Məhkəmə qərarları › İş №1(004)-139/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-139/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-139/2025 12.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:40 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Astara rayonunun Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonunun Şiyəkəran kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya istirablar verməklə zərərçəkmişə əzab vermişdir. Belə ki, o, ünvan 2 ünvanda qeyri-rəsmi nigah münasibətində birgə yaşadığı Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 1 iyul 2024-cü il saat 15 radələrində sonuncunu qəsdən yumruqla və cərəyan yığan telefon şunuru ilə vurub burun, sol bud, döş qəfəsi, sağ və sol diz oynağı, sağ sağrı nahiyələrinin qançırları, dərəcəsinə görə sağlamlığın pozulmasına səbəb olmayan xəsarətlər yetirmiş, bununla kifayətlənməyərək 03 iyul 2024-cü il tarixdə də saat 02 radələrində həmin evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1m kəmərlə döyüb sağ və sol bud, sağ baldır nahiyələrinin hematomaları (yumşaq toxumaların arasına qan yığılması) dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül, bununla kifayətlənməyərək 05 iyul 2024-cü il tarixdə saat 14 radələrində həmin evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1m döyüb sağ əlinin V barmağını qatlayaraq sağ əlin V barmağının şişkinliyi və qançırı halında əzilməsi, sağ said nahiyəsinin sıyrığı xəsarətləri yetirməklə, dərəcəsinə görə sağlamlığın pozulmasına səbəb olmayan ağrı yetirməklə, mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə, güclü fiziki ağrı və psixi iztirablar verməklə zərərçəkmişə əzab vermişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək (qismən ona görə ki, etmiş olduğu hərəkətlərin səbəbkarı zərərçəkmişin ona xoş gəlməyən hərəkətləri səbəb olmuşdur) ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə qeyri-rəsmi ər-arvad münasibətində olmaqla ittiham aktında qeyd ediləmiş ünvanda birlikdə yaşamışlar. 01 iyul 2024-cü il tarixdə saat 15 radələrində yaşadıqları evdə olarkən Arifə anası ilə danışıb pul istəmişdir. O da Arifəyə demişdir ki, onun pula ehtiyacı yoxdur. Nə üçün anasından pul istəyir, Arifə də demişdir ki, «yaxşı eləmişəm». Bu səbəbdən aralarında mübahisə yaranmış və o, əsəbiləşib Arifənin sifətindən şillə ilə vurmuşdur. 3 iyul 2024-cü il tarixdə isə saat 02 radələrində Arifə ilə kirayədə yaşadığı evdə olarkən yenə də aralarında mübahisə yaranmışdır. Mübahisəyə səbəb isə onun Abşeron rayonu Xırdalan şəhərində yaşayan anası X1 evinə getməyi olmuşdur. O, da əsəbiləşib bel kəmərini götürərək Arifənin sağ və sol baldırına və kürəyinə vurmuşdur. 05 iyul 2024-cü il tarixdə isə saat 14 radələrində Arifə ilə yaşadığı evdə olarkən Arifə rəfiqəsi Elviranı bir gün əvvəl yaşadıqları evə gətirdiyi üçün aralarında mübahisə yaranmışdır. Həmin vaxt Arifə əsəbiləşərək özünə məxsus Samsunq markalı telefonu qurdalayıb sındırmışdır. Həmin gün o, Arifəni döyməmişdir. İfadəsinin sonunda özünü qismən təqsirli bilərək həmin əməlindən səmimi peşman olmasını, zərərçəkmişə vurduğu ziyanın tam olaraq ödənilməsini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində görsətmişdir ki, yuxarıda göstərilən ünvanda kirayədə yaşayır. 8 aydır ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində olmaqla həmin ünvanda birlikdə yaşamışlar. 01 iyul 2024-cü il tarixdə saat 15 radələrində evdə olarkən İsmayıl ona nə üçün anası Sevinclə telefonla danışdığını irad tutaraq mübahisə edib üz nahiyəsinə yumruqla vurub xəsarət yetirmiş və cərəyan yığan telefon şunuru ilə kürək nahiyəsinə, həmçinin sağ və sol ayaqlarına vuraraq əzab vermişdir. Bundan sonra 03 iyul 2024-cü il tarixdə də saat 02 radələrində evdə olarkən yenə də səbəbsiz olaraq mübahisə yaratmış və əynindəki kəməri çıxarıb kürək nahiyəsinə, sağ və sol ayaqlarına, baldırına, belinə, başına vuraraq xəsarətlər yetirmişdir. Daha sonra 05 iyul 2024-cü il tarixdə saat 14 radələrində yenə də yaşadıqları evdə olarkən İsmayıl onun mobil telefonuna nömrə aldığı üçün mübahisə yaradıb «Samsunq A12» markalı mobil telefonunu yerə vuraraq sındırmış və onu döyərək baş nahiyəsinə, boynuna arxadan yumruqla vurmuş, sol əlinin çeçələ barmağını qatlayaraq ağrı və xəsarət yetirmişdir. İsmayıldan qorxduğu üçün əvvəllər polisə şikayət etməmişdir. Lakin 05 iyul 2024-cü il tarixdə onu döydükdən sonra anası Sevinc onların yaşadığı evə gələrək onun döyülmüş vəziyyətdə olduğunu görüb DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra isə həmin gün özü Yasamal RPİ-nin 28-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun «Samsunq A12» markalı mobil telefonunu yerə vuraraq sındırmışdır, həmin telefonu 6 ay əvvəl 500 manata almışdır ki, həmin məbləğdə ona maddi ziyan vurmuşdur. İsmayıl onu yaşadıqları evdə döydüyündən hadisəni heç kim görməmişdir. Yalnız 05 iyulda İsmayıl onu döydükdən sonra anası Sevinc Gülməmədova onların yaşadığı evə gəldikdə ona bu barədə demişdir. İfadəsinin sonunda bildirmişdir ki, baxmayaraq ki, təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan tamamilə ödənilmişdir, hazırda həmin şəxsdən şikayətçidir, bir müddət əvvəl vermiş olduğu barışıq ərizəsinin geri götürür və təqsirləndirilən şəxs barəsinidə qanuni qərar qəbul edilməsin xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. O, bir neçə müddətdir ki, Təqsirləndirilən şəxs ilə qeyrirəsmi ər-arvad münasibətində olmaqla ünvan 3 ünvanda birlikdə kirayədə yaşamışlar. 05 iyul 2024-cü il tarixdə saat 14 radələrində qızının yaşadığı həmin ünvana getmişdir. Evə daxil olduqda qızı Arifənin döyülmüş vəziyyətdə olduğunu görmüşdür. Bunun səbəbini soruşduqda Arifə bildirmişdir ki, qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs onu hər gün döyüb əzab verir. Həmçinin həmin gün də o, gəlməmişdən az əvvəl Arifəni döymüş və əlinin çeçələ barmağını qatlayaraq ağrı və xəsarət yetirmişdir. Ona görə də o, DİN-nin 102 xidmətinə məlumat vermiş və həmin gün Yasamal RPİ-nin 28-ci PŞ-nə dəvət edilmişlər. Orada Arifə şikayət ərizəsi yazmış və hər ikisinin izahatı alınmışdır. Təqsirləndirilən şəxs qızı Arifəni hər gün döyüb əzab verməsinin səbəbini bilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması barədə” 7 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 1-2). “Baxış keçirilməsi haqqında” 8 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanıdır. (İ/V. 10-15). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 706 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- burun, sol bud, döş qəfəsi, sağ və sol diz oynağı, sağ sağrı nahiyələrinin qançırları, sağ said nahiyəsinin sıyrığı, sağ və sol bud, sağ baldır nahiyələrinin hematomaları (yumşaq toxumaların arasına qan yığılması), sağ əlin V barmağının şişkinliyi və qançırı halında əzilməsi küt əşyanın (əşaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan şəraitdə əmələ gələ bilərdi, bu xəsarətlərdən sol bud, döş qəfəsi, sağ və sol diz oynağı, sağ sağrı nahiyələrinin qançırlarının törənmə müddətləri xx.xx.2024-cü il tarixə, sağ və sol bud, sağ baldır nahiyələrinin hematomaları (yumşaq toxumaların arasına qan yığılması) xx.xx.2024-cü il tarixə, sağ əlin V barmağının şişkinliyi və qançırı halında əzilməsi və sağ said nahiyəsinin sıyrığı xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ və sol bud, sağ baldır nahiyələrinin hematomaları (yumşaq toxumaların arasına qan yığılması) həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, burun, sol bud, döş qəfəsi, sağ və sol diz oynağı, sağ sağrı nahiyələrinin qançırları, sağ said nahiyəsinin sıyrığı, sağ əlin V barmağının şişkinliyi və qançırı halında əzilməsi isə həm ayrı- ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlərin cərəyan yığan kabel və kəmərlə törənməsi inkar olunmur.(İ/V.67-69). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 4 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (İ/V. 230). “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 104). “Sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 706 saylı rəyi sübut kimi tanınmışdır. (İ/V. 56-70). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ/V. 58). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən X3 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsində bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmişə vurduğu zərəri tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər.Məhkəmə hesab edir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 666/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Mərkəz” Vəkil Bürosunun vəkili tərəfindən həyata keçirilməklə, 40 (iyirmi) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar