Məhkəmə qərarları › İş №1(004)-136/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-136/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-136/2025 20.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, subay, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qaradağ rayonu, Ələt qəsəbəsi 61-ci Bağlar Massivində nömrəsiz fərdi evdə yaşamış, barəsində 30 yanvar 2025-ci il tarixli qərarla “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, talama məqsədi olmadan qanunsuz olaraq özgəsinə məxsus avtomobili ələ keçirməklə qaçırmışdır. Belə ki, o, 21 may 2024-cü il tarixdə saat 17:30 radələrində yuyucu işlədiyi ünvan 3 ünvanda yerləşən avtoyumada Zərərçəkmiş şəxs1 tərəfindən ona yuyulması üçün açarı ilə birlikdə təhvil verilmiş 1996-cı il istehsallı “Mersedes-Benz-300D” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı tünd göy metal rəngli avtomobili həmin tarixdə saat 22 radələrində ondan istifadə etməyə icazəsi və ya hüququ olmadığı halda talama məqsədi olmadan qanusuz olaraq ələ keçirib Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi istiqamətində sürüb qaçırmışdır. Bundan başqa o, təkrarən 28 iyul 2024-cü il tarixdə saat 17:00 radələrində yuyucu işlədiyi Bakı şəhəri,Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən “Avto 049 servis” adlı avtoyumada Zərərçəkmiş şəxs2 tərəfindən ona yuyulması üçün açarı ilə birlikdə təhvil verilmiş 2012-ci il istehsallı “Hyundai-Accent” minik markalı, 90-NM- 537dövlət qeydiyyat nişanlı gümüşü rəngli avtomobili həmin tarixdə saat18:00 radələrində ondan istifadə etməyə icazəsi və ya hüququ olmadığı halda talama məqsədi olmadan qanusuz olaraq ələ keçirib Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi istiqamətində sürüb qaçırmışdır. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 185.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, məhkəmə qaydasında ailəsindən ayrılmış və nigahı rəsmi olaraq pozulmuşdur. Maddi təminatını qarşılamaq üçün müxtəlif avtoyumalarda fərdi qaydada yuyucu işləyir. 21 may 2024-cü ıl tarixli hadisə ilə bağlı bildirmək istəyir ki, müəyyən müddət olardı ki, ünvan 4 ünvanında yerləşən avtoyuma məntəqəsində yuyucu işləyirdi.xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində avtoyuma məntəqəsində olarkən bir nəfər tanımadığı,sonradan adı məlum olan Mübariz adlı müştəri yaxınlaşaraq "Mersedes Benz 300D” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı tünd göy metallik rəngli avtomobilini yuduzdurmaq istədiyini bildirərək açarını avtoyuma məntəqəsinin icarədarı Elvinə verərək saat 20:00 radələrində gəlib götürəcəyini bildirib getdi.Elvin də öz növbəsində avtomobilin onun tərəfindən yuyulmasını tapşırdı və şəxsi işi üçün məntəqəni tərk etdi. O, avtomobili yuyub hazır etdi və saat 20 radələrində avtomobilin sahibi gəlib avtomobilini aparmaq istəyəndə açarı tapa bilmədiyindən qayıdıb evinə getmiş və ona demişdir ki, müəyyən vaxt sonra qayıdıb götürəcəkdir.Saat 21:30 radələrində iş qurtardıqdan sonra yaxınlıqdakı marketdən spirtli içki və yemək alaraq şam yeməyi yeyib spirtli içkini qəbul etmişdir. Saat 22 radələrində övladını görmək üçün keçmiş arvadına zəng etmiş lakin o, əsəbi halda danışdığı və övladını ona göstərmədiyi üçün arvadının övladlarıyla yaşadığı Ələt qəsəbəsinə getmək qərarına gəlmişdir. Həmin vaxt məntəqədə yalnız "Mersedes Benz 300D"markalı **-MO-*** dövlət qeydiyyat nişanlı tünd göy metallik rəngli avtomobil olduğu üçün həmin avtomobili sürüb getməyə qərar vermişdir. Avtomobilin açarını məntəqədə axtarıb taparaq onu işə salıb sərxoş vəziyyətdə idarə edərək Bakı Qazax yolu ilə Ələt qəsəbəsinə doğru hərəkət etməyə başlamışdır. Saat təxminən 02.20 radələrində Ələt qəsəbəsinə çatmış və övladıyla görüşüb qayıtmaq istədikdə həmin vaxt özünü avtomobilin sahibi adlandıran Mübariz adlı şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə ***-***-**-** nömrədən zəng edərək gecə saat 01:46 radələrində Bakı-Qazax yolunun 33-cü kilometrliyində surət həddini aşmağıyla bağlı radara düşdüyünə dair onun telefonuna məlumat daxil olduğunu və bu barədə polisə zəng vurub məlumat verdiyini, onun harada olduğunu soruşaraq gətirib avtomobilinin qaytarılmasını istəıvıişdir. Dərhal qorxuya düşərək sükan arxasına əyləşib Bakı şəhərinə geri qayıtmış və gecə saat 04 radələrində maşını avtoyuma məntəqəsinə yaxın olan Yasamal rayonu, F.ibrahimbəyov küçəsindəki 31 nömrəli tam orta məktəbin yanında qoyaraq oradan uzaqlaşmışdır. Avtomobilin salonundan hər hansı əşya, ləvazimat oğurlamamış, avtomobilə maddi ziyan vurmamış, qəza törətməmiş, avtomobilin hər hansı hissəsini söküb dəyişdirməmiş, zədə yetirməmişdir. Bundan başqa,təxminən iki ay olardı ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən “Avto 049 servis”adlanan avtoyuma məntəqəsində yuyucu işləyirmiş, xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində işdə olduğu zaman tanımadığı bir qadın müştəri, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq “Hyundai-Accent” minik markalı avtomobilini yuduzdurmaq istədiyini bildirdi. Ona hal hazırda işlərinin olduğunu və avtomobili təxminən iki saat ərzində yuyub bir kənara qoymaqla hazır edə biləcəyini bildirmişdir.Lamiyə xanım onunla razılaşıb “Hyundai-Accent” minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını ona təqdim edib avtoyumadan uzaqlaşıö getmişdir. Təxminən saat 18 radələrində Lamiyənin avtomobilini məntəqəyə salaraq yumaq istədiyi zaman azyaşlı oğlu Rəvan ona zəng vuraraq ağlayıb onun üçün darıxdığını və görüşmək istədiyini demişdir. Həmin anda spirtli içki təsiri altında imiş. Ani anda düşünmüşdür ki, yuyulması üçün ona təhvil verilmiş, Lamiyə xanıma məxsus avtomobillə gedib Ələt qəsəbəsində oğluyla görüşüb geri qayıtsın. Bundan sonra Lamiyə xanıma məxsus avtomobilin sükan arxasına əyləşib Yasamal rayonu, Kənar Dairəvi yolilə Bakı- Qazax magistralı istiqaməti ilə hərəkətə başlamışdır. Təxminən 1 saat 30 dəqiqəyə oğlu Rəvanın yaşadığı Qobustan qəsəbəsi 61 ünvanına getmişdir. Oğluyla görüşdükdən sonra yenidən avtomobilə əyləşib geriyə qayıtmış və avtoyuma məntəqəsinin qarşısında avtomobili saxlayıb yerə düşmüşdür. Təxminən 3-5 dəqiqə sonra polis əməkdaşları avtomobilə yaxınlaşmışlar və başqasına məxsus avtomobili idarə etməyə hüququnun və səlahiyətinin olmadan idarə etdiyi .avtomobilin sahibinin şikayət etmiş olduğunu başa düşüb onlarla birlikdə polis şöbəsinə getmişdir. Avtomobilin salonundan hər hansı əşya, ləvazimat oğurlamamış, avtomobilə maddi ziyan vurmamış, qəza törətməmiş, avtomobilin hər hansı hissəsini söküb dəyişdirməmiş,zədə yetirməmişdir. Suala cavab olaraq bildirmişdir ki, “Hyundai- Accent” minik markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onu yalnız xx.xx.2024-cü il tarixdə avtomobilini yumaq üçün verdiyi zaman tanımışdır. Lamiyə xanım ona avtomobilini əvvəllər və ya həmin tarixdə idarə etmək üçün həvalə etməmişdir.Avtomobili onun icazəsi olmadan idarə etmiş və övladını görmək üçün Ələt qəsəbəsinə getmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alıb barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 21 may 2024-cü il tarixdə saat 17:30 radələrində özünə məxsus 1996-cı il istehsallı “Mersedes-Benz-300D” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı tünd göy metal rəngli avtomobilini yuduzdurmaq məqsədilə ünvan 4 ünvanda yerləşən avtoyuma məntəqəsinə getmiş və orada avtomobilini və açarını avtoyuma məntəqəsinin icarədarı kimi tanıdığım Elvin adlı şəxsə verib saat 20 radələrində gəlib götürəcəyini bildirib evinə qayıtmışdır. Həmin saatda avtoyumaya qayıtmış, avtomobilini yuyulmuş vəziyətdə orada olsada oradakı işçi, sonradan adı ona Tərlan kimi məlum olan şəxs avtomobilinin açarını tapa bilməmişdir. Həmin vaxt Elvin məntəqədə olmadığından onunla əlaqə saxlanılsada açar tapılmadığından yenə evə getmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 00:10 radələrində təkrar məntəqəyə gəlsədə avtomobilinin, eləcədə işçinin orada olmadığını aşkar etmişdir. Bu dəfədə Elvin adlı tanıdığı şəxsə zəng edərək səhər saatlarında gəlib avtomobilini götürəcəyini bildirərərk yaşadığı ünvana qayıtmışdır. Gecə saat 01:46 da mobil telefonuna SMS-Radardan məlumat daxil oldu və məlumatı oxuduqda avtomobilinin həmin saatda Bakı Qazax yolunun 33-cü kilometrəliyində surət həddini aşma ilə bağlı radara düşdüyü məlum olmuşdur. Bundan sonra avtoyuma məntəqəsinin sahibinə və saat 02:33-də isə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Avtomobilin Tərlan adlı yuyucu tərəfindən qaçırıldığı məntəqənin icarədarı tərəfindən etimal olunduğundan onun mobil nömrəsini alaraq həmin şəxsə zəng etmiş və həmin şəxs ona məxsus avtomobillə Ələt qəsəbəsində olduğunu,guya övladını görmək üçün getdiyini bildirmişdir. Polisə məlumat verdiyini ona bildirmiş və bundan sonra gecə saat 04 radələrində avtomobilinin avtoyuma məntəqəsi yaxınlığında, yəni Yasamal rayonu, F.İbrahimbəyov küçəsində yerləşən 31 saylı məktəbin yaxınlığında tərk edilmiş vəziyətdə aşkar etmişdir. Tərlan adlı yuyucunu əvvəllər tanımamış,ona avtomobilini idarə etmək üçün heç vaxt icazə və razılıq verməmişdir. Avtomobilindən hər hansı əmlak, əşya avadanlıq oğurlanmamış, avtomobilinə hər hansı zədə, ziyan vurulmamışdır. Lakin, mülkiyyətində olan avtomobilinin onun icazəsi və razılığı olmadan Tərlan adlı yuyucu tərəfindən qaçırılması,yol hərəkəti qaydalarını pozması, əmlakma birbaşa qəsd etməsi ilə cinayət əməlini törətdiyi və qanunla nəzərdə tutulan məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:50 radələrində özümə məxsus “Hyundai Accent” minik markalı 2012-ci il istehsallı, gümüşü rəngli 90-NM- 537 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilimi Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən “ Avto-049-servis” avtoyuma məntəqəsinə yumaq üçün aparmışdır.Orada əvvəllər tanımadığı, yaşı təxminən 45 olan, sonradan adını bildiyi Tərlan adlı yuyucu avtomobilin açarını qəbul edib bir saat yarımdan sonra gəlib avtomobili hazır yuyulmuş vəziyyətdə götürə biləcəyini dediyindən açarı ona təhvil verib, oradan uzaqlaşmışdır. Saat təxminən 18:30 radələrində avtomobili götürmək üçün həmin ünvana gəlmiş, lakin avtomobilin və açarı ondan almış yuyucunu orada görməmişdir.Həmin vaxt mobil telefonuna mobil tətbiqi vasitəsilə avtomobilinin Bakı-Qazax yolunda sürət həddini aşması ilə bağlı 10 manat cərimə daxil olduğunu gördükdə başa düşmüşdür ki, avtomobili qaçırılmışdır. Saat 18:51 radələrində DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və dərhal Yasamal RPİnin 29-cu PB-nin əməkdaşları tərəfindən həmin PB-nə dəvət olunmuşdur. Orada şikayət ərizəsi yazıb izahat vermişdir. Polis əməkdaşları avtomobilin tapılması ilə bağlı təxirəsalınmaz tədbirlər görəcəklərini və tez bir zamanda avtomobili tapıb qaytaracaqlarını bildirmişlər. Bundan sonra yaxınlıqda olan evinə getmişdir. Bir-iki saatdan sonra polis əməkdaşları ona zəng edərək avtomobilini aşkar etdiklərini və Yasamal RPİ-nin 29-cu PŞnin həyətinə apardıqlarını bildirmişlər. Həmin PŞ-nə getmişdir. Orada polis əməkdaşlarından məlum olmuşdur ki, Tərlan adlı yuyucu, yəni açarla birlikdə avtomobilini ondan yuyulması üçün təhvil almış şəxs avtomobilin açarını ondan aldıqdan sonra sərxoş vəziyyətdə avtomobili işə salaraq heç bir icazəsi və səlahiyyəti olmadan idarə edərək Ələt qəsəbəsinə getmiş, yolda surət həddini aşıb yol hərəkəti qaydalarını pozmuşdur. Bundan sonra avtomobilə baxış keçirilərkən içərisindən hər hansı qiymətli əşya, pul, paltar, digər əşyalar oğurlanmadığı məlum olsada avtomobilimin sağ arxa təkər, sağ arxa qanadın alt hissəsində sürtünmədən zədələr,qabaq sol duman işığının yerindən çıxaraq içəriyə doğru yerdəyişdiyi, alın şüşənin alt hissəsində çatın olduğunu, avtomobilin mühərrikinin əvvəlki qaydada deyil, titrəmə ilə işlədiyini aşkar etmişdir.Mühərrikin titrəməsi səbəbi xaric gözlə görünən zədələrin aradan qaldırılması üçün təxminən 500 manat vəsait tələb oluna biləcəyini düşünür və mühərrik xaric 500 manat məbləğində maddi ziyan vurmuşdur. Tərlan adlı yuyucunu əvvəllər tanımamış, ona avtomobilini idarə etmək üçün heç vaxt icazə və razılıq verməmişdir.Avtomobilindən hər hansı əmlak, əşya avadanlıq oğurlanmamışdır. Avtomobilim 2012-ci il istehsalıdır, 2023-cü ilin iyul ayında 16.700 manata almışdır. Mülkiyyətində olan avtomobilinin onun icazəsi və razılığı olmadan Tərlan adlı yuyucu tərəfindən qaçırılması,yol hərəkəti qaydalarını pozması, əmlakma birbaşa qəsd etməsi ilə cinayət əməlini törətdiyi və qanunla nəzərdə tutulan məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs 25 iyul 2024-cü il tarixdə onun icarədar olaraq işlətdiyi ünvan 7 ünvanında yerləşən «Avto- 049 servis» adlı avtoyuma məntəqəsinə iki ayzaşlı uşağı gələrək, uşaqların anasının rəhmətə getdiyini, uşaqlara baxmağın onun üzərində olduğunu, yuyucu kimi təcrübəsinin olduğunu, uşaqlarına çörək pulu qazanmaq üçün onu işə qəbul etməyini xahiş etmiş, uşaqlara baxıb onların anasının həqiqətən də rəhmətə getməsinə pis olduğuna görə cibindən pul çıxarıb onlara bir şeylər alması üçün vermiş, Tərlan adlı şəxsə isə sınaq müddəti keçməklə işə çıxmasını, bu müddəti müsbət keçəcəyi halda onu işə qəbul edəcəyini bildirmiş və onun anket məlumatları barədə qeydlərini aparmış, Tərlan növbəti gün işə çıxmış və görmüşdür ki,həqiqətən də onun yuyucu kimi təcrübəsi var və müştəriləri razı yola salır. xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrinədək işdə olmuş,evinə bəzi şeylər lazım olduğuna görə tərlana bu barədə deyib evinə getmişdir. Axşam saat 20:30 radələrində avtoyuma məntəqəsinə qayıtmış və orada polis əməkdaşlarını görmüşdür. Maraqlananda ona məlum olmuşdur ki, Tərlan ona yuyulması üçün verilmiş Lamiyə adlı xanıma məxsus Hyundai Accent markalı maşını icazəsiz olaraq sürüb çıxıb getmiş, həta yolda maşını bərk sürdüyünə görə radara düşmüşdür. Polis əməkdaşları ondan Tərlan barədə məlumat almışlar, bir müddət sonra Tərlan sürüb qaçırtdığı maşınla birlikdə geriyə qayıtmış və polis əməkdaşları onu 29-cu PŞ-ə aparmışlar. Tərlandan nədən bu hərəkəti etdiyini soruşdaqda O, azyaşlı uşağı üçün darıxdığını və uşağını görmək üçün ona yuyulması üçün verilmiş Lamiyə xanıma məxsus maşını sahibinin icazəsi olmadan idarə edib Ələt qəsəbəsinə getdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdıə saat 17:30-dan şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 93) xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 116-117) xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 116-117) xx.xx.2024-cü il tarixli “tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 146) xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 01) xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 44-45) xx.xx.2024-cü il tarixli “cinayət təqibi üzrə icraatın birləşdirilməsi və əməlin tövsif olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə csirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaq materialları və Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsindən həmin Məcəllənin 185.2.2-ci maddəsinə tövsif olunmaqla cinayət təqibi ********* nömrə altında bir icraatda birləşdirilmişdir. (İ/V. 54-55) xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 163-164) xx.xx.2024-cü il tarixli Bakı şəhər Yasamal Rayon Məkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 182) 22 may 2024-ci il tarixli protokoldan görünür ki, həmin günü saat 04:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus «Mersedes Benz E-350» markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil Yasamal rayonu F.ibrahimbəyov küçəsində yerləşən 31 saylı məktəbin yaxınlığında tərk edilmiş, qapıları açıq, açarı üzərində olmayan vəziyyətdə tapılmışdır. (İ/V. 72-73) 29 iyul 2024-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması” protokolundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 məxsus «Hyundai Accent» markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa təkərinin üst hissəsində sürtük izləri,ön sol duman işğının yerindən çıxaraq içəri doğru düşməsi,ön alın şüşəsində şüşə boyu çat izlərinin olması,eləcə də maşının mühərrik hissəsinin titrəmə halında işləməsi müəyyən olunmuşdur. (İ/V. 205-211) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)- 962/2024 qərarından görünür ki, Təqsirləndirilən şəxs Əbdulbağı oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. (İ/V. 116-117) xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Əbdulbağı oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 212-215) Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Əbdulbağı oğluna xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BB 032846 nömrəli «B 1 B» kateqoriyalı sürücülük vəsiqəsi veirilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeyd alınmamışdır. (İ/V. 219) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cm-nin 263.1 maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddəinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 10% tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (İ/V. 132-133) xx.xx.2025-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-136/2025-ci il saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasından xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuş xx.xx.2025-cİ il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-cİ il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-cİ il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, “ifadənin yerində yoxlanması haqqında” protokol və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) təkrar törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixıdək həbsdə saxlandığı 02 ay 26 gün müddət, ümumilikdə 02 ay 28 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus «Mersedes Benz E-350» markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs2 məxsus "Hyundai-Accent” minik markalı, **-NM-***dövlət qeydiyyat nişanlı avtomobilin sahibləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəkili Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-663/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq iclaslarında iştirak etməyə sərf edilmiş vaxtın həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixıdək həbsdə saxlandığı 02 ay 26 gün müddət olmaqla ümumilikdı 02 ay 28 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 02 ay 28 gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 09 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus «Mersedes Benz E- 350» markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs2 məxsus "Hyundai-Accent” minik markalı, **-NM-***dövlət qeydiyyat nişanlı avtomobilin sahibləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar