Məhkəmə qərarları › İş №1(004)-140/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-140/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-140/2025 27.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd oğlunın katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1953-cü ildə Abşeron rayonu Zeyvər kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri 2-ci Yasamal 12 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda Kubinka adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0.272 olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 16:50-da Yasamal rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindəki bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,272 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələri istifadə edir. Narkotik vasitələr və psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün alıb istifadə edir. Üzərində aşkar olunan narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün almış, həmin narkotik vasitəni daha sonra istifadə etmək üçün əynində olan tünd boz rəngli idman şalvarının sağ cibinə qoyub gündəlik işləri ilə məşğul olmuşdur. Həmin gün saat 16:50 radələrində ünvan 4 ünvanının qarşısında olarkən iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitələrin istifadəsində və daşnmasında şübhəli olduğunu bildirmiş, onu Yasamal RPİ-nə dəvət edib aparmışlar. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ- nə getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra bildirmişlər ki, üzərində hər hansı bir qeyri qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan tünd boz rəngli idman şalvarının sağ cibindən şəffaf rəngli sellofan torbaya bükülmüş narkotik vasitə heroini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları bükümün içərisində nə olduğunu və haradan əldə etdiyini ondan soruşduqda bildirmişdir ki, həmin bükümün içərisindəki narkotik vasitə olan heroindir və həmin heroini xx.xx.2024cü il tarixdə üzdən tanıdığı lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən 10 manat müqabilində satın almışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman, yaşlı və xəstə olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1953-cü il təvəllüdlü ünvan 5 ünvanda qeydiyyatda olan və yaşayan X3 narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal Yasamal RPİ-nin rəhbərliyinə NMB-nin rəisi tərəfindən məruzə edilmiş, həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı olaraq o, kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3 və Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik Şahid1 həvalə edilmişdir. Bundan sonra, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün qrup üzvləri ilə birlikdə polis idarəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat 16:50-də Yasamal rayonu, Vasif Əliyev küçəsi ev 12 ünvanın yaxınlığında əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsi saxlamışlar. Həmin şəxs sonradan şəxsiyyəti məlum olan X1 Faiq Fizuli oğlu ilə birlikdə söhbət edərkən onlara yaxınlaşıb özlərini təqdim etmiş və Nəcməddin Cabarovun qanunsuz olaraq narkotik vasitələrin saxlaması və istifadə etməsi barədə məlumatlarını olduğunu bildirərək digər şəxslərlə birlikdə bizimlə Yasamal RPİ-nə getmələrini təklif etmişlər. Nəcməddin Cabarov və digər şəxslər razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-nə gəlmişlər. Bundan sonra, Nəcməddin Cabarov və qeyrilərinin Yasamal RPİ-nə gətirilmələri barədə raportla idarə rəhbərliyinə məruzə edilmiş, rəhbərlik tərəfindən Nəcməddin Cabarovla bağlı zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı polis baş leytenantı Ariz Qədiməliyevə həvalə olunmuşdur, lakin o və qrup üzvü Şahid3 rəhbərlik tərəfindən başqa tədbirlərdə iştirak etmək tapşırığı verildiyindən Nəcməddin Cabarovun üzərinə keçiriləcək şəxsi axtarış və götürmədə iştirak edə bilməmişlər. Buna baxmayaraq sonradan qrup rəhbəri Şahid1 məlum olmuşdur ki, Nəcməddin Cabadovun üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid1 məhkəmə iclasında elan olunmuş ifadələrindən məlum olmuşdur ki, onlar da digər Şahid2 ifadəsindəki xüsusatları deyərək bir daha təsdiq etmişdirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması barədə” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 1). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə (saat 16:50 dəqiqədən) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 22). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin inzibati binasında saat 18:30 dəqiqədən 19:00 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf büküm aşkar edilərək götürülmüşdür. (İ/V.33- 34). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 20 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Yasamal RPİ-nin inzibati binasında saat 18:30 dəqiqədən 19:00 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf büküm aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1027 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün N 42” möhür əksi, “...X7 ...” və s. Soyadlar, imzalar olan zərfdə 01 ədəd bükümdə 0,272 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ/V. 39-43). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 73-74). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 234.1 -ci maddəsi ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmişdir. (İ/V. 82-84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 5896 rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranana asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin təsdiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 107-108). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 0,272 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,222 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilmə və götürmə” istintaq hərəkətinin aparılmasına dair videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD" diskə iş üzrə maddi sübut kimi qiymətləndirilmişdir. (İ/V. 118-126). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib özündə saxlaması, özünün ibtidai istintaq zamanı vermiş olduğu etifedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi, 1 ədəd DVD-R disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını bildirməsini, onun 72 yaşının olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,222 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-667/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri 2-ci Yasamal 12 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,222 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar