Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-137/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X3 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1976-cı ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmamış, ünvan 1 saylı ünvanda qeydiyyatda olan, ünvan 2 saylı ünvanda yerləşən yataqxanada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə təxminən saat 15 radələrində ünvan 3 saylı ünvanda yerləşən bir mərtəbəli evin açıq nəfəsliyindən bir otaqlı yaşayış sahəsinə qanunsuz daxil olaraq orada olan paltar şkafının yuxarı rəfində yığılmış yataq örtüklərinin arasından Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla ona məxsus olan 470 manat nəğd pulu və 500 manat dəyərində 6 qram çəkidə 583 əyyarlı qızıldan olan bir ədəd sırğa-üzük dəstini, həmin şkafın üstündən içərisinə 20 manat dəyərində bir ədəd tünd qırmızı rəngli parçadan olan və 10 manat dəyərində bir ədəd qızılı rəngli parlaq parça materialından, kənarları ağ rəng tüldən ibarət olan istifadə olunmuş yataq örtükləri; hər biri 35 manat dəyərində olmaqla 2 ədəd cəmi 70 manat dəyərində ağ rəngli parçadan olan yataq dəstləri yığılmış 30 manat dəyərində bir ədəd qara rəngli parça materialdan olan çemodanı, kitab dolabının içərisindən simkartları çıxarılmış və istifadə edilməyən 70 manat dəyərində bir ədəd **********78740 İMEİ kodlu «Samsung Galaxy J 1» markalı və 120 manat dəyərində bir ədəd **********24600 İMEİ kodlu «Samsung Galaxy J 2» markalı mobil telefonları, divanın üzərindən 50 manat dəyərində bir ədəd sintetik parçadan olan təzə qadın gödəkçəsini, masanın üzərindən dəyəri 15 manat olan bir ədəd süni dəridən və üzərində «Versace» yazıları olan krem və qəhvəyi rəngli istifadədə olmuş süfrəni, 30 manat dəyərində bir ədəd «Sonashi» markalı saç fenini və 10 manat dəyərində bir ədəd «TP-Link» markalı, «TD-W8151N» modelli istifadədə olmuş modern aparatını, cəmi 1395 (min üç yüz doxsan beş) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində o, alkoqol sərxoşluğu halında Yeni Yasamalda M.Xiyabani küçəsindən «Qismət» şadlıq sarayının arxasındakı çökəklikdə olan cığır ilə getdiyi zaman orada bir mərtəbəli tikilinin, yəni adını sonradan bildiyi Zərərçəkmiş şəxs yaşadığı mənzilin dəmir giriş qapısının sağ tərəfində yerləşən nəfəsliyin açıq olduğunu görərək həmin nəfəslikdən içəriyə boylanmış və evdə heç kimin olmadığını aşkar etmişdir. Həmin zaman o, qərara gəlmişdir ki, həmin nəfəslikdən mənzilin içərisinə daxil olaraq oradan bir qədər pul və ya əlinə nə keçərsə götürüb oğurlasın və sataraq pul əldə etsin. O, həmin nəfəsliyin altında qoyulmuş oturacağın üstünə qalxaraq həmin nəfəslikdən bir təhər özünü mənzilin içərisinə salmış və nəfəslikdən keçə bildikdən sonra ayağını masanın üzərinə qoyaraq döşəməyə enmişdir. Bundan sonra o, həmin bir otaqlı mənzilin içərisində digər masanın üzərində olmuş naxışlı süni dəridən olan süfrəni bükmüş və üzərindən götürdüyü bir ədəd saç feni ilə birlikdə qoymuşdur kənara. Nəfəsliyin altında olan masanın üzərində olmuş bir ədəd tək antenli TP-Link vayfay aparatını da götürüb qoymuşdur kənara. Bundan sonra o, həmin otaqda paltar şkafının üstünə qoyulmuş bir ədəd tünd göy, qaraya çalan rəngdə parçadan olan kiçik ölçülü çemodanı düşürdüb götürmüş, lakin tələsdiyi üçün içərisində nəyin olması ilə maraqlanıb baxmamışdır. Daha sonra o, həmin otaqda olmuş divanın, yataq dəstənin, paltar şkafının və kitab dolabının içərisindəkiləri də çevirib pul və qiymətli əşya axtarmış, lakin tapmamışdır. Bundan sonra o, bir ədəd gödəkcəni, süfrəni, saç fenini və modern aparatını qoymuşdur oradan tapdığı ağ rəngli iri sellofan torbanın içərisinə, sonra həmin çemodanı və torbanı nəfəslikdən küçəyə keçirdib yerə atmış və özü də masanın üzərindən qalxaraq həmin nəfəslikdən küçəyə çıxmışdır. Beləliklə də, həmin mənzilin içərisində o, cəmi 5-10 dəqiqə olmuşdur. Daha sonra ətrafa nəzər salaraq əmin olmuşdur ki, onu heç kim görmür və həmin çemodan ilə torbanı götürüb gəldiyi istiqamətlə M.Xiyabani küçəsinə qayıtmışdır. Orada o, çemodanı və torbanı yolun kənarına qoyaraq taksi maşınlarına əl etməyə başlamış, bir-iki maşın saxlasa da, istədiyi yerə, yəni «Melissa Park» yaşayış kompleksi istiqamətində getmədiklərini bildirmişlər. Sonda tünd göy rəngdə bir «Mercedes» markalı dövlət qeydiyyat nişanlarına fikir vermədiyi taksi maşını saxlamış və əvvəllər tanımadığı yaşlı kişi olan sürücü onu istədiyi həmin yerə üç manata aparmağa razılaşmışdır. O, yolun kənarında qoyduğu həmin çemodanı və torbanı da götürüb həmin maşının baqaj hissəsinə qoyaraq minmiş həmin maşina və yaşadığı ünvanın yanına gəldikdə isə maşından düşmüşdür. Bundan sonra o, çemodanı və torbanı bir kənara qoyaraq keçmiş evə və əyininə isti gödəkcəni geyinərək çıxmışdır bayıra. O, çemodanın içərisinə baxdıqda orada ağ parçadan iki yataq dəstinin, tünd qırmızı və qızılı rənglərdə parçalardan olan iki ədəd yataq örtüklərinin, 3 ədəd uşaq fotoalbomlarının və əvvəllər tanımadığı Şahid1 adına olan hərbi biletin olduğunu görmüşdür. Bundan sonra o, süfrənin və qızılı rəngli parçadan olan yataq örtüyünün istifadə edildiyi üçün köhnəlmiş olduqlarını görərək pula satılmayacaqlarını düşünərək, fatoalbomlar, modern aparatı və hərbi biletlə birlikdə qoymuşdur ağ sellofan torbanın içərisinə, saç fenini isə qoymuşdur çemodanın içərisinə. Daha sonra o, həmin ağ rəngli sellofan torbanı yaşadığı yataqxanada ümumi dəhlizində yığılmış əşyaların arasında gizlətmiş və çemodanı götürərək satmaq üçün Sabunçu qəsəbəsində yerləşən əşya bazarına, yəni «sabunçu bazarı»na getmişdir. Sabunçu bazarında o, əvvəllər tanımadığı və özünü «Tofiq» adlı ilə təqdim etmiş oğlanla razılaşıb bütün əşyları çemodan qarışıq cəmi 55 manata sonuncuya sataraq qayıtmışdır evə. Həmin 55 manata o, evə yemək üçün ərzaq və özünə siqaret ilə araq almış və hamısını xərcləmişdir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında o, yaşadığı evə tərəf getdiyi zaman 29-cu PŞ-nin əməkdaşları onu çağıraraq polis şöbəsinə dəvət etmiş və ora gəldikdən sonra əl izinin oğurluq edilmiş yerdən çıxdığını ona bildirdikdən sonra o, hər şeyi səmimi etiraf etmişdir. Daha sonra işinə istintaq şöbəsində baxılarkən o, yataqxanada gizlədiyi digər əşyaları sahibinə qaytarmaq məqsədilə telefon vasitəsilə qardaşı Ramindən xahiş etmiş ki, həmin əşyaları qoyduğu yerdən götürüb təhvil versin, sonuncu da gətirib vermişdir. O, əvvəllər Zərərçəkmiş şəxs və sonuncunun ailə üzvlərini əvvələr heç vaxt tanımamış və heç vaxt hər hansı münasibəti olmamış, həmin evə oğurluq etmək üçün girməyi əvvəlcədən planlaşdırmamış və ya ona kimsə oranı göstərməmiş, həmin oğurluq hadisəsindən bir qədər əvvəl kafedə bir butulka araq içdiyi üçün cinayəti alkoqol sərxoşluğu halında törətmişdir. Zərərçəkmiş şəxs göstərdiklərinə baxmayaraq, o, qızılzinət əşyalarını, 470 manat nəğd pulu, bir ədəd «Samsung Galaxy J 1» markalı və bir ədəd «Samsung Galaxy J 2» markalı mobil telefonları həmin mənzildən oğurlamamışdır. Həmçinin o, oğurladığı həmin çemodanın içərisində hərbi biletin olduğunu əvvəlcədən görməmiş, sonradan əşyaları nəzərdən keçirərkən aşkar etmişdir. Törətmiş olduğu əməlindən peşmançılıq çəkməsini, ailəli olmasını, uşaqlarının olmasını, ziyanın bir qisminin ödənilməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 saylı ünvanda yerləşən mənzildə iki ildir ki, ailəsi ilə birlikdə kirayədə yaşayır. Əri Şahid1 daimi iş yeri Şirvan şəhərində yerləşdiyi üçün yalnız şənbə və bazar günlərində Bakıya gələ bilir, həftənin qalan günləri işdə olur. Oların 15 yaşında bir qız və 13 yaşında bir oğlan uşaqları var. Kirayədə qaldığı mənzil Yeni Yasamal-2, 5 saylı yaşayış binasının arxa tərəfində fərdi yaşayış evi kimi inşa edilmiş, «Qismət» şadlıq sarayının arxa tərəfində çökəklikdə yerləşir. Həmin tikilinin yan tərəfindən məhəllənin avtomobil yoluna çıxan cığırı vardır və oradan insanlar sərbəst hərəkət edirlər. O, heç bir yedə işləmədiyi üçün adətən uşaqları ilə birlikdə evdə olmuşdur. xx.xx.2020-ci il tarixdə anasının doğum günü olduğu üçün o, qərara gəlmişdir ki, uşaqları ilə birlikdə sonuncunun yaşadığı Yasamal rayonu Alatava-2 küçəsində yerləşən evinə gedərək təbrik etsin. Bu məqsədlə onlar həmin tarixdə saat 14 radələrində evdən çıxmış, o, dəmir seyf qapı olan giriş qapısının kilidlərini bağlamış və oradan çıxıb getmişlər anasıgilə. Təxminən saat 15 radələrindən sonra Şirvan şəhərində olan əri Heybət ona zəng edərək məlumat vermişdir ki, evin sahibi sonuncuya zəng edərək qonşulardan kiminsə evdən əşya çıxarıldığı baradə məlumat verdiyini bildirmişdir. Heybət də buna cavab olaraq arvad-uşaqlarının evdə olduğunu bildrmiş, çünki anasıgilə getdiklərini bilməmişdir. O, da Heybətə anasıgildə olduqlarını və yəginki evin yanından olan cığırdan keçən insanların olduğunu demişdir. Bundan sonra daha xəbəri olmamış və təxminən saat 18 radələrində o, uşaqları ilə birlikdə evə qayıtmışdır. O, açarla giriş qapısını açaraq içəriyə daxil olanda aşkar etmişdir ki, evin içərisindəki bütün əşyalar dağınıq şəkildədir və giriş qapısının sağ tərəfinəd olan balaca nəfəsldik pəncərəsinə baxdıqda aşkar etmişdir ki, böcək toru çıxarılaraq yerə atılmaqla açıq vəziyyətdədir. O, dərhal başa düşmüşdür ki, evdən oğurluq olmuş, ona görə də, telefonla «102 xidməti»nə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra ora polis işçiləri gələrək araşdırma aparmağa başlamışlar. O, ilkin olaraq «102 xidməti»nə məlumat versə də ki, evdən 500 manat nəğd pul, 500 manat dəyərində qızıl sırğa-üzük dəsti və bütün geyim əşyaları oğurlamış, evdəki əşyaları nəzərdən keçirdikdən sonra məlum olmuşdur ki, evdə ümumi otaqda olan paltar şkafının içərisində yığılmış yataq dəstəlirinin arasından 470 manat nəğd pulu və 500 manat dəyərində təxminən 6 qram çəkidə 583 əyyərlı qızıldan bir ədəd sırğa-üzük dəsti, divanın üzərində qoyduğu və təzə aldığı 50 manat dəyərində qadın gödəkçəsi, bir ədəd 35 manat dəyərində tək antenli «TP-Link» vayfay moderni, 30 manat dəyərində bir ədəd saç üçün «Sonashi» markalı hava feni, 30 manat dəyərində bir ədəd qara rəngli parçadan təkərli səyahət çemodanı, həmin çemodanın içərisində 40 manat dəyərində iki ədəd yataq örtükləri, 70 manat dəyərində iki ədəd yataq dəstləri, əri Şahid1 adını hərbi bileti, uşaqlarının 4 ədəd vinetka adlanan şəkil albomları və 70 manat dəyərində masa süfrəsi, bundan başqa şkafının içərisindən 70 manat dəyərində bir ədəd «Samsung Galaxy J 1» markalı və 120 manat dəyərində «Samsung Galaxy J 2» markalı mobil telefonlar oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 1485 manat məbləğində maddi ziyan vurulmuşdur. Ona dəymiş ziyandan 300 manat ödənilmişdir, qalan məbləğ ödənilməmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmaqla iki azyaşlı uşaqları ilə birlikdə ünvan 3 saylı ünvanda yerləşən mənzildə kirayədə yaşayır. Onun daimi iş yeri Şirvan şəhərində yerləşdiyi üçün həftənin 5 gününü işdə olmaqla yalnız şənbə-bazar günlərində evə gələ bilir. xx.xx.2020-ci il tarixdə o, Şirvan şəhərində işdə olduğu zaman təxminən saat 15 radələrində kiayədə yaşadığı mənzilin sahibi Rəhim onun mobil telefonuna zəng edərək xəstəxanada olduğunu və qonşulardan kiminsə zəng edərək sonuncuya həmin evdən əşya çıxarılması barədə məlumat verdiyini bildirmişdir. O, uşaqların evdə olmalı olduğunu bildirmiş, çünki həmin günün qaynanasının doğum günü ilə bağlı arvad-uşağının harasa getməsi barədə məlumatı olmamışdır. Bundan sonra o, Elnarəyə zəng edərək Rəhimin dediklərini bildirmiş, Elnarə ona anasıgildə olduğunu deyərək məlumata əhəmiyyət verməmiş, çünki evlərinin arxasındakı çığır məhəllə yolu olmaqla oradan gün ərzində müxtəlif insanlar avtomobil yoluna tərəf hərəkət etmişlər. Elnarə bildirmişdir ki, ola bilsin ki, kimsə evin tinindən həmin cığır ilə keçmişdir. Daha sonra, təxminən 18 radələrində Elnarə ona zəng edərək məlumat vermişdir ki, uşaqlarla birlikdə anasıgildən evə qayıtdıqları zaman aşkar etmişlər ki, evin içərisindəki bütün əşyalar darmadağın edilmiş və evdən pul, qızıl əşyaları, təzə aldığı gödəkcəsi və bir çemodan digər əşyalar oğurlanmış və buna görə polisə məlumat vermişdir. Həmçinin ona məlum olmuşdur ki, polis əməkdaşları ora gəldikdən sonra müəyyən etmişlər ki, oğurluq etmiş şəxs giriş qapısının sağ tərəfində yerləşən plastikdən olan nəfəslik pəncərəsindən evin içərisinə daxil olmuşdur. Daha sonra ev əşyalarını nəzərdən keçirdikdən sonra ona məlum olmuşdur ki, oğurluq zamanı həmçinin onun adına olan bir ədəd hərbi bileti və şkafının içərisində qoyduqları, proqramı donduğu üçün son aylar işlətmədikləri, 2020-ci ilin avqust ayınadək 055 *** ** ** mobil telefon nömrəsi ilə işlənmiş «Samsung Galaxy J 1» və 2020-ci ilin sentyabr ayınadək 055 *** ** ** mobil telefon nömrəsi ilə işlənmiş «Samsung Galaxy J 2» markalı mobil telefonlar da oğurlanmışdır. Həmin mobil telefonları o, Elnarəyə hədiyyə etdiyi üçün sonuncunun mülkiyyətində olmuşlar, üzərilərində sim kartlar olmamış və İMEİ kodlarını bilmir. Həmin oğurluq nəticəsində evdən 470 manat nəğd pul, 500 manat dəyərində bir ədəd qızıl sırğa-üzük dəsti, 50 manat dəyərində qadın gödəkçəsi, bir ədəd 35 manat dəyərində tək antenli «TP-Link» vayfay moderni, saç üçün 30 manat dəyərində «Sonashi» markalı hava feni, 30 manat dəyərində bir ədəd qara rəngli parçadan təkərli səyahət çemodanı, həmin çemodanın içərisində 40 manat dəyərində iki ədəd yataq örtükləri, 70 manat dəyərində iki ədəd yataq dəstləri, 70 manat dəyərində masa süfrəsi, 70 manat dəyərində bir ədəd ««Samsung Galaxy J 1» markalı və 120 manat dəyərində «Samsung Galaxy J 2» markalı mobil telefonlar oğurlanmaqla, ümumilikdə 1485 manat maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, Şuşa şəhərindən məcburi köçkündürlər və 1992-ci ildən ünvan 2 saylı ünvanda yerləşən yataqxanada ailə üzvləri ilə birlikdə məskunlaşmışlar. Orada o, yaşlı anası, qardaşı Təqsirləndirilən şəxs və sonuncunun arvad-uşaqları ilə birlikdə iki otaqlı mənzildə yaşayırlar. O, heç bir yerdə rəsmi olaraq işləmir, dolanmaq üçün özünə məxsus «Daevu Centra» markalı avtomobili ilə fərdi qaydada taksi kimi fəaliyyət göstərir. Qardaşı Təqsirləndirilən şəxs üç azyaşlı uşaqları vardır. Əsəd əvvəllər mütəmadi olaraq müxtəlif cinayətlərə, o cümlədən oğurluğa görə də məhkum edilmiş, heç bir yerdə işləməmiş, demək olar ki, ailəni o, dolandırmışdır. O, xx.xx.2020-ci il tarixdə Əsədin yenidən oğurluq etdiyinə görə 29-cu polis bölməsi tərəfindən tutulduğunu və işinin istintaq şöbəsinə verildiyini öyrənmişdir. Daha sonra Əsəd ona polis işçilərinin mobil telefonundan zəng edərək bildirmişdir ki, həmin oğurluğu etdiyi evdən götürdüyü əşyaları yaşadığı yataqxanada ümumi dəhlizdə yığılmış əşyaların arasında bir torbada qoymuş və xahiş etmişdir ki, həmin əşyaları götürüb müstəntiqə versin. Ona görə də o, həmin bir ədəd ağ rəngli sellofan torbanı içərisindəki əşyalarla birlikdə Əsədin dediyi yerdən taparaq gətirmişdir ki, istintaq orqanına təhvil versin. Təqsirləndirilən şəxs öncədən ona və ya digər ailə üzvlərinə Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini bildirməmiş və bu cinayət barədə onlar yalnız sonuncu tutulduqdan sonra bilmişlər. Həmçinin sonuncu həmin ərəfədə evə hər hansı kənar əşya da gətirməmişdir. O, «sabunçu bazarı»nda alverlə məşğul olan Tofiq adlı şəxsin kim olmasını bilmir və həmin adamı heç vaxt tanımamış, heç vaxt rastlaşmamışdır. İş materiallarında lan AR DİN Kriminalistik tədqiqatlar idarəsinin xx.xx.2020-ci il tarixli 011- 11573-1220 saylı məktubu ilə verilmiş məlumatdan müəyyən edilir ki, hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş əl-barmaq izlərindən “nəfəslikdən götürülmüş” 01 ədədinin xx.xx.1976-cı ilə Şuşa şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eyniliyi müəyyən edilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5689 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş, 01 ədəd qızılı rəngli, parlaq parça materialından kənarları ağ rəng tüldən ibarət olan istifadədə olmuş yataq örtüyünün qiyməti 10 manat, 01 ədəd üzərində «Versace» yazıları olan krem və qəhvəyi rənglərindən ibarət süni dəri materiallı istifadə olunmuş süfrənin qiyməti 15 manat, 01 ədəd «TP-Link» markalı, «TD-W8151N» modelli istifadə olunmuş modern aparatının qiyməti 10 manat olmaqla həmin əşyaların hazırki vaxta olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 35,00 manat müəyyən edilir. Təqdim edilmiş 3 ədəd fərdi foto-albomlar satış üçün nəzərdə tutulmadığından qiymətsiz müəyyn edilir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 3/83 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin orta barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 2-10 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və yadın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərinə malik olmadığından şəxsiyyətin yeniləşdirlməsi üçün yararsızdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki: 1) Bakı şəhəri Yasamal Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (qüvvədən düşmüş) 15: 109-cu maddəsinin 1 -ci hissəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinə əsasən 09 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 2) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2001 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2.2-ei maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. 3) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.3 və 315.1 -ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə xx.xx.2004-cü il tarixli hökm dəyişdirilərək CM-nin 221.3, 67.1 -ci maddələrinə əsasən 03 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə 09 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 4) Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011 -ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmin hökmlər üzrə məhkumluqlar ödlənilmişdir. 5) Həmçinin məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(006)-270/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, qəti olaraq 4000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏN Bakı Probasiya İdarəsindən göndərilmiş xx.xx.2021-ci li tarixli, 21-1/283783 №-li məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına məhkum olunmuş və cərimə hal-hazıradək ödənilməmişdir. Bununla da həmin hökm üzrə məhkumluğu ödənilməmişdir. Lakin Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Təqsirləndirilən şəxs və Abdullayeva (əvvəlki soyadı Əliyeva) Günya Məhərrəm qızı xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Eyni zamanda, AZE № 12671819, AZE № 12671818 və AZE № 12671817 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində həmin nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X6 adlı üç azyaşlı övladları vardır. Cinayət işinin materiallarına əlavə edlimiş maddi ziyanın qismən könüllü ödənilməsi haqqında xx.xx.2021 -ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xahişi ilə sonuncunun qardaşı Şahid2 Zərərçəkmiş şəxs qızma vurulmuş maddi ziyanın məbləğindən 200 manat pulu sonuncuya ödəmişdir. Zərərçəkən şəxs məhkəmədə bildirdi ki, ona vurulmuş ziyandan cəmi 300 manat ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib səmimi peşman olmasını, ziyanın 300 manat hissəsi olmaqla qismən ödənilməsini, ailəli olmasını, 03 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd «Versace» yazıları olan süfrə, bir ədəd qızılı parlaq parçadan yataq örtüyü, bir ədəd «TP-Link» modern aparatı, 3 ədəd fərdi foto-albomlar və Şahid1ov Sübhan oğlunun adına olan AO № ******* seriyalı hərbi biletin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, 07 (yeddi) ədəd DVD, 01 (bir) ədəd CD kompakt disklər və 10 ədəd əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin olunmuş qəti cəzanın çəkilməmiş 4000 manat cərimə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası və 4000 manat (dörd min manat) miqdarında cərimə cəzası təyin edilsin. Cərimə cəzası müstəqil icra edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 111,29 manat (yüz on bir manat 29 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə oğurlanmış əşyalardan maddi sübut kimi tanınmış əşyaların zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi 07 (yeddi) ədəd DVD, 01 (bir) ədəd CD kompakt disklər və 10 ədəd əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 228 (iki yüz iyirmi səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X1 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-137/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-137/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver