəki şəhəri Bağbanlar küçəsi ev 59s mənzil 16-da qeydiyyatda olan,Bakı şəhəri Yasamal rayonu Q.Xəlilov küçəsi ev 6-da yaşayan, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri şərtlərini pozduğuna görə barəsində axtarış elan olunması və olduğu yer müəyyən olunduğu andan dərhal tutulması qərara alınmışdır. Cinayət işinin 105-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs olduğu yer RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən müəyyən olunaraq Yasamal RPİ-nin MSY-ə yerləşdirilmişdir. Cinayət işinin 117-118-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 43-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2024-cü il tarixli 6/2901 saylı rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,956 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (heroinin təmiz çəkisi – 0,956 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 0,856 qram). Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil etmişdir. Cinayət işinin 120-129-cu vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,856 qram çəkidə olan narkotik vasitə heroin və DVD disk sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7748 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qediyyata alınması məsləhət görülür. Cinayət işinin 80-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 972 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi MƏRKƏZİ ARXİV-in xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Müdafiə nazirinin xx.xx.1991-xx.xx.1992-ci il tarixli əmrlər kitabında (əsas: seh. 51, sıra - 18) “Azərbaycan Qarabağ” könüllü özünümüdafiə dəstəsinin xx.xx.1992-ci il tarixli siyahısında Təqsirləndirilən şəxs adı qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin dvd diskdə əks edilmiş görüntülər 22 may 2024-cü il tarixdə qeydə alınır. Görüntü 09 dəqiqə 51 saniyədən ibarətdir. Süni işıqlandırma şəraitində otaq Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X3 xidməti otağıdır. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçi A.Qədiməlyev özünü təqdim etdikdən sonra, 22 saylı vəkil bürosunun vəkili X1, Yasamal RPİ NMB-nin əməliyyat müvəkkili Şahid3 və baş ə/m polis baş leytenantı Şahid1 və kiçik ə/m Şahid2 təqdim etdikdən sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs özünü təqdim etmiş, video çəkilişin davamında təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxsə saxlanılarkən AR CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah olunduğunu xatırlatmış, baxışın mobil telefon vasitəsilə həyata keçirilməsini qeyd etmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və etirazının olmadığını demiş,Təqsirləndirilən şəxs özünün anket məlumatları barədə məlumat vermiş, təhqiqatçı tərəfindən AR CPM-nin 246-cı maddəsində nəzərdə tutulan tələblər səsləndirildikdən sonra Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd selofana bükülmüş maddəni çıxarıb təqdim etməsi müşahidə olunur. Təhqiqatçı tərəfindən bunun nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükülünün içərisində sakitləşdirici dərman olduğunu,təhqiqat A.Qədiməliyev tərəfindən təkrar sual verildikdə Təqsirləndirilən şəxs maddənin kakos-narkotik vasitə olduğunu bildirmiş, Kaktus adlanan ərazidən tanımadığı şəxsdən 30 manata aldığını,maddəni dərman əvəzi aldığını,suya salıb qarışdırıb içmək üçün əldə etdiyini bildirmiş,bundan əlavə baxış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən üzərində ***-***-**-** GSM nömrəsi olan Samsunq markalı mobil telefon və 31 manat pul aşkar edilərək götürülmüş,Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilmədi. Müdafiəçi1 sualına cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hanısa bir fiziki,psixi təzyiqin edilmədiyini, üzərindən aşkar olunmuş maddənin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddə görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir, iştirakçılar tərəfindən imzalanır. Bundan sonra heç bir sual, əlavə və qeyd olmadığından şəxsi axtarış və götürmə aparılması başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə narkotik vasitə deyl, dərman preparatının alması ilə bağlı ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə Təqsirləndirilən şəxs təqsirli olması öz təsdiqini tapmış, həmçinin ağrıkəsici dərmanların qəbulu ilə bağlı nə həkim resepti, nə də buna dair həkim göndərişinin olması müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən 1-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qoşulması və kəllə-beyin travması olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 22 may 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək 02 (iki) gün, 10 dekabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək 01 (bir) gün, ümumilikdə isə 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Şəki rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın xx.xx.2024-cü il tarixli, 7748 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,856 qram qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 80 (səksən) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 86 saata görə 571 (beş yüz yetmiş bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Kredo» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək 02 (iki) gün, 10 dekabr 2024-cu il tarixdən 11 dekabr 2024-cü il tarixədək 01 (bir) gün, ümumilikdə isə 03 (üç) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Şəki rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,856 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 86 saata görə 571 (beş yüz yetmiş bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Kredo» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar