Məhkəmə qərarları › İş №1(004)-140/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-140/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-140/2021 05.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittihamçı X5 nümayəndəsi və vəkili X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 və müdafiəçi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X6 Azərbaycan Respublikası CM-nin 147.1, 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onu həmin maddlər ilə təqsirli bilinib, maddələrin sanksiyası çərçivəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2008-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində X13 ilə X14 arasında nikah rəsmiləşdirilmişdir. Birgə nikahdan xx xxxx 2009-cu il tarixdə qızları X17, xx xxxxxxxx 2013-cü il tarixdə X18 və xx xxxxxx 2015ci il tarixdə X15 doğulmuşdur. Aysel Hacıyeva uşaqlara heç bir qayğı göstərməməsinə və valideynlərinin ailənin işlərinə müdaxilə etməsinə görə ailə münasibətləri pisləşmişdir. Halhazırda Nizami Rayon Məhkəməsində Aysel Hacıyevanın ona qarşı nikahın pozulması, nikahın pozulmasından sonra xx xxxx 2009-cu il təvəllüdlü qızları X8, xx xxxxxxxx 2013-cü il təvəlldülü X9 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 yanında qalmaları və aliment tələbinə dair ilk iddiası, onun isə Aysel Hacıyevaya qarşı nikahın pozulmasından sonra xx xxxx 2009-cu il təvəllüdlü qızalrı X8, xx xxxxxxxx 2013-cü il təvəlldülü X9 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 yanında qalmaları barədə iddia qaldırılmışdır. X2 ifadə edilə bilməyən əxlaqa zidd ifadələri mütəmadi işlədərək uşağın telefonundan X5 anasına nalayiq sözlərlə ifadə olunan mesajlar və səs yazıları göndərir. Hazırda isə uşaqlara “atanız narkomandır” kimi qanunsuz və əsassız ifadələr işlədir. Bu hərəkətlər onun uşaqlarının psixoloji durumunu gərginləşdirib, tərbiyələrini pozur. Artıq uşaqları onun işlətdiyi nalayiq ifadələri əzbərləmişlər. Bundan başqa Aysel Hacıyeva onun ətrafında olan qohum və tanışlarına da onun narkoman olmasını, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək guya onun üzərində soyuq silah, evdə odlu silah saxlaması, onu ölümlə hədələməsi, narkoloji müayinədən keçirilməsi barədə şər və böhtan xarakterli məlumat vermişdir. Bu xüsusatlar öz təsdiqini tapmaması barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin təhqiqatçısı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra isə Aysel Hacıyeva xx xxxxxx 2021-ci il tarixdə təkrarən DİN-nin 102 Xidmətinə zəng vuraraq Müdafiə Nazirliyinin qarşısında onun Aysel Hacıyevanı ölümlə hədələməsi barədə şər və böhtan xarakterli məlumat vermişdir. Bundan sonra Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək onun əxlaqsız həyat tərzi yaşamasını, onu ölümlə hədələməsi və narkoloji müayinədən keçirilməsi barədə şər və böhtan xarakterli məlumat vermişdir. Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin təhqiqatçısı X4 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə cinrayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Aysel Hacıyevanın şər və böhtan xarakterli iddia və ərizələri ilə bağlı o, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müyainədən keçimiş və onun heç bir narkotik vasitə istifadəçisi olmadığı müəyyənləşdirilmişdir. Aysel Hacıyeva hüquqşünas olmasına və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsində xidmət etməsinə baxmayaraq Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə məhəl qoymayaraq, onun şərəf və ləyaqətinə xələl gətirən, onu qanunsuz, əsassız şəkildə təhqir edərək, qeyri-insani formada ona böhtanlar ataraq, qərəzli şəkildə nüfuzdan salmış, illərlə zərrə-zərrə qazandığı və heç nə ilə müqayisə olunmayan və dəyişdirilməyən, ən yüksək və ali dəyərlərinə, mənəvi varlığına xələl gətirən hərəkətlər edərək, qohum və ətrafında olan tanışlarına X5 barəsində nalayiq ifadələr işlədilərək onun şərəfinə, ləyaqətinə, cəmiyyətdə olan nüfuzuna böhtan atılmış və haqqında son dərəcə qərəzli bir mövqe tutlaraq hətta bu cür yalan, böhtan və təhqirə görə cəzalana biləcəyindən belə çəkinməyərək, onu üzərimdə soyuq silah gəzdirməkdə, onu öldürməklə hədələməkdə ittiham etmişdir. Hesab edir ki, ona qarşı öz qərəzli hərəkətləri ilə qanuna və hüquqa zidd hərəkətlər edərək, onun şəxsiyyətini və ləyaqətini ən ağır formada, böhtan atmaqla cinayət törətməkdə ittiham etməklə, yüksək əxlaqi keyfiyyətlərə xələl gətirən rüsvayedici məlumatlar yaymaqla, bilə-bilə, açıqdan-açığa ona fiziki, psixi əzablar verərək və çox böyük mənəvi ziyan vurulmuşdur. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X5 nümayəndəsi və vəkili X10 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X6 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X14 xüsusi ittiham qaydasında verilmiş şikayətə etiraz edərək, bildirmişdir ki, hadisələr ailə münasibətləri zəminində baş vermiş, onun məqsədi X5 şərəf və ləyaqətini alçaltmaq olmamış, sadəcə uşaqlarının gələcək tərbiyəsi üçün Nurlan Əliyevin narkotik vasitə istifadəçisi olub-olmamasını dəqiqləşdirmək olmuşdur. O, X11 polisə şikayət etməsi barədə hər hansı kütləvi yerlərdə çıxış etməmişdir. O, hətta Nurlan Əliyevin dostlarının yanında belə onun narkotik vasitə istifadəçisi olmasından şübhələnməsi barədə heç bir söz işlətməmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Nizami X1 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dispozisiyasında böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə, 148-ci maddəsinin dispozisiyasında isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Plenumun qeyd olunan qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bununla yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1- 293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Xüsusi ittiham qaydasında şikayətdən görünür ki, şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 əməllərində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur. Belə ki, A.Hacıyeva tərəfindən təhqir və böhtan xarakterli məlumatların kütləvi çıxışlarda yayılmasını təsdiq edən hər hansı sənədlər və ya sübutlar əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinin tələblərinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Digər tərəfdən xüsusi ittiham qaydasında şikayətdə hadisənin törədildiyi yer haqqında məlumatlar natamamdır. Ona görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X14 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-140/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X12 ibtidai araşdırma zamanı göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 X14 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar