Məhkəmə qərarları › İş №1(004)-142/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-142/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-142/2021 01.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxx 1980-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla talama məqsədi olmadan avtomobili qanunsuz olaraq ələ keçirməklə qaçırmışdır. Belə ki, o, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) məqsədi ilə 07 sentyabr 2020-ci il tarixə keçən gecə saat 01:00 radələrində ünvan 2 ünvanında «xxxx» bank olmayan kredit təşkilatı MMC-yə məxsus olan və 30 yanvar 2020ci il tarixli maliyyə-lizinq müqaviləsinə əsasən Zərərçəkmiş şəxs1 icarə qaydasında müvəqqəti sahibliyinə verilmiş sonuncunun oğlu Şahid1 Lətif oğlunun etibarnamə əsasında idarə etdiyi «Chevrolet Cruze» minik markalı, ** PF *** qeydiyyat nişanlı avtomobilin açarını İ.Qəhrəmanovun məlumatı olmadan ondan xəbərsiz masanın üzərindən götürərək, həmin ünvanda olan evin qarşısında küçədə dayanmış həmin avtomobili hərəkətə gətirib sürərək idarə etməklə talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmış, bundan sonra isə həmin gün saat 02:30 radələrində avtomobili idarə edərək Ələt-Astara-İran yolunun Salyan rayonu ərazisindən keçən 87-ci kilometrliyinə qədər gedib orada idarəetməni itirərək aşırıb, yararsız vəziyyətə salmaqla zərərçəkmiş hüquqi şəxs «xxxx» bank olmayan kredit təşkilatı MMC-yə 8.611 manat, Zərərçəkmiş şəxs1 isə 7.050 manat dəyərində olmaqla cəmi 15.661 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, mütəmadi olaraq Nefçala rayonundan balıq alaraq onların Bakı şəhərində satışı ilə məşğuldur. Bakı şəhərində onun daimi yaşayış yeri olmadığı üçün ünvan 3 ünvanda yerləşən Sədaqət xanıma məxsus həyət evində kirayə qalmışdır. Sədaqət xanımın oğlu Baxışda həmin həyətdə yaşadığı üçün onların tanışlıq münasibətləri yaranmışdır. Eyni zamanda Baxışın qohumu İlkin adlı şəxs də bir neçə dəfə həmin ünvana gəlmiş, o da Baxışın vasitəsi ilə həmin şəxslə tanış olmuşdur. 06 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində İlkin idarə etdiyi **-PF-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" markalı avtomobillə Baxışgilə qonaq gəlmiş və onlar bir yerdə şam yeməyi yemişlər. Həmin vaxt İlkin onun Nefçala rayonundan balıq gətirmək istəyini bildiyindən onlar bu barədə bir qədər söhbət etmişlər. 07 sentyabr 2020-ci il tarixə keçən gecə, təxminən saat 01 radələrində o Baxış və İlkinlə birlikdə şam yeməyi yeyib söhbət etmişdır. Söhbət zamanı o İlkinə ona məxsus avtomobil ilə Neftçala rayona gedib orada balıq gətirib satmağı və əldə edəcəyi gəlirin bir hissəsini İlkinə verməyi təklif etmişdir. Onun bu təklifinə cavab olaraq İlkin Baxışın yanında idarə etdiyi avtomobilinin açarlarını ona verib həmin avtomobil ilə Neftçala rayonuna gedib oradan balıq gətirməsinə razılıq vermişdir. İlkinlə aralarında olan razılığa görə o həmin gün səhər Bakı şəhərinə qayıtmalı və avtomobili İlkinə təhvil verməli olmuşdur. Həmin gün təxminən saat 01 radələrində o, İlkinə məxsus "Chevrolet Cruze" markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Neftçala rayonuna tək yola düşmüşdür. Onun həmin avtomobili idarə etməsini Baxış da görmüşdür. Bundan sonra o, Bakı-Ələt-Astara avtomagistralı ilə avtomobili idarə edərək saat 02:30 radələrində təxminən yolun 87-ci kilometrliyində yolu səhv salması səbəbindən Neftçala rayonuna getmək məqsədilə Bakı şəhəri istiqamətinə geri dönüş etmişdir. Həmin vaxt o, yorğun və yuxulu olduğundan həmçinin hava qaranlıq olduğu üçün avtomobilin idarə edilməsini itirmiş və avtomobil yolun sağ tərəfinə çıxaraq aşmışdır. Bu zaman avtomobil yolun sağ kənarında olan su axıntısı üçün nəzərdə tutulmuş beton arxa düşmüşdür. Sonra o, çətinliklə də olsa avtomobildən düşmüş və avtomobilin yararsız vəziyyətə düşdüyünü görmüşdür. Bundan sonra o, avtomobildən aralanıb yolun kənarına çıxmış və yol ilə hərəkət edən markasını və qeydiyyat nişanını xatırlamadığı yük maşınını saxladaraq onun sürücüsündən onu avtomobili ilə Salyan dairəsinə kimi aparmasını xahiş etmişdir. Həmin maşının sürücüsü onu həmin Salyan dairəsi adlanan əraziyə aparmışdır. Həmin yerə çatdıqda o, avtomobildən düşərək digər xatırlamadığı və markasını bilmədiyi, həmçinin sürücüsünü tanımadığı avtomobillə Neftçala rayonu Bankə qəsəbəsində yerləşən evinə getmişdir. Təxminən saat 07 və ya 08 radələrində İlkin onun həmin evdə yaşayan qardaşı Telmanın istifadəsində olan ***-***-**- ** saylı nömrəyə zəng etmişdir. İlkinin zənginə o özü cavab vermiş, sonuncuya Ələt-Astara yolunda avtomobili aşıraraq zədələdiyini və dəymiş ziyanı qarşılayacağını bildirmişdir. Lakin sonradan maddi imkanı olmadığı üçün o, İlkinə dəymiş ziyanı ödəyə bilməmişdir. İlkin avtomobili idarə etmək üçün ona verərkən avtomobilin salonunda şüşəsi sınmış vəziyyətdə "SAMSUNG" markalı, modelini və rəngini xatırlamadığı mobil telefon olmuşdur. Lakin hadisədən sonra həmin mobil telefonun avtomobildə qalması və ya kənara düşməsi ona məlum deyildir. O, hadisədən əvvəl və ya sonra avtomobildən hər-hansı bir əşya götürməmişdir. Yekun olaraq o həmin avtomobilin açarlarının İlkinin ona verdiyini, lakin İlkinin avtomobilini yararsız vəziyyətə saldığı üçün peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin qərara əsasən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Respublika Narkoloji Mərkəzi”ndə 2019-cu ilin aprel-may aylarında stasionar müalicə almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Şahid1 Lətif oğlu onun oğludur. Oğlu Şahid1 heç yerdə işləmədiyi üçün o, öz adına lizinq yolu ilə avtomobil almaq istəmişdir ki, İlkin həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olsun. Bu məqsədlə o, 30 yanvar 2020-ci il tarixdə «xxxx» bank olmayan kredit təşkilatı MMC-yə müraciət etmiş və ilkin ödəniş kimi 4.300 manat pul ödəyərək «Chevrolet Cruze” minik markalı, ** PF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini lizinq müqaviləsi əsasında almışdır. Həmin avtomobilə görə onun 10.000 manat kredit borcu qalmış və həmin məbləği o 36 ay məddətinə hər ay üçün 393 manat pul ödəməyi öz öhdəsinə götürmüşdür. Müəyyən rəsmləşdirilmə aparıldıqdan sonra həmin avtomobili idarə etmək üçün «xxxx» bank olmayan kredit təşkilatı MMC tərəfindən oğlu İlkinə etibarnamə verilmişdir. Bundan sonra İlkin öz sürücülük vəsiqəsi əsasında həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq, aylıq borc ödənişlərini həyata keçirmişdir. Şahid2 onun rəfiqəsidir, bundan əlavə isə onun keçmiş həyat yoldaşı ilə uzaq qohumluq münasibəti olmuşdur. Sədaqət oğlu Baxışla şirlikdə ünvan 4 ünvanında yaşayırlar. Baxışla oğlu İlkinin də dostluq münasibətləri vardır. Bəzən İlkin boş vaxtlarını Baxışla birlikdə keçirmiş və sonuncunun yaşadığı evdə qonaq qalmışdır. 06 sentyabr 2020-ci il tarixdə axşam saatlarında oğlu İlkin ona zəng edərək həmin gecəni Baxışgildə qalacağını bildirmişdir. Həmin gecə, yəni 07 sentyabr 2020-ci il tarixə keçən gecə saat təxminən 05- 06 radələrində ona tanımadığı nömrədən zəng gəlmiş və zəng edən şəxs özünü DİN-in BDYPİ-nin əməkdaşı kimi təqdim edərək ona «Chevrolet Cruze” markalı, ** PF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Bakı-Ələt-Astara yolunun 87-ci km aşaraq yolun kənarına düşdüyünü və zədələndiyini, lakin avtomobilin yanında və ya ətrafında heç kəsin olmadığını bildirmişdir. O isə bu məlumatı alıb dərhal oğlu İlkinə zəng etmiş, sonuncu ona avtomobili Baxışgilin evində kirayə yaşayan Mehman adlı şəxsin ondan icazəsiz qaçırdığını bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, İlkin, Baxış və Mehman adlı şəxs birlikdə şam yeməyi yemişlər. Bundan sonra İlkin və Baxış yatmağa getmiş, Mehman isə bundan istifadə istifadə edərək masanın üzərindən avtomobilin açarını heç kəsə məlumat vermədən götürərək avtomobili qaçırmış və Neftçala rayonuna gedərkən avtomobili yolda aşırmışdır. Həmin hadisə nəticəsində avtomobil bütünlüklə zədələnərək yararsız vəziyyətə düşmüşdür. Bundan əlavə hadisə zamanı İlkinə məxsus olan «SAMSUNG J2» markalı mobil telefon da avtomobildə olmuş və Mehman adlı şəxs həmin mobil telefonu da oğurlamışdır. O, hadisə baş verən günə qədər avtomobilə ilkin ödəniş kimi 4.300 manat, əsas borc kimi 1.429 manat, faiz borcu kimi isə 1.321 manat pulu hissəhissə «xxxx» bank olmayan kredit təşkilatı MMC-yə ödəmişdir. Hadisə baş verən müddətdən sonra isə o, avtomobil yararsız vəziyyətdə olduğu üçün MMC-yə hər-hansı bir məbləğdə pul ödəməmişdir. Yekun olaraq Təqsirləndirilən şəxs ona heç bir ödəniş edilmədiyini və dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, «xxxx» bank olmayan kredit təşkilatı MMCnin lizinq əməliyyatları şöbəsininin rəisi vəzifəsində çalışır. Zərərçəkmiş şəxs1 ilə «xxxx» bank olmayan kredit təşkilatı MMC-nin arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli maliyyə-lizinq müqaviləsinə əsasən, 4.300 manat ilkin ödəniş etməklə sonuncuya 10.000 manat kredit borcu verilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 ümumilikdə 14.300 manat dəyərində 2012-ci il istehsalı olan «Chevrolet Cruze” markalı, **-PF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini «xxxx» bank olmayan kredit təşkilatı MMC-də yüklü edərək aylıq 393 manat məbləğində kredit borcunu, 36 aya ödəmək öhdəliyi öz öhdəsinə götürərək şirkətlə müqavilə bağlamışdır. Həmin avtomobil hazırda lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq «xxxx» bank olmayan kredit təşkilatı MMC-nin mülkiyyətindədir. Maliyyə-lizinq müqaviləsi «xxxx» bank olmayan kredit təşkilatı MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlansada MMC tərəfindən sonuncunun oğlu Şahid1 Lətif oğluna nəqliyyat vasitəsini idarə etmək üçün hər aya görə müvafiq etibarnamə verilmişdir. MMC tərəfindən İ.Qəhrəmanova sonuncu etibarnamə 02 sentyabr 2020-ci il tarixdə verilmişdir. 07 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 «xxxx» bank olmayan kredit təşkilatı MMC-yə qeyri rəsmi olaraq məlumat verərək “Chevrolet Cruze” minik markalı, **-PF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin oğlu İlkinin tanışı tərəfindən qaçırıldığını, avtomobilin Bakı-Ələt- Astara yolunda yol nəqliyyat hadisəsi nəticəsində bütünlüklə zədələndiyini, faktla bağlı Yasamal rayon polis İdarəsində araşdırma aparıldığını bildirmişdir. Həmçinin həmin nəqliyyat vasitəsi sığortalı olduğundan «xxxx» sığorta şirkətinə bu barədə məlumat verilmişdir. Sonrakı müddətdə MMC tərəfindən aparılmış araşdırma ilə məlum olmuşdur ki, avtomobil Yasamal rayonu ərazisindən Təqsirləndirilən şəxs tərəfindən hər-hansı bir icazə olmadan ələ keçirilmiş və sonuncu avtomobillə yol nəqliyyat hadisəsi törədərək zədələdiyi üçün avtomobil bütünlüklə yararsız vəziyyətə düşmüşdür. Yekun olaraq Təqsirləndirilən şəxs təşkilata heç bir ödəniş edilmədiyini və dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Lətif oğlu ifadəsində bildirmişdir ki, o, “xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyətinə məxsus olan və anası Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmiş 2012-ci il istehsalı olan “Chevrolet Cruze” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı, gümüşü metalik rəngli avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobil “xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyətindən lizinq yolu ilə alınmışdır. 06 sentyabr 2020-ci il tarixdə təxminən saat 19 radələrində həmin avtomobillə ünvan 4 ünvanında yerləşən mənzildə yaşayan qohumları Şahid2 gilə qonaq getmişdir. X5 dostluq və qohumluq münasibəti vardır. Məlikov X6 evində kirayə yaşamış və bu səbəbdən o Mehmanla tanış olmuş, onlar birlikdə şam yeməyi yemişlər. Tanışlıq zamanı Mehman ona əslən Neftçala rayonundan olduğunu, orada yaşadığını, 07 sentyabr 2020-ci il tarixdə həmin rayona gedəcəyini, buna görə də əşyalarını yığdığını bildirmişdir. Həqiqətən də, o, Mehmanın kirayə qaldığı otağa diqqət yetirdikdə sonuncunun bir neçə ədəd torbaya əşyalarını yığdığını görmüşdür. Onlar şam yeməyini bitirdikdən sonra təxminən saat 00:00 radələrində o, Baxışla birlikdə masadan durmuş və yataq otağına keçmişdir. Bu zaman o, avtomobilin açarını özü ilə götürməyi unutduğu üçün açarlar masının üzərində qalmışdır. Mehman isə televizora baxmaq üçün həmin masanın ətrafında əyləşmişdir. Bir neçə saatdan sonra, yəni təxminən saat 04:30 radələrində Baxış və Sədaqət onu yuxudan oyadaraq Mehmanın evdə olmadığını, sonuncunun onun avtomobili ilə oradan getdiyini bildirmişlər. Bundan dərhal sonra o, Baxışla birlikdə mənzildən çıxaraq küçəyə baxmış, lakin öz avtomobilini saxladığı yerdə olmadığını aşkar etmişdir. Daha sonra isə Mehmanla telefon vasitəsi ilə əlaqə saxlamış, sonuncu telefon danışığı zamanı ona onun avtomobilini icazəsiz götürdüyünü, Biləsuvar və Neftçala rayonları arasında olan avtomagistralda avtomobili aşıraraq yol-nəqliyyat hadisəsi törətdiyini, avtomobili həmin yerdə qoyub evinə getdiyini bildirərək, ondan üzr istəmişdir. Danışıq zamanı Mehman ona demişdir ki, bir neçə günə Bakı şəhərinə gəlib onun avtomobilinin pulunu ödəyəcəkdir. Mehman avtomobili qaçırarkən avtomobildə ona məxsus «Samsung J2» markalı mobil telefon da olmuş və sonuncu qeyd edilən mobil telefonu da oğurlamışdır. Hadisə nəticəsində avtomobilə təxminən 19.000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o və anası Şahid2 birlikdə ünvan 5 ünvanında yaşayır. Yaşadıqları evin həyətində əlavə bir otaqlı ev vardır və onlar həmin evi aylıq 150-200 manata kirayəyə vermişlər. Sonuncu dəfə 2020-ci ilin avqust ayının sonuna yaxın, Neftçala rayon sakini olan Təqsirləndirilən şəxs evin küçə tərəfdən üzərində yazılmış elanı oxuyaraq kirayədə yaşamaq üçün onlara müraciət etmişdir. O və anası Mehmanla razılaşaraq aylıq 200 manat ödəmək şərti ilə sonuncuya həyətlərində yerləşən otağı kirayə vermişdir. Həmçinin Mehman özünə məxsus olan şəxsiyyət vəsiqəsinin surətini, bundan başqa anası Yaqutun ***-***-**-** və qardaşı Telmanın ***-***-**-** telefon nömrələrini onlara vermişdir. Onların Mehmana verdiyi suala cavab olaraq sonuncu bildirmişdir ki, o Neftçala rayonundan balıq alıb gətirərək Yasamal rayonu ərazisində həmin balıqların satışını həyata keçirir. Zərərçəkmiş şəxs1 onun anasının rəfiqəsi həmdə ata xətti ilə ona uzaq qohumudur, Şahid1 Lətif oğlu isə Dilarənin oğludur. İlkin boş vaxtlarında idarə etdiyi «Chevrolet Cruze” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlara gəlirdi, bəzən isə gecələri onların evində qalırdı. 06 sentyabr 2020-ci il tarixdə, saat 19:00 radələrində İlkin yenə də idarə etdiyi avtomobillə onlara gəlmiş və avtomobili küçə tərəfdən evin yan hissəsində saxlamışdır. Həmin gün evdə o, anası Sədaqət İlkin və Mehman olmuşlar. Mehman isə kirayə pulunu verə bilmədiyi üçün özünə məxsus olan əşyaları yığmış və evin girişində bir kənara qoymuşdur ki, növbəti gün evi tərk etsin. Axşam saatlarında anası Sədaqət ona və İlkinə şam yeməyi hazırlamış və onlar bir otaqda əyləşmişlər. Həmin vaxt onlar Mehmanı da şam yeməyi yemək üçün yanlarına dəvət etmişlər, Mehman və İlkinlə birlikdə əyləşib yemək yeyib, söhbət etmişlər. Artıq yatmaq vaxtı olduğu üçün həmin vaxt o və İlkin ona məxsus olan yataq otağına yatmaq üçün keçmişlər. Mehman isə onlara bir qədər televizora baxıb sonra yatacağını bildirmişdir. Həmin vaxt İlkinin idarə etdiyi avtomobilin açarları bir qədər əvvəl əyləşdikləri masanın üzərində qalmış, avtomobil isə onların küçəsində, evin yan tərəfində dayanmışdır. Saat təxminən 03:30 radələrində anası Sədaqət onu yuxudan oyadaraq Mehmanın evdə olmadığını, həmçinin İlkinə məxsus olan avtomobilin küçədə olmadığını bildirmişdir. O dərhal yataqdan qalxaraq Mehmanın otağına və küçəyə baxıb sonuncunun və İlkinin avtomobilinin yerində olmadığını görmüşdür. Bundan sonra dərhal İlkini də yuxudan oyatmış və sonuncuya bu barədə məlumat vermişdir. Həmin vaxt o, Mehmanın qardaşı və anasına məxsus olan mobil telefon nömrələrini İlkinə vermişdir. İlkin Mehmanın qardaşı Telmana məxsus olan telefon nömrəsi vasitəsi ilə Mehmanla danışmış, sonuncu isə İlkindən üzr istəyərək avtomobilin açarını icazəsiz masanın üzərindən götürüb avtomobillə Neftçala rayonuna getdiyini, yolda isə avtomobili aşıraraq zədələdiyini və bir neçə günə Bakı şəhərinə gələrək avtomobilin pulunu ödəyəcəyini bildirmişdir. Yekun olaraq bildirmişdir ki, Mehman İlkinin idarə etdiyi «Chevrolet Cruze” minik markalı, **-PF- *** dövlət qeydiyyat nişanlı avtomobilin açarını heç kəsə demədən, gizli şəkildə masanın üzərindən götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiklərini öz ifadəsində təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, DİN-nin BDYPİ-nin YPXA-nın 10-cu tağımının yol patrul xidməti inspektoru vəzifəsində xidmət edir. YPXA-nın xidmət etdiyi ərazi Ələt-Astara-İran yolunun 78-116-cı kilometrliyini əhatə edir. 06 sentyabr 2020-ci il tarixdə saat 20:00-dan, 07 sentyabr 2020-ci il saat 08:00 qədər olan müddət ərzində o, xidmətdə olmuşdur. O, həmin vaxt xidmətini ona təhkim edilmiş **-YP-*** qeydiyyat nişanlı YPX avtomobili ilə tək həyata keçirmişdir. 07 sentyabr 2020-ci il tarixdə xatırladığı qədərincə təxminən saat 06 radələrində o, Ələt-Astara-İran yolunun 90-cı km-də, yeni dislokasiya üzrə isə 50-ci km-də xidmətdə olarkən DİN-in 728 saylı YPX postundan ona həmin yolun 87-ci km-də, yeni dislokasiya üzrə isə 47-ci km-də yol nəqliyyat hadisəsinin baş verdiyini bildirmişlər. O, dərhal bir neçə dəqiqə ərzində həmin yerə getmiş, oraya çatdıqda Ələt-Astara-İran yolunun Bakı şəhəri istiqamətində olan 87-ci km-də, yeni dislokasiya üzrə 47-ci km-də “Chevrolet Cruze” markalı, **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin bütünlüklə korpusunun deformasiya olunmuş vəziyyətdə yolun sağ kənarında olan kiçik tutumlu su kanalının üzərinə düşüb təkərləri üzərində dayandığını aşkar etmişdir. O dərhal avtomobilin salonuna və yaxın ətrafına nəzər saldıqda orada hər-hansı bir insanın, əhəmiyyət kəsb edən iz və ya predmetin, həmçinin digər avtomobilin olmadığını aşkar etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin avtomobili idarə edən şəxs avtomobili yoldan kənara çıxararaq aşırmış və hadisə yerini tərk etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal, ev 37 A saylı evin qarşısındakı küçədir. Həmin ərazidə küçə boyu ətrafda fərdi yaşayış evləri, o cümlədən küçədə dayanmış avtomobillər vardır. Həmin küçədə yol asvalt-beton örtüklü olmaqla küçənin eni 7 metr təşkil edir. Qeyd edilən ünvanın küçə tərəfdən hasarının qarşısındakı yeri göstərən İ.Qəhrəmanov 07 sentyabr 2020-ci il tarixə keçən gecə məhs həmin yerdən etibarnamə əsasında idaə etdiyi “xxxx” bank olmayan kredit təşkilatı MMC-yə məxsus olan “Chevrolet Cruze” minik markalı, **-PF-*** qeydiyyat nişanlı avtomobilin həmin ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs tərəfindən açarları ondan xəbərsiz masanın üzərindən götürülməklə qaçırıldığı bildirilmişdir. (i.v. 9-10) Azərbaycan Respublikası AD seriyalı 761353 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Cruze” minik markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” bank olmayan kredit təşkilatı MMC-yə məxsusdur. (i.v. 36) “xxxx” bank olmayan kredit təşkilatı tərəfindən verilmiş 02 sentyabr 2020-ci il tarixli 1035/20 nömrəli etibarnamədən görünür ki, “Chevrolet Cruze” minik markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ Şahid1 Lətif oğluna etibar edilmişdir. (i.v. 38) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 26 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin nəqliyyat vasitəsi “Chevrolet Cruze” modelli, **-PG-*** dövlət qeydiyyat nişanlı, gümüşü metalik rəngli avtomobildir. Avtomobil zədələnmiş haldadır. Baxış zamanı iş üzrə zərərçəkmiş İ.Qəhrəmanov bildirdi ki, həmin avtomobil ona məxsusdur. Belə ki, o, həmin avtomobili 02.09.2020-ci il tarixdə “xxxx” Bank olmayan Kredit X3 Cəmiyyətindən lizinq yolu ilə almış, həmin avtomobil qaçırılmışdır. (i.v. 52-56) 13 dekabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 Lətif oğlu ifadəsində göstərdiyi xususatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. (i.v. 134- 137) 13 dekabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ifadəsində göstərdiyi xususatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. (i.v. 143-145) 13 dekabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xususatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. (i.v. 146-148) İfadənin yerində yoxlanılması haqqında 14 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Cinayət işi üzrə keçirilmiş ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xususatları hadisə yerində göstərərək ifadələrini təsdiq etmişdir. (i.v. 158-159) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2020-ci il tarixli, 9/4093 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən gümüşü metallik rəngli, mühərrik həcmi 1364 kub sm. 2012-ci il buraxılışlı “Chevrolet Cruze” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 14000,00 manat müəyyən olunur. Təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 14000,00 manat olmuş gümüşü metallik rəngli, mühərrik həcmi 1364 kub sm. 2012-ci il buraxılışlı “Chevrolet Cruze” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla 2020-ci ilin sentyabr ayına nəzəri qaydada təxminən 10500,00 (14000m-25%) manat müəyyən edilir. (i.v. 184-188) “xxxx” Bank olmayan Kredit Təşkilatının 05 fevral 2021-ci il tarixli 0099/21 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 07 sentyabr 2020-ci il tarixinə 8.611 (səkkiz min altı yüz on bir) manat kredit borcu olmuşdur və 07 sentyabr 2020-ci il tarixinə kimi 1.429 (bir min dörd yüz iyirmi doqquz) manat əsas borc, 1.321 (bir min üç yüz iyirmi bir) manat faiz borcu ödənilmişdir. 30 yanvar 2020-ci il tarixində Zərərçəkmiş şəxs1 tərəfindən 4.300 (dörd min üç yüz) manat ilkin ödəniş olunmaqla avtomobil 14.300 (on dörd min üç yüz) manata alınmışdır. (i.v. 238) “Sübutların qiymətləndirilməsi haqqında” 13 fevral 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə “Chevrolet Cruze” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınsın və avtomobilin Zərərçəkmiş şəxs1 saxlanılmışdır. İş üzrə olan hadisə yerinə baxış keçirilməsi haqqında protokol, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyi, üzləşdirmə, ifadənin yerində yoxlanılması haqqında və digər istintaq hərəkətlərinin protokolları və əhəmiyyət kəsb edən sənədlər istintaq materialları ilə zidiyyət yaratmadığından sübut növü kimi qəbul edilmişdir. (i.v. 267-278) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxslərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində “Chevrolet Cruze” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsinə Şahid1 Lətif oğlu tərəfindən icazə verilməsini göstərsə də, məhkəmə bu ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmişin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. CM-nin: 185.2.4-cü maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli CM-nin 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 24.09.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (i.v. 49) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:50-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 121) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14.12.2020-ci il tarixli 4(004)-688/2020 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 13.12.2020-ci il tarixdən hesablanmışdır. (i.v. 164) Neftçala rayonu, Bankə qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs doğulduğu ərazidə boya-başa çatmış, Ə.Cəfərov adına 1 saylı tam orta məktəbinə dail olmuş, həmin məktəbin Xİ sinfini bitirmişdir. Məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb, hərbi xidməti başa vurub yaşadığı əraziyə qayıtmışdır. Bir müddət Neftçala Rayon Polis Şöbəsində işləmişdir. Halhazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddətdə özünü tərbiyəli, bacarıqlı bir insan kimi tanıtmışdır. Təqsirləndirilən şəxs haqqında yaşadığı dövr ərzində hüquq mühafizə orqanlarından və eləcə də qəsəbə əhalisindən heç bir təqsirləndirici sənəd və ya şikayət daxil olmamışdır. (i.v. 295) Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 185.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinə dəyişdirilməməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 13 dekabr 2020-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Cruze” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə aparılmış tədqiqatların dəyəri olan 125 (bir yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 13 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 125 (bir yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Cruze” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar