Məhkəmə qərarları › İş №1(004)-135/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-135/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-135/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:55 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurmaqla özgənin əmlakım aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, 2022-ci ilin mart ayının ortalarında Azərbaycan Respublikası Daxili işlər nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin X8 İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində işləyən zaman tanışı Zərərçəkmiş şəxs Heydər Əliyev adına X6 işə düzəlmək istədiyini yəqinliklə bilib, sonuncunun pul vəsaitlərini ələ keçirmək üçün qulluq mövqeyndən istifadə edərək özünü vəzifəli şəxs olmaqla vətəndaşları qeyd olunan hava limanında istənilən işə düzəltmək imkanında və iqtidarında olan, geniş əlaqələrə malik şəxs kimi təqdim edərək, tamah niyyətilə qanunsuz yolla maddi gəlir əldə etmək məqsədilə Zərərçəkmiş şəxs onu 8.000 manat pul müqabilində həmin X7 münasibətlər üzrə şöbənin əməkdaşı kimi işə düzəldəcəyini vəd edib inandıraraq müvafiq səlahiyyətləri və bununla əlaqədar hər hansı iş görmək niyyəti olmadığından onu aldadaraq, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yerləşən Milli Onkologiya Mərkəzinin inzibati binasının qarşısında onunla şəxsən görüşüb yalandan vəd etdiyi işin düzəlməsi müqabilində 8.000 manat pulunu alıb ələ keçirməklə faktiki olaraq onu işə düzəltmək üçün heç bir iş görmədən həmin pulları öz şəxsi ehtiyaclarına sərf etməklə qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs 8,000.00 (səkkiz min) AZN pulunu qanunsuz və əvəzsiz olaraq ələ keçirib ona xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilməklə ifadələrində göstərmişdir ki, Quba rayonunda qonşuları olmuş Zərərçəkmiş şəxs babası, nənəsi və anası Şahid1 ona əvvəlki illərdə söhbət zamanı Gülçinin də onun işlədiyi H.Əliyev adına X6 işləməsini arzu etdiyini, sonuncunu ora işə düzəltməsini xahiş etmişlər. Belə bir səlahiyyəti, tanışlığı olmasa da anasının onkoloji xəstəlikdən müalicə alması səbəbi ilə maddi çətinlikləri olduğundan ona pul lazım olmuş, ona görə də Gülçinin anası İradəyə qızını H.Əliyev adına X6 işə düzəldə biləcəyini, bunun üçün 8000.00 manat pul lazım olduğunu demişdir. Məqsədi pulu alaraq anasının müalicə xərclərinə sərf edib, bir müddət sonra işin düzəlmədiyini deyib geri qaytarmaq olmuşdur. 2022-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs ilə Bakı şəhəri Yasamal rayonunda yerləşən Milli Onkologiya Mərkəzinin qarşısında təklikdə mülki geyimdə görüşmüş və 8 min manat pulu alaraq ona narahat olmamasını, tez bir zamanda işin düzələcəyini demişdir. Lakin, Zərərçəkmiş şəxsnm işə düzəlməsi istiqamətində hər hansı iş görməmiş, heç kimlə danışmamışdır. Həmin pulu anasını müalicə məsrəflərinə, digər xərclərinə sərf etmişdir. Daha sonrakı tarixlərdə Gülçin və anası dəfələrlə ona zəng edərək işlə bağlı maraqlanmış, cavabında onlara narahat olmamalarını, tez bir zamanda işin düzələcəyini demişdir. 2-3 ay keçdikdən sonra o, Zərərçəkmiş şəxs və anasının ona tez-tez zəng etdiklərini görüb, işin alınmadığını bildirərək pulu qaytaracağını demiş, lakin pulu tapa bilmədiyi üçün qaytara bilməmişdir. 13 aprel 2023-cü il tarixdə o, öz arzusu il DlO-da xidmətdən xaric edilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ondan hər hansı şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hazırda qeydiyyatda olduğu ünvanda yaşamır, faktiki olaraq ünvan 3 ünvanında yaşayır, habelə saxlanıldıqdan sonra Yasamal RPİ-nin MSY-dən onu 26 noyabr 2024-cü il tarixdə saat təxminən 16:00 da azad etmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X12 rayonunda onlarla qonşuluqda evi olmuş, 2020-ci ilin dekabr ayında Qənidərə kəndində babasıgildə olan zaman Rusiya Federasiyasında ali təhsil almasına baxmayaraq işsiz olması ilə bağlı söhbət gedərkən Emin H.Əliyev adına X6 polis işlədiyini tanışları vasitəsilə onu X7 münasibətlər üzrə şöbənin əməkdaşı kimi işə düzəldə biləcəyini, həmin şöbədə vakansiya olduğunu, işə qəbul olunması üçün adlarını çəkmədiyi səlahiyyətli şəxslərə pul verilməli olduğunu demişdir. 2022-ci ilin fevral ayında Emin anası İradəyə onun işinin alınması üçün səkkiz min manat pul lazım olacağını demiş və onunla razılaşmışlar. 18 və ya 19 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə anası İradənin mobil telefonuna zəng etmiş, işin düzəltməsi üçün lazım olan səkkiz min manat pulu təcili olaraq çatdırmalarını, səhəri gün pulu adını demədiyi səlahiyyətli şəxsə verəcəyini demişdir. O özünə məxsus puldan səkkiz min manat pul götürərək Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yerləşən Milli Onkologiya Mərkəzinin inzibati binasının qarşısında təklikdə mülki geyimdə olan Təqsirləndirilən şəxs vermiş, sonuncu işinin tez bir zamanda, yəni 1 ay içərisində düzələcəyinə söz vermişdir. Növbəti aylar ərzində o və anası dəfələrlə işlə bağlı Təqsirləndirilən şəxsla əlaqə saxlamış, sonuncu tez bir zamanda işin düzələcəyini, narahat olmamalarını, gözləmələrini demiş, lakin hər dəfə söz verib vaxtı ertələsə də vədinə əməl etmədiyi üçün aldadıldığını bilmiş və 13 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna və digər qurumlara ərizə ilə müraciət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs bildirmişdir ki, ona vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir, lakin o, təqsirləndirilən şəxslə barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs dediklərini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayında Quba rayonu, Qənidərə kəndindəki evlərində uzun müddətli ailəvi tanışları və qonşuları Təqsirləndirilən şəxsla Gülçinin Rusiya Federasiyasında ali təhsil almasına baxmayaraq işsiz olması ilə bağlı söhbət gedərkən Emin Gülçinə tanışları vasitəsilə onu H.Əliyev adına X6 Beynəlxalq münasibətlər üzrə şöbənin əməkdaşı kimi işə düzəldə biləcəyini, həmin şöbədə vakansiya olduğunu, Gülçinin həmin işə qəbul olması üçün müəyyən məbləğdə pul lazım olduğunu, nə qədər məbləğdə pul lazım olduğunu soruşduqda, maraqlanacağını demişdir. Bir müddət sonra E.Göyuşov Gülçini özünün də polis işlədiyi H.Əliyev adına X6 Beynəlxalq münasibətlər üzrə şöbənin əməkdaşı kimi düzəltmək üçün 8000 manat pul lazım olduğunu, nə vaxt desə pulu ona verməli olduqlarını demiş, özünün də Hava limanında işlədiyindən ona inandıqları üçün razılaşmışlar. 2022-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ona zəng edərək Gülçini H.Əliyev adına X6 Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı kimi işə düzəltmək üçün lazım olan 8000 manat pulu təcili çatdırmalarını, belə ki, ertəsi gün həmin pulu aparıb səlahiyyətli, adını çəkmədiyi adama verəcəyini demişdir. Gülçin özünə məxsus 8000 manat pul götürmüş və Emin Göyuşovun dediyi Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yerləşən Milli Onkologiya Mərkəzinin inzibati binasının qarşısına gedərək orada onunla görüşmüş və 8000 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra işin tez bir zamanda, yəni 1 ay içərisində düzələcəyinə söz vermişdir. Həmin gündən sonra o və qızı Gülçin dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlayıb iş barədə soruşduqda sonuncu tez bir zamanda düzələcəyini, narahat olmamağı demişdir. Lakin aylar keçməsinə baxmayaraq Emin Gülçini işə düzəltməmiş, dəfələrlə müxtəlif vədlərlə, bəhanələrlə işin düzəlmə prosesinin gecikdiyini, nəticədə işi düzəldə biləcəyini demiş, lakin Gülçin işə düzəlməmiş, E.Göyuşov aldığı pulu da qaytarmamışdır. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 dediklərini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı qızıdır. 2020-ci ilin dekabr ayında Quba rayonu, Qənidərə kəndindəki evlərində uzun müddətli ailəvi tanışları və qonşuları Təqsirləndirilən şəxsla Gülçinin ali təhsilli olsa da işsiz olması ilə bağlı söhbət gedərkən Emin Gülçinə tanışları vasitəsilə onu Hava limanında işə düzəldə biləcəyini, həmin şöbədə vakansiya olduğunu, lakin Gülçinin həmin işə qəbul olması üçün müəyyən məbləğdə pul lazım olduğunu demişdir. 2022-ci ilin mart ayında Emin Gülçini polis işlədiyi Hava limanına işə düzəltmək adı ilə ondan səkkiz min manat pul almış, tezliklə işə başlayacağına söz vermişdir. Lakin 2 il keçməsinə baxmayaraq Gülçini işə düzəltməmişdir. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 02 sentyabr 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə AR CMnin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 1-2). xx.xx.2024-cü il tarixli “Protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində könüllü olaraq Yasamal RPİ-nin 29-cu PŞ-yə gəlmişdir. (İ/V. 87). Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə 26 noyabr 2024-cü il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin seçilməsi ilə bağlı verilmiş vəsatət təmin edilməmişdir. (İ/V. 110-111). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ/V. 112-113). “Təqsirləndirilən şəxs yenidən ittiham elan etmək haqqında” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İ/V. 158-159). Zərərçəkmiş şəxs X4 tərəfindən təqdim edilmiş, anası İradə Hacıyevə ilə iş üzrə Təqsirləndirilən şəxs arasında olan “whatsapp" sosial şəbəkəsində sonuncunun səsli mesajlarına məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şahid1 Gülçinin işə düzələcəyini müəyyən şəxslərlə danışdığını, onların dəfələrlə vəd edərək gözləmələrini xahiş etmiş, 15 gün ərzində cavab biləcəyini, əks halda adlarını çəkmədiyi adamlardan pulu geri götürəcəyini demişdir. Növbəti danışıqlarda da pulu verdiyi adamların burada olmamasını, həmin adamların ona işin düzələcəyi barədə and içdiyini, biraz səbrli olmasını xahiş etmişdir. Özünün də çox narahat olduğunu, həmin adamların onu da gecikdirdiklərini, pulu onlardan alıb qaytaracağını demişdir. Dəfələrlə zəngə cavab verməməsini işin alınmaması ilə əlaqələndirilmiş, səbrli olmağı dəfələrlə təkrarlayaraq vaxtı yubatmışdır. (İ/V. 35-36). Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-15/2-3044/2024 saylı məktuba əlavə edilmiş arayış və əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2012-ci ildən xidmət etdiyi Daxili işlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X8 idarəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsindən xx.xx.2024-cü il tarixli 3- 13/Ə(ş/h)1087/2023 nömrəli əmrlə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən öz arzusu ilə vəzifəsindən azad edilmiş, daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. (İ/V. 81- 83). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 13375 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicə almamış, qeydiyyatda yoxdur. (İ/V. 85). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, xx/xx-14554 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə qeydiyyatda yoxdur. (İ/V. 172). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu barədə Əməliyyat-sorğu kartotekasında hər hansı məlumat yoxdur. (İ/V. 72). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 4/671-1130 Nq-İİ məktubdan görünür ki, həqiqətən də Təqsirləndirilən şəxs anası X5 mərkəzin Konsiliumunun xx.xx.2023-cü il tarixli, 2241 nömrəli protokoluna, 13686 Ns-li qərarına və xx.xx.2022-ci il tarixdə X1 müayinəsi tomoqrafiyasına əsasən “sağ ağciyərin xərçəngi. Divararalığı l/d və sümüklərə MTS. cT4 N2 M1 mərhələ İV” diaqnozu təsdiqlənmişdir. xx.xx.2023-cü il tarixində xəstəyə yaşayış yeri üzrə sahə onkoloqunun nəzarətində simptomatik müalicə məsləhət görülmüşdür. Daha sonra xəstə Milli Onkologiya Mərkəzinə müraciət etməmişdir. (İ/V. 182). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsindən verilmiş AZ-İİ № 465260 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 “Broxnların və ağciyərin yuxarı payının xərçəngi” xəstəliyi səbəbi ilə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. (İ/V. 175). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməmiş, lakin o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansı tələbi və şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 013230 saylı vəsiqənin surətindən görünür ki, təqsirləndirilən şəxs müharibə veteranı üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 saylı Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1669 saylı tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən həmin poliklinikada şəkərli diabet tip 2 diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, səs yazıları, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, müharibə veteranı olmasını, şəkərli diabet xəstəsi olasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdən 26 noyabr 2024-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğuna Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri üzrə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi növündə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə o, dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə maddi sübut kimin tanınan 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 1(004)-662/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 27 dekabr 2024-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdən 26 noyabr 2024-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 02 il 05 ay 26 (iyirmi altı gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimin tanınan 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar