Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-135/2022 16.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (xx.xx.2022-ci il tarixədək 7 (yeddi) ay 20 (iyirmi) gün müddətinə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış), ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, 04 yanvar 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal adlı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kiçik ölçülü şəffaf polietilen torbacıqda təmiz çəkisi 1,390 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış, 04 yanvar 2022-ci il tarixdə saat 18:30 dəqiqədə ünvan 2 ünvanın qarşısında Yasamal RPİ-nin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarənin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd kiçik ölçülü şəffaf polietilen torbacıqda təmiz çəkisi 1,390 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu “Yeni Yasamal” adlanan ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manat müqabilində içərisində “heroin” olan bir ədəd kiçik ölçüdə şəffaf polietilen torbacığı alıb əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibinə qoyaraq üzərində daşımışdır. Həmin gün saat 18 radələrində isə o, ünvan 2 ünvanın qarşısında olan zaman mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq hüquqlarını izah etdikdən sonra narkotik vasitə əldə etməyi ilə bağlı şübhələr əsasında onu Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O, da heç bir etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına gəldikdən sonra xidməti otaqların birinə dəvət edilmiş və orada təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində tutulmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o, heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O, da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən içərisində heroin olan bir ədəd kiçik ölçülü şəffaf polietilen torbacığı çıxarıb təhqiqatçıya təqdim etmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılması davam etdirilsə də, heç bir qanunsuz predmet aşkar olunmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, daxil olan məlumat əsasında Bakı şəhəri Yasamal rayonu X.Mustafayev küçəsinə yollanmışlar. Həmin tarixdə saat 18 radələrində X.Mustafayev küçəsi 36 nömrəli ünvanın qarşısında piyada hərəkətdə olan əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nə dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Tural Abdullayev onu şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və müdafiəçi Yavər Hüseynin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd kiçik ölçülü şəffaf polietilen torbacığı çıxarıb təhqiqatçıya təqdim etmişdir. Daha sonra isə onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman heç bir əşya aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni xususuatlar üzrə ifadə verərək Şahid2 ifadəsində göstərilənləri təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş axtarış və götürmə aparılması haqqında 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd kiçik ölçülü şəffaf polietilen torbacığın içərisində olan narkotik vasitənin heroin olmasını və şəxsi istifadəsi üçün saxlanıldığı tarixdə Bakı şəhəri Yasamal rayonu “Yeni Yasamal” adlanan ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən 15 (on beş) manat müqabilində əldə etməsini göstərmişdir (səh. 33-34). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 04 yanvar 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 04 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında xidməti otaqlardan birində Bakı şəhəri Yasamal RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının və 22 saylı vəkil bürosunun müdafiəçisi Yavər Hüseynin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən içərisində heroin olan bir ədəd kiçik ölçülü şəffaf polietilen torbacığı çıxararaq təqdim etmiş və narkotik vasitə heroini şəxsi istifadəsi üçün saxlanıldığı tarixdə Bakı şəhəri Yasamal rayonu “Yeni Yasamal” adlanan ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən 15 (on beş) manat müqabilində əldə etməsini göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 yanvar 2022-ci il tarixli 6/17 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,390 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir (səh. 35-36, 40-45). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 15 fevral 2022-ci il tarixli 743 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh. 68-69, 96-97). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 yanvar 2022-ci il tarixli “Maddi sübut kimi tanınma” haqqında, 17 fevral 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu üzərində heç bir yazı və marka adı qeyd olunmayan bir ədəd DVD-R modelli disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, 1,390 qram çəkidə narkotik vasitə heroin isə 12 yanvar 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq tədqiqat keçirildikdən sonra qalan 1,290 qram hissəsi Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (səh.76, 77- 78, 100-108). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının 05 may 1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 241 -ci maddəsi ilə təqsirli bilinərək 02 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hökmün icrası 01 il təxirə salınmışdır.Bundan başqa Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Məhkəməsinin 13 mart 1998- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 242-ci maddəsi ilə təqsirli bilinərək 05 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli Amnistiya Qərarının 1.6-cı maddəsinə əsasən azad edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva şəhəri Ostankino rayon Məhkəməsinin 18 mart 2004-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CM-in 30.1, 158.1, 70 və 74.4-cü maddələri ilə təqsirli bilinərək 03 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (səh. 80-82, 91-94). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh. 22-30). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir (səh. 72-73). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 142929-21- 1/3-21463-10 nömrəli məktubunun surətindən məlum olur ki, Nərimanov Rayon Məhkəməsinin 1(005)-191/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı Şəhər Probasiya idarəsində qeydiyyata alınmış, "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyündən icra məmurunun təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsinin 7(005)-47/2022 saylı, 18.01,2022-ci il tarixli qərarı ilə cəza müddəti 1 ıl azaldılmış, xx.xx.2022-ci il tarixə (tutulub MSY-yə təhvil verildiyi günədək) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 4 ay 6 gününü çəkmiş və çəkilməmiş cəza müddəti 7 ay 20 gün təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-135/2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli xx/xx-7787 nömrəli məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-191/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-191/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(005)-191/2021 saylı hökmü ilə təyin edilmiş və xx.xx.2022-ci il tarixədək çəkilməmiş 7 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 03 (üç) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzas Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1,290 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)- 135/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 45 (qırx beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 1(005)-191/2021 saylı hökmü ilə təyin edilmiş və xx.xx.2022-ci il tarixədək çəkilməmiş 7 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 03 (üç) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1,290 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-135/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-135/2022
16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver