Məhkəmə qərarları › İş №1(004)-138/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-138/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-138/2024 22.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X1, “Aktual” İctimai-Siyasi Qəzeti barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair "xxxx" MMC-nin direktoru X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Aktual” İctimai-Siyasi Qəzeti barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair "xxxx" MMC-nin direktoru X2 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, internet vasitəsi ilə 20 - 22 noyabr 2023-cü il tarix aralığında baş ofisi ünvan 1 ünvanında yerləşən "xxxx" moda evi barəsində işgüzar nüfuzu korlayan, şər və böhtan xarakterli yalan məlumatlar müxtəlif xəbər vebsaytlarında məqalə formasında yayılmışdır. İnternetdə mövcud olan açıq mənbələrdən etdikləri araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən məqalə ilkin olaraq 20 noyabr 2023-cü il, saat 14:52-də “aktualxeber.az” vebsaytına yerləşdirilmiş, daha sonra isə mənbəsi “aktualxeber” kimi göstərilərək “bakuinform.agency”, “millitv.az”, “yenisoz.az”, “teref.az”, “xalqxeber.az”, “tereqqi.az”, “dia-az.com”, “azerbaycanrealligi.com”, “zirveyolu.info”, “dunyaprcss.info”, “zamantv.az” və “ictimailider.az” elektron ünvanlarında “Elatus: Azərbaycan Brendi... yoxsa Made in Azerbaijan adına ləkə... - İttiham var” adlı başlıq altında paylaşılmışdır. Həmçinin, “TikTok” sosial şəbəkəsi üzərindən eyni məzmunlu video material “@aktualxeber.az” adlı istifadəçi tərəfindən 20 noyabr tarixində paylaşılmışdır. Həmin yayılmış materiallarda aşağıdakılar qeyd olunmuşdur: “Kölgə iqtisadiyyatının kökünün kəsilməsi hələ də müşkül məsələ olaraq qalır. Bəzi işbazlar müxtəlif yollarla bu qara işləri davam etdirməkdədirlər. Belə “şirkətlərdən” biri də Binəqədi rayonundakı “Həyat” şadlıq sarayının yaxınlığında yerləşən "xxxx" firmasıdır. Baş ofisi Mirəli Qaşqay küçəsində, filialları Fətəli xan Xoyski, X4 Naxçıvani küçəsində yerləşən bu firma özünü əsil Azərbaycan brendi adlandırır. Əslində isə kişi kostyumları tikməkdə ixtisaslaşmış bu firmanın rəhbərliyi əsil maxinatorlardır və firmanı “maxinasiya brendi” adlandırmaq daha düzgün olardı. Verilən sifarişləri qəsdən dar tikən firma müştərini o qədər get-gələ salır ki, nəticədə müştəri bezir və bir daha kostyumun arxasınca getmir. Firma yetkililərinin daha bir fırıldağı Çin malının Türkiyə və İtaliya parçası adı ilə millətə sırınmasıdır. Diqqətlə fikir verənlər bunu dərhal anlayır. Lakin fırıldaqçılar müştərini elə dilə tuturlar ki, çoxları bu fırıldağı anlaya bilmir. Yuxarıda qeyd elediyimiz kimi, şirin dil və şirin söhbətlər verilən sifarişin başa çatmasına qədərdir. Kostyumun darlığı, yaxud keyfiyyətsizliyi üzə çıxandan sonra val dəyişir və müştəri ilə danışıqlarda sərt ritorika işə düşür. Firmanın tikdiyi kostyumların qiymətinə gəlincə bu, 1200-1300 manat arasında dəyişir. Halbuki nə parçanın, nə də işin keyfiyyəti buna adekvat deyildir. Təbiidir ki, müştəriyə bu qiymətə satılmasına baxmayaraq, məhsulun qiyməti rəsmi sənədlərdə az göstərilməklə vergidən yayınma halları mütləqdir. "xxxx"un vergidən yayınma metodlarından biri də saxta müqavilərlərdən ibarətidr. Guya Rusiyada filialının açıldığını iddia edərək vatsapp vasitəsilə sifariş qəbul edilir və tikilən kişi kostyumları hava yolu ilə Rusiyaya göndərilir. Orada filialı yox, yalnız mağazası olduğundan həmin kostyumlar mağazada realizə edilir və beləliklə də “Elatııs” vergidən, bəzi rüsumlardan yayına bilir, çirkli pulların "xxxx" əməliyyatı həyata keçirilir. Firmada insanların əməyi də istismar olunur, iş vaxtından əlavə işlərin görülməsi, əmək müqavilələrinin bağlanmaması, əmək haqqının sənədlərdə az göstərilməsi kimi hallar bu firmada adi normaya çevrilib. Bir sözlə, bu firma ölkə qanunları ilə deyil, firma yetkililərinin müəyyən etdiyi qanunlarla işləyir. Yəqin ki, belə maxinasiyalara son qoymaq vaxtı çoxdan çatıb və bu qanunsuzluqlara “dur” deyən tapılacaqdır.” Məqalədə göstərilən faktlar real hadisələrə əsaslanmır və sadəcə olaraq müəssisənin işgüzar nüfuzunu salmaq məqsədi ilə əlavə edilmişdir. Güman edilir ki, bu tip məqalə xidmətdən narazı qalan bir müştəri tərəfindən yayılmışdır. Qeyd edir ki, yaxın tarixlərdə heç bir kənar şəxs və ya müştəri ilə anlaşılmazlıq, mübahisə yaranmamışdır. Bu, bir daha təsdiq edir ki, müəssisə haqqında yayılmış məlumatlar yalnız və yalnız böhtan xarakteri daşıyır. Yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayma dedikdə məlumatın kütləvi nümayiş etdirilməsi başa düşülür. Başqa sözlə, məlumatın internet informasiya ehtiyatında yayılması o halda cinayət məsuliyyəti yaradır ki, həmin məlumat kütləvi nümayiş etdirilmiş olsun. Məlumatın kütləvi nümayiş etdirilməsi dedikdə, həmin məlumatın internet saytlarında, portallarında, sosial şəbəkələrdə-“Facebook”, “TikTok”, yerləşdirilməsi, elektron poçt ünvanlarına göndərilməsi və s. başa düşülür. Məlumatların internet informasiya ehtiyatında kütləvi nümayiş etdirilməsi (yerləşdirilməsi, pay İ aşı İm ası), onların həm videosunun nümayiş etdirilməsi (“Youtube”-da. “TikTok”-da və s.), həm də məlumatın yazı formasında olan mətninin görüntüsünün təqdim edilməsi başa düşülməlidir. Məlumatların internet informasiya ehtiyatında nümayiş etdirilməsinin kütləviliyi belə məlumatların ən azı iki nəfər kənar şəxsin tanış olmasını nəzərdə tutur. Bu sayda şəxsin həmin məlumatla tanış olduğu andan cinayət başa çatmış hesab edilir. Hazırki işlə bağlı qeyd etmək lazımdır ki, yuxarıda elektron ünvanları göstərilən vebsaytlarda paylaşılmış məqalə artıq 1000 yaxın şəxs tərəfindən oxunub. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal- təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatların yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılmış məqalənin məzmununda "xxxx" müəssisəsinin, ümumiyyətlə, sahibkarın qanunsuz fəaliyyəti barədə hər hansı bir fakt, sübut, təsdiq edəcək sənəd göstərilmədən ümumi mülahizələrə və fikirlərə üstünlük verilmişdir və bu məqalə "xxxx" brendi altında istehsal və xidmətlə məşğul olan, brendin patent hüquqlarına sahib olan şəxslərin hüquqlarını kobud şəkildə pozmuş, müəssisənin işgüzar nüfuzuna xələl gətirmişdir. Yuxarıda göstərilənlərə əsasən, “Aktual İctimai-Siyasi Qəzeti”nin hazırlayıb internet informasiya sistemində yaydığı məqalənin məzmununda qeyd etdiklərinin tamamilə əsassız olduğunu hesab edərək, göstərilən məlumatlara ədalətli qiymət verilərək araşdırılmasını və məqaləni yayan şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş edir. Xüsusi ittihamçı və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2024, xx.xx.2024-cü il tarixlərə təyin edilsə də, bu barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs rəsmi qaydada məlumatlandırılsa da, məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmiş, məhkəmə iclasına gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, bu səbəblərin həqiqətən üzürlü olmasını təsdiq edən sübutları məhkəməyə göndərməmişdir. Bununla da şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmişdir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Həmin Məcəllənin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Beləliklə, xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılı olduğundan, bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməli olduğundan, cinayət təqibi xüsusi ittihamçının cinayət təqibindən imtina edənədək həyata keçirilməli olduğundan, xüsusi ittihamçının məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulduğundan, həmçinin hazırkı halda CPM-nin 302.1.8-ci maddəsinə əsasən isə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yuxarıda qeyd edilənlərə əsasən hazırlıq iclasının nəticələri üzrə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmununa aid Azərbaycan Respublikası CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə barəsində şikayət verilən şəxs müəyyən edilməmiş və onun haqqında məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; Şikayətin məzmunundan isə görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ümumiyyətlə müəyyən edilməmiş və onun barəsində hər hansı məlumatlar göstərilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Aktual” İctimai-Siyasi Qəzeti barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair "xxxx" MMC-nin direktoru X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar