Məhkəmə qərarları › İş №1(004)-14/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-14/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-14/2025 27.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilməsinə dair cinayət işi üzrə hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı Sumqayıt şəhəri, 46-cı məhəllə olan, təsisçisi Şahid2, 25 noyabr 2023-cü il tarixli qərara əsasən cinayət prosesində nümayəndəsi Nümayəndə1, əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarət, əvvəllər barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilməmiş, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmayan; Təqsirləndirilən şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələri cinayət-hüquqi tədbirlərin tətbiq edilməsina dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs MMC-nin fəaliyyətinə rəhbərlik edən, xx xxxxxx 1984-cü il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Təqsirləndirilən şəxs MMC-nin fəaliyyətinə rəhbərlik edən, əvvəllər məhkum olunmuş, Yevlax rayonu, Qoyunbinəsi kəndində daimi qeydiyyatda olmaqla yaşayan Nümayəndə1 vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə tamah niyyətilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Belə ki, o, 26 noyabr 2019-cu il tarixli qərarla cinayətdən xəbərsiz olan X6 tərəfindən təsis edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış və həmin Xidmətin 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan, 19 noyabr 2021-ci il tarixdən təsisçisi cinayətdən xəbərsiz olan tanışı Şahid2, hüquqi ünvanı Sumqayıt şəhəri, 46-cı məhəllə olan Təqsirləndirilən şəxs MMC-yə (VÖEN: **********) cinayətdən xəbərsiz olan tanışı Şahid2 tərəfindən təsdiq edilmiş cəmiyyət üzrə bütün səlahiyyətlərin etibar edilməsinə dair 05 iyun 2022-ci il tarixli etibarnaməyə əsasən rəsmi rəhbərliyi həyata keçirməklə həmin Cəmiyyətin 26 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təsdiq edilmiş nizamnaməsinə əsasən direktoruna məxsus, Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər təşkilati-sərəncamverici səlahiyyətləri öz üzərinə götürməklə icra edən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və fəaliyyətinə rəsmi rəhbərlik etdiyi Təqsirləndirilən şəxs MMC üçün qanunsuz üstünlük, yəni qanunsuz gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edib Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İnzibati Bina və Qurğulara Qulluqetmə Xidməti tərəfindən elan edilmiş və satınalma predmeti 176 nömrəli hərbi şəhərciyində yerləşən binalarda görüləcək cari təmir işlərinin satınalınması olan 44195 nömrəli elektron açıq tender üsulu ilə keçirilən satınalma müsabiqəsində Təqsirləndirilən şəxs MMC-nin iştirakını təmin etmək və qazanc əldə etməkdə ifadə olunan tamah niyyətilə ilə 04 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsində yaşadığı fərdi yaşayış evində noutbuk tipli kompüter texnikasında olan qrafik proqram təminatından istifadə edərək istintaqla müəyyən edilməyən mənbədən əldə etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən AVİS üzərindən verilmiş hüquqi əhəmiyyətə malik olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.5-ci maddəsinə əsasən malgöndərənin Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasını müəyyən etməklə satınalmada iştirakını şərtləndirən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəhbər vəzifəli şəxsinin adı əks olunmuş rəsmi sənəd hesab edilən “Dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün arayışın təqdim edilməsi haqqında” elektron məktubun rəqəmsal nüsxəsinin məzmununa “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İnzibati Bina və Qurğulara Qulluqetmə Xidmətinin elan etdiyi dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün vergi öhdəliklərinin və vəzifələrinin yerinə yetirilməməsinin mövcud olub-olmaması haqqında arayışın verilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********717472 nömrəli) aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixə (bundan sonra - cari tarixə) dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur. Eyni zamanda bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yoxdur. Cari tarixə cəmiyyətin icbari tibbi sığorta üzrə ödənilməmiş borcu yoxdur. Əlavə olaraq bildiririk ki, cəmiyyətin fəaliyyətində vergi öhdəliklərinin yerinə yetirilməməsi İlə bağlı aşağıdakı risk aşkar edilmişdir: 1. Cəmiyyətin əsas vəsaitlərə malik olmadığı müəyyən edilmişdir. Qeyd: Arayış dövlət satınalma müsabiqələrində tender və kotirovka sorğusu üzrə komissiyaya təqdim olunmaq üçün verilir.” yazılarını daxil edib, habelə həmin sənədə aidiyyəti olmayan, “e-taxes.gov.az” keçid linkindən əldə edilmiş məlumatların, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəhbər vəzifəli şəxsinin adı əks olunmuş rəsmi sənəd hesab edilən “Dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün arayışın təqdim edilməsi haqqında” 20 may 2022-ci il tarixli elektron məktubun Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 26 may 2022-ci il tarixdə dairəvi möhür və imzası ilə təsdiq edilməklə 1S-1438 nömrəsi ilə reyestrdə qeyd edilmiş **********438 nömrəli hüquqi əhəmiyyətə malik olan notarial təsdiq sənədinin rəqəmsal nüsxəsinin məzmunundakı “xx.xx.2022” rəqəmlərini “xx.xx.2022” rəqəmləri ilə, reyestr qrafasındakı “1S-1438” nömrəsini “1S-1522” nömrəsi ilə, çap tarixi qrafasındakı “xx.xx.2022” rəqəmlərini “xx.xx.2022” rəqəmləri ilə dəyişdirib həmin sənədləri bir elektron faylda birləşdirməklə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlayıb kompüterin yaddaşına köçürmüş, habelə eyni niyyətlə 04 iyul 2022-ci il tarixdə saxtalaşdırmaqla hazırladığı həmin rəsmi sənədin rəqəmsal nüsxəsini qeyd edilən mənzildə quraşdırılmış internet şəbəkəsinə çıxışı olan kompüterdən istifadə edərək Təqsirləndirilən şəxs MMC-yə məxsus “Asan İmza” gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi informasiya resursu olan “www.etender.gov.az” internet saytına daxil olaraq qeyd edilən informasiya resursuna bilə-bilə yalan məlumatları, yəni saxtalaşdırmaqla qanunsuz hazırladığı, guya “E-taxes.gov.az” keçid linkindən əldə edilmiş və Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş “Dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün arayışın təqdim edilməsi haqqında” elektron məktubun rəqəmsal nüsxəsini tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üzrə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə tamah niyyətilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Bununla da, Nümayəndə1 05 iyun 2022-ci il tarixli etibarnamə əsasında Təqsirləndirilən şəxs MMC üzrə bütün səlahiyyətləri öz üzərinə götürməklə icra edən maddi məsul vəzifəli şəxs kimi rəsmi rəhbərlik etdiyi hüquqi şəxs - “AZƏRENERJİ TƏCHİZAT" MMC üçün qanunsuz üstünlük əldə etməsi, cəmiyyətin maraqlarının qorunması, yəni həmin hüquqi şəxslərinin qanunsuz mənfəət əldə etməsi üçün qeyd olunan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilməsinə dair cinayət işi üzrə hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, tender zamanı Təqsirləndirilən şəxs MMC-nin borcunun olub-olmaması barədə arayışın tarixini dəyişdirmişdi. Yalnız tarixi dəyişmişdir. Çünki Vergi orqanında sistem işləmirdi. Ona lazım olan sənədi vaxtında verə bilmədilər. Sənədin tarixini dəyişməklə tenderdə iştirak etmək imkanı qazanırdı. Ona görə qanuni yolla iştirak edə bilmədi ki, sistem işləmirdi. Onlar isə tenderə gecikirdi. Nəticə olmadı. Aparıb verə bilmədi sənədləri. Xeyr, tarix dəyişməyin ciddi hüquqi nəticələrindən o qədər də dərin məlumatlı deyildi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur. Açıq şəkildə hər kəsə bəllidir ki, bu X3 İnternet Portalında şəxs öz adından təqdim etdiyi bütün sənədlərin həqiqiliyinə və doğruluğuna görə cavabdehlik daşıyır və hər hansı bir sənəd üzərində dəyişiklik edilərək daxil edilməsi saxtalaşdırmadır, bu da ittiham aktında qeyd edildiyi kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək törədildiyi üçün şəxs barəsində müvafiq maddələrlə cinayət işi başlanılmışdır. Hal-hazırda istintaq zamanı verdiyi ifadəyə hər hansı bir əlavəsi yoxdur, sual olduqda da cavab verər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisənin üstündən çox keçib deyə tam yadımda deyil. Bəli, istintaqda düz ifadə vermişdir, həmin ifadəni təsdiq edir. Onlar guya işə düzələcəkdi, Arzuman onu işə düzəldəcəkdi. Xeyr, işə düzəltmədi, ortaya başqa şeylər çıxdı, VÖEN-lə bağlı. Xeyr, bunun müqabilində pul verməmişdi, sadəcə tanış idilər. Bəli, sonra bildi ki, Korrupsiya İdarəsində o qanunsuz hərəkətlər edib. Ona səlahiyyətlər verməsi ilə bağlı anlayışı yoxdur. Bəli, Arzumana etibarnamə vermişdir. Xeyr, birgə təsərrüfata başlamaqla bağlı heç bir şeydən xəbəri yoxdur, ona deyib sadəcə gəlib imza çəkmişdir. Arzumanı hadisə ilə bağlı olan gündən tanıyır. Ona vədlər vermişdi deyə sənədə imza çəkdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Nümayəndə1 onu aldadıb, şirkət açmaqla bağlı. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, əvvəllər onunla 5 saylı cəzaçəkmə müəssisəsində olmuşdurlar. Onu aldadıb ona sənəd imzalatdırıblar, 1-2 ay sonra şirkəti adına keçirəcəyi vədi ilə onu aldadıb, vəd verib ki, qanunsuz nə isə olsa, özü boynuna alacaq. Deyib ki, onun adını yazacaq, ayda 450 manat pul verəcək. Özü narkotikə görə cəza çəkmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, geniş formada qəbul edələ bilər. Şəxsiyyət vəsiqəni verərkən adına şirkət açacağını bilirdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, keçirilən elektron müsabiqələrlə əlaqədar satınalan təşkilatlar satınalma prosedurunun yekununa dair tender komissiyasının protokolunu işlədiyi şöbəyə təqdim etdikdə tərəfindən həmin satınalma üzrə tender və ya kotirovka təklifi vermiş müəssisələrin təqdim etdikləri sənədlər yoxlanılır. Eyni qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inzibati Bina və Qurğulara Qulluqetmə Xidməti tərəfindən elan edilmiş və satınalma predmeti 176 nömrəli hərbi şəhərciyində yerləşən binalarda görüləcək cari təmir işlərinin satınalınması olan 44195 nömrəli elektron açıq tender üsulu ilə keçirilən satınalma müsabiqəsində iştirak edən mal göndərənlərin sənədləri təhlil edilərkən Təqsirləndirilən şəxs MMC tərəfindən etender.gov.az informasiya resursuna 04 iyul 2022ci il tarixdə daxil edilmiş Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən verilmiş “Dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün arayışın təqdim edilməsi haqqında” elektron məktubun həqiqiliyi şübhə doğurmuşdur. Belə ki, həmin sənədə əlavə edilmiş notarial təsdiq sənədinin barkod hissəsindəki nömrəsi ilə reyestr nömrələri arasında uyğunsuzluq olmuşdur. Yəni reyestr nömrəsi ilə barkod hissədəki nömrənin son dörd rəqəmləri eyni olmalı olduğu halda, həmin sənədin reyestr nömrəsi “1S-1522”, barkod hissəsindəki nömrə isə **********438 olmuşdur. Yuxarıda sadalananlara əsasən qeyd edilən sənədin həqiqiliyi onun tərəfindən araşdırılmış, Azərbaycan Sumqayıt şəhər 1 saylı notariat ofisinə sorğu verilmiş və 08 avqust 2022-ci il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, qeyd edilən arayış “1521” reyestr nömrəsi ilə təsdiq edilməmiş, həmin reyestr nömrəsi ilə digər notariat hərəkəti təsdiq edilmişdir. Təqsirləndirilən şəxs MMC-nin dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün arayışın təqdim edilməsi haqqında arayış isə 1522 saylı reyestr ilə deyil, “1438” saylı reyestrlə 26 may 2022-ci il tarixdə təsdiq edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, həmin arayış və notarial təsdiq sənədi Təqsirləndirilən şəxs MMC-nin vəzifəli şəxsləri tərəfindən saxtalaşdırılaraq hazırlanmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi informasiya resursu olan “etender.gov.az” saytının müvafiq alt bölməsinə yüklənmişdir. Bununla əlaqədar qeyd edilən materiallar araşdırılması üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli, AİBNDX- 11/01-5/40528 nömrəli məktuba əlavə edilmiş saxtalaşdırılmaqla hazırlanmış və guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən X1 Sistemi üzərindən verilmiş “Dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün arayışın təqdim edilməsi haqqında” elektron məktubdan görünür ki, məktubun məzmununa “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İnzibati Bina və Qurğulara Qulluqetmə Xidmətinin elan etdiyi dövlət satınalma müsabiqələrində (tenderlərdə) İştirak üçün vergi öhdəliklərinin və vəzifələrinin yerinə yetirilməməsinin mövcud olub-olmaması haqqında arayışın verilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətiə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********717472 nömrəli) aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixə (bundan sonra - cari tarixə) dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur. Eyni zamanda şəxsi hesab vərəqəsinə əsasən cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yoxdur. Cari tarixə cəmiyyətin icbari tibbi sığorta üzrə ödənilməmiş borcu yoxdur. Əlavə olaraq cəmiyyətin fəaliyyətində vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı aşağıdakı risk aşkar edilmişdir 1. Cəmiyyətin əsas vəsaitlərə malik olmadığı müəyyən edilmişdir. Qeyd: Arayış dövlət satınalma müsabiqələrində tender və kotirovka sorğusu üzrə komissiyaya təqdim olunmaq üçün verilir” yazıları daxil edilmişdir. Həmin məktubun üzərində Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəhbər vəzifəli şəxsinin adı əks olunmuşdur. Guya “E-taxes.gov.az” keçid linkindən əldə edilmiş məlumatların, yəni həmin məktubun Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 14 iyun 2022-ci il tarixdə dairəvi möhür və imzası ilə təsdiq edilməklə 1S-1522 nömrəsi ilə reyestrdə qeyd edilmiş **********438 nömrəli notarial təsdiq sənədinin rəqəmsal nüsxəsi ilə bir elektron faylda birləşdirilmişdir. Qeyd edilən notarial təsdiq sənədinin üzərindəki QR kod vasitəsilə “notariat.az” saytına daxil olduqda həmin sənədin “Dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün arayışın təqdim edilməsi haqqında” 20 may 2022-ci il tarixli elektron məktubun Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 26 may 2022-ci il tarixdə təsdiq edilməklə 1S-1438 nömrəsi ilə reyestrdə qeyd edilməsinə dair **********438 nömrəli olması müəyyən edilir. Sumqayıt şəhər 1 saylı notariat ofisindən daxil olmuş 22 fevral 2023-cü il tarixli, 174 nömrəli məktuba əlavə edilmiş 1438 reyestr nömrəli notariat hərəkətinə dair çıxarışdan görünür ki, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X4 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 20 may 2022-ci il tarixli Təqsirləndirilən şəxs MMCnin Dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün arayışın təqdim edilməsi haqqında elektron məktubunun surətini 26 may 2022-ci il tarixdə təsdiq etmişdir. Həmin çıxarışın arxa səhifəsindəki təsdiq sənədinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:27-də “e-taxes.gov.az” keçid linkindən əldə edilmiş məlumat və sənədin surətinin düzgünlüyü təsdiq edilmiş, reyestrdə 1S-1438 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Həmin sənədin barkod hissəsindəki nömrəsi **********438 qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş 1522 reyestr nömrəli notariat hərəkətinə dair çıxarışdan görünür ki, həmin reyestr nömrəsi Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2022-ci il tarixdə X5 müraciəti əsasında Sumqayıt şəhər 10 nömrəli Peşə Liseyinin attestatının kağız surətinin təsdiq edilməsinə dair notarial hərəkətə aiddir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 07 mart 2023-cü il tarixli, **********143700 nömrəli məktuba əlavə edilmiş 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısında olan Təqsirləndirilən şəxs MMC-nin qeydiyyat sənədləri, habelə nizamnaməsindən görünür ki, həmin Cəmiyyət X6 tərəfindən 26 noyabr 2019-cu il tarixdə təsis edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. Hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. 19 noyabr 2021-ci il tarixdə təsisçisi kimi Şahid2 qeydiyyata alınmışdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, 46-cı məhəllə ünvandadır. “Sübutların qiymətləndirilməsi haqqında” 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli, AİBNDX-11/01-5/40528 nömrəli məktuba əlavə edilmiş guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən AVİS üzərindən verilmiş elektron məktub və saxtalaşdırılmaqla hazırlanmış 14 iyun 2022-ci il tarixli, 1S-1522 reyestr nömrəli, **********438 nömrəli notarial təsdiq sənədi, Sumqayıt şəhər 1 saylı notariat ofisindən daxil olmuş 22 fevral 2023-cü il tarixli, 174 nömrəli məktuba əlavə edilmiş 1438 və 1522 reyestr nömrəli notariat hərəkətinə dair çıxarışların maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. “İş üzrə icraata hissəvi xitam verilməsi haqqında” 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Nümayəndə1 törətmiş olduğu vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saqxtakarlığı və rəsmi sənədləri saxtalaşdırma cinayət əməllərinə aid hissədə şəraitin dəyişməsini nəzərə alaraq onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 74-cü və Azərbaycan Respublikası CPM-in 40.2-ci maddələrinə əsasən xitam verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 5(001)- 2532/2023 saylı qərarından görünür ki, "xxxx" MMC barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həmin hüquqi şəxsin ləğv edilməsinə qadağa qoyulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli, 3-13-16/2-174542 saylı məktubdan görünür ki, AR DİN Baş X13 İdarəsi Qeydiyyat-imtahan idarəsinin komputer uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs MMC-nin adına hər hansı nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi Dairəsi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs MMC-nin qeydiyyata alınmış daşınmaz əmlakı aşkar edilməmişdir. "xxxx" ASC tərəfindən verilmiş 29 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs MMC-nin adına ********** saylı VÖEN ilə AZ08TURA**********0500100944 saylı bank hesabı üzrə qalıq məbləğ 0 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cinayət-hüquqi xarakterli tədbirlandırılır. 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının Təqsirləndirilən şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələri ilə verilmiş ittiham üzrə qismən imtina etdiyini bildirib, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs MMC barəsində hüquqi məsuliyyət tədbirinin tətbiq edilməməsi barədə təklifini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs MMC barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələri ilə verilmiş ittihamnan Azərbaycan Respublikası CM-nin 313 və 320.1-ci maddələri xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsinə əsasən hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir: 99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 99-4.5-ci maddəsinə əsasən hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 137, 144, 144-1, 144-2, 144-3, 167–169, 169-1, 170–171-2, 192-2, 193-1, 194, 200-1, 200-2, 206.2-206.4, 206-1, 214–220, 233, 234, 237, 240, 242-244-1, 259-261, 271– 284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin və zərərçəkmiş tərəfin nümayəndəsinin və şahidlərin ifadələrinin, iş materiallarında olan sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, hüquqi şəxsin xeyrinə və ya onun maraqları naminə cinayətin törədilməsi və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, törədilmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məlumdur ki, qanunverici hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq edilə bilməsini istisnasız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində göstərilən fiziki şəxslərin törətdiyi cinayətlərlə əlaqələndirmişdir. Həmin maddənin tələblərinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər onun xeyrinə və ya maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - yuxarıda göstərilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Hüquqi şəxslərin cinayət məsuliyyətinin mühüm əlaməti cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqları naminə törədilməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsinin mahiyyətinə uyğun olaraq, hüquqi şəxsin rəhbərinin qərarı hüquqi şəxsin qərarı kimi dəyərləndirilməli, çünki bu qərar sadəcə hüquqi şəxsin adından deyil, həm də onun xeyrinə və ya maraqları naminə qəbul edilmişdir. Əgər cinayət hüquqi şəxsin maraqları üçün törədilməyibsə, bu, hüquqi şəxsin deyil, məhz fiziki şəxsin törətdiyi cinayət kimi qəbul olunmalı və buna görə yalnız o, cinayət məsuliyyətinə cəlb oluna bilər. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiqi siyahısı Cinayət Məcəlləsinin Ümumi hissəsində verilmiş cinayətlərin törədilməsi halında mümkündür. Beləliklə, yalnız aşağıdakı şərtlərin mövcud olduğu halda hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirin tətbiq edilməsi mümkün hesab edilə bilər: - cinayət əməli Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlər üzrə törədildikdə; - cinayət əməli Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən törədildikdə; - cinayət əməli hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədildikdə. Hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-6.4-cü maddəsinin imperativ tələbi nəzərə alınmaqla hüquqi şəxsin əmlakının müəyyən edilməsi istiqamətində məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə, hüquqi şəxsin hesabının olduğu banka (Turan Bankına) müvafiq sorğular göndərilmiş, aidiyyəti orqan və qurumlar tərəfindən verilmiş cavab məktubları ilə hüquqi şəxs Təqsirləndirilən şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlakın, bankda olan hesabında isə ümumiyyətlə vəsaitin olmaması müəyyən edilmişdir. Məlumdur ki, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla ilk dəfə cinayət törətmiş hüquqi şəxs barəsində həmin cinayətin törədilməsinə görə qanunla tətbiq edilməsi mümkün olan əsas cinayət – hüquqi xarakterli tədbir 75.000 manatdan 100.000 manatadək məbləğdə cərimədir. Lakin nəzərə alınmalıdır ki, AR CM-nin 99-6.4-cü maddəsinin tələbinə əsasən hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz. Qanunvericiliyə əsasən hüquqi şəxsə tətbiq edilməsi mümkün olan iki növ əsas cinayət-hüquqi xarakterli tədbir mövcuddur: 1. Cərimə; 2. Hüquqi şəxsi ləğv etmə. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-8.2-ci maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsində hüquqi şəxslərə tətbiq edilən cinayəthüquqi tədbirlər hüquqi şəxsin fəaliyyətini sonlandırmaq deyil, onların fəaliyyətinin qanuna uyğun həyata keçirilməsini təmin etmək, həmin və digər hüquqi şəxsləri hüquq pozuntularından çəkindirmək və yeni pozuntuların qarşısını almaq məqsədini daşıyır. Məhz məsuliyyətə cəlb olunan hüquqi şəxsin iqtisadi stabilliyi baxımından Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsində müəyyən edilmişdir ki, cərimə hüquqi şəxsin əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz və bu hal hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti və s. ilə birlikdə cərimə təyin olunarkən nəzərə alınmalıdır. Qanunun göstərilən tələblərindən irəli gələrək, məhkəmələr cərimə növündə cinayəthüquqi tədbirin tətbiq edilməsi qənaətinə gələrkən bir sıra halları, o cümlədən məhkəmə aktının icrasına təsir edəcək halları (məsələn, hüquqi şəxsin maliyyə vəziyyətini və s.) mütləq müəyyən etməlidir. Bu qaydalara riayət edilməməsi cərimə cinayət-hüquqi tədbirini onu ödəyə bilmək qabiliyyətində olmayan hüquqi şəxsin iqtisadi fəaliyyətini sarsıdan mexanizmə çevrilə bilər. Cinayət məsuliyyətinə cəlb olunmuş hüquqi şəxsin maliyyəiqtisadi vəziyyəti ilə uyğunlaşmayan və realizəsi mümkün olmayan cinayət-hüquqi tədbirin tətbiqi barədə məhkəmə aktı isə sonda Konstitusiyanın 129-cu maddəsinin İ hissəsinin pozulmasına səbəb olmaqla yanaşı Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olunmasını da mümkünsüz edir. O da nəzərə alınmalıdır ki, hazırkı müraciətə səbəb olan işdə olduğu kimi bəzi hallarda hüquqi şəxs barəsində tətbiq oluna biləcək yeganə cinayət-hüquqi tədbir olaraq cərimə çıxış edir. Lakin cinayət-hüquqi məsuliyyətə cəlb edilmiş hüquqi şəxsin hər hansı əmlakı olmadığından, cərimənin tətbiqi barədə məhkəmə qərarının icrası aşkar şəkildə mümkünsüz olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərarında göstərilən mövqeləri və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Nümayəndə1 faktiki rəhbəri olduğu hüquqi şəxs Təqsirləndirilən şəxs Məhdud Məsuliyyətli Cəmiyyət üçün tərəfindən törədilmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində nəzərdə tutulmuş 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət olmaqla hüquqi şəxsin xeyrinə cinayət əməlinin törədilməsi mötəbər sübutlarla öz təsdiqini tapsa da, məhkəmə istintaqı zamanı verilmiş sorğular əsasında hüquqi şəxsin heç bir əmlakının olmaması, hüquqi şəxsə tətbiq edilən cərimənin onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməməsinin müəyyən edildiyindən, qanunverici tərəfindən əmlakı olmayan hüquqi şəxsə cinayəthüquqi xarakterli tədbirlərin hansı növünün və hansı qaydada tətbiq edilməli olmasının tənzimlənmədiyini, qanundakı boşluqların hüquqi şəxsin ziyanına şərh olunmasının qanuni və əsaslı olmadığını nəzərə alaraq hazırki halda əmlakı olmayan hüquqi şəxs barəsində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsinin mümkünsüz olması və bunun üçün hər hansı qanuni əsasın olmaması qənaətinə gəlir. Belə olduğu halda Təqsirləndirilən şəxs MMC-nin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 487-4.0-cı maddəsinə hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı aşağıdakı hallar müəyyən edilməlidir: 487-4.0.1. cinayətin hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və ya onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, yaxud həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilməsini təsdiq edən hallar; 487-4.0.2. cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsini təsdiq edən hallar; 487-4.0.3 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsini zəruri edən hallar; 487-4.0.4 bu Məcəllənin və cinayət qanununun normalarına əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar. Həmin Məcəllənin 487-6.3-cü maddəsinə əsasən aşağıdakı hallarda hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir: 487-6.3.3 bu Məcəllənin 487-4.0.4-cü maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə. Belə ki, Azərbaycan Respublikası CPM-in 487-7.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.1-99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 487-7.5-ci maddəsinə əsasən məhkəmə toplanmış sübutları tədqiq edərək bu Məcəllənin 487-6.3-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, məhkəmə hüquqi şəxs barəsində əsas cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinin mümkün olmamasını nəzərə alaraq əsas cinayət-hüquqi xarakterli tədbir olmadan onun barəsində əlavə cinayət-hüquqi xarakterli tədbirlərin də tətbiq edilməsinin mümkünsüz olduğunu vurğulayır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində ilk dəfə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparıldığını, onun barəsində əsas cinayət-hüquqi xarakterli tədbir olan cərimənin tətbiq edilməsinin hüquqi şəxsin heç bir əmlakının olmaması səbəbindən mümkünsüz olduğunu, hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi xarakterli tədbirin isə tətbiq edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmadığını, hüquqi şəxsə cərimə növündə cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinin hazırki halda mümkünsüz olmasının onun ziyanına şərh olunmaqla hüquqi şəxsin ümumiyyətlə mövcudluğuna son qoyulması və bununla da onun barəsində daha ağır cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi üçün əsas olmamasını, qanunvericilikdə hüquqi şəxs barəsində tətbiq olunması mümkün olan başqa əsas cinayət-hüquqi xarakterli tədbirlərin nəzərdə tutulmadığını, əlavə cinayət-hüquqi xarakterli tədbirlərin isə əsas cinayət-hüquqi xarakterli tədbir olmadan tətbiq olunmasının mümkün olmadığını nəzərə alaraq hazırki vəziyyətdə hüquqi şəxs Təqsirləndirilən şəxs MMC barəsində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsinin qanuni əsasının olmaması qənaətinə gəlməklə onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs barəsində cinayəthüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsinin tələbləri və Təqsirləndirilən şəxs əmlakının olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində cinayət-hüquqi xarakterli tədbir tətbiq edilməməli, iş üzrə maddi sübut – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli, AİBNDX-11/01-5/40528 nömrəli məktuba əlavə edilmiş guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən AVİS üzərindən verilmiş elektron məktub və saxtalaşdırılmaqla hazırlanmış 14 iyun 2022-ci il tarixli, 1S-1522 reyestr nömrəli, **********438 nömrəli notarial təsdiq sənədi, Sumqayıt şəhər 1 saylı notariat ofisindən daxil olmuş 22 fevral 2023-cü il tarixli, 174 nömrəli məktuba əlavə edilmiş 1438 və 1522 reyestr nömrəli notariat hərəkətinə dair çıxarışlar cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs MMC barəsində tətbiq edilmiş hüquqi şəxsin təsisçilərin (iştirakçıların) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulmasına dair təmin tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 487-7.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsinin tələbləri və Təqsirləndirilən şəxs əmlakının olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində cinayət-hüquqi xarakterli tədbir tətbiq edilməsin. Təqsirləndirilən şəxs MMC barəsində tətbiq edilmiş hüquqi şəxsin təsisçilərin (iştirakçıların) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulmasına dair təmin tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli, AİBNDX-11/01-5/40528 nömrəli məktuba əlavə edilmiş guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən AVİS üzərindən verilmiş elektron məktub və saxtalaşdırılmaqla hazırlanmış 14 iyun 2022-ci il tarixli, 1S-1522 reyestr nömrəli, **********438 nömrəli notarial təsdiq sənədi, Sumqayıt şəhər 1 saylı notariat ofisindən daxil olmuş 22 fevral 2023-cü il tarixli, 174 nömrəli məktuba əlavə edilmiş 1438 və 1522 reyestr nömrəli notariat hərəkətinə dair çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına maraqlarını təmsil etmiş “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi 900 (doqquz yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar