Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-136/2023 14.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: X10 Zərər çəkmiş şəxsin nümayəndəsi: Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X11, Təqsirləndirilən şəxs: xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta-ixtisas təhsilli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə buna hüququ olmadan mühafizə tədbirlərini pozmaqla orada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qanunsuz daxil olmaq məqsədilə fərdi qaydada kompüter təmiri ilə məşğul olduğu üçün tanışı Şahid təmir etməsi üçün ona verdiyi sonuncunun yeznəsi Zərərçəkmiş şəxs məxsus “HP” markalı notebookun daxili yaddaşını təmir etmək məqsədilə notebookun əməliyyat sisteminin bağlı olduğu “Elektron ünvan ” elektron adresini və həmin adresin “m#tn1K&_43(*)” parolunu onlardan öyrəndikdən sonra həmin gmail adresinə daxil olaraq notebooku təmir etməyin mümkün olmadığını görmüş, bundan sonra da 06 mart 2022-ci il tarixdə və təkrarən, 07 və 08 mart 2022-ci il tarixlərdə yaşadığı ünvan 2 ünvanında istifadə olunan “Uninet” internet provayderinə məxsus 78.109.55.101 İP ünvanından işlətdiyi “Windows” əməliyyat sistemi ilə təchiz edilmiş “HP” markalı “ProLiant ML 110G6” modelli “Desktop-9MQCP7C” adlı kompüter və “Huawei P20 lite” markalı “ANE-LX1” kod adlı mobil telefon ilə həmin gmail adresinin bağlı olduğu Zərərçəkmiş şəxs və onun həyat yoldaşı X1 birgə istifadə etdikləri “Google Workspace” ekosistemində olan “instagram” və “facebook” sosial şəbəkələrində olan hesablarına, eləcə də “Yandex”, “Pinterest”, “Dropbox” və həmin ekosistemdə olan digər hesablara buna hüququ olmadan mühafizə tədbirlərini pozmaqla orada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qanunsuz olaraq təkrarən daxil olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ailəlidir, bir azyaşlı övladı vardır. 2008-ci il tarixdə Bakı Kompüter Kollecini bitirmişdir. Həmin tarixdən müxtəlif şirkətlərdə informasiya texnologiyaları üzrə mütəxəssis işləmişdir. Onun əsas işi kompüterlərə texniki dəstək göstərməkdir. X8 onun dostudur, həm də bir məhəllədə yaşamışlar. Təxminən 2022-ci ilin mart ayının əvvəllərində Nicat onunla əlaqə saxlayaraq bacısı Nurlana Şükürzadəninin istifadə etdiyi “HP” markalı notbukunda silinmiş faylları bərpa etmək lazım olduğunu bildirmişdir. O da ona notbuku gətirəcəyi təqdirdə baxıb deyə biləcəyini bildirmişdir. 06 mart 2022-ci il tarixdə Nicat notbuku ona vermişdir. Həmin zaman o Nicatın yanında notbuku arxasını sökmüş ki, bəlkə texniki olaraq nəsə etmək olar. Lakin heç nə alınmamışdır. Buna görə də Nicat notbuku ona təhvil verib getmişdir. Bundan sonra notbuku açan zaman ekranda “google Chrome” səhifəsi açılmış və orada sistemdə səhvlik olduğu qeyd edilmişdir. Onun başı çıxmadığı üçün “google” axtarış portalında sistemi bərpa etmək üçün axtarış etməyə başlamış və orada qeyd edilmişdir ki, bərpa etmək üçün “google” hesabının bağlı olduğu elektron poçt ünvanı lazımdır. O, bunu Nicata bildirmiş və ondan elektron poçt ünvanını və kodunu deməsini xahiş etmişdir. O, da bacısından alıb hazırda xatırlamadığı elektron poçt (gmail) adresini və kodunu ona yazmışdır. Bundan sonra o, yaşadığı ünvan 1 ünvanında özünə məxsus istifadə etdiyi “HP” markalı “ProLiant ML110G6” modelli kompüterində Nicatın ona göndərdiyi elektron poçt adresinə 06-07 mart 2022-ci il tarixlərdə daxil olmuşdur. Lakin onun şəxsi məktub və digər məlumatlarına baxmamışdır. O sadəcə “Google Drive” bölməsində Nurlana Şükürzadənin notbukunun əməliyyat sisteminin ehtiyat kopiyasını axtarıb bərpa etməyə çalışmışdır. Çünki, Nurlana Şükürzadənin notbuku “Android” əməliyyat sistemi olmuş və orada istifadə olunan “Chrome OS” sisteminin ehtiyyat nüsxəsi “Google Drive” bölməsində saxlanılmışdır. Lakin ora daxil olduqda orda ehtiyyat hissənin saxlanmadığını görmüş və bu barədə Nicata məlumat vermiş və düzəldə bilmədiyini bildirmişdir. O, da növbəti gün yəni 07 mart 2022-ci il tarixdə günorta saat 15-16 radələrində gəlib notebuku ondan götürmüşdür. Lakin onun yadından çıxıb Nurlana Şükürzadəyə məxsus gmail adresi kompüterinin yaddaşında qalmışdır. O sadəcə 08 mart 2022-ci il tarixdə həmin gmail hesabından çıxış etmişdir. Həmin müddət ərzindən də həmin hesaba daxil olmamışdır. Lakin ola bilər ki, o öz kompüterinə daxil olan zaman avtomatik olaraq gmail adresinə daxil olunsun. Lakin o, qəsdən heç kimin şəxsi məlumatlarına daxil olmamışdır. Heç kimin şəxsi məlumatlarını silməmiş və ələ keçirməmişdir. Sadəcə onlara kömək etmək istəmişdir. Zərərçəkmiş şəxs ərizəsində google hesabı ələ keçdikdən sonra kompüterlə yanaşı kod adı “ANE-LX1” olan “Huawei P20 litte” markalı smartfonla da instagaram hesabına daxil olunuğunu bildirmişdir. Bu barədə nə deyə bilərsiniz sualına cavab olaraq bildirmişdir ki, həqiqətən də o əvvəllər “Huawei P20 litte” markalı mobil telefon işlətmiş və həmin telefonla da gmail hesabına daxil olmuş və məqəsdi də kompüteri düzəltmək olmuşdur. O, instagram hesabına daxil olmamışdır. Ola bilər ki, avtomatik olaraq açılmışdır. Heç bir cinayət törətmədiyi üçün barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özü informasiya texnologiyaları üzrə mütəxəssisdir. “Google” şirkətini “bulud texnologiyaları” üzrə sertifikatı vardır. Evdə “HP” markalı notebooku vardır ki, həmin notebooku o, və həyat yoldaşı, birlikdə X4 istifadə etmişdir. Lakin orda onların bütün ailəvi məlumatları vardır. Həmin notebookda “Chrome OS” əməliyyat sistemindən istifadə edirlər. 2022-ci il tarixdə həmin notebookun əməliyyat siteminin yerləşdiyi daxili yaddaşı xarab olmuş və o, baxan kimi onun istifadəyə yararsız olduğunu bilmişdir. Buna görə də özlərinə yeni notebook sifariş vermişdir. Lakin həyat yoldaşı həmin notebooku qardaşı Şahid vermişdir ki, təmir etdirsin. 08 mart 2022-ci il tarixdə saat 16-17 radələrində həyat yoldaşı Nurlana Şükürzadə ona rəfiqələri ilə İnstagram sosial şəbəkəsində yazışdığını, lakin o həmin smsləri oxumadan proqramda oxunmuş kimi qeyd edildiyini bildirmişdir. O, özü də İT mütəxəssisi olduğundan telefonu götürüb baxan kimi kənar şəxsin müdaxilə etdiyini hiss etmişdir. Buna görə də o, dərhal instagram sosial şəbəkəsinin şifrəsini dəyişdirmişdir. Elə zənn etmiş ki, kimsə kodu sındırmışdır. Lakin fikirləşmiş ki, onun instagram sosial şəbəkəsinə daxil etdiyi kod müxtəlif simvollardan təşkil edilməklə 12 elementdən çox olmuşdur. Həmin kodu da sındırmaq mümkün deyildir. Ona görə də o, bilmişdir ki, həmin şəxs onun elektron poçt adresindən daxil ola bilər. O, həmin mail adresinə baxan zaman orda proqramın bütün xəbərdarlıqların pozulduğunu müəyyən etmişdir. Həmin şəxs təkcə “google chrome”-dakı mail adresinə daxil olmaqla ordan yoldaşının və onun instagram, facebook, online ödəniş saytlarına və digər sistemlərə daxil ola bilər. O baxan zaman müəyyən etmiş ki, mail adresinə müdaxilə nəticəsində, maildə yerləşən bütün şəxsi yazışmalar, 1000-dən çox şəxsi ailə şəkilləri, videolar, tibbi laboratoriya nəticələri və digər özəl məlumatlar oxunub və bəziləri pozulmuşdur. Hesabda şübhəli girişlə bağlı bütün xəbərdarlıqlar təmizlənib, lakin Yandexdə yerləşən köməkçi maildə ilkin giriş xəbərdarlığı maili qalmaqdadır. İlk giriş 6 Mart tarixi saat 21:56-da baş vermişdir. Bundan əlavə Google Drive eko-sistemdə saxladığı şəxsi məlumatlar, ailəsinin və azyaşlı övladlarının şəkil və videoları, həmçinin biznes fəaliyyəti ilə bağlı məlumat və hazırlamalar, saytların və layihələrin backup (arxivləri) və baza məlumatları da oxunmuş və ola bilsin ki, də surətləri ələ keçirilmişdir. İstifadə edilən mobil telefonun Google Workspace sistemi ilə inteqrasiya səbəbindən həmçinin mobil telefondakı bütün informasiyaya keçid əldə olunub-şəxsi kontaktlar, ödəniş kartları məlumatı, brauzerə aid bütün məlumatlar. Həmin şəxs müdaxilə faktını gizlədib bütün izləri silməyə çalışsalar da, apardığı araşdırma zamanı hesablara müdaxilənin 6 Mart tarixində, kompüter adı DESKTOP-9MQCP7C olan Windows 10.10 əsaslı ƏS-i, Google Chrome 98.0.4758.102 brauzerdən edildiyi müəyyən etmişdir. Google hesabının şifrəsi ələ keçirildikdən sonra hesablara kompüterlərlə yanaşı, İnstagram loqlarına əsasən - 6 Mart, 22:21 tarixində kod adı “ANE-LX1” olan smartfonla da daxil olma qeydə alınmışdır. Google axtarış nəticəsi “ANE-LX1” kod adının - Huawei P20 lite markalı telefona aid olduğunu göstərmişdir. Google Chrome brauzeri vasitəsilə keçid edilən bütün saytlara müdaxilə olunmuşdur. Onların arasında online ödəniş sistemləri aktiv olan və ödəniş kartlarını əlavə etdiyi saytlar da var - Benetton, Carters, Trendyol, VictoriasSecret. Bundan əlavə, həmin şəxs Facebook profili və mesajlara da müdaxilə etmişdir. Onun şəxsi Pinterest səhifəsinə keçid edilib, paylaşımlar silinmişdir. Yandex platformasındakı biznes mailə müdaxilə edilib və maillər oxunaraq silinmişdir. Həmçinin sındırılmış Google Chrome hesablarından istifadə edərək, azyaşlı övladlarının şəxsi şəkil və videolarının oğurlanması ilə yanaşı, X9 (my.gov.az), Təhsil Nazirliyinin Virtual Məktəb sisteminə, portal.edu.az və sy.edu.az ünvanlarına, oradakı bütün şəxsi və konfidensial məlumatlara keçid əldə edilmişdir. Müdaxilə edilən bir neçə sayt və platforma təhlükəsiz sistemində keçid İP-sini saxladıqdan həmin şəxsin 78.109.55.101 nömrəli İP (internetə daxil olduğu yer) adresindən daxil olduğunü müəyyən etmişdir. Həmin şəxs 06-08 mart 2022-ci tarixlərdə hesablara müdaxilə etmişdir. O, şifrələri dəyişməsəydi müdaxiləsini davam etdirəcəkdir. Bütün qeyd edilənləri müəyyən etdikdən sonra o, həmin şəxsin müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həyat yoldaşı notebooku təmir etdirmək üçün qardaşı Nicata verən zaman ona istifadə etdiyi kompüterin login və parolunu vermişdir. Nicat da notebook düzəltməsi üçün tanışı Təqsirləndirilən şəxs adlı şəxsə vermiş və həmin zaman şifrəni də Cavidin tələbi üzrə ona vermişdir. Lakin Təqsirləndirilən şəxs həmin şifrəni öz kompüterinə daxil edərək onun istifadə etdiyi “shukurzade.com” domenində yerləşən “Google Workspace” sisteminə qanunsuz daxil olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, X5 onun doğma bacısıdır, Zərərçəkmiş şəxs isə onun həyat yoldaşıdır. 2022-ci ilin fevral ayının 24-də bacısı onunla əlaqə saxlayaraq istifadə etdiyi “hp” markalı notbuk ilə “Google” axtarış portalına daxil ola bilmədiyini bildirmiş və ondan xahiş etmiş ki, həmin noteboku tanışı kompüter ustası işləyən Təqsirləndirilən şəxs göstərsin. Təqsirləndirilən şəxs onlarla bir məhəllədə yaşayır, kompüter mühəndisliyi üzrə orta-ixtisas təhsili vardır və hazırda da kompüter ustası işləyir. Buna görə də bacısı notbuku ona göstərməsini bildirmişdir. O, da bu barədə tanışı Təqsirləndirilən şəxs məlumat vermişdir. Ona notbuku gətirsə baxa biləcəyini bildirmişdir. Bir müddət sonra, 06 mart 2022-ci il tarixdə bacısı notbuku ona vermiş, o da həmin tarixdə notbuku Təqsirləndirilən şəxs vermişdir. Həmin zaman ona bacısının google hesabın login və parolunu da Cavidə vermişdir. Həmin zaman Cavid yanında kompüteri sökmüş və bir neçə dəqiqə baxdıqdan sonra uzun məsələ olduğunu baxıb nəticəsi barədə məlumat verəcəyini bildirmişdir. O, da razılaşmışdır. 07 mart 2022-ci il tarixdə günorta radələrində ondan düzəldə bilib-bilmədiyini soruşduqda ona düzəldə bilmədiyini demişdir. Buna görə də həmin gün günorta radələrində notbuku ondan götürmüş və gətirib bacısına təhvil vermişdir. Bundan sonra 2022-ci ilin may ayının 20-sində Cavid onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs ondan şikayət etdiyini bildirmişdir. Lakin onların məsələsinə qarışmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kompüter ekspertizasının 03 iyun 2022-ci il tarixli 5/625 nömrəli rəyinə əsasən, tədqiq olunan “Windows 10 Pro” əməliyyat sistemi ilə təchiz edilən “HP” markalı “ProLiant ML110 G6” modelli kompüter sistem bloku hal-hazırda işlək vəziyyətdir. Təqdim edilmiş “HP” markalı “ProLiant ML110 G6” modelli kompüter sistem blokunun spesifik xüsusiyyətinə əsasən “Qurğunun adı- DESKTOP-9MQCP7C” və istifadəçi adı - Javid Mammadov” olduğu müəyyən olundu. Təqdim edilmiş “HP” markalı “ProLiant ML110 G6” modelli sistem blokunun spesifik xüsusiyyəti olan “qurğunun adı- DESKTOP-9MQCP7C” ilə ekspert qarşısında qoyulan sualda göstərilən “shukurzadə.com” domenində yerləşən elektron poçta müdaxilə edən kompüterin DESKTOP-9MQCP7C” istifadəçi adı eynilik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kompüter ekspertizasının 08 dekabr 2022-ci il tarixli 5/1447 nömrəli rəyinə əsasən, rəyin “Tədqiqi hissəsi”nin 1-ci bəndində göstərilənləri nəzərə alaraq Brauzer vasitəsilə sosial şəbəkələrə daxil olmaq üçün Google hesabının yaddaşında saxlanılmış sayt və sosial şəbəkələrələ dair istifadəçi profillərinin şifrə və loginləri istifadə edildikdə həmin girişə dair icazə hesab sahibi tərəfindən tələb olunmur. Giriş olunduğu zaman “Google” hesabının mühafizə xüsusiyyətlərinə əsasən istifadəçi tərəfindən müvafiq seçimlər edildiyi halda ona aid olan hesablar başqa cihazlarda açıldıqda bu barədə iki tərəfli autentifikasiya vasitəsilə istifadəçinin öncədən qeyd etdiyi cihazlarına və hesablarına bildiriş gedir. Daha sonra aşağıda göstərilən hallardan biri ola bilər: Hesab “Log out” (şifrə yadda saxlanılmaqla hesabdan çıxış olunması) olduqda giriş üçün login və parola aid müvafiq xanalar brauzer tərəfindən avtomatik doldurulsada, həmin hesab və ya profilə birbaşa giriş edilmir. Hesaba giriş bu zaman istifadəçi tərəfindən “daxil ol” (log in) əmri verildikdən sonra həyata keçirilə bilər. Hesab “Log on” (brauzer üzərində hesabın açıq saxlanılması) olduqda kompüter üzərindən giriş yaddaşda saxlanılmış hesaba (və ya istifadəçiyə aid profil) yalnız istifadəçi tərəfindən həmin hesabın linkinə “linki aç” əmri verildikdə sonra həyata keçirilə bilər. Tədqiqat obyekti olaraq təqdim olunmuş “HP” tipli kompüter sistem bloku daxilində hər hansı bir virusun olub-olmamasını dəqiqləşdirmək hal-hazırda müvafiq texniki imkanlar xaricində olduğundan qeyd olunan sual üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Şəbəkə üzərində kiberhücüm edilərək istifadəçiyə dair hesabların sındırılması, hesaba dair login və şifrə əsasında planlaşdırılmış müvafiq funksiyaları yerinə yetirmək üçün avtomatlaşdırılmış proqram təminatı olan “BOT”un yaradılaraq istifadə edilməsi hallarında istifadəçiyə aid hesablara avtomatik giriş edilə bilər, lakin tədqiqat zamanı təqdim edilmiş sistem blokunun daxili yaddaşına mövcud texniki imkanlar çərçivəsində baxış keçirildikdə yuxarıda qeyd olunan məsələlərə dair hər hansı bir texniki qeyd aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kompüter ekspertizasının 5/443-4/544 saylı, xx.xx.2023cü il tarixli rəyinə əsasən:
1. Rəyin “Tədqiqi hissəsi”nin 1-ci bəndində göstərilənləri nəzərə alaraq “Google Hesabı” üzərində yadda saxlanan istifadəçiyə aid olan “İnstagram”, “Facebook”, “Pinterest" sosial şəbəkələrinə aid istifadəçi profillərinə, “Yandex” brauzerinə həmçinin “Dropbox” bulud saxlama sistemlərindəki şəxsi səhifələrə istənilən üsulla (shortcut “qısayol”, link, axtarış paneli və s. üsullarla) giriş üçün “istifadəçi adı (Username)” və “parola (Password)” aid müvafiq xanalar avtomatik doldurulsa da, həmin hesab və ya profilə birbaşa giriş edilmir. Qeyd olunan hesaba (istifadəçi profillərinə və şəxsi səhifələrə) giriş yalnız bu zaman istifadəçi tərəfindən “daxil ol” (log in) əmri verildikdən sonra həyata keçirilə bilər.
2. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilənlərə əsasən istifadəçi tərəfindən “Google Hesabı” üzərində “2-addımlı təsdiqləmə (2-Step Verification)” təhlükəsizilik xüsusiyyəti istifadə edilmədiyi halda (əlavə elektron poçt və ya mobil nömrənin əvvəlcədən seçilməməsi və ya sonradan ləğv olunması halında), hesab üzərində edilən hərəkətlərə (hesabın özünə, hesaba bağlı istifadəçi profillərinə və şəxsi səhifələrə giriş olunmasına) dair bildiriş göndərilmir və ya icazə üçün təsdiqləmə tələb olunmur.
3. Hər hansı bir konkret şəxsin internet şəbəkəsi üzərindən hansısa hesablara (saytlara, sosial şəbəkələrə və s.) daxil olmasını texniki qeydlər vasitəsilə müəyyən etmək mümkün deyildir. Məlumat üçün bildirilir ki, hər hansı bir veb resursa (saytlara, sosial şəbəkələrə və s.) hansı cihaz (İP dəstəkləyən qurğu) tərəfindən daxil olunması texniki qeydlərdə göstərilən İP əsasında müəyyən edilir. İP ünvanın müəyyən edilməsi, hansı cihazlar (qurğularda istifadə olunması), İP-nin paylanması, hansı provayederə aid olması, kimin adına qeydiyyata alınması və bu kimi məsələlər kompüter texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspert qarşısında qoyulmuş “Təqsirləndirilən şəxs tərəfindən google accountdan başqa, Zərərçəkmiş şəxs “İnstagram”, ‘facebook” sosial şəbəkələrində olan hesablarına, eləcə də “Yandex”, “Pinterest”, “Dropbox” və s. daxil olunmuşdur mu?” sual üzrə tədqiqat işləri aparılmadı. 4.Rəyin “Tədqiqi hissəsi”nin 4-cü bəndində göstərilənlərə əsasən kompüterin əsas komponent hissələrinə onun aparat təminatda kompüter sisteminin iş prinsipinə birbaşa təsir edən proqram təminatı (əməliyyat sistemi drayverlər Belə ki, kompüterə quraşdırılmış, xüsusi təyinatlı funksiyaları icra edən proqram təminatları və şəbəkə proqram vasitələri (brauzerlər, axtarış sistemləri, bulud texnologiyası sistemləri və s.) kompüterin əsas komponent hissələri hesab edilmir. və s.) daxildir. X2 və Altay Əsədov verdikləri rəylə bağlı məhkəmə iclasında bildirmişlər ki, “instagram” və “facebook” sosial şəbəkələri, eləcə də “Yandex”, “Pinterest”, “Dropbox” hesabları kompyuter sistemi və ya onun hər hansı bir hissəsi deyildir. Bununla belə “instagram” və “facebook” sosial şəbəkələrindəki hesablarındakı məlumatlar, eləcə də “Yandex”, “Pinterest”, “Dropbox” hesablarındakı məlumatlar vahid serverdə yerləşdiyindən, server isə kompüter sisteminin bir hissəsi olduğundan, həmin hesablara daxil olmaqla, faktiki olaraq serverə daxil olunduğundan, buna görə də kompüter sisteminin bir hissəsinə daxil olunmuş olur. Müdafiəçi çıxışında bildirmişdir ki, bir neçə əsasa görə təqsirləndirilən şəxs heç bir cinayət törətməmişdir. Birincisi parol ona könüllü verilmişdir, bu səbəbdən də qanunsuz daxilolma yoxdur. İkincisi ekspert də bildirmişdir ki, “instagram” və “facebook” sosial şəbəkələri, eləcə də “Yandex”, “Pinterest”, “Dropbox” hesabları kompyuter sistemi və ya onun hər hansı bir hissəsi deyildir, təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərilir ki, o həmin hesablara daxil olub. Təqsirləndirilən şəxsə hər hansı bir serverə daxil olması barədə ittiham verilməmişdir. Üçüncüsü isə hətta bunlar olsa da belə, təqsirləndirilən şəxs kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olmamışdır. əgər daxilolma vardırsa da, təqsirləndirilən şəxs ona müraciət etmiş şəxsə kömək göstərmək üçün daxil olmuş olur. Başqa hər hansı bir niyyətlə daxil olma və ya məlumat əldə etmək üçün daxil olma olmamışdır. Hətta təqsirləndirilən şəxsin əməlində cinayət olsa da belə, təqsirləndirilən şəxsə eyni əməlin təkrar törəlidməsi ittihamı verilsə də, o eyni parolla, eyni yerə daxil olmuşdur, belə olduduğu təqdirdə onun əməlində təkrar törətmə yoxdur, CM-nin 271.2.1-ci maddəsi yox, 271.1-ci maddəsi yaranmalıydı. Göstərilənləri qeyd edərək hər bir halda müdafiəçi bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, zərərçəkmiş, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 271.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 271.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə alternativ əsas cəzalar kimi cərimə və azadlıqdan məhrumetmə cəzaların nəzərdə tutulduğunda, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı, cərimə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əsasən təqsirləndirilən şəxs ailəlidir, 01 azyaşlı uşağı var: xx.xx.2016-cı il təvəllüdlü X6. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, evli olmasını, himayəsində 01 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs istifadə etdiyi 01 ədəd “DESKTOP- 9MQCP7C” markalı sistem blok hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalı, 01 ədəd flaş kart cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 01 il 06 müddətinə kompyuter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutma hüquqlarından məhrum edilməklə, 5000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 207,3 manat (iki yüz yeddi manat 30 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs istifadə etdiyi 01 ədəd “DESKTOP- 9MQCP7C” markalı sistem blok hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd flaş kart cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən, Hüseyn Səfərov