Məhkəmə qərarları › İş №1(004)-135/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-135/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-135/2021 04.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edib, saxlamaqla daşımış və gəzdirmişdir. Belə ki, o, təxminən 2019-cu ilin oktyabr ayında Bakı şəhəri Yasamal rayonu Qanlı Göl adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilərək qısaldılmış, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş bir ədəd 16 kalibrli olmaqla, “TOZ” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, Tula silah zavodunda 1953-cü ildə zavod üsulu ilə istehsal edilmiş, “45061”№-li, funksional əhəmiyyət daşımayan lüləaltı yatağı eyni modeldən olan 1948-ci ildə istehsal edilmiş “24509” №-li tüfəngin lüləaltı yatağı ilə komplektləşdirilmiş hamar (yivsiz) qoşa-lüləli odlu silah hesab edilən saz vəziyyətdə və atəş üçün yararlı tüfəng kəsiyini əldə edib daşımaqla gəzdirib yaşadığı Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovı küçəsi 17 saylı evin həyətində yerləşən yardımçı tikilidə saxlamış, 26 mart 2020-ci il tarixdə həmin odlu silah hesab edilən tüfəng kəsiyini saxladığı yerdən götürüb qanunsuz olaraq üzərində saxlamaqla Bakı şəhəri Yasamal rayonu Qanlı göl yaşayış massivinə daşıyaraq üzərində gəzdirmiş, Şahid3 və Şahid2 Yasamal RPİ-nin 28-cı PB-nə ünvanladıqları şikayət ərizələri əsasında aparılan araşdırma zamanı 29 mart 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən onun yaşadığı Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovı küçəsi 17 saylı evin həyətində yerləşən yardımçı tikiliyə baxış keçirilərkən qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlamaqla daşıdığı və gəzdirdiyi konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilərək qısaldılmış, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş bir ədəd odlu silah hesab edilən həmin tüfəng kəsiyi və 02 (iki) ədəd 16 kalibrli öv tüfənginə aid partronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid5 onun qardaşıdır, Şahid1 Şahmalı oğlu isə onun həm qonşusu həmdə dostudur. 19 mart 2020-ci il tarixdə axşam saatlarında qardaşı Firdovsi ona zəng edərək bildirmişdir ki, Müşviq, onun qohumu Natiq və yanında təxminən 8 nəfər tanımadığı şəxslərlə onun yaşadığı ünvan 3 ünvanda yerləşən evinə gələrək ondan qızıl zinət əşyaları və pul istəmişlər, bundan sonra onların arasında hadisə baş vermişdir. 26 mart 2020-ci il tarixdə axşam saatlarında o, yaşadığı evdə Telmanla çörək yeyib içki içən zaman, Firdovsi onlara gəlmiş və onlarla birlikdə yemək yemiş və bu zaman Firdovsi onda qoşa lüləli ov tüfəngini və içərsində iki ədəd ov patronlarının olduğunu görmüşdür. Bir gədər yemek yeyib söhbət etdikdən sonra o evdə saxladığı silahı götürüb Firdovsi və Telmanla birlikdə onun evinin yaxınlığında yaşayan Müşviqin qardaşı Məhəmmədin evinə getmişlər. Məhəmmədin evinin həyətyanı sahəsinə daxil olduqdan sonra Məhmmədi səsləyərək çölə çıxmasını bildirmişlər. Lakin evdən çölə çıxan olmadığından, o evin ümumi giriş qapsını əllə döymüş və qapını heç kim açmadığı üçün yerdən xırda daş parçasını götürüb evin damına ataraq, yüksük səslə “evdən kimsə bayra çıxsın”, “Müşviq bir daha onun qardaşı Firovsinin evinə hücum etməsin və bu hərəkətlərindən əl çəksin” və “bunun səbəbini izah etməsini tələb edirəm” sözlərini işlətmişdir. Bundan sonra Məhəmmədin həyat yoldaşı Şahid3 bayıra çıxaraq Müşviqin onlarda olmadığını və yəqin ki, bir qədər yaxınlıqda yaşayan bacısı Rəna gildə olduğunu bildirmişdir. Bundan sonra o əlində silahla, Firdovsi əlində xəncərlə və Telman Rəna gilin evinin həyətyanı sahəsinə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra o “evdən kimsə bayıra cıxsın”, “Müşviq bir daha onun qardaşı Firovsinin evinə hüçüm etməsin və bu hərəkətlərindən əl çəksin” və “bunun səbəbini izah etməsini tələb edirəm” sözlərini işlətmişdir. Evdən heç kimin bayıra çıxmadığını gördükdə o əlində olan silahla, Firdovsi əlində olan xəncərlə Rənanın evinin qapısını döyməyə başlamışlar. Lakin yenədə evdən heç kimin çıxmadığını gördükdə o yerdən daş parçasını götürərək evin yuxarı hissəsinə ataraq pəncərənin şüşəsini sındırmışdır. Daha sonra isə oradan çıxıb getmişlər. Əlavə olaraq bildirmişdir ki, əlində olan “TOZ” modelli qoşa lüləli ov tüfəngini Bakı şəhəri Yasamal rayonunun ərazisində yerləşən “Qanlı” gölün yanında olan zibillikdən taparaq özündə saxlamışdır. Bundan əlavə bildirmişdir ki, Şahid2 əmlakına yetirdiyi zərəri yəni, sındırdığı pəncərənin şüşəsinin pulunu ödəmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, himayəsində azyaşlı uşağının olmasını, nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və onun qardaşı Şahid5 ilə uşaqlıqdan dostluq edir, Müşviqi isə təxminən 2000-ci il tarixdən tanıyır. 19 mart 2020-ci il tarixdə axşam saatlarında Müşviq onun yanında olan şəxslərlə birlikdə Yusifin qardaşı Firdovsinin yaşadığı ünvan 4 ünvanına gedərək Müşviqdən pul və qızıl zinət əyşalarını ona verilməsini tələb etmişlər və aralarında hadisə baş vermişdir. 26 mart 2020-ci il tarixdə axşam saatlarında Yusiflə birlikdə sonuncunun yaşadığı ünvan 5 ünvanında oturub çörək yeyerək və bir qədər içki qəbul edən zaman, Firdovsi gəlmiş və onlarla yemək yemişdir. Onlar bir qədər söhbət etdikdən sonra o və Yusif belə bir qərara gəlmişlər ki, Müşviqin onlara qarşı etdiyi hərəkətlərinə son qoyması üçün, onun böyüklərinə məsləhət etsinlərki onlar onun qarşısını alsınlar. Elə həmin vaxt Yusif evdə saxladığı dediyinə görə zibillikdən tapdığı qoşa lüləli tüfəngini götürmüş və o, Yusif və Firdovsi ilə birlikdə, həmin ünvanın yaxınlığında yaşayan Müşviqin qardaşı Məhəmmədin evinə getmişlər. Məhəmmədin evinin həyətyanı sahəsinə daxil olduqdan sonra Məhəmmədi səsləyərək çölə çıxmasını bildirmişlər. Lakin evdən çölə çıxan olmadığından, evin ümumi giriş qapısını əllə döymüşlər, lakin qapını açan olmadığı üçün yerdən xırda daş parçası götürüb onun evinin damına ataraq, “evdən kimsə bayıra çıxsın”, “Müşviq bir daha Firovsinin evinə hüçüm etməsin və bu hərəkətlərindən əl çəksin” və “bunun səbəbini izah etməsini tələb edirəm” və “mənə olan 500 manat borcunu qaytarsın” sözlərini işlətmişlər. Həmin vaxt Yusifin əlində evdən götürdüyü ov silahı, Firdovsinin əlində isə xəncər olmuşdur. Rəna gilin həyətinə daxil olduqdan sonra Yusif “evdən kimsə bayra cıxmasın”, “Müşviq bir daha onun qardaşı Firovsinin evinə hüçüm etməsin və bu hərəkətlərindən əl çəksin” və “bunun səbəbini izah etməsini tələb edirəm” sözlərini işlətmişdir. Evdən heç kim bayıra çıxmadığı üçün oradan çıxıb getmişlər. Əlavə olaraq bildirmişdir ki, Yusifin evində qoşa lüləli ov tüfəngini saxladığını ilk dəfə 26 mart 2020-ci il tarixdə birlikdə yemək yeyən zaman bilmişdir. Məhkəmə iclasında Şahid5 Təqsirləndirilən şəxs onun qardaşı olduğunu bildirərək, Azərbaycan Respublikasını Konstitusiyasının 66-cı maddəsinə uyğun olaraq ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X3 onun qaynıdır. O, Müqviqin tanışları olan Yusif, Yusifin qardaşı Firdovsi və onların tanışları olan Telman adlı şəxsləri tanımır və onlarla onun heç bir əlaqəsi və münasibəti yoxdur. 25 mart 2020-ci il tarixdə saat 16:20 radələrində o, yaşadığı ünvan 6 ünvanında həyat yoldaşı Məhəmmədlə birlikdə olan zaman, evin ümumi giriş qapsının kiminsə döydüyünü eşitmişdir. Məhəmməd yataq xəstəsi olduğundan, ayağa dura bilmədiyi üçün, o, qapıya yaxınlaşıb qapını açdıqda, qapının önündə Yusif, Firdovsinin və Telmannın olduğunu görmüşdür. Bu zaman Yusif və Firdovsi ondan qaynı Müşviqin harada olmasını soruşmuşlar, o, isə onlara Müşviqin harada olmasından məlumatı olmadığını bildirmişdir. Bundan sonra Yusif və Firdovsi Müşviqin ünvanına nalayiq söyüşlər söyərək çıxıb getmişlər. 26 mart 2020-ci il tarixdə, saat 23:50 radələrində o həyat yoldaşı Məhəmmədlə birlikdə yaşadıqları evdə olan zaman, sonradan adlarını bildiyi Yusif, Firdovsi və onların tanışları olan Telman adlı şəxs onların evinin pəncərəsinin şüşəsini sındırmışlar. Bundan sonra o, evin ümumi giriş qapsını açaraq, onlardan nə istədiklərini soruşmuş, onlar isə ondan Müşviqi axtardıqlarını bildimişlər, o, isə onlara Müşviqin onlarda olmadığını bildirmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Yusif, Firdovsi və Telman onların evindən çıxaraq baldızı Rəna gilə getmişlər. Həmin vaxt Yusifin əlində odlu silah, onun qardaşı Firdovsinin əlində xəncər olmuşdur. Onlar Rəna gilin həyətinə daxil olduqdan sonra Yusif əlində olan silahla, Firdovsi isə əlində olan xəncərlə Rənanın evinin qapısını döyərək Müşviqin çıxmasını tələb etmişlər. Lakin Rənanın həyat yoldaşı Nazim yataq xəstəsi olduğu üçün o onların qarşısına çıxa bilməmişdir. Bundan sonra onlar heç kimin səslənmədiyini gördükdə Yusif yerdən daş parçası götürərək onların evinin damına atmış və bunda sonra isə oradan çıxıb getmişlər. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid2 və Şahid4 digər Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 mart 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, Qanlı Göl qəsəbəsində yerləşən 118 və 172 saylı evlərdir. Vətəndaş Rəhimova yaşadığı evin pəncərəsini göstərərək bildirmişdir ki, Yusif, Firdovsi və Telman adlı şəxslər gecə saat 23:50 radələrində onların və baldızı Rənanın evinə hücum edib pəncərələrin şüşələrini sındırmışdır, onları nəlayiq ifadələrlə təhqir etmişdirlər. (i.v. 12) “Hadisə yerinə baxış keçirilməsi barədə” 29 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, 26 mart 2020-ci il tarixdə təxminən saat 23:50 radələrində qardaşı Firdovsi və tanışları Telman adlı şəxslə birlikdə əvvəlcədən tanıdıqları Müşviq adlı şəxslə aralarında baş vermiş şəxsi zəmində münaqişə ilə bağlı Müşviqin bacısı Rənanın və qardaşı Məhəmmədin yaşadığı həyət evlərinə gedərək həmin evlərin şüşələrini sındırmışdırlar. Eyni zamanda Məhəmmədin evinə gedərkən Müşviqi qorxutmaq üçün və lazım gələrsə özünü müdafiə etmək məqsədi ilə 5-6 ay bundan əvvəl Qanlı Gölün sahilində tapdığı bir ədəd lüləsi kəsilmiş qoşalülə tüfəngini də özü ilə götürmüş və sonradan həmin qoşalülə tüfəngi Qanlı Gölün sahilində özbaşına tikdirdiyi evin həyətində yerləşən toyuqları saxlamaq üçün tikilmiş yarımçıq tikilidə gizlətmişdir. Təqsirləndirilən şəxs həyətində olan toyuqları saxlamaq üçün tikilmiş yardımçı tikilidəki plasmas su qabının içərisində göy rəngli salafana bükülmüş bir ədəd lüləsi kəsilmiş qoşalülə silahı çıxarıb təqdim etmişdir. Təqdim edilmiş silaha baxış zamanı silahın üzərində 45061-53 rəqəmlərinin yazıldığı məlum olmuş və silahın lülələrində istifadə edilməmiş iki ədəd patronlar da aşkar edilmişdir. (i.v. 20) “CD-R markalı video görüntüyə baxış keçirilməsi haqqında” 03 aprel 2020-ci il tarixli protokoldan görünür ki, 29 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanın həyətində yerləşən yardımçı tikilidə saxladığı, onun tərəfindən qara rəngli sellofana bükülmüş bir ədəd lüləsi kəsilmiş qoşa-lüləli ov tüfəngi və iki ədəd patronları Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşlarına təqdim etməsi müşahidə olunur. (i.v. 42) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə ballistik ekspertizası “Odlu silah və döyüş sursatlarının, soyuq, qaz və pnevmatik silahların tədqiqi, atəş izlərinin tədqiqi” eskpertizasının 09 aprel 2020-ci il tarixli 3/191, 3/192 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd silah 16 kalibirli olmaqla, «TOZ» modelli patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, Tula silah zavodunda 1953-cü ildə zavod üsulu ilə istehsal edilmiş «45061»№-li, funksional əhəmiyyət daşımayan lüləaltı yatağı eyni modeldən olan 1948-ci ildə istehsal edilmiş «24509»№-li tüfəngin lüləaltı yatağı ilə komplektləşdirilmiş hamar (yivsiz) qoşalüləli ov tüfəngidir, lakin konstruktiv dəyişiklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilərək qısadılmış, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, ön tətiyinə 2,2 kq,arxa tətiyə 2,4 kq qüvvə tələb olunur (normal hesab olunur), tətiklərini çəkmədən atəş açılmır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Bu modelli silahlardan zavod üsullu ilə hazırlanmış 16 kalibirli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm deametrli qırmalar 300 m, 4 mm deametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə malikdir. -Təqdim edilmiş tüfəng kəsiyinin üzərində olan zavod nişanlarında əlavə və dəyişiklik edilməmişdir. -Təqdim edilmiş tüfəng kəsiyi qeyri-ştat patronlarından atəş açmaq üçün uyğunlaşdırılmamışdır. -Təqdqiqata təqdim edilmiş 2 (iki) ədəd patron zavod üsulu ilə hazırlanmış 16 kalibirli olub həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfəngində istifadə edilmək üçün döyüş sursatı hesab edilən patronlardır, istifadəyə (atəşə) yararlıdır. Həmin patronlardan istifadə etməklə təqdim edilmiş odlu ov tüfəng kəsiyindən atəş açmaq mümkündür. -Tədqiqata təqdim edilmiş qoşalüləli odlu ov tüfənginin kəsiyindən atəş (atəşlər) açılmışdır. Müvafiq elmi metodika olmadığından açılan atəşin (atəşlərin) vaxtını müəyyən etmək mümkün deyil. (i.v. 43-47) “Videoçəkilişin əks olunduğu DVD-R disklərinə baxış keçirilməsi haqqında” 22 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Baxış zamanı diskdə həmin diskdə 3 ədəd fayılda yazılmış video görüntü, 05 ədəd fayılda şəkil vardır. Birinci fayılda olan video görüntüyə baxdıqda məlum olur ki, sonradan adı istintaqa məlum olan Yusif, Telman və Firdovsi “Mersedes C class” markalı avtomobildən düşərək 26.03.2020-ci il tarixdə saat 23:52-də həyətə daxil olur. İkinci fayılda olan video görüntüyə baxdıqda məlum olur ki, sonradan adı istintaqa məlum olan Yusif, Telman və Firdovsi 26.03.2020-ci il tarixdə saat 23:52-də həyətdə olan zaman yerdən daşı götürən Firdovsi evə tərəf atır. Üçüncü fayılda olan video görüntüyə baxdıqda məlum olur ki, sonradan adı istintaqa məlum olan Yusif, Telman və Firdovsi 26.03.2020-ci il tarixdə saat 23:53-də həyətdə olan zaman yerdən daşı götürən Firdovsi daşı qapıya vurur evdən Şahid3 çıxır bu zaman Firdovsi ondan nə isə soruşur o da cavab verir. Bundan sonra Yusif, Telman və Firdovsi hadisə yerindən gedir. X2 Firdovsi söz soruşan zaman Yusifin əlində lüləsi kəsilmiş sonradan təhqiqata təqdim etdiyi qoşa lüləli tüfəng müşahidə edilir. Beş ədəd fayılda olan görüntülər isə Şahid3nm deməsinə görə onun evinin pəncərələrinin sındırılmış şüşələridir. (i.v. 66) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 15.12.2020-ci il tarixli 011-11919-1220 nömrəli məktubundan görünür ki, DİN-nin Krimminalistik Tədqiqatlar İdarəsinin “güllə-giliz” kortotekasında yalnmız yivli odlu silahların qeydiyyatı aparılır. Bu səbəbə görə də, təqdim edilmiş 01 ədəd 45061 №-li 16 kalibrli, TOZ-B modelli yivsiz, qoşa lüləli ov tüfənginin kəsiyi (obrez) həmin kartotekada yoxlanılmamışdır. (i.v. 107) “Sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2021-ci il tarixli qərardan görünür ki, DVD-R, DVD-R və CD-R markalı disklərə köçürülmüş məlumat daşıyıcısı olduğunda maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. 1 (bir) ədəd 16 kalibirli qundağı və lüləsi kəsilmiş (yivsiz) qoşa-lüləli ov tüfəngi və 2 (iki) ədəd patronlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və qeyd edilən silah və sursatlar cinayət işinin materialları ilə cinayət prosesində iştirak edən şəxslər tanış olduqdan sonra, məhkəmə baxışınadək saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin silah anbarına təhvil verilməsindən ötrü, Yasamal RPİ-nin Növbətçi hissəsinə saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan, şahid ifadələri, baxış və götürmə protokolu, maddi sübutlar, eləcə də ekspet rəyi və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilmişdir. (i.v. 124-138) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 228.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbədağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 75) “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmişdir. (i.v. 164) AZE seriyalı 12745357 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, 05.02.2012-ci il təvəllüdlü Səməd Səmədovun atası Təqsirləndirilən şəxsdir. (i.v. 98) AZE seriyalı 18209145 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, 10.07.2013-cü il təvəllüdlü Dəniz Səmədovanın atası Təqsirləndirilən şəxsdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini və evli olmaqla himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut iki ədəd “DVD-R” və bir ədəd “CD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin saxlanc yerində saxlanılan 1 (bir) ədəd 16 kalibirli qundağı və lüləsi kəsilmiş (yivsiz) qoşa-lüləli tüfəng kəsiyi və 2 (iki) ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli və o məhkəmə iclas zalından dərhal həbs edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli həbs edildiyi gündən, yəni 04 avqust 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan iki ədəd “DVD-R” və bir ədəd “CD-R” disk cinayət işinin materiallarında saxlanılmalı, və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin saxlanc yerində saxlanılan 1 (bir) ədəd 16 kalibirli qundağı və lüləsi kəsilmiş (yivsiz) qoşa-lüləli tüfəng kəsiyi və 2 (iki) ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli (CPM-in 132.1.4), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X4 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs edildiyi vaxtdan, yəni 04 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 2 ədəd “DVD-R” və 1 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 1 (bir) ədəd 16 kalibirli qundağı və lüləsi kəsilmiş (yivsiz) qoşalüləli tüfəng kəsiyi və 2 (iki) ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar