Məhkəmə qərarları › İş №1(004)-137/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-137/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-137/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 156.1, 177.2.5 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq cibindən çıxarmaqla talamış, taladığı mobil telefondan zərərçəkmiş şəxsin həyatının sirri hesab olan məlumatları qanunsuz əldə edərək, həmin məlumatlardan pornoqrafik video materialların bir hissəsini sosial şəbəkədə yaymaqla, geniş izləyici kütləsinə yayılmasına səbəb olmuş, pornoqrafik video materialların bir hissəsi isə yayılacağına görə ondan sair cəhətdən asılı olmuş şəxsin ləyaqətini mütəmadi olaraq alçaltmaqla zərərçəkmiş şəxsi özünü öldürmə həddinə çatdırmışdır. Belə ki, o, 21 noyabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 3 ünvanında yerləşən “AF Mall” ticarət mərkəzinin qarşısında 2021-ci ilin avqust-sentyabr aylarından «İnstagram» sosial şəbəkəsi vasitəsilə tanıdığı X1 vəziyyətdə olmasından istifadə edərək üzərində olan gödəkçənin sağ yan cibindən sonuncuya məxsus olan, üzərində 10 manat dəyərində danışıq kartı olmaqla, ümumi 1829 manat dəyərində “Apple İphone 11” markalı mobil telefonu çıxararaq qanunsuz əldə edib şalvarının arxa cibində gizlətməklə gizli olaraq talayaraq oğurlamış, həmin cinayətkar niyyətini həyata keçirməyi əvvəlcədən düşündüyündən əvvəlcədən müşahidə etməklə öyrəndiyi oğurladığı telefonun ekran kilid kodunu tətbiq etməklə F.Nəftəliyevanın şəxsi həyatının sirri olan çoxsaylı foto və video məlumatları, o cümlədən pornoqrafik video materialları sonuncunun razılığı olmadan əvvəl tanışı Şahid5 mobil telefonuna köçürtmüş, sonra həmin telefonu 22 noyabr 2021-ci il tarixdə telefon alqı-satğısı ilə məşğul olan ünvan 4 ünvanında yerləşən “Tele food” mağazasında özünün yetkinlik yaşına çatmaması səbəbindən dostu, xx.xx.2003-cü il təvəllüdlü Şahid4 şəxsiyyət vəsiqəsi ilə 800 manata satmış, bu satışdan özünə və Şahid4 təxminən 120 manat dəyərində geyim əşyaları və ayaqqabı, eləcə də 600 manat dəyərində Apple İphone X markalı mobil telefonu alaraq 1 gün əvvəl tanışı Şahid5 mobil telefonuna köçürtmüş olduğu F.Nəftəliyevanın şəxsi həyatının sirri olan pornoqrafik video materialları, özünün istifadəsində olan yeni aldığı mobil telefona köçürdükdən daha sonra 22 noyabr 2021-ci il tarixdə saat 16 radələrində qanunsuz yolla əldə edərək topladığı video materialları istifadəsində olan mobil telefon vasitəsi ilə digər səhifələrdə də mütəmadi yayılacağını bildiyi halda çoxsaylı izləyiciləri olan “Telegram” sosial şəbəkəsində “Dirçəliş 22/30” adlı səhifədə yaymış, bununla da telefonunun oğurlanmasından sonra telefonunda barəsində olan digər foto və videomaterialların yayılacağından narahatlıq keçirən, bununla da ondan sair cəhətdən asılı vəziyyətə düşən və 26 noyabr 2021-ci il tarixdə gecə saatlarında pornoqrafik video materiallarının artıq “Telegram” sosial şəbəkəsində paylaşıldığından məlumat aldığından, mobil telefonunda olan digər pornoqrafik materialların da paylaşılacağını bildiyindən, bununla da şəxsiyyətinin, şərəf və ləyaqətinin alçaldıldığını hesab edən, yaxın qohumları və rəfiqələri arasında daha da rüsvay olacağını düşünməklə ondan asılı vəziyyətdə olmuş X8 bütün bunlara dözməyərək 27 noyabr 2021-ci il tarixdə saat 15 radələrində ailə üzvləri ilə birgə yaşadığı ünvan 5 ünvanında özünü binanın 10-cu mərtəbəsindən yerə atıb hər iki aşağı və yuxarı ətrafların geniş qançırları, sağ bazu sümüyünün qapalı, qəlpəli sınığı, baş beyin toxumasının əzilib dağılması ilə müşayiət olunmuş kəllə sümüklərinin qəlpəli sınıqları, sağ İİ, İİİ, İV qabırğaların sınığı və qaraciyərin cırılması kimi ölümü ilə səbəbli əlaqəsi olan xəsarətləri almaqla orada ölməsi nəticəsində onu özünü öldürmə həddinə çatdırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr-oktyabr aylarında Fidan Nəftəliyeva onun “İnstagram” sosial şəbəkə profili “_.your_._._problem._”-i taparaq, özünün “m.krisstaleen” adlı profili ilə yazaraq onu gördüyünü, ətrafdan soruşduraraq profilini tapdığını, xoşu gəldiyini demiş və onlar 1-2 həftə instagram sosial şəbəkəsində danışmışlar. Fidan ona dəfələrlə görüşməyi, spirtli içki içməyi təklif etmiş, lakin o razılaşmamışdır. Çünki Fidan narkotik vasitə qəbul etmiş, çoxsaylı şəxslərlə intim əlaqədə olmuşdur. Fidanla heç vaxt təklikdə üzbəüz görüşməmişdir. Lakin, 21 noyabr 2021-ci il tarixdə saat 15-16 radələrində Nizami kinoteatrnın ətrafında yerləşən Qara Qarayev parkında tək və qulaqcıqda musiqiyə qulaq asaraq gəzdiyi vaxt Fidanı əvvəllər tanımadığı özündən yaşca kiçik və ya bəziləri həmyaşıd 3-4 oğlan və 4-5 qızla spirtli içki “GO və Bingo” içdiyini, deyib-güldüyünü görmüş, həmin vaxt Fidanın sol tərəfində boyu 180 sm-dən artıq olmaqla, düzgün bədən quruluşlu, nə kök, nə arıq, qarayanız, buruq və çiyinədək olan saçları, qəhvəyi gözləri, uzun, qarğa burunlu, Həsən adlı şəxs oturmuş idi. Onlara yaxınlaşdıqda Fidan sərxoş vəziyyətdə əlini onun üzünə, sinəsinə gəzdirərək “mən qəşəng oğlanlara yazıram” demişdir. Fidan əlində tutduğu “Bingo” spirtli içkidən çox içdiyindən qusmağı gəlmiş, sonra Fidanın yanında olmuş Ruslan deyə müraciət edilən şəxslə birlikdə Fidanı qusması üçün AF Malla aparmış, AF Malla gedərkən əvvəllər tanımadığı Şamil və Rəşad adlı şəxslər Fidanı tanıyıb onlara yaxınlaşmış, hara getdiklərini soruşmuş, Fidanın içkili olduğunu və qusması üçün AF Mallın tualetine getdiklərini dedikdə həmin şəxslər də onlarla birlikdə AF Malla getmiş , AF Mallın 3-cü mərtəbəsində yerləşən tualetə qalxmışlar. O və Şamil oğlanlar tualetinə, Fidan isə qızlar tualetinə girmiş, daha sonra birlikdə aşağı düşərək AF Mallın qarşısında yerləşən oturacağın qarşısına gəlmiş, oturacaqda ortada Fidan sağ tərəfində o, sol tərəfində isə Həsən oturmuş, Fidan telefonunun ekran kilidini də deyərək Həsənlə şəkillərinin çəkilməsi üçün telefonu ona vermişdir. Şamil və Rəşad adlı şəxslər ayaqüstdə onların qarşısında dayanıb Fidanla söhbət etmiş, onların başı Fidana qarışdığından ona fikir verməmiş, Fidan çox sərxoş olduğundan sonuncunun rəngini xatırlamadığı gödəkçənin açıq, sağ yan cibindən “Apple İphone 11” markalı mobil telefonunu satmaq üçün gizlicə götürərək cins şalvarının sağ arxa cibinə qoymuş, bunu etdiyini heç kim görməmiş, bir neçə dəqiqə sonra qaşının üzərində yarpaq tatusu olan Rəşad onlara evə getmələrini, Fidanı evlərinə aparacağını demiş, bundan sonra Həsənlə birlikdə onlardan ayrılaraq Q.Qarayev parkına getmiş, yolda olarkən cibindən bir neçə dəqiqə öncə Fidanın gödəkçəsinin sağ yan cibindən götürdüyü “İphone 11” markalı mobil telefonu çıxararaq Fidanın sərxoş halda yanında telefonu açmaq üçün istifadə etdiyi ekran kilidi olan “1103” kodunu yığaraq telefon kilidini açmış, uçuş rejiminə qoymuş və telefonunun multimedia hissəsinə girmişdir. Həmin vaxt Həsən Fidanın telefonunu tanımış və necə əldə etdiyini soruşmuş, bir qədər öncə AF Mallın qarşısında oturarkən Fidanın gödəkçənəsinin sağ yan cibindən telefonu götürdüyünü dedikdə sadəcə “halaldı” deməklə kifayətlənmiş, Q.Qarayev parkına çatdıqda orada olan X14 telefonunu oğurladığını, pul lazım olduğu üçün satacağını demiş, Sahil bağına çatdıqda aralanmış, orada dostu Romanı görmüş, biraz vaxt keçirdikdən sonra birlikdə Sahil metrosundan qatara minmiş, hər ikisi Həzi Aslanov metro stansiyasına getdikdlərindən yol yoldaşı olmuşlar. Metroda olarkən cibindən Fidana məxsus mobil telefonu çıxarmış və həmin telefonu Fidanın üzərindən götürdüyünü demiş və multimedia fayllarına girmişdir. Orada gizlədilmiş 1000 ( min)-dən artıq foto və videoların olduğunu görüb həmin qovluğa daxil olmuş, çoxsaylı, heç birini tanımadığı müxtəlif oğlan və qızın üzü düşmədən çılpaq, yarı-çılpaq bədən şəkillərinin olduğunu, çoxsaylı videolar olduğunu görmüşdür. Lakin həmin qovluqda sonuncu yüklənən və ya çəkilmiş 4 ədəd Fidanın intim aktının özü və cinsi əlaqədə olduğu şəxs tərəfindən qeydə alındığı video olduğunu görmüş, həmin videoları “airdrop” vasitəsi ilə dostu Romana məxsus, lakin əlində olan mobil telefona göndərmiş, buna səbəb öz telefonunun “İphone 6” olması səbəbindən videoları birbaşa telefonuna atmağın mümkün olmaması səbəbi ilə olmuşdur. Digər çoxsaylı şəkillərə isə baxmış və bütün məlumatları ümumiyyətlə silmişdir. Digər fayllarda Fidanın üzü düşən tam çılpaq şəkilləri də olmuş, lakin 4 videodan başqa videolara baxmamış, həmin videoların çəkilmə tarixini bilməmiş, videodakı oğlanları tanımamışdır. Bundan sonra hər ikisi Həzi Aslanov metrosunda qatardan düşmüş, hər kəs öz evinə getmişdir. Videolar səhərisi günədək Romanın telefonunda qalmışdır. Evə çatdıqda öz otağına keçmiş, Fidanın telefonunu ümumi format etmiş, telefonda olan bütün fayllar, zənglər, kontaktlar, mesajlar, əlavə edilmiş digər proqramlar telefondan silinmiş və telefon təzə kimi olmuşdur. Bundan sonra uşaqlıq dostu Fuada zəng etmiş, Fidanın “İphone 11” markalı telefonunu oğurladığını, sabah görüşüb satmaqlarını demiş, Fuad razılaşmışdır. Ertəsi gün, yəni 22.11.2021-ci il tarixdə saat 13-14 radələrində Xətai rayonu Azadlıq küçəsində görüşmüş və 28 May metrostansiyasına metro ilə getmiş, yolda olarkən Fuada həmin 04 ədəd 01-02, 09-10 və iki ədəd də 40 saniyə ətrafı videoları göstərmiş, Fuad Fidanın daha əvvəl də yarı çılpaq fotolarını “telegram” sosial şəbəkəsində gördüyünü demişdir. Daha sonra 28 Mallın qarşısından üzü aşağı düşərək mobil telefon mağazalarını gəzməyə başlamış, xatırlamadığı telefon mağazalarından birində satıcı olan, saçı tökülmüş, 30-35 yaşlarında ağbəniz, qara saçlı adını bilmədiyi şəxsə telefonun özünə məxsus olduğunu, satmalı olduğunu dedikdə telefona 800 AZN qiymət deyilmiş və 18 yaşı tamam olmuş Fuadın şəxsiyyət vəsiqəsi ilə telefonu satmış, pulu götürüb oradan çıxmış və 28 May metrosunun yaxınlığında yerləşən yeraltı keçidə gedərək 200 manata yaxın pul xərcləmiş, özünə və Fuada şalvar ilə ayaqqabı almışdır. Daha sonra 28 Mallın ətrafında başqa mağazalara girərək “İphone X” markalı telefon axtarmış və xatırlamadığı bir mağazada qara rəngli İphone X markalı mobil telefonu bəyənərək 620 manata almışdır. Daha sonra oradan çıxaraq Sahil Bağında gəzməyə getmişlər, orada Fuadın tanımadığı dostlarını görmüş və gəzişməyə başlamışlar. İstifadəsində olan köhnə İphone 6 markalı telefonu isə dostu Fuada işlətməyə vermişdir. Fidanın videolarını isə “İphone X” markalı telefonu aldıqdan sonra Romana istifadəsində olan 055 *** ** ** saylı nömrənin vatsap sosial şəbəkəsi ilə yazaraq videoları atmasını demiş və Roman videoları atmışdır. Daha sonra üzvü olduğu, daha əvvəllər də Fidanın yarı çılpaq, busqalter və ombasının görüntüsünün çəkdiyi şəkillərinin paylaşıldığı 5 mindən artıq izləyicisi olan, admin və ya adminlərini tanımadığı “Dirçəliş” səhifəsinə yazaraq, Fidanın “sex videoları”-nın əlində olduğunu demiş, “Dirçəliş” səhifəsinin admini kimi özünü təqdim edən şəxs saxta profildən ona yazaraq videoları istəmiş, Fidanın videolarını ona atmış, həmin gün xatırlamadığı vaxtda Fidanın videoları səhifədə paylaşılmış, sonrakı günlərdə müxtəlif “ifşa” səhifələrində Fidanın “Dirçəliş” səhifəsinin admininə atdığı videolar yayılmağa başlamışdır. Həmin videoları paylaşmaqda məqsədi əylənmək, Fidan kimi pozğun qızların şəhərdən təmizlənməsinə çalışmaq olmuş, hər hansı maddi və sair nemət qarşılığında etməmişdir. Həmin videoları başqa heçkimə atmamışdır. Fidanın mobil telefonunun oğurlanması barədə özü, onun dostları, qohumları və ya heç kim onunla əlaqə saxlamamış, soruşmamışdır. 27 noyabr 2021-ci il tarixdə “Telegram” sosial şəbəkəsində 40 mindən artıq izləyicisi olan “X16” və 10 mindən artıq izləyicisi olan “Bax amma Sil” səhifələrinin admini @jeyhunluna onun səhifələrində də şəkilləri, intim videoları paylaşılmış Fidanın intihar etməsinin səbəbkarı olduğunu, onu polisə verəcəyi ilə hədələmiş, həmin vaxt yanında olan Şahid4 onun adından Myau adlı profilindən səsli mesaj ataraq Fidanın intim videolarını yaysa da ölümündə günahı olmadığını, sonuncunun narkotik vasitə aludəçisi olduğunu demişdir. Fidanın daha əvvəllər “Dirçəliş və digər “Telegram” sosial şəbəkələrində yalnız şəkilləri paylaşılmış, həmin şəkillər Fidanın öz sosial şəbəkə profilində paylaşdığı geyinik formada, sinə və ombasının nümayişkəranə şəkildə çəkilməsindən ibarət olmuşdur. Lakin paylaşdığı 04 ədəd video pornoqrafik olmaqla birbaşa cinsi aktın qeydə alınmasıdır. Fidanın bundan əzab çəkməmiş, çünki əvvəllər seksual xarakterli şəkilləri paylaşılmış, buna biganə yanaşmışdır. Əlavə olaraq qismən etirafını, yetkinlik yaşına çatmamasını, əməlindən səmimi peşman olmasını, valideynlərinin olmamasını və CM 125-ci maddə ilə özünü təqsirli saymamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X8 doğma qızı olmuşdur. Arvadı Şahid1 faktiki olaraq bir ildən artıq müddətə aralarında yaranmış mübahisələrə görə ayrı yaşamağa başlamışlar. Arvadı hadisədən 3 ay əvvəl hadisə baş verən ünvan 6 ünvanında yaşamağa başlamış, qızı Fidan bəzi hallarda onunla, bəzi hallarda anası ilə qalmışdır. Fidan Azərbaycan Respublikası X3 memarlıq fakültəsində 2-ci kurs tələbəsi olmuşdur. 21 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Fidan birgə qeydiyyatda olmaqla yaşadıqları ünvan 7 ünvanından dostları ilə görüşmək məqsədi ilə çıxmış, adəti üzrə saat 18-19 radələrində qayıdacağını demişdir. Lakin Fidana saat 18 radələrində zəng çatmamış, onun və anasının yaşadığı evə getməmişdir. Bundan sonra Fidanı dostları vasitəsi ilə axtarmağa başlamış, sevgilisi Şahid3 da onun axtarışlarında iştirak etmiş, gecə saat 02 radələrində Fidanı dostu Şahid2 evindən götürərək yaxınlıqda yaşayan anası Arzunun evinə aparmışdır. Həmin vaxt Fidan bərk alkoqol sərxoşluğunda olmuşdur. Daha sonra Fidan istifadəsində olmuş “Apple İphone 11” markalı mobil telefonunun saat 17-18 radələrində Səbail rayonu Sahil bağında oğurlandığını demişdir. Bu hadisədən sonra Fidan anası ilə qalmağa başlamış, onu görməmişdir. Daha sonra Fidanın mobil telefonunu sanki özü itirmiş kimi Səbail RPİ-nin 39-cu PB-nə ərizə ilə müraciət etmişdir. Mobil telefonunun qızı Fidana məxsus olmaqla, oğurlanması barədə məlumat verməməsinə səbəb qızının polis bölməsinə getməsi istəməməsi olmuşdur. Həmin telefon 28.09.2020-ci il tarixdə 1819 AZN-ə alınmış, üzərində olmuş ***-***-**-** saylı GSM nömrəsi isə 10 AZN dəyərində olmuşdur. 27.11.2021-ci il tarixdə günorta saatlarında qızının intihar etdiyini öyrənmişdir. Məlum olmuşdur ki, qızının telefonu oğurlandıqdan sonra onun telefonunda olan özünə məxsus +18, intim xarakterli materiallar müxtəlif “Telegram” sosial şəbəkəsində yayılmağa başlamış, həmin materialları yayan şəxs xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. X18 adlı və digər dostları da olmuşdur. Fidan ölümündən öncə anasının istifadəsində olan, lakin hazırda bütün əlaqəli məlumatları silinmiş kompyuter vasitəsi ilə “yaşamaq istədiyini, sevmək istədiyini, lakin pis insanların buna imkan verməməsi, anasını çox sevməsi” barədə sosial şəbəkələrin birində yazı yazmışdır. Əlavə olaraq bildirdi ki, o belə qənaetə gəlib ki, Şahid4 qızının şəkillərinin yayılmasında iştirak edərək, Kərimə həmin şəkilləri yaymağa məsləhət vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsilə ünvan 8 ünvanında 2020-ci ilin sentyabr ayınadək birgə yaşamış, daha sonra əri ilə arasında yaranmış şəxsi problemlərə görə evdən çıxmış və ünvan 9 ünvanında yaşamağa başlamış, qızları 2012-ci il təvəllüdlü Ceyla Nəftəliyevava və 2003-cü il təvəllüdlü Fidan Nəftəliyeva isə uşaqlıqdan ata nənə və babası ilə birgə yaşamağa davam etmiş və bəzi hallarda da onunla birgə qalmışlar. Qayınatası və qayınanası qızlarını böyütmüş, Fidan nənə və babası ilə böyüdüyü üçün təbiətcə ərköyün, hər istədiyi yerinə yetirilən və sərbəst ruhlu böyümüş, çətinliklərə qarşı çox dözümsüz, stresə davamsız böyümüşdür. Fidan uşaqlıqdan çox çətin uşaq kimi böyümüş, 10-14 yaşlarında bir neçə dəfə reseptsiz satılan müxtəlif dərmanları içərək intihara cəhd etmiş, intihara cəhd etməsinin səbəbi kimi ətəyinin məktəbdə zarafatla qaldırılmasını göstərmişdir. Bəzi hallarda saidlərinə qırmızı rənglə xətlər çəkmiş, sanki biləklərini kəsmiş kimi fotoşəkillər də çəkmişdir. Fidan bir neçə dəfə orta məktəbləri dəyişmiş, səbəb kimi dərs rejimlərindən xoşu gəlmədiyini əsas göstərmiş, dərsləri 7-ci sinifədək normal olmuş, ondan sonra isə getdikcə dərsləri korlanmışdır. 2021-ci ilin mart ayında Fidan daha da sərbəstləşmiş, müstəqil yaşamaq, işləmək istəmişdir. 2019-cu ildə Fidan Azərbaycan X3 memarlıq fakültəsinə qəbul olmuş, 2-ci kursunda oxumuşdur. Fidan son aylar dərslərinə də tam getməmiş, iştirak etməmişdir. Fidan adətən saat 18 radələrində evdə olmuş, əsasən atasının evində qalmış və 21 noyabr 2021-ci il tarixdə saat 13 radələrində ona videozənglə yığaraq şəhərə gəzməyə çıxdığını demiş, lakin saat 18 radələrində Fidanın evə qayıtmadığını öyrənmiş, dostu Aydana, Ruslana zəng edərək Fidanın harada olduğunu soruşduqda onlar da bilməmişdir. Həmin gecə saat 02:50 radələrində Fidanın sərxoş vəziyyətdə yaxınlıqda yaşayan dostu Ruslanın evindən onun yaşadığı, hadisə baş verən evə gətirilmişdir. Fidan həmin vaxt sərxoş olmuş, özündə olmamış, Fidanı yerinə uzatmış, nə üçün əlaqə saxlaya bilmədiyini soruşduqda Fidan içki içdiyini, AF Malla qusmaq üçün aparıldığını və yanında olan xatırlamadığı oğlanın telefonunu oğurladığını demiş, kiminsə tərəfindən fiziki, psixi və cinsi zorakılığa məruz qalmadığını demiş, 2021-ci ilin may ayında bəkarətini itirdiyini etiraf etmişdir. Yuxuda olarkən “qaçmaq lazımdı, qaçmaq lazımdı” deyərək gərgin formada sayıqlamışdır. Ertəsi gün Fidan pərt, kefsiz vəziyyətdə olmuş, Fidan telefonun itməsindən bərk narahat olmuş, Fidanı telefonunu itirməsinə və telefonunun 4-5 aylıq kredit borcu qaldığına görə danladıqda Fidan ondan da bərk narahat olduğunu, telefonunu kimin oğurladığını təxmini bildiyini, lakin üzərində telefonu, sosial şəbəkə profilləri olmadığından həmin adamı tapa bilmədiyini demişdir. 22 noyabrda axşam saatlarında X15 ilə Fidan konfidensial olaraq danışmış və Fidanın keçid dövrü olduğundan şəxsiyyət pozğunluğu, emosional vəziyyətində dəyişkənlik olduğundan psixioterapevtlə əlaqə saxlamalarını demiş və 24 noyabr saat 23:00-da psixiatr Yasəmən xanımla Fidan konfidensial olaraq danışmışlar. Fidanın danışıqlar zamanı əhvalı yaxşı olmuş, psixiatrla danışmağa çox yaxşı baxmış, müalicə almaq istəmişdir. Fidanın, həmçinin, çox içki içməsindən, pis vərdişlərindən də peşman olmuşdur. Fidan işləmək, pul yığmaq yeni telefon almaq, səyahət etmək istəmiş, 25 noyabrda Fidan universitetə də getmiş, saat 17- 18-dək dərsdə olmuş, daha sonra rus dilli “Call Center”-də olan işinə müsahibəyə getmiş və işindən çox razı qalmış, gələcək planları qurmuşdur. Onunla da münasibətləri yaxşılaşmışdır. 26 noyabrda saat 13 radələrində də Fidan işinə getmiş, axşam saatlarınadək işdə olmuş, saat 18 radələrində işdən çıxaraq birbaşa evə gəlmiş, əhvalı şən olmuş, gələcək planları qurmuşdur. Fidan 21 noyabr gecə onun evinə gəlməsindən etibarən bütün günlərini evdə keçmiş, evdən yalnız işə və universtetə görə çıxmışdır. Fidanın telefonu olmamış, sosial şəbəkələrə girə bilməmiş, yalnız onun kompyuteri vasitəsi ilə girə bilmişdir. 26 noyabrda axşam saatlarında Fidan və Ceyla ilə evdə olmuş, mətbəxdə ertəsi günki qohumlarının adgününə görə tort hazırlamış, Fidan isə digər otaqda olmuş, çox danışa bilməmişlər və saat 03 radələrində yatmışlar. 27 noyabrda isə səhər saat 08:30 radələrində oyanmış, Fidanı da oyatmışdır. Fidan işə getməli olsa da ürəyi bulandığını, işə getməyəcəyini, universitet dərsini hazırlayacağını demiş və kiçik qızı ilə evdən çıxmamışdan öncə həmin gün axşam saatlarındakı adgününə getməyə razılaşmış, onun hər hansı narahatlığından və intiharından şübhə etmədiyindən saat 13 radələrində evdən çıxmış, saat 15 radələrində isə Fidanın intihar etdiyini öyrənmişdir. Daha sonra Fidanın telefonundan intim xarakterli videoları yayıldığını bilmiş Fidanın onların yayılmasından və daha da rüsvay olmasından bərk sarsıntı, əsəb gərginliyi keçirməsini səbəbi ilə intihar etdiyini düşünmüşdür. Hadisədən sonra Fidanın sosial şəbəkə profillərindən bəzilərini bərpa edə bilmiş və dostu Ruslanla, sevgilisi Elgizlə danışıqlarını oxumuş, Fidan özünü atdığı gündən əvvəlki gecə saat 24 radələrində Ruslan və Elgizlə sosial şəbəkədə danışıqlarını aşkar etmiş, Həmin danışıqlarda Ruslan Fidana onun pornoqrafik videolarının sosial şəbəkələrdə yayıldığını xəbər vermiş, Fidan isə həmin görüntülərin yalnız oğurlanmış mobil telefonunda olduğunu, telefonunu oğurlayan şəxsi tanımadığını, bu görüntülərin “telegram” sosial şəbəkəsində yayılmasının sonuncu damla olmasını, Ruslanı sevdiyini demişdir. Elgizlə danışıqları zamanı Fidan Elgizə pornoqrafik videolarının yayılmasından, videolarda üzünün də görünməsindən xəbəri olduğunu, həmin videoların “Telegram” sosial şəbəkəsində yayıldığı “Dirçəliş” səhifəsinin ekran rəsmini çəkməsini demiş, göndərilmiş ekran rəsmlərində Fidan özünün intim aktı zamanı çəkilmiş video olduğunu başa düşmüş, Elgizə porno videolarının yayıldığını, bunun sonuncu damla olduğunu, artıq heç nə hiss etmədiyini, videoların yalnız telefonunda olduğunu demişdir. Elgiz isə videolardan daha əvvəl xəbəri olsa da deyə bilməmişdir. Elgiz Fidana pul yığmasını, özünə nə isə etməməsini, xaricə köçməsini məsləhət vermiş, Fidan isə Elgizə “hər şey üçün çox sağol, məni yaddan çıxart, çox təəssüf edirəm ki, sonluq belə oldu, biz onla (ölü qızla ) səni həmişə sevəcəyik” demiş, artıq heç nəyin mənası olmadığını yazaraq Elgizlə vidalaşmışdır. Həmin yazışmalar rus dilli olmaqla 27.11.2021-ci il tarixdə saat 02 radələrinədək olmuş, saat 03 radələrində isə “Vkontakte” sosial şəbəkəsində “Mln Kris” adı ilə post paylaşaraq onunla vidalaşma məktubu yazmışdır. Fidanın ölümündən sonra telefonunda olan video və şəkillərinin ələ keçməsindən narahat olduğunu, telefonunu gizli olaraq axtarmasını, tapmağa çalışdığını bilmişdir. Fidan iki il öncəsinədək kök olmuş, diyetoloqla arıqladığından çılpaq şəkillərini çəkib saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 15-16 yaşına kimi onunla qonşuluqda qardaşı və qardaşı arvadı ilə yaşamışdır. Kərimin anası onun 4 yaşında atası isə 11 yaşında xərçəng xəstəliyindən ölmüşdülər. Kərim ilə münasibətləri daim qalmışdır. Orta məktəbi 63 saylı tam orta məktəbdə oxumuşlar. Kərim orta məktəbi 11-ci sinifədək oxumuşdur. Kərim ilə tez-tez görüşmüş, şəhərdə vaxt keçirmişlər. 21 noyabr 2021-ci il tarixdə saat 24 radələrində Kərim “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə ona yazaraq “məndə telefon var, telefon götürmüşəm” Telefonun haradan olduğunu soruşduqda Kərim sabah görüşmələrini və danışacağını demişdir. Ertəsi gün, yəni 22.11.2021-ci il tarixdə saat 13 radələrində məhlələrinə gələrək onu çağırmış, çəhrayı, qırmızı və ya oxşar rəngli, üzlüksüz “Apple İphone 11” markalı telefonu göstərərək satmağa getməyi təklif etmiş, Kərimin 18 yaşı tamam olmadığından həmin telefonu onsuz sata bilməmiş, dost olduqlarından onunla birlikdə telefonu satmaq üçün 28 May metrostansiyasına getmiş, metroda olarkən Kərimdən telefonu haradan əldə etməsini soruşduqda Kərim telefonu Fidan adlı şəhərdə Malina kimi tanınan qızdan AF Mallın qabağında sonuncu sərxoş vəziyyətdə olarkən cibindən götürdüyünü demişdir. Həmin oğurluq telefonun onlara problem yaradacağını dedikdə Kərim telefonu artıq format etdiyini, heç bir problem olmadığını demişdir. Lakin satış əvəzində ona heç bir şey təklif etməmiş, o da tələb etməmişdir. 28 May dayanacağında metrodan çıxaraq telefon mağazalarına getdiş, Kərim telefonu göstərərək özünə məxsus olduğunu, satmaq istədiyini, lakin qutusunu itirdiyini demiş, qiymət təklifləri almışdır. 28 Mall ticarət mərkəzinin yan tərəfində yerləşən, əvvəllər tanımadıqları “Tele food” adlı mağazaya girdikdə telefonu onun şəxsiyyət vəsiqəsi ilə 800 AZN-ə satmış, oradan çıxaraq telefon mağazalarını gəzərək Kərimə işlənmiş, qara rəngli “İphone X” markalı mobil telefon axtarmış, bir qədər aralıda “PLUS mobile” adlı yerdən Kərimə 620 manata İphone X markalı mobil telefonu almış, daha sonra 5 manata 055-977-25- 94 saylı mobil GSM nömrəsini bəyənərək onun şəxsiyyət vəsiqəsi ilə almışlar. Daha sonra Kərim özünə paltar almaq istəmiş və 28 May metrostansiyasının yaxınlığında yerləşən yeraltı keçiddə paltarlara baxmışlar. Kərim özünə ayaqqabı və şalvar almış, Həmin vaxt ona da nəsə ala biləcəyini xahiş etdikdə Kərim tərəddüt etmiş, lakin razılaşaraq ona da ayaqqabı ilə şalvar almışdır. Cəmi 135 manat pul xərcləmişdir. Daha sonra birlikdə Sahil Bağına gedib gəzişmiş, həmin vaxt Kərim yeni aldığı telefona dostu tərəfindən Fidanın intim videolarının göndərildiyini, həmin videolar ona lazım olduğundan Fidanın telefonundan hər şeyi silmədən öncə dostuna göndərtdiyini, indi isə onun təzə telefonuna atdığını demişdir. Həmin 2 ədəd bir dəqiqəyə yaxın videoları və Fidanın göbəkdən yuxarı üzü görünən çılpaq şəkli, bir ədəd alt paltarında şəklini görmüş, Kərim həmin şəkil və videoları “Telegram” sosial şəbəkəsindəki “Dirçəliş” qrupuna atıb-atmamağını soruşmuş, o isə atmamağını, problem yaranacağını desə də Kərim qulaq asmamış və həmin qrupun mesaj botuna (robotuna) həmin faylları atmış, daha sonra videolar müxtəlif qruplarda yayılmağa başlamışdır. Daha sonra sevgilisi ilə görüşməyə getmiş, Kərim isə Sahil Bağında qalmışdır. 27.11.2021-ci il tarixdə axşam saatlarında Kərim, Fidan, Lyubov, Sədaqətlə birlikdə Lyubovun evində olmuş, həmin vaxt Kərimin Fidanın videolarını paylaşdığı, tanımadığı “Dirçəliş” səhifəsinin admini, həmçinin, videonu “Dirçəliş”-dən götürüb paylaşan digər səhifə adminləri Kərimə yazaraq qızın ölümündə onu günahlandırmış, onu polisə verəcəkləri ilə hədələmiş və videoların onun atması səbəbindən paylaşdıqlarını demişlər. Kərim isə bundan bərk qorxmuş, qorxudan danışa bilməmiş, tutulacağından çox narahat olmuş, ona görə də Kərimin “telegram” səhifəsi olan, hadisədən sonra adını dəyişdiyi “Myau” səhifəsi ilə Kərimə hədə-qorxu gələn, onu qızın ölümündə günahlandıran şəxslərə Kərimin adından cavab olaraq səsli mesaj atmış, həmin səsli mesajda sanki Kərimmiş kimi onu hədələyənlərə, Fidanın özünü atmasında onu günahlandıranlara cavab olaraq: “Mənim orda heç bir günahım yoxdu, Siz də başqalarının ( pornoqrafik materiallarını) videolarını yayırsız, onlar da özünü atsın da niyə atmırlar ki?, o qız narkomandı, mən onu özüm videoda görmüşəm ki, damarına iynə vururdu, boynuma alıram ki, mən videoları yaymışam, amma ki, onun intihar etməyində heç bir günahım yoxdur, elə bil mən onu atmışam” məzmununda Kərimin adından xatırlamadığı adminin birinə səsli mesaj atmış, daha sonra bu səs müxtəlif sosial şəbəkə və səhifələrdə yayılmış, Fidanın videolarının yayılmasında onun da təqsiri olduğu, videonu Kərimlə birlikdə yaydığını deməyə başlamışlar. Lakin, Kərimə videoları yaymaması barədə təkid eləmiş, lakin Kərim qulaq asmayaraq həmin videoları paylaşmışdır. Fidanı şəxsən tanımamış, onunla hər hansı münasibəti olmamışdır. Kərimin də Fidanla şəxsi münasibətləri olmamışdır. Kərimin Fidanın intim videolarını yaymaqda məqsədi barədə hər hansı fikri olmamış, Kərimlə Fidanın arasında ədavətləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, F.Nəftəliyeva 2021-ci ilin noyabr ayının əvvəllərində “Telegram” sosial şəbəkəsində “BMC” qrupa üzv olduğu üçün tanımışdır. F.Nəftəliyeva qrupda olan yazışmalarında “Dirçəliş 22/30” səhifəsindən gileylənərək onun öz sosial şəbəkə hesablarında paylaşdığı busqalterli, ombasını göstərərək çəkdirdiyi erotik şəkillərinin paylaşılmasından narazılıq etmişdir. 21.11.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Səbail rayonu Sahil Bağında “BMC” qrup yığıncağı baş tutmuş, Fidan da qatılmışdır. Sahil bağında gəzişdikdən sonra Q.Qarayev parkına getmişlər, orada Fidanla və digər qrup üzvləri ilə “Go, Bingo” adlı energetik spirtli içkilər içmişlər. Həmin vaxt Q.Qarayev parkında olan şəhərdən qiyabi olaraq tanıdığı, lakin qrupa üzv olmayan Kərim ona və Fidana yaxınlaşmış, onlarla birgə əyləşərək spirtli içki qəbul etmədən ümumi mövzularda söhbətləşmiş, hətta Fidan onunla şəkillərinin çəkilməsi üçün mobil telefonunu Kərimə ekran kilid kodunu deməklə vermiş, Fidan çox sərxoş olduğundan vəziyyəti pisləşmiş, Kərimin təklifi ilə Fidanı AF Mallda yerləşən sanitar qovşağına aparmaq üçün üçlükdə getmişlər. Həmin vaxt Fidanı tanıyan iki nəfər oğlan onlara yaxınlaşmış və onlarla birlikdə AF Malla getmiş, 2-ci və ya 3-cü mərtəbədə olan sanitar qovşağına girmiş, bir müddət sonra çıxaraq AF Mallın qarşısındakı parka gəlmiş, Kərim və Fidan oturacaqda oturmuş, o isə digər iki şəxslə ayaqüstə dayanaraq siqare çəkmiş, söhbətləşmişlər. Həmin şəxslərdən birinin əlində yarımçıq araq şüşəsi də olmuşdur. Bir neçə dəqiqə sonra Fidanın dostlarından biri Kərimlə getmələrini, Fidanı özlərinin evə aparacaqlarını demiş, Kərimlə birlikdə Q.Qarayev parkında qalmış əşyalarını götürmək üçün qayıtmışlar. Yolda olarkən Kərim cibindən Fidanın mobil telefonunu çıxararaq oğurladığını demiş, telefonu Fidana qaytarmasını desə də Kərim məhəl qoymamışdır. Q.Qarayev parkına çatdıqda Rəşid onun əşyalarını ona təhvil vermiş, Kərim cibindən Fidanın mobil telefonunu çıxarıb əlində tutaraq telefonu Fidandan oğurladığını, telefonu satacağını, ekran kilid kodunu da bildiyini demiş, telefonu Fidana qaytarmasını desələr də satacağını təkrarlamışdır. Bundan sonra Sahil bağı istiqamətində getmiş, Kərim Sahil bağında onlardan aralanmışdır. Daha sonra Kərimdən xəbəri olmamışdır. Kərimin Fidanla ədavəti olmamış, söhbətləri ümumi mövzuda davam etmişdir. Kərim Q.Qarayev parkında olarkən yanında Şahid4 və ya digər dostları olmamışdır. Fidanın telefonunda pornoqrafik videoları olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 175 №-li məktəbdə 10-cu sinif şagirdidir. Boş vaxtlarında Sahil bağında, Q.Qarayev parkında və “Torqovı” adlanan şəhər mərkəzində gəzişmiş, “Telegram” sosial şəbəkəsində olan “BMC” qrupuna da üzv olmuş, qrupdakı həmyaşıdları ilə görüşmüş, gəzişmiş, söhbətləşmiş, spirtli içki qəbul etmişlər. Noyabr ayının əvvəllərində BMC qrupunun üzvləri ilə görüş zamanı “Telegram” sosial şəbəkəsində bir nəfər şəxsin onun və digər dostlarının “Tiktok” sosial şəbəkəsində olan əyləncəli videolarını məsxərəyə qoymaq məqsədi ilə paylaşacaqlarını, hətta bir neçə nəfərin belə paylaşımlarını götürərək paylaşdıqlarını, məsxərəyə qoyduqlarını demişlər. Bundan sonra həmin tanımadığı səhifənin adminini söhbətə çağırmış və BMC qrupunun üzvləri, Malina da orada olmuşdur. Orada Malina da onun şəkillərinin həmin səhifədə paylaşıldığını demiş, bundan əsəbiləşərək həmin şəxsi söyərək niyə paylaşdığını soruşmuş və onunla biraz əlbəyaxa olmuşdur. Daha sonra həmin şəxs səhifəsindəki Malinaya və digər tanışlarına məxsus paylaşımları silmiş, bir daha paylaşmayacağına, başqa bir nəfərin də belə paylaşımlarını etməməyə söz vermiş və sağollaşmışlar. Bundan sonra həmin şəxsi bir daha görməmişdir. 21.11.2021-ci il tarixdə günorta saatlarında “BMC” qrupunun üzvləri ilə şəhərdə yığışmış və Fidan da orada olmuşdur. Daha sonra Q.Qarayev parkına getmiş və “Go, Bingo” adlı spirtli içkilər içmiş, Fidan da onlarla birlikdə içmişdir. Fidan, Həsən və bir neçə şəxs biraz aralıda spirtli içki içmiş, siqaret çəkmiş, söhbətləşmişlər. Bir qədər sonra onlara Q.Qarayev parkında tək gəzişən Kərim yaxınlaşmış, söhbətləşmişdir. Kərim tək olmuş, yanında Şahid4 və ya digər şəxslər olmamışdır. Təxminən 20-30 dəqiqə sonra Fidan Həsən və Kərimlə qusmaq üçün AF Malla tərəf gedərkən yanlarına 2 nəfər əvvəllər tanımadığı oğlanlar yaxınlaşmış və 5-i bir yerdə AF Malla doğru getmişlər. Təxminən 20-25 dəqiqə sonra Kərimlə Həsən Q.Qarayev parkına qayıtmış, Kərim əlində “İphone 11” markalı telefonu hərlədərək güləgülə telefonu Fidandan AF Mallın qarşısındakı parkda gödəkçəsinin cibindən necə sakitcə götürdüyünü, hətta telefonun ekran kilid kodunu da bildiyini, Fidanı şəkillər çəkmək adı ilə aldadaraq ekran kilid kodunu öyrəndiyini həvəslə danışmışdır. Kərimə Fidanın telefonunu qaytarmağı desə də Kərim qaytarmayacağını, pul lazım olduğu üçün telefonu satacağını demiş və təklikdə onlardan ayrılmışdır. Fidanın telefonunun oğrulanması barədə polisə məlumat verməmiş, çünki içkili olmuşlar. Daha sonra Həsənlə Sahil bağına getmiş, bir qədər gəzişmiş və saat 20 radələrində Q.Qarayev parkına tərəf qayıtdıqda Fidanı orada iki nəfər əvvəllər tanımadığı oğlanla görmüş, Fidan onlarla birgə spirtli içki-araq içmiş, Həsəndən telefonunu kimin götürdüyünü bilib-bilmədiyini soruşmuş, Həsən isə bundan xəbəri olmadığını demişdir. Daha sonra Həsənlə evlərinə getmişlər. Fidan isə Q.Qarayev parkında həmin oğlanlarla qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Fidan Nəftəliyevanı 2020-ci ilin oktyabr ayında “Vkontakte” sosial şəbəkəsindən tanımış, dost kimi görüşməyə başlamışlar. lakin Fidan onu sevmiş, Fidanı tanıdığı vaxtdan onun ata və anası ayrı yaşamışdır. Fidan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almışdır. Fidan spirtli içki qəbul etmiş, siqaret çəkmişdir. 2021-ci ilin yaz aylarından Fidanın “nəşə” çəkdiyini, yay aylarında isə “mephedrone” adlı narkotik vasitə istifadə etdiyini demiş, lakin kiminlə, harada və necə istifadə etməsi barədə heç bir şey deməmişdir. Fidan heç vaxt onun yanında narkotik vasitə istifadə etməmişdir. 2021-ci ilin iyun-iyul aylarından etibarən Fidan həyatdan bezdiyindən, həyatın monoton olmağından şikayətlənmişdir. 11.06.2021-ci il tarixdə Fidan 18 yaşı tamam olarkən ilk dəfə onunla cinsi əlaqədə olmaq istəmiş, lakin onu dost kimi qəbul etdiyini deyərək bundan imtina etmişdir. Lakin Fidan tanımadığı başqa bir şəxslə ilk dəfə könüllü cinsi əlaqədə olmuşdur. 2021-ci ilin avqust aylarında Fidan istifadəsində olan 070 757 05 65 saylı GSM nömrəsinin vatsap sosial şəbəkəsi vasitəsi ilə ona atdığı yazıda həyatında çoxsaylı psixoloji travmaları olduğu, ən zəhləsi getdiyi şəxsin də keçmiş sevgilisi olduğunu, həmin şəxsin onun arxasıyca danışmasını bildirmiş, insanlardan zəhləsi getdiyini, onun qəlbini qırdıqlarını demişdir. Lakin Fidanın keçmiş sevgilisinin kim olması barədə hər hansı məlumatı olmamışdır. Ümumiyyətlə Fidanın həyatında çox saylı şəxslər olmuş, yeni insanlarla ünsiyyəti, intim münasibətləri könüllülük əsasında baş tutmuşdur. Fidandan nə üçün bu qədər şəxslə əlaqə saxladığını soruşduqda Fidan həmin şəxslərlə ünsiyyət qurmaqla həyatındakı boşluqları doldurmaq istədiyini, sevmək istədiyini demişdir. Atası və anasının ayrılığı, onların arasındakı mübahisələr də onu ruhdan salmışdır. Fidanın psixoloji problemi olduğunu düşünmüşdür. 2021-ci ilin oktyabr ayının sonlarında vatsap sosial şəbəkəsində yazışarkən Fidan yaşamaqdan bezdiyini, həyatın mənasız olduğunu, intihar etmək istədiyini, lakin dostlarının başqa şəxslərlə mehriban münasibətini qısqanacağından intihar etməyəcəyini zarafat etdiyini demişdir. 13 noyabr 2021-ci il tarixdə ona vatsap sosial şəbəkəsində yazaraq uzun müddətdir pis olduğunu, lakin hazırda heç nə hiss etmədiyini demiş, ona psixoloq yanına getməyi məsləhət görsə də Fidan bunun nəticə verməyəcəyini, ona heç nəyin kömək etmədiyini, hər yerinin ağrıdığını, əvvəllər sevdiyi şeylərin indi maraqsız olduğunu demişdir. 14 noyabr 2021-ci il tarixdə saat 02 radələrində sol qolunun dirsəkdən aşağı nahiyəsinin fırça ilə çəkilmiş çoxsaylı ülgüc kəsikləri olan şəklini çəkib ona atmış, səbəbsiz yerə etdiyini göstərmişdir. 2021-ci ilin oktyabrdan başlayaraq Fidan yarıçılpaq şəkillərini ona atmış, səbəbini soruşduqda elə-belə atdığını demişdir. Bununla bərabər yarı çılpaq şəkillərini “m.krisstaleen” adlı “İnstagram” sosial şəbəkə profilində də paylaşmışdır. 2021-ci ilin avqust-sentyabr aylarında “Telegram” sosial şəbəkəsində “Dirçəliş” səhifəsində Fidanın Malina adı ilə yarı çılpaq şəkilləri paylaşılmış, Fidan gülərək o şəkillərə fikir verməmiş, vecinə olmadığını demişdir. 21 Noyabr 2021-ci il tarixdə saat 17-24 arası işlədiyi restoranda işdə olarkən saat 19-20 radələrində Fidanın rəfiqəsi Aydan, anası və daha sonra sevgilisi Elgiz ondan Fidan barədə soruşmuş, o isə yanında olmadığını demişdir. Saat 24 radələrində işdən çıxıb Yasamal rayonunda qaldığı evinə getmiş, təxminən 40 -50 dəqiqə sonra qapı döyülmüş və qapını açdıqda içkili vəziyyətdə olan Fidanı görmüşdür. Fidan qorxusundan evə gedə bilmədiyini burda qalmaq istədiyini demişdir. Fidan mənzilinə gəldikdə evdə tək olmuşdur. Fidan çox güman ki, narkotik qəbul etmiş, çünki sərxoş idi. Fidandan kimlərlə olduğunu, nə etdiyini soruşduqda Fidan iki nəfərlə harasa getdiyini demiş, şəxslərin kimliyi və hara getmələri, nə etmələri barədə soruşduqda cavab verməmişdir. Lakin həmin şəxslərlə birlikdə “mephedrone” adlı narkotik vasitə qəbul etdiyini demişdir. Fidan mobil telefonunun tanımadığı şəxs tərəfindən oğurlandığını da demişdir. Fidanın onun evinə gəlməsi barədə Elgizə xəbər vermiş, bir müddət sonra Elgiz və Fidanın atası gələrək Fidanı aparmışlar. Ertəsi günlərdə günorta saatlarında Fidan yeni açdığı instagram profili ilə ona problem yaratmasına görə üzrxahlıq etmiş və danışıqları davam etdikcə ona “Call Center”-də işə düzəldiyini, psixoloqla danışdığını, anasının onun qız uşağı olmadığını öyrəndiyini və bunu normal qəbul etdiyini demiş, əhvalı yaxşı olmuşdur. Fidan oğurlanmış mobil telefonunun artıq satıldığını fikirləşmiş, mobil telefonunda intim videoları olması barədə ona heç bir şey deməmiş, bu barədə narahatlıq ifadə etməmişdir. 26 noyabr 2021-ci il tarixdə axşam saatlarında “Telegram” sosial şəbəkəsində olarkən Fidanın pornoqrafik videolarından ekran rəsmlərinin “X16” səhifəsində paylaşıldığını görmüş, bu barədə həmin gün sat 24 radələrində Fidanla danışarkən ona məlumat vermiş və Fidan ilk dəfə həmin vaxt pornoqrafik videolarını yayıldığını öyrənmiş, bundan xəbər tutduqda bərk sarsılmış və həmin videoların yalnız oğurlanmış mobil telefonunda olduğunu, telefonu oğurlayan şəxsin həmin videoları yaydığını, telefonundakı bu qəbildən olan bütün foto və videoların çıxarıldığını, bunun artıq “ axrıncı damcı” olduğunu demiş, onu çox sevdiyini deyərək sağollaşmışmışdır. Ertəsi gün saat 11 radələrində Fidana yazaraq əhvalının necə olmasını soruşmuş, Fidan isə cavab verməmişdir. Həmin gün saat 15-16 radələrində Fidanın intihar etdiyini öyrənmişdir. Fidan videolarının paylaşılmasından bərk sarsıntı keçirmiş, daha çox video və foto şəkillərinin paylaşılacağını fikirləşərək intihar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı Avrasiya Universitetinin informasiya texnologiyaları fakültəsinin İİ kursunda təhsil alır. Fidan Nəftəliyevanı 13 oktyabr 2021-ci il tarixdə “Telegram” sosial şəbəkəsində mövcud olan tanışlıq botu vasitəsi ilə tanış olmuş, daha sonra istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrəsi ilə əlaqə saxlamağa başlamışdır. Fidanla əsasən rəsm əsərlərindən, Taroo kartları haqqında, tatular haqqında danışmış, tanışlıqdan 3-4 gün sonra günorta saat 14 radələrində Gənclik Mall-ın qarşısında ikilikdə görüşmüş, gəzişib söhbətləşmiş və saat 18 radələrində Azadlıq metrosu tərəfdə sağollaşmışlar. Növbəti görüşlərində də ən gec saat 18-19 radələrinə kimi evə getmişdir.Tanışlıqlarından təxminən 2 həftə sonra Fidanla təbii yolla cinsi əlaqədə olmuşlar. Cinsi əlaqələri zamanı hər hansı video-foto çəkiliş etməmişdir. Fidan isə özünə məxsus Apple İphone 11 markalı mobil telefonu ilə cinsi əlaqə bitdikdən sonra bədəni üzərinə sol ayağını qoymaqla şəkil çəkmiş, lakin heç birinin üzü düşməmişdir. Fidan “Telegram” sosial şəbəkəsində danışarkən təkidi olmadan öz istəyi ilə tam çılpaq, yarı çılpaq üzü düşməyən şəkillərini ona atmış, Fidanla görüşləri zamanı nə üçün bu qədər çılpaq şəkillər çəkdiyini, telefonunda saxladığını soruşduqda həmin şəkillərdən xoşu gəldiyini demiş, yayılmasından da narahat olmadığını demişdir. 21 noyabr 2021-ci il tarixdə səhər saatlarında çün şəhərdə geyim mağazalarını gəzdiyi vaxt Fidan günorta saatlarında “Telegram” sosial şəbəkəsində olan “BMC” və ya buna oxşar adlı bir qrupda olan uşaqlarla görüşəcəyini saat 18 radələrində onunla birlikdə Sahil metrosundan evinə-Azadlıq metrosuna getmələrini yazmışdır. Lakin mesajı saat 6-ya qalmış görmüş, Sahil bağına gedərək Fidanı axtarmış, lakin tapmamış, evə getdiyini fikirləşmişdir. Fidanın pəhriz saxlaması, yemək yeməməsi barədə mübahisələri olduğundan, ona sərt cavab qaytardığından mübahisəli olduqlarından zəng etməmiş, evinə qayıtmışdır. Həmin gün saat 19 radələrində Fidanın dostu Aydan onunla əlaqə saxlayaraq Fidanla əlaqə saxlaya bilmədiklərini, onunla birgə olub-olmadığını soruşmuşdur. Fidan həmişə saat 18 radələrində evdə olmuş, lakin gecikmiş və telefonuna zəng çatmamışdır. Dərhal Fidanın atası Samir ilə birlikdə Fidanı axtarmağa başlamışlar, saat 22 radələrində Fidanın yaxın dostu Ruslanla əlaqə saxlamış, Fidanın harada olduğunu, görüb-görmədiyini soruşmuş, Ruslan isə işdə olduğunu, Fidandan xəbəri olmadığını demişdir. Gecə saat 02 radələrində isə Ruslan zəng edərək Fidanın onun Yasamal rayonunda kirayə yaşadığı evinə gəldiyini, içkili olduğunu demişdir. Bundan sonra Fidanın atası ilə Ruslanın evinə gedərək Fidanı götürüb, anasının evinə aparmışlar. Fidanın telefonu görüş zamanı oğurlanmışdır. 23 noyabr 2021-ci il tarixdə Fidanın anasına zəng etmiş, evlərinin həyətinə gedərək Fidanla görüşmüş, Fidandan bir gün əvvəl nə olduğu barədə soruşduqda “BMC”-dən olan uşaqlarla içki içdiyini, daha sonra qusmağa başladığından onu Həsən adlı qrupdan olan şəxs qusmağına kömək etdiyini, daha sonra 2 nəfər şəxslə getdiyini, içməyə davam etdiyini, gecə saatlarında evdən qorxaraq Ruslanın evinə getdiyini demişdir. Həsənlə “Telegram”-da danışmış və Həsən Fidanın dediklərini təsdiqləmişdir. Fidan telefonu oğurlandığından yazışmalarının sosial şəbəkələrdən silməyini, yazışmaların telefonu oğurlayan şəxsin əlinə keçməsindən narahat olduğunu demişdir. Bundan sonra 24 noyabrda saat 14-15 radələrində “Telegram” sosial şəbəkəsində “Dirçəliş” qrupunda Fidanın porno videoları yayıldığını bir nəfər xatırlamadığı şəxs ona atmış, həmin gün axşam saatlarında Fidan özünə açdığı yeni profillə ona yazaraq görüş təyin etmiş və məşqdən çıxdıqdan sonra Fidan icloudu mailto:m.krisstalern@icloud.comElektron ünvan vasitəsi ilə telefonu tapa biləcəklərini qərarlaşdırmış, lakin telefonu tapa bilməmişlər. Fidan işə düzəldiyini, pul yığaraq yeni telefon alacağını demiş, əhvalı şən olmuşdur. Həmin vaxt Fidanın yayılmış pornoqrafik videolarından xəbəri olmamış, o da bu barədə heç nə deməmişdir. 26 noyabrdan 27 noyabra keçən gecə Fidanın yeni profilinə yazıb necə olduğun soruşduqda Fidan yayılmış videolardan xəbəri olduğunu, Ruslanın ona videoları ekran şəkli çəkib atdığını, videonu yayan şəxslər barədə sual verdikdə telefonunu oğurlayan tanımadığı şəxsin yaydığını demiş, Videodakı şəxslər barədə heç bir şey deməmişdir. Fidan bu hadisədən dərin iztirab, məyusluq keçirmiş, “mən nə edəcəm, necə edəcəm” demişdir. Fidan həmçinin onu unutmağını, onunla ayrıldığını, bunun daha yaxşı olduğunu demişdir. Fidana polisə məlumat verməsini, pulunu yığaraq mümkünsə xaricə çıxmasını demiş, Fidan isə artıq gec olduğunu, heç bir şey istəmədiyini demiş və sağollaşmışlar. Fidanla ayrıldığından unutmaq üçün telefondakı yazışmaları, şəkilləri hər şeyi həmin gecə silmişdir. Fidan intihar edəcəyi barədə heç bir şey deməmiş, ondan bu barədə heç bir şey eşitməmişdir. Ertəsi gün 28 Mall-da endirimlərlə bağlı mağazaları gəzdiyi zaman Fidanın ölüm xəbərini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ev 44 mənzil 13 ünvanında anası və kiçik bacısı ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin iyun-iyul aylarında tanımış, Kərim ilə yalnız dostluq münasibətləri olmuşdur. Kərim çox mehriban, şən uşaq olmuş, ata-anasını uşaq vaxtı xəstəlikdən itirmişdir. Kərimlə Sahil bağında, şəhərin mərkəzi parklarında, onların evində dostların ətrafında görüşmüşlər. 2021-ci ilin noyabr ayının əvvəllərində Kərim ona zəng edərək evə gec gəlməsi və siqaret çəkməsi ilə bağlı qardaşı ilə mübahisələri düşdüyünü, qalmağa yerinin olmadığını, onlarda qalıb-qala bilməyəcəyini soruşmuş və anası bununla razılaşmış, Kərim onlara gələrək gecələmişdir. Kərim növbəti və sonuncu dəfə 26 noyabr tarixində onlarda gecələmiş və həmin gün Kərimlə evlərindəki güzgünün qarşısında çoxsaylı şəkillər çəkdirmiş, Kərim sosial şəbəkələrdə onunla birlikdə çəkdirdiyi şəkili profil şəkili kimi yerləşdirmişdir. 27 noyabrda saat 15-16 radələrində rəfiqələri Sədaqət Səfərova, Şahid4, Fidan İsgəndərova və Kərim vaxt keçirtmək üçün onlara gəlmiş və orada Fidan adlı qızın intihar xəbərini almışlar. Həmin vaxt Kərim gülərək Fidanın intim videolarını “telegram” sosial şəbəkəsində yaydığını demiş, bunu nə üçün etdiyini soruşduqda “Elə-belə etmişəm, ” demiş, Fuad isə Kərimə videoları paylaşmamasını desə də Kərimin paylaşdığını bildirmişdir. Bundan sonra müxtəlif şəxslər Kərimə yazaraq Fidanın ölümündə onu günahlandırmış, həmin vaxt Kərim “Telegram” sosial şəbəkəsində əvvəlki adı olan “Kima”-nı “Myau” ilə əvəzləmiş, ona gələn təhdidlərə, hədə-qorxulara cavab vermiş, həmin vaxt Fuad Kərimin telefonundan, Kərimin “Myau” adlı profili ilə Kərimi təhdid edən, hədə-qorxu gələn şəxsə Kərimin adından səsli mesaj ataraq Fidanın intim videolarını yaymasını etiraf edici ifadələr işlətmiş, lakin ölümündə günahkar olmamasını demişdir. Fuad həmin səsi atarkən Kərimin adından danışmış, sanki Kərim danışırmış kimi səsli mesaj atmışdır. Həmin söhbət zamanı otaqda Fidan, Kərim, Fuad olmuş, Sədaqət və anası da eşitmiş, şahid olmuşlar. Hadisədən sonra sosial şəbəkələrdə Kərimlə olan şəklinə görə ona da yazaraq bu işdə Kərimlə əlbir olduğunu, videoları birlikdə paylaşdığını, Kərimin olduğu yeri deməsində israr etdikdə “bunu yalnız polislər soruşsa deyəcəyini, günahının olmadığını" demişdir. Bir müddət sonra uşaqlar getmiş, lakin Kərim onlarda qalmışdır. Kərim videoları hardan əldə etdiyini deməmiş, videoları paylaşmasına səbəb kimi isə əyləncə üçün, Fidanın daha əvvəllər də yarı çılpaq şəkillərinin paylaşıldığını demişdir. Kərimin Fidanla hər hansı mübahisəsi, tanışlığı olmasını ümumiyyətlə bilməmiş, Fidanı özü də şəxsən tanımamışdır. Fidanın intiharından sonra onun sosial şəbəkə profilinin “m.kristaleen” olduğunu bilmiş və həmin profili “İnstagram” sosial şəbəkəsində “Anti-Dirçəliş” adlı qrupda qrup söhbət zamanı görmüşdür. “Telegram” sosial şəbəkəsindəki “Dirçəliş” adlı səhifə onun da Tik-Tok” səhifəsini, nömrəsini paylaşaraq oğlanlara yazmasını təklif etmişlər. Fidanın da “İnstagram” sosial şəbəkəsində yarı-çılpaq şəkillərini paylaşaraq ələ salmış, pozğun olduğunu demişlər. Onlar isə sosial şəbəkədə “Anti-Dirçəliş” qrupu yaradaraq onların əleyhinə, əməlləri barədə müzakirələr etmişlər. Fidan bir dəfəsində busqalet əynində olarkən üzü düşən formada “bağışlayın,Dirçəliş” yazaraq ümumə açıq formada m.krisstaleen profilində paylaşmışdır. Fidan bu formada şəkillərinin paylaşılmasından çox narahat olmamış, paylaşılan şəkillərində üzərində həmişə açıq-saçıq olsa da geyim olmuş, tam çılpaq şəkil və ya videoları olmamışdır. Paylaşılan həmin şəkillər M.krisstaleen adlı şəxsi profilində ilk əvvəllər hamıya açıq formada paylaşılmış şəkillər olmuşdur. Fidanın daha əvvəllər müxtəlif səhifələrdə öz profilində paylaşdığı şəkillər yayılmış, barəsində xoşa gəlməz sözlər deyilmişdir. Fidan isə buna reaksiya verməmiş, şəkillərinin paylaşılmasından narahat olsa da bu narahatlıq passiv narahatlıq və etiraz olmamışdır. Kərimin Fidanın telefonunu oğurlamasından, satmasından və sairə heç bir məlumatı olmamışdır. Kərimi 27 noyabrdan sonra görməmiş, gecəni qalmış və ertəsi gün çıxıb getmişdir. Kərimin onlarda qala bilməsinə səbəb anasının onun yetim olmasına, təmizkar adam olmağına, gecə küçədə qalmamasına görə icazə verməsi olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 qızı Şahid8 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Xətai rayonunda 269 saylı orta məktəbin 11-ci sinif şagirdi olmuşdur. Spirtli içki içməmiş, siqaret çəkməmişdir. Təqsirləndirilən şəxs 2021-ci ildə Səbail rayonu Sahil Bağı ətrafında tanımış, hər ikisi Zığ yolu ətrafında yaşamış, bəzən birlikdə şəhərdən evə metro ilə getmişlər. 21 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Sahil Bağında dostları ilə olarkən Kərim yaxınlaşmış və 1 saata yaxın oturmuş, lakin orada oğurladığı telefon barədə heç bir şey deməmişdir. Həmin vaxt Kərim sərxoş vəziyyətdə olmamışdır. Daha sonra Kərimlə birlikdə Sahil metrostansiyasına girərkən Kərim şalvarının cibindən “Apple İphone 11 ” markalı mobil telefonu çıxarmış və Malina ( Fidan Nəftəliyeva) adı ilə şəhərdə söhbətləri gəzən qızla bir məclisdə olduğunu, orada qızın sərxoş olduğunu və telefonu qızın gödəkçəsinin cibindən oğurladığını demişdir. Daha sonra həmin telefonun kilidini açmış və şəkil-videolar olan bölməyə girmiş, orada “gizli” bölməsində 1000-dən artıq şəkil və video olduğunu görmüşlər. Həmin videolardan 4-ü pornoqrafik olmaqla, qızın özü və ya videodakı digər şəxs tərəfindən çəkilmiş videolar olmuşdur. Həmin videolarda cinsi aktda iştirak edən oğlanın üzü düşməmişdir. Telefonda olan digər şəkillər Fidanın tam çılpaq, üzü də düşən şəkilləri, digər oğlan və qızların çılpaq və ya yarı çılpaq şəkilləri olmuşdur. Həmçinin, Fidanın digər pornoqrafik videoları və pubda oturaraq oğlanlarla siqaret çəkdiyi videolar da olmuşdur. Kərim telefonu köhnə olduğundan onun istifadəsində olan İphone 11 markalı telefona 04 ədəd pornoqrafik videonu daha sonra ona göndərməsi üçün köçürmüşdür. Bundan sonra telefonda olan bütün məlumatları silmiş və Həzi Aslanov metrosunda bir-birlərindən aralanmışlar. Evə çatdıqdan qısa müddət sonra Kərim videoları ona göndərməyisini xahiş etmiş və videoları göndərdikdən sonra telefonundan silmişdir. Bundan sonra onun Kərimlə hər hansı əlaqəsi olmamışdır. Təxminən 2-3 gün sonra “Telegram” sosial şəbəkəsində “Dirçəliş” qrupunda həmin videoları görmüş, Kərimin həmin videoları qrupa ataraq yaydığını başa düşmüşdür. 27 noyabr 2021-ci il tarixdə Fidanın intihar etdiyini, onun ölümündə hamının Kərimi günahlandırdığını görmüşdür. Daha əvvəldən Fidanı tanımamış, sadəcə daha əvvəllər də “Dirçəliş” qrupunda özünün çəkdiyi şəkillərin paylaşıldığını görmüşdür. Kərimlə Fidanın münasibətləri barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlamaq haqqında 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 125 və 242-ci maddələri ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 01); Cinayət işinə əlavə edilmiş 29.11.2021-ci il tarixli, 19/289 saylı məktubla Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən daxil olmuş, F.Nəftəliyevanın “Telegram” sosial şəbəkəsində yayılmış intim video-materiallarının əks olunduğu DVD diskə baxış protokolundan görünür ki, DVD diskdə 04 ədəd: video 1.mp4, vidio 2.mp4, vidio 3.mp4 və vidio 4.mp4 adlandırılmış, müvafiq olaraq 01, 35, 09 və 47 saniyəlik videolar vardır. Vidio 1.mp4 video faylı açıldıqda üzü düşməyən bir nəfər qadının yataqda uzanaraq mobil telefonu çılpaq sinə nahiyəsinə tutaraq video qeydə alması görünür. Vidio 2.mp4 və Vidio 4.mp4 video faylı açıldıqda F.Nəftəliyevanın üzü düşməyən, şəxsiyyəti naməlum kişi cinsli şəxslə təbii yolla cinsi əlaqədə olduğu, video qeydiyyat aparılmasından məlumatlı olduğu aydın görünür. Vidio 3.mp4 video faylında isə F.Nəftəliyevanın mobil telefonu əlində tutaraq üzü düşməyən, naməlum kişi cinsli şəxslə təbii yolla cinsi əlaqədə olması aydın görünür. Videonun sol aşağı tərəfində 05/31/2021 17:51 tarixi qeyd olunmuşdur.Baxış zamanı digər əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır(cild 1, i.v.44); Götürülmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs F.Nəftəliyevanın mobil telefonunun satışı ilə əldə edilmiş pul müqabilində əldə etdiyi və pornoqrafik videolar yaymış olduğu mobil telefon götürülərək cinayət işinə əlavə edilmişdir(cild 1, 72-74); Şübhəli şəxsin tutulması haqqında 01.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 125 və 242-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.100-103); Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsindən verilmiş 09.10.2008-ci il tarixli, AZ-İ № 321613 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs anası X4 24.09.2008-ci il tarixdə çoxsaylı MTS səbəbi ilə ölmüşdür(cild 1, i.v.106); Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsindən verilmiş 21.10.2015-ci il tarixli, AZ-İ № 766302 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs atası X9 18.10.2015-ci il tarixdə çoxsaylı MTS səbəbi ilə ölmüşdür(cild 1, i.v.107); Xətai rayon icra hakimiyyətinin başçısının 10.06.2016-cı il tarixli, 185 №-li Sərəncamından çıxarışdan görünür ki, Qanuni nümayəndə onunla birgə yaşayan, faktiki valideyn himayəsindən məhrum olan qardaşı xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində qəyyum təyin edilmişdir(cild 1, i.v.110-111); Bakı şəhər Yasamal rayon məhkəməsinin 03.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.197-202); 16.12.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Vkontake” sosial şəbəkəsində zərərçəkmiş şəxs X6 məxsus “Mln Kris” protifili ilə 27.11.2021-ci il tarixdə saat 02:42-də “Heyf, çox heyf ki, bacarmadım, təəssüf edirəm ki, anamın və bacımın təbəssümünü görməyəcəm. Ana, mən sağ ikən sənə az yaxşı söz demişəm, amma hər şeyə görə sağ ol. Mən səni sevirəm, sən hamıdan yaxşı idin, məni bağışla. Rusya, ( Şahid2) sevməyin nə olduğunu mənə göstərdiyin və mənim ilk məhəbbətim olduğun üçün sağ ol, mən səni həmişə sevmişəm və sevəcəm, sən gözəlsən, ümid edirəm ki, sənin mahnılarının o əziz qızcığazı, Saşası olacam. Mort, (Şahid3) səninlə mən əsl sevgini kəşf etdim, anladım ki, sağlam münasibət, sadiq olmaq nə imiş, sən hər şeyi necə lazım idisə, o cür də etdin, mən səni xilas etdim, mənim missiyam yerinə yetirilib, sən mənim xilasım oldun. Mən yaşamaq istəyirdim, sevmək istəyirdim, amma pis adamlar həyatımı əlimdən aldılar. Ümid edirəm ki, mənim ölümüm yaşamağımdan daha çox fayda gətirər. Mən sadəcə gözlərində qığılcım olan nadan bir uşaq idim. Təəssüf edirəm, səni çox sevirəm, Ana.” Məzmunlu paylaşım edilmişdir(cild 2, i.v.37); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən yoxlanılmış 16.12.2021-ci il tarixli Tələbnamədən görünür ki, Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur(cild 2, i.v.49); Götürülmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs F.Nəftəliyevanın mobil telefonunun satışı ilə əldə edilmiş pul müqabilində almış olduğu qara-ağ rəngli idman ayaqqabısı götürülərək cinayət işinə əlavə edilmişdir(cild 2, i.v.129- 130); Bakı şəhəri Xətai rayonu 133 saylı Mənzil Kommunal Təsərrüfat birliyindən daxil olmuş 04 fevral 2022-ci il tarixli 1/x nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu Azadlıq küçəsi ev 3 mənzil 2 ünvanında yaşadığı müddətdə ətrafdakılar tərəfindən müsbət xarakterizə olunmuş, barəsində hər hansı şikayət daxil olmamışdır(cild 2, i.v.227-228); 07 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-nin 125, 156.1, 177.2.5 və 242-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs F.Nəftəliyevanın mobil telefonunun satılması ilə əldə etdiyi pul vəsaiti ilə alınmış “Apple İphone X” markalı mobil telefon və bir cüt qara-ağ rəngli idman ayaqqabısı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınsın və rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmış, iş üzrə toplanmış təqsirlədirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, baxış keçirilməsi haqqında protokollar və əlavələri, ekspertiza rəyləri, elektron məlumat daşıyıcıları CD, DVD disklər və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir(cild 2, i.v.27-41); Təqsirləndirilən şəxs özünü CM-nin 125-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində Fidanın əvvəlcədən depresiyada olduğunu göstərsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 12.01.2022-ci il tarixli, 11/483 saylı rəy ilə müəyyən edilmişdir ki, X5 ölümündən əvvəlki dövrdə fərdi-psixoloji xüsusiyyətlərində psixogen-depressiv reaksiya əlamətləri müəyyən olunmur. X8 özünü öldürməzdən əvvəlki dövrdə biabır olma ilə müşayiət olunan emosional gərginlik halında olmuşdur. Həmin halın yaranması onun qarşılaşdığı şəraitlə-intim videolarının Təqsirləndirilən şəxs tərəfindən yayılması və həmin vieoların “Telegram” sosial şəbəkəsində “Dirçəliş”, “X16” və “Bax ama sil” adlı səhifələrində paylaşılması ilə səbəbli nəticə əlaqəsində olmuşdur. Odur ki, məhkəmə , Təqsirləndirilən şəxs həmin hissədə ifadəsini iş üzrə şahid ifadələri, istintaq hərəkətləri protokolları və ekspertiza rəyləri ilə təkzib olunduğundan özünü müdafiə xarakterli kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 125, 156.1, 177.2.5 və 242-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər: - yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində;- əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. 125-ci maddəsinə əsasən təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 242-ci maddəsinə əsasən pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, gənc olmasını, valideyn himayəsindən məhrum olmasını (CM 59.2), cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini (CM 59.1.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun» 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkün deyil. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 125, 156.1, 177.2.5 və 242-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin 125, 177.2.5 və 242-ci maddələrin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza, CM-nin 156.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli(CM-66.2) islah işləri cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə islah işlərinin dörd günü hesabı ilə hesablanmaqla qismən toplanmaqla, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-68.1.3), azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 dekabr 2021ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli (CM-85.5.1), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, maddi sübutlar-Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qara rəngli İphone X markalı mobil telefon və qara-ağ rəngli idman ayaqqabısı onun ailə üzvlərinə qaytarılmalıdır(CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 125, 156.1, 177.2.5 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə 523.65 (beş yüz iyirmi üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 93 (doxsan üç) saata görə 558 (beş yüz əlli səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 156.1, 177.2.5 və 242-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 125-ci maddəsi ilə 03 (üç) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 156.1-ci maddəsi ilə qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06(altı) ay islah işləri cəzası, Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə 02(iki) il azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 242-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təyin edilmiş qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06(altı) ay islah işləri cəzası islah işlərinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 523.65 (beş yüz iyirmi üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 93 (doxsan üç) saata görə 558 (beş yüz əlli səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübutlar –Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qara rəngli İphone X markalı mobil telefon və qara-ağ rəngli idman ayaqqabısı onun ailə üzvlərinə qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar